Məhkəmə qərarları › İş №e-2(005)-5370/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5370/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5370/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əzizova Şəbnur Rəfail qızı, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 802,1 manat əsas, 141,66 manat faiz, 96,3 manat cərimə borcu olmaqla, cəmi 1040,06 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,81 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərtilə 2000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 25 noyabr 2025-ci il tarixinə "xxxx" ASC-yə 802,1 manat əsas, 141,66 manat faiz, 96,3 manat cərimə borcu olmaqla, cəmi 1040,06 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: - "xxxx" ASC-nin Cavabdeh ilə bağladığı xx.xx.2019-cu il tarixli, 43sNAR/19 saylı kredit müqaviləsinə görə bank tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərtilə 2000 manat məbləğində kredit xətti açılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh "xxxx" ASC-yə həmin tarixə 802,1 manat əsas, 141,66 manat faiz, 96,3 manat cərimə olmaqla, cəmi 1040,06 manat məbləğində borcu olduğu müəyyən edilir. - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixdə Cavabdeh ünvanladığı bildirişdə sonuncunun üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə banka 802,1 manat əsas, 84,46 manat faiz, 39,1 manat cərimə olmaqla, cəmi 925,66 manat məbləğində borcun yarandığı bildirilmiş, yaranmış borcun 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə iddia tələbi ilə müraciət edilməsindən ötrü bank tərəfindən 30,41 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1, 448.2-ci maddələrinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə müvafiq olaraq, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 739.1, 739.2-ci maddələrinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 284-1-ci maddəsinə müvafiq olaraq, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə müvafiq olaraq, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan materialları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər arasında kredit (borc) müqaviləsinin bağlanması yolu ilə öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. Müqavilə tərəfi olan bank (borcverən) razılaşdırılmış pul vəsaitini borcalana verməyi, borcalan isə aldığı vəsaiti müqavilə şərtlərinə uyğun (faizləri ilə birlikdə) borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan sənədlərlə bankın müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirdiyi müəyyən olunsa da, müqavilə şərtləri borcalan tərəfindən pozulmuşdur ki, bankın iddia tələbi ilə məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Bank iddia tələbi ilə məhkəməyə müraciət etmədən öncə borcun ödənilməsi barədə bildirişlə borcalana müraciət etmiş, müqavilə üzrə öhdəliyinin yerinə yetirilməməsinə görə yaranmış borcu tələb etmişdir. Cavabdehin borcu iş materialları ilə sübuta yetirildiyinə görə iddia tələbi əsas borca aid hissədə təmin edilərək, həmin vəsait bankın xeyrinə ödənilməlidir. Qeyd edilməlidir ki, cavabdehdən əsas borc ilə yanaşı faiz və cərimə də tələb edilmişdir. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışında cavabdehin 141,66 manat faiz borcunun yarandığı qeyd edilsə belə, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə həmin borcun 84,46 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə yuxarıda istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının pretenziya qaydasına əməl edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Bu səbəbdən iddia tələbi faizə dair hissədə qismən təmin edilərək, cavabdehdən tutulmalı olan faiz borcu 84,46 manat müəyyən edilməlidir. Son olaraq, məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin iddia ərizəsində göstərilən məbləğdə (96,3 manat) deyil, 20 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 802,1 manat əsas, 84,46 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 906,56 manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: İddia tələbi qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 27 manatı və 0,40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 802,1 manat əsas, 84,46 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 906,56 manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun 27 manatı və 0,40 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəbnur Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar