Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-522/2025 26.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən vurulmuş maddi ziyana görə 77686,00 (yetmiş yeddi min altı səksən altı) manat məbləğində pulun və 324 (üç yüz iyirmi dörd) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya, yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Toyota Camry” markalı **-UC-*** dövlət nömrə nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. 05 avqust 2024-cü il tarixdə təxminən saat 02 radələrində Ə.Əhmədov küçəsində yerləşən Ucuz marketin qarşısında avtomobilini saxlayıb marketə girib su almaq istəyib. Marketdə olan zaman küçədə avtomobil qəzası səsi gəldi, dərhal küçəyə çıxıb və əks istiqamətdən avtomobilin əks yola çıxaraq avtomobilinə yaxınlaşdığını görüb. Həmin an avtomobilinə əyləşib dayandığı yerdən uzaqlaşmaq, yəni avtomobilini qəzadan qurtarmaq istəyib, lakin avtobus çox surətlə gəldiyinə görə avtomobili hərəkətə gətirə bilməyib və avtobus qabaq hissəsi ilə avtomobilinə güclü zərbə ilə çırpılıb. Avtobus avtomobilinə çırpıldıqdan sonra sürətlə Bravo market istiqamətinə hərəkətini davam etdirdi. Hadisə zamanı avtomobilin bütün təhlükəsizlik yastıqları açıldı və avtomobil alışıb yanmağa başladı. Hadisə yerində olan şəxslərin köməkliyi ilə avtomobili söndürülüb. Hadisə zamanı sol əli və ayağı yanıb və sinəsindən xəsarət alıb. Belə ki, X5 Cavabdeh MMC-də sürücü işləyir. Yol vərəqəsinə əsasən Cavabdeh MMC-yə məxsus “Daewoo BS 090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmişdir. İdarə etdiyi“Daewoo BS 090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu Arif Mehdiyev küçəsi 14 saylı ünvanın qarşısında üzü Ə.Əhmədov küçəsi istiqamətində yolun sağında saxlayıb, yəni park edib yaşadığı ünvana getmişdir. İdarə etdiyi avtobus saxladığı yerdən hərəkətə gələrək 19 ədəd avtomobili zədələyərək, bir neçə şəxsə maddi ziyan dəymiş və bir neçə şəxs xəsarət almışdır. xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, mülkiyyətində olan “Toyota Camry” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı 77686,00 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 xx.xx.2024-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmişdir ki,“Araşdırma zamanı müəyyən edilmişdir ki, X5 tərəfindən əməlində Yol hərəkəti qaydaları haqqında qanunun 52-cimaddəsinin 9-cu bəndinin “Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən- zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər” tələbləri pozulmuşdur. Odur ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 -ci maddəsinin tərkibi vardır. Bu səbəbdən də həmin şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-cimaddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli və X3 inzibati tənbeh tətbiq olunması üçün material Yasamal RPl-nin DYPŞ-nə göndərilməlidir. Beləliklə, həmin qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 -cimaddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 bilirdi ki, qəza nəticəsində ziyan görmüş 19 avtomaşından 17 avtomaşının sahibinə ödənişlər edilib. Digər şəxslərlə də danışıqlar aparılır. Barışıqla bağlı danışıqlar davam edir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Mülki işin materialları xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi ilə əlaqədar daxil olmuş material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin qiymətləndirmə aktından görünür ki, “Toyota Camry” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 77686 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “Daewoo BS 090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh MMC-yə məxsusdur. Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “Toyota Camry” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundna görünür ki, X2 müayinəsi zamanı onun ayıq olduğu, onda alkoqol əlamətləri olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-nin 08 iyul 2025-ci il tarixli hesabatından görünür ki, İddiaçı mülkiyyətində olan “Toyota Camry” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə qəzaya uğraması səbəbindən zədələnmiş ehiyat hissələrinin dəyəri - 21 661 (iyirmi bir min altı yüz altmış bir) manat, avtomobilə ümumilikdə dəymiş ziyanın məbləği 25 361 (iyirmi beş min üç yüz altmış bir) manat təşkil etmişdir. "xxxx" MMC-nin 12 dekabr 2025-ci il tarixli rəyindən görünür ki, “Toyota Camry” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın məbləği 19200.00 (on doqquz min iki yüz) manat təşkil edir. Ödəniş qəbzinin surətindən görünür ki,iddiaçı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 324 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında müəyyənləşdirilən hüquqi mövqeyə əsasən, İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, İddiaçı mülkiyyətində olan “Toyota Camry” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-yə məxsus olan, MMC-nin verdiyi yol vərəqi əsasında X4 idarə etdiyi avtobusun toqquşması nəticəsində İddiaçı mülkiyyətində olan avtomobilə zərər dəymişdir. X5 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda iddiaçı onun mülkiyyətində olan “Toyota Camry” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İşin hallarından görünür ki, xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin qiymətləndirmə aktından görünür ki, “Toyota Camry” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 77686 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə iki dəfə qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 08 iyul 2025-ci il tarixli hesabatına əsasən, İddiaçı mülkiyyətində olan “Toyota Camry” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə qəzaya uğraması səbəbindən zədələnmiş ehtiyat hissələrinin dəyəri - 21 661 (iyirmi bir min altı yüz altmış bir) manat, avtomobilə ümumilikdə dəymiş ziyanın məbləği 25 361 (iyirmi beş min üç yüz altmış bir) manat təşkil etdiyi, "xxxx" MMC-nin 12 dekabr 2025-ci il tarixli rəyinə əsasən, “Toyota Camry” markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın məbləği 19200.00 (on doqquz min iki yüz) manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin qiymətləndirmə aktına istinad edərək, avtomobilinə dəymiş ziyanın 77686 manat məbləğində olduğunu iddia etsə də, bunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda mülki işin materiallarında olan hər iki qiymətləndirmə rəyi ilə arasında kifayət qədər böyük fərq mövcuddur. Meyar Ekspertiza MMC-nin qiymətləndirmə rəyində qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktında 2017-ci il istehsalı olan Toyota Camry nəqliyyat vasitəsi üzrə göstərilən ehtiyat hissələrinin dəyəri və onların dəyişdirilməsi üçün xidmət haqları üzrə hesablanmış 77686 manat məbləğinin həmin tarixdə mövcud olan bazar qiymətlərinənin nəticəsinə əsasən müəyyən edilmişdir ki, aktda tətbiq olunan qiymətlər bazar göstəricilərindən əhəmiyyətli dərəcədə yuxarıdır və real bazar şərtlərini əks etdirmir”. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir, iddia tələbi sonuncu - "xxxx" MMC tərəfindən tərtib edilmiş rəydə göstərilən məbləğə mütənasib şəkildə təmin edilməli və cavabdehdən 19200 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə ekspert rəyi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə daha sonra qeyd edir ki, "xxxx" MMC-nin təqdim etdiyi rəylə cavabdeh razı olmamış; məhkəmə tərəfindən təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi barədə vəsatət təmin edilmiş və qiymətləndirmənin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş rəylə tərəflər tanış olduqdan sonra təkrar və ya əlavə ekspertizanın keçirilməsi barədə vəsatətlə müraciət etməmiş, mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdirlər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbinin 19200 manat həddində təmin edilməsi ədalətli və qanunidir. AR MPM-nin: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.6. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 324 manat dövlət rüsumunun 147,6 manatı cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 19200 (on doqquz min iki yüz) manat pul mənləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 147,6 manat hissəsi Cavabdehndən iddiaçının xeyrinə ütülsün, qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-522/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-522/2025
26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver