Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-518/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtoqəza nəticəsində Cavabdeh MMC-yə məxsus “Daevoo” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun, iddiaçının mülkiyyətində olan “Changan CS 55 Plus minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində iddiaçıya dəymiş 43000 manat maddi zərərin və 2000 manat mənəvi zərərin Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Ə.Əhmədov küçəsində onun “Changan CS 55 Plus minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili, Cavabdeh MMC-yə məxsus “Daevoo” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus tərəfindən vurulmuşdur. O, dəfələrlə cavabdehin şirkətinə gedərək ona dəymiş zərərin ödənilməsini tələb etsə də, məsul şəxslər 4000-5000 manat arası bir məbləğ ödəyə biləcəklərini bildirərək, dəymiş real zərərin ödənilməsindən imtina edirlər və onların təklif etdikləri cüzi məbləği götürmədiyi təqdirdə məhkəməyə müraciət etməyi məsləhət edirlər. 2 aya yaxın müddətdir ki, o, avtomobilsiz qalmışdır. Eyni zamanda ev işləri üçün həmin avtomobil istifadə olunurdu. Uşaqları məktəbə aparıb gətirirdi. Hazırda bütün bu işləri etmək üçün əlavə xərc çəkməli olur. O, həmin avtomobili xx.xx.2023-cü il tarixdə 56588 manata almışdır. Qəzadan sonra avtomobilin 70 % hissəsi yararsız vəziyyətə düşüb. Avtomobilin təmiri üçün 35855,29 manat pul vəsaiti lazımdır. Avtomobilin ehtiyyat hissələrinin xaricdən alınması zərurəti yaranmışdır. Artıq 2 aydır ki, nəqliyyat vasitəsi olmadan hərəkət etməli olur. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, maşını axşam yolun qırağında saxlayaraq evinə getmişdir. Bir neçə saat sonra səs gəldiyini eşitmiş, çölə çıxaraq cavabdehə məxsus avtobus tərəfindən maşınların vurulduğunu, bəzilərinin yandığını görmüşdür. Cavabdehə müraciət etsə də zərəri ödəməmişlər. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh şirkətə məxsus avtobus xarab olmuş və bir neçə avtomobili əzmişdir. Avtomobillərin bəziləri yanıb. Ən çox zərər isə onların avtomobilinə dəymişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Changan CS 55 Plus minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsal tarixli avtomobilin mülkiyyətçisi İddiaçıdur; - AR BDYPİ tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, “Daevoo BS090 Avtobus Microavtobus” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən Cavabdeh MMC-nin qeydiyyatındadır; - “Azərbaycan Avtomobil Evi" tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Changan CS55 Plus” markalı, buraxılış ili 2023-cü il olan, 10-SH774 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin və aparılacaq təmir işlərinin dəyəri ümumilikdə 35855,29 manat məbləğində hesablanmışdır; - Yasamal rayon RPİ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış cinayət işinin başlanmasının rədd edilməsi, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır; - Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC-dən göstəriciləri eyni olan avtomobilin alınmasını və ya 43000 manat dəymiş zərərin ödənilməsini xahiş etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10622 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, ekspertiza qarşısında qoyulmuş suallarda qeyd edilən 2023-cü buraxılışlı "Changan CS 55 Plus" markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla əlaqədar, ekspertiza təqdiqatına təqdim edilmiş iş materialında olan, “Azərbaycan Avtomobil Evi" tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Bu səbəbdən də həmin avtomobilə dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2023-cü buraxılışlı "Changan CS 55 Plus" markalı avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 35.600,00 (31500+37500+38000=107.000,00:3- 35600) manat müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 35600,00 manat olmuş avtomobilə, qüsur aktına müvafiq olaraq 35855,29 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. Ekspertiza xərci 50 manat təşkil edir; - Məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 18/0871 saylı qiymətləndirmə rəyindən görünür ki, “Changan Servis" tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktına əsasən "Changan CS 55 Plus" markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 33 450 (otuz üç min dörd yüz əlli) manat təşkil edir. Hadisədən sonra "Changan CS 55 Plus" markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri məqsədə müvafiq və rentabelli hesab olunmur. Avtonəqliyyat vasitəsinin hadisədən sonrakı qalıq bazar dəyəri 383 (üç yüz səksən üç) manat təşkil edir. “Changan CS 55 Plus" markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolnəqliyyat hadisəsindən əvvəl bazar real bazar dəyəri 33 833 (otuz üç min səkkiz yüz otuz üç) manat təşkil edir. Ekspertiza xərci 300 manat təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı məxsus “Changan CS 55 Plus” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-yə məxsus “Daevoo” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus tərəfindən vurulmuş və nəticədə iddiaçının avtomobilinə ciddi ziyan dəymişdir. İddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər vurulmasında Cavabdeh MMC-yə məxsus “Daevoo” markalı, **- TH-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün təqsirli olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh MMC-yə dəfələrlə müraciət etsə də, vurulmuş zərər ödənilməmişdir. Hazırda iddiaçı dəymiş zərərin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh MMC-dən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət müəyyən edən 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir (bəzi hallar istisna təşkil edir). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı məxsus nəqliyyat vasitəsi dayandırılmış vəziyyətdə olarkən, sürücü X2 yol vərəqəsi əsasında idarə etdiyi Cavabdeh MMC-yə məxsus “Daevoo” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus tərəfindən vurulmaqla, iddiaçının avtomobilinə maddi zərər dəymişdir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun avtobusun sürücüsünün qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Həmçinin yol-nəqliyyat hadisəsi zamanı avtobusun idarə olunması ilə bağlı yol hərəkəti qaydalarının pozulması faktı təsdiq olunmuş, avtobus sürücüsü inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisənin Cavabdeh MMC-yə məxsus nəqliyyat vasitəsi ilə törədilməsi və nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə əhəmiyyətli dərəcədə maddi zərər dəyməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh şirkətin sürücüsü X4 tərəfindən “Yol hərəkəti qaydaları haqqında” Qanunun 52-ci maddəsinin 9-cu bəndinin tələbləri pozulmuşdur. Həmin maddəyə görə nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər. Həmin qərara əsasən sürücünün əməlində İXM-in 346.1-ci maddəsinin (dayanma və ya durma qaydalarının pozulması) tərkibi vardır. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun....İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Məhkəmə qeyd olunanlara əsaslanaraq və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, işçisi X1 olduğu zərərə görə avtomobilin qanuni sahibi olan Cavabdeh MMC Mülki Məcəllənin 1099 və 1108.1-ci maddələrinə uyğun olaraq məsuliyyət daşıyır və iddiaçı nəqliyyat vasitəsinə vurulmuş zərəri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsinə səbəb olmuş “Daevoo” markalı, **- TH-*** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh MMC-nin mülkiyyətindədir və onun balansında uçota alınmışdır. Beləliklə, Cavabdeh MMC həmin nəqliyyat vasitəsinin yüksək təhlükə mənbəyi sahibi kimi tanınır və nəqliyyat vasitəsinin üçüncü şəxsə – iddiaçıya vurduğu zərərin əvəzini ödəmək öhdəliyi daşıyır. Tələb edilən ziyanın məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 43 000 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Lakin iş materiallarına əlavə edilmiş sübutlar, xüsusən də məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyləri iddiaçının göstərdiyi məbləğin real zərərə tam uyğun olmadığını göstərir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən göründüyü kimi, iddiaçıya məxsus “Changan CS 55 Plus” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəlki bazar dəyəri 33 833 manat, hadisədən sonrakı qalıq bazar dəyəri isə 383 manat təşkil etmişdir. Həmin rəydə dəymiş zərərin həcmi 33 450 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert, qiymətləndirmə rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş qiymətləndirmənin rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan qiymətləndirmə rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə vurğulayır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, vurulmuş zərərə görə qiymətləndirmə rəyində göstərilən məbləğ, yəni 33450 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia tələbi qismən təmin edilməli, 33450 manat məbləğində maddi zərər Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda nəqliyyat vasitəsinin qəza nəticəsində sıradan çıxması və müəyyən müddət ərzində şəxsi istifadəyə yararsız olması iddiaçının normal həyat ritmini pozmuş, onun şəxsi işlərinə və məişət fəaliyyətinə əlavə çətinliklər yaratmışdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həmin müddət ərzində nəqliyyat vasitəsindən məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən “Changan CS55 Plus minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh MMC-dən 33450 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 33950 manat məbləğində pul və iş üzrə dövlət rüsumu kimi ödənilmiş 226 manat pulun 168 manatı tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 50 manat, qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat pul Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə və "xxxx" MMC-nin hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş maddi zərərə görə 33450 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 33950 (otuz üç min doqquz yüz əlli) manat məbləğində pul və iş üzrə dövlət rüsumu kimi ödənilmiş 226 manat pulun 168 (yüz altmış səkkiz) manatı tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına (Bank hesabı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h:№ AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 SWİFT BİK: İBAZAZ2X) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-518/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-518/2025
28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver