Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5333/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 200,37 manat məbəğində (5%) faiz borcu, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla, cəmi 232,57 manat məbəğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sunny Electronics mağazası ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 12330 saylı alğı-satqı müqaviləsinə əsasən borcluya 867 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissə-hissə ödənilməsilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdılar. Daha sonra gecikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1986/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə qərarına əsasən borclular Cavabdeh1 və Cavabdeh2 cəmi 687 manat məbləğində pulun müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 05 il, 10 ay, yəni 85 ay müddətində xx.xx.2022-ci il tarixdə icra olunmuşdur. Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı, öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 687 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik 5% faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1986/2015 saylı, xx.xx.2015ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli, 12330 saylı alğı-satqı müqaviləsinə əsasən 606 manat məbləğində əsas borc, 50 manat cərimə və 31 manat dövlət rüsumu, cəmi 687 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; - “Sunny Electronics” Mağazası İddiaçı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pulun 5 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1986/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli, 12330 saylı alğısatqı müqaviləsinə əsasən 606 manat məbləğində əsas borc, 50 manat cərimə borcu və 31 manat dövlət rüsumu olmaqla, cəmi 687 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı qətnamə ilə müəyyən edilmiş borcun 5 il sonra, xx.xx.2022-ci il tarixdə ödənildiyindən, ziyana düşdüyünə istinad edərək həmin məbləğin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 200,37 manat pulun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-443.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Məhkəmə qeyd edir ki, yaranmış borcu vaxtında ödəməyərək, icranı gecikdirməklə cavabdeh iddiaçıya faktiki olaraq zərər vurmuş olur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı isə Mülki Məcəllənin 445.7-ci maddəsində göstərilmişdir. Məhkəmə hesab edir ki, ödənilməmiş borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan, və borc məbləği vaxtında ödənilmədiyindən, iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 687 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan dövr üçün illik beş faiz hesablanmaqla 200,37 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu və xidmət haqqına görə 30,4 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 687 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan dövr üçün illik beş faiz hesablanmaqla 200,37 (iki yüz manat, otuz yeddi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu və xidmət haqqına görə 30,40 (otuz manat, qırx qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-5333/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5333/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver