Məhkəmə qərarları › İş №e-2(005)-518/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-518/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-518/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Süleymanova Aysel Qurban qızının katibliyi, İddiaçı, Cavabdeh QSC-nin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti cəlb edilməklə) “qüsurlu malın lazımi keyfiyyətli mala dəyişdirilməsi və ya müqavilənin ləğv edilərək qiymət artımı nəzərə alınmaqla malın hazırkı dəyərinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının aldığı qüsurlu malı lazımi keyfiyyətli mala dəyişdirmək tələbinin təmin edilməsi və ya müqaviləni ləğv edib, eyni dərəcəli mala qiymətin artmasını nəzərə almaqla 3200 manat olan malın qiymətinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 14 ünvanında yerləşən “Gənclik Mall” TMdə cavabdehə məxsus “Maxi.az” mağazada onun bağlanması ilə əlaqədar aksiyada (aksiya barədə reklam elanı əlavə olunur) qiyməti 1534,50 manat olan “iPad Pro, 12.9 5G 126GB Space Gray_G” adlı (bundan sonra “Mal”) almışdır. Bir həftə ərzində isə xarici ölkədən bu Mala uyğun klaviatura almışdır. 26 iyul 2023-cü il tarixdə malda qüsur aşkar edib (ön kamerasında iki ləkə) və bu barədə şifahi olaraq cavabdehin çağrı mərkəzinə zəng edib məlumat verərək şikayət etmişdir. Həmin şikayət əsasında malın istehsalçısı olan “Apple” şirkətinin Azərbaycanda olan rəsmi servis mərkəzində “iSpace” şirkətində mal diaqnostika edilmişdir. Diaqnostika nəticəsində müəyyən edilmişdir ki, malda istehsal qüsuru mövcuddur və “Apple” şirkəti tərəfindən təqdim edilən rəsmi zəmanəti artıq bitmişdir (onun tərəfindən mal alındığı tarixdən təxmini 1 il əvvəl). Halbuki malın istehsalçısı olan “Apple” şirkətinin standartlarına əsasən və rəsmi saytında göstərildiyi kimi Apple brendinə məxsus malları almış istehsalçıya onun ölkəsində ona verilən hüquqlardan əlavə Apple şirkəti tərəfindən istehsal etdiyi bütün mallara sonuncu istifadəçi (istehsalçı) alındığı tarixindən (aktivləşdirmə) 1 il ərzində məhdud zəmanət verilir (https://www.apple.com/legal/warranty/products/ios-warranty-emea-english.html v ə https://www.apple.com/legal/warranty/ istinadlar, Apple şirkətinin rəsmi saytdan çıxarış əlavə olunur). Lakin məlum oldu ki, cavabdeh malı standartların tələblərinə cavab verməyən, eyni zamanda aktivləşdirilmiş, istifadə edilmiş malın satışını həyata keçirmişdir. Nəticədə malda istehsal qüsurunun mövcud olması ilə yanaşı qüsurların aradan qaldırılması və ya “Apple” şirkəti tərəfindən təqdim edilən rəsmi məhdud zəmanətdən də istifadəsi mümkün deyil. Bu məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 2023-cü il 26 iyul tarixində 195 Çağrı mərkəzi vasitəsi ilə müraciət etmişdir. Malın modelinə uyğun alınmış klaviaturası mövcud olduğuna və Apple zəmanətinin mövcud olmadığına görə, cavabdehə malı lazımi keyfiyyətli mala dəyişdirməyi xahiş etmiş, lakin cavabdeh bildirmişdir ki, mal “Vitrin”də sonuncu olduğundan onu ancaq “Vitrin” və xırda qüsurlu mala dəyişə bilər. Mal alınan zaman mağazada ona bildirilmişdir ki, mal sonuncudur və qutusu açıqdır, lakin bu mal istifadə edilməmişdir və aksiya sırf mağazanın bağlanması ilə əlaqədardır. Eyni zamanda cavabdeh tərəfindən istifadədə olunmuş malların vəziyyəti, xüsusiyyətləri, o cümlədən qüsurları (çatışmazlıqları) haqqında məlumatlar əmtəənin yarlığında göstərilməmişdir və təqdim edilmiş sənədlərdən də malın istifadə edilmiş, vitrin və ya zədəli olduğu barədə məlumat mövcud deyil. Yaranmış bu vəziyyət göstərir ki, cavabdeh malı satarkən yanlış və ya yarımçıq məlumat təqdim etmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarının 18-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Cavabdehin fərqli əməkdaşları ilə uzun sürən telefon danışıqlarından sonra, şikayətini bildirmək üçün onun problemini həll edə biləcək rəhbər vəzifədə olan bir əməkdaşı ilə görüş təşkil edilməsini xahiş edib. Nəticədə cavabdehin menecer vəzifəsində olan bir əməkdaşına cavabdehin ofisində şikayətini bildirmişdir. Həmin əməkdaş bu məsələnin araşdırılmasına söz vermiş, bundan sonra da neçə dəfə cavabdehin əməkdaşları ilə telefonla əlaqə qurmuş, lakin nəticədə ona bildirilmişdir ki, ancaq mala ödənilmiş dəyəri qaytara bilərlər. Malı aksiyada olan qiymətində – yəni, 1534,50 manata aldığını nəzərə alaraq indi bu qiymətə eyni Malı almaq mümkün deyil (Hazırda mağazalarda eyni və oxşar tipli malların qiymətləri barədə məlumat əlavə olunur). Bunu nəzərə alaraq, 07 avqust 2023-cü il tarixində yazılı şəkildə məktub ilə (pretenziya məktubu) cavabdehə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə Malı lazımi keyfiyyətli mala dəyişdirməyi ilə əlaqədar müraciət etmişdir. Lakin bu vaxta kimi nə cavabdehdən, nə də ki Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən cavab məktubu almamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qüsuru aşkar edib əlaqə saxlamış və ona yaxınlaşması deyilmişdir. Bundan sonra mal diaqnostikaya aparılmış, nəticədə malda istehsal qüsuru müəyyən edilmişdir. Apple zəmanəti olmadığından Apple malı təmir etməkdən imtina etmişdir. Halbuki original zəmanət olsa idi, Apple mağazaya bildirmədən təmiri özü edəcəkdi. Lakin mal ona satılanda artıq açıldığından zəmanət müddəti bitmişdi. Hazırda cavabdeh malın eynisinin ona verilməsini təmin edə bilmir. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi də həmin maldan mağazada hazırda olmadığını bildirərək qüsurlu malın keyfiyyətlisi ilə dəyişməsinin mümkün olmadığını göstərmişdir. Buna görə də, artıq malın dəyişdirilməsi tələbini müdafiə etmir, müqavilənin ləğv edilib məhsulun hazırkı dəyəri kimi 3200 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X5 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının əldə etdiyi planşet aksiya çərçivəsində endirimli qiymətlə ona satılmışdır. Həmin aksiya məhdud sayda mallara şamil olunmuşdur. Həmin planşet iddiaçıya satılarkən də vitrin malı olduğu barədə məlumat verilmişdir, ödəniş qəbzində də demo mal olaraq qeyd edilmişdir. Sonradan iddiaçı malda qüsur aşkar etmiş, qüsurun mövcudluğu satıcı tərəfindən də təsdiq edilmiş, bununla belə mağazada eyni məhsuldan artıq olmadığından onun keyfiyyətlisi ilə əvəz edilməsinin mümkün olmadığı iddiaçının diqqətinə çatdırılaraq ona malın dəyərinin qaytarılması təklif edilmişdir. Lakin iddiaçı bunu qəbul etməyərək əsassız olaraq əlavə pul tələb etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, hazırkı mübahisədə mal olmadığından istehlakçının malı dəyişdirmək tələbi iki ay müddətində təmin edilməli idi. Həmin müddətdə malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcıya qarşı digər seçimlik hüquqlarını irəli sürə bilər. Müqavilə ləğv edildikdə isə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. Yəni, bütün dəyişikliklər istehlakçının xeyrinə şərh edilməlidir. Göstərilənlərə əsasən, işin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halına görə, İddiaçı xx.xx.2023-cü il tarixdə “bütün məhsullar maya dəyərinə” (və ya “bütün məhsullar yarı qiymətə”) kampaniyası çərçivəsində cavabdeh firmaya aid “Maxi.az” mağazasından nağd qaydada 1534,5 manat ödəməklə “İpad Pro 12.9 2021” markalı planşet almışdır. İşin mübahisəsiz halına görə sözügedən məhsulun alınmasından bir müddət sonra onun ön kamerasında istehsal qüsuru olan ləkə (nasazlıq) müəyyən edilmişdir. İşin qeyd edilən halı “iSpace Service Center”nin xx.xx.2023-cü il tarixdə təqdim etdiyi 10613 nömrəli müayinə sənədi ilə də öz təsdiqini tapır; həmin sənəddə cihazın ön kamerasında ləkənin olduğu və istehsal qüsurlu olduğu qeyd edilmişdir. İşin mübahisəsiz digər halına görə, iddiaçı məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciətlər etmişdir. İddia tələbinə görə, məhsulun ön kamerasında qüsür (ləkə) olduğundan və onda həmin məhsula uyğun klaviatura olduğu nəzərə alınaraq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun və Mülki Məcəllənin tələblərinə əsasən məhsul, lazımi keyfiyyətli mala dəyişdirilməlidir, bu mümkün olmadıqda isə müqavilə ləğv edilib qiymət artımı nəzərə alınmaqla malın hazırki dəyəri tam həcmdə ona ödənilməlidir. Cavabdehin mövqeyinə görə isə, mağazada eyni məhsuldan artıq olmadığından onun keyfiyyətlisi ilə əvəz edilməsi mümkün deyil, belə halda mala görə ödənilən məbləğ qaytarıla bilər. Göründüyü kimi, tərəflər arasında digər məsələlərə dair hər hansı mübahisə olmayıb, yeganə anlaşmazlıq (fikir ayrılığının olduğu məqam) maldakı qiymət fərqinə görə hesablaşmanın hansı qaydada aparılması ilə bağlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı özünün iddiasında keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini və ya müqaviləni ləğv edib qiymət artımı nəzərə alınmaqla malın hazırkı dəyəri kimi 3200 manat pulun ona ödənilməsini istəsə də, işin araşdırılması zamanı iddiaçının əldə etdiyi məhsulun eynisindən cavabdehə aid mağazalarda artıq olmadığı, bu səbəbdən onun keyfiyyətlisi ilə dəyişdirilməsinin mümkün olmadığı, hazırkı mübahisənin də elə məhz buna görə yarandığı müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi də bu halı (malın dəyişdirilmənin mümkün olmamasını) təsdiq etmişdir. İddiaçı isə bunu nəzərə alaraq, məhkəmə çıxışında malın əvəz edilməsi mümkün olmadığından müqaviləni ləğv edib qiymət artımı nəzərə alınmaqla malın hazırkı dəyəri kimi 3200 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını istəmişdir. Bu mənada məhkəmə, iddiaçının iradəsini nəzərə alaraq onun “müqaviləni ləğv edib, eyni dərəcəli mala qiymətin artmasını nəzərə almaqla 3200 manat olan malın qiymətinin iddiaçıya ödənilməsi” tələbinin əsaslı olub-olmadığının araşdırılmasını məqsədə uyğun hesab edir. İddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624.1-ci maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: - keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin (624.1.1); - alış qiyməti mütənasib surətdə azaldılsın (624.1.2); - malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın (624.1.3); - malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (624.1.4). Mülki Məcəllənin 624.3-cü və 624.4-cü maddələrinə görə, malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 625.4-cü maddəsinə əsasən, lazımi keyfiyyətli olmayan malı satıcıya qaytararkən alıcı malın pərakəndə alğı-satqı müqaviləsində müəyyənləşdirilmiş qiyməti ilə onun tələbinin könüllü surətdə yerinə yetirildiyi an üçün, tələb könüllü surətdə yerinə yetirilmədikdə isə məhkəmə qərarının çıxarıldığı gün üçün müvafiq malın qiyməti arasındakı fərqin ödənilməsini tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun “Qüsuru olan mal satılarkən istehlakçının hüquqları” başlıqlı 7-ci maddəsindəki müddəalar da Mülki Məcəllədəki tənzimləmə ilə paralellik təşkil etməkdədir. Həmin maddəyə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan 1) lazımi keyfiyyətli mala dəyişdirməyi; 2) satış qiymətini uyğun məbləğdə azaltmağı; 3) malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; 4) malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; və ya 5) müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin maddənin 2-ci bəndinə görə, satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. 3-cü bəndinə əsasən, istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Həmin maddənin 4-cü bəndində isə deyilir ki, qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir... Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. Mülki qanunvericiliyin yuxarıda şərh edilən normalarına əsasən, satılan mal qüsurlu olduqda (əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə) alıcı (istehlakçı) qanunvericinin ona tanıdığı seçimlik haqlarını özünün istəyinə uyğun olaraq irəli sürməkdə haqlıdır. Alıcının (istehlakçının) həmin tələbini icra etmək isə satıcının vəzifəsidir. Beləliklə işin hallarına qiymət verərək, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, İddiaçı ilə Cavabdeh QSC arasında pərakəndə alğısatqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin müqavilə ilə cavabdeh tərəfindən iddiaçıya lazımi keyfiyyətli olmayan mal satılmış, buna görə də iddiaçı keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini istəmiş, cavabdeh mağazada eyni məhsuldan artıq olmadığından onun tələbini icra etməyərək mala görə ödənilmiş pulun qaytarılmasını təklif etmiş, iddiaçı isə təkliflə razılaşmayaraq qiymət artımı nəzərə alınmaqla malın hazırkı dəyərinin ödənilməsini istəmişdir; cavabdeh mülki qanunvericiliyin yuxarıda şərh edilən normalarının tələblərini nəzərə almayaraq iddiaçının bu tələbindən yalnız mala görə ödənilmiş məbləğin qaytarılmasının mümkün olmasını əsas gətirərək əsassız olaraq imtina etmişdir. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğə gəldikdə isə, məhkəmənin qənaətinə görə, iddiaçı tərəfindən təqdim olunan çıxarışlardan eyni məhsulun 3018,98 manata alınmasının mümkünlüyü müəyyən olduğundan məhz həmin məbləğdə pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, qiymət artımı zamanı yaranan fərqin alıcıya (istehlakçıya) ödənilməsinin məqsədi nəticə etibarilə əldə edilən pulla eyni məhsulun başqa satıcıdan alınması imkanının təmin olunmasıdır. İndiki halda isə iddiaçının, həmin məbləğə başqa yerdən (satıcıdan) eyni məhsuldan (planşetdən) almasının mümkün olduğu müəyyən edilir ki, bu hal həmin məbləğin onun pozulmuş hüququnun bərpası üçün yetərli olduğu mənasına gəlir. Cavabdehin malın “demo” mal olması barədə iddiaçının məlumatlı olması, malın vitrin malı olduğundan apple qarantiyasının da olmamasının aydın olması, malın bütün xüsusiyyətləri barədə iddiaçıya məlumat verilməsinə dair etirazı ilə əlaqədar məhkəmə qeyd edir ki, istehlakçının qanunvericiliklə nəzərdə tutulmuş əsas hüquqlarından biri də mal haqqında məlumat almaq hüququdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Beləliklə, hazırki iş üzrə malın xüsusiyyətləri (təminat öhdəlikləri, apple qarantiyasının olmaması və s.) barədə zəruri və kifayət qədər dolğun məlumatı istehlakçıya verməsini sübut etmək vəzifəsinin istehsalçının üzərinə düşməsinə baxmayaraq, cavabdeh müvafiq vəzifəsini yerinə yetirməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh bunu həmçinin ödəniş qəbzində “demo” sözünün yazılması ilə təsdiq etməyə çalışmışdır. Lakin həmin sözün mənası tam aydın olmamaqla, cavabdehi istehlakçıya zəruri məlumat vermək vəzifəsindən azad etmir. Həmçinin qeyd olunmalıdır ki, “Reklam haqqında” Qanunun 4.2 və 7-ci maddələrinin tələblərinə uyğun olaraq, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır. Reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur. Qeyri-dəqiq reklama yol verilmir. Hazırki iş üzrə isə iddiaçının mübahisələndirilən malı almasına səbəb “bütün məhsullar maya dəyərinə”, “bütün məhsullar yarı qiymətə” yazısı əks olunmuş reklam olmuşdur. Bu baxımdan cavabdehin planşet demo mal olduğundan yeni malın qiymətinə satılmasının mümkünsüz olması ilə bağlı dəlilləri cavabdeh şirkətin reklamında əks olunmuş məlumatla üst-üstə düşmür. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin qanununun 8.1.2-ci maddəsinə görə, hazırkı iddia ərizəsi üzrə 50,20 manat dövlət rüsumu tutulmalıdır. Bu mənada məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50,20 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli pərakəndə alğı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh QSC-dən 3018,98 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli,iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50,20 manat məbləğində pul Cavabdeh QSC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli pərakəndə alğısatqı müqaviləsi ləğv edilsin. Cavabdeh QSC-dən 3018,98 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50,20 (əlli manat, iyirmi qəpik) manat məbləğində pul Cavabdeh QSC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar