Məhkəmə qərarları › İş №e-2(005)-53/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-53/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-53/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə 22643,94 manat məbləğində əsas borc, 4514,9 manat məbləğində faiz borcu, 987,94 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28146,78 manat borcun və 175 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 (zaminlər) həmin müqаviləyə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh2 bütün öhdəliklərini icrа еtməlidir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, MK/65591/83/4 nömrəli İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış kredit sazişinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 24 % olmaqla 30000 manat məbləğində kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin zaminlər - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsini öhdəsinə götürmüşlər; xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Mirvediyev İbrahim Azər oğlunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 22643,94 manat əsas, 4514,9 manat faiz və 987,94 manat cərimə borcu vardır; İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş məktubunlarından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 22643,94 manat əsas, 3729,7 manat faiz, 987,94 manat cərimə borcu var, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişlər; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9365 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdən – xx.xx.2023-cü il tarixədək bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK/65591/83/4 saylı kredit sazişi üzrə aparılmış ödənişlər, həmçinin zamin Cavabdeh4 Şahverdi oğlunun AZ09JBBK**********1271424A83 saylı hesabından MK/65591/83/4 saylı kredit sazişinə ödənilmiş ödənişlər, hesablanmış cəriməyə çıxılan məbləğlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə (məhkəməyə müraciət olunduğu vaxta) əsas borcu 21529,06 manat, faiz borcu 4334,52 manat və xx.xx.2023-cü il tarixə (pretenziya bildirişinin tarixi) əsas borcu 21529,06 manat, faiz borcu 3516,41 manat təşkil edir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə cavabdeh Mirvediyev İbrahim Azər oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 24% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və qeyd edilən məbləğdən təyinatı üzrə istifadə etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 isə bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Lakin üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmişlər və nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehlərə müvafiq bildiriş göndərilməklə yaranmış borc məbləğinin qaytarılması tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə onlara xəbərdarlıq edilmişdir. Lakin cavabdehlər bundan sonra da üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdirlər. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh Mirvediyev İbrahim Azər oğlu (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 (zaminlərə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə qeyd edir ki, cavabdeh Mirvediyev İbrahim Azər oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Faiz borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehdən əsas borca görə 22643,94 manat, faiz borcuna görə 3729,7 manat, cərimə borcuna görə 987,94 manat borcunun ödənilməsi tələb edilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, hazırda iddiaçının cavabdehlərdən kredit üzrə borcun tələb edilməsi pretenziya (bildiriş) məktubunun verilməsi tarixi ilə məhdudlaşdırılmalıdır. Qeyd olunmalıdır ki, cavabdehlərə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Əsas və faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9365 nömrəli ekspert rəyində cavabdeh Mirvediyev İbrahim Azər oğlunun İddiaçı ASCyə olan əsas borcunun xx.xx.2023-cü il tarixə (pretenziya bildirişinin tarixi) -21529,06 manat, faiz borcunun 3516,41 manat olduğu müəyyən edilmişdir. İddia tələbində əsas borcun 22643,94 manat, faiz borcunun 4514,9 manat olduğu göstərilsə də, məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, əsas borcu üzrə 21529,06 manat, faiz borcu üzrə 3516,41manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq, 200 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 21529,05 manat məbləğində əsas borc, 3516,41 manat məbləğində faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 25245,47 manat məbləğində borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 175 manatın 157 manatı İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərləri olan 300 manatın 31 manatı İddiaçı ASC-dən, 269 manatı isə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 21529,05 manat məbləğində əsas borc, 3516,41 manat məbləğində faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 25245,47 manat məbləğində borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 175 manatın 157 manatı İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərləri olan 300 manatın 31 manatı İddiaçı ASC-dən, 269 manatı isə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar