Məhkəmə qərarları › İş №e-2(005)-538/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-538/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-538/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borc və 14.175 manat dəbbə pulunun, 155 manat məhkəmə rüsumunun, cəmi 21625 manat pulun iddiaçının xeyrinə tutularaq alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixində iddiaçıdan 7500 (yeddi min beş yüz) manat məbləğində borc alaraq xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında yaranmış borc münasibətləri üzrə notarial qaydada xx.xx.2023-cü il tarixində kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borc alan krediti vaxtında qaytarmazsa, bir ay gözlədikdən sonra hər gecikən ödənilməyən gün üçün ümumi məbləğin 1% dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq (məktublar əlavə edilir), bu günə qədər heç bir ödəniş edilməmişdir. Hətta bununla əlaqədar Nərimanov RPİ 18-ci PB-nə şikayət ərizəsi ilə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda da qeyd olunduğu kimi borclu krediti vaxtında qaytarmazsa, bir ay gözlədikdən sonra hər gecikən ödənilməyən gün üçün ümumi məbləğin 1% dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Hesab edilir ki, cavabdeh iddiaçıya 7500 manat məbləğındə pulu qanunsuz saxlamaq və onu qaytarmaqdan boyun qaçırdığına görə zərər vurmuşdur. Bu məbləği gecikdirilən hər gün üçün 1% həcmində hesabladıqda xx.xx.2023-cü il tarixinədək 14.175 manat təşkil edir. Bununla da cavabdeh 7500 manat məbləğındə pulu qanunsuz saxladığı və onu qaytarmaqdan boyun qaçırdığına görə dəbbə pulu ilə birlikdə 21625 manat pulu ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 3 saylı notariat ofisi tərəfindən təqdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 7500 manat məbləğində pul borc verir, “Borc alan” Cavabdeh krediti xx.xx.2023 tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən borc alan krediti vaxtında qaytarmazsa, bir ay gözlədikdən sonra hər gecikən ödənilməyən gün üçün ümumi məbləğin 1% dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin GS260123-75 №-li qəbzindən görünür ki, İddiaçı tərəfindən 7500 manat Cavabdeh bank hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan AR-nın DİN Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müraciəti ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2023 il tarixinədək qaytarmaq şərtilə 7500 manat məbləğində borc pul vermişdir. İddiaçı tərəflər arasında bağlanmış borc müqaviləsinə istinad edərək qeyd olunan borc pul vəsaitinin Cavabdeh verildiyini, lakin bu günədək geri qaytarılmadığını bildirmişdir. Cavabdeh isə həmin borc məbləğinin geri qaytarılmasına dair ödəniş qəbzi və ya borcunu ödəməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin olunmalı, Cavabdeh 7500 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 14.175 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 750 manata endirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 155 manat dövlət rüsumunun 59 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, 96 manat məbləğində hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7500 manat məbləğində əsas borc və 750 manat dəbbə pulu olmaqla, cəmi 8250 (səkkiz min iki yüz əlli) manat pul İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 155 manat dövlət rüsumunun 59 manat hissəsi tutulsun və İddiaçı ödənilsin, 96 manat məbləğində hissəsi isə iddiaçının özünə aid edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar