Məhkəmə qərarları › İş №e-2(005)-553/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-553/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-553/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 15 357.05 manat olmaqla, bundan 4913,19 manat əsas, 5625,49 manat faiz, 4149,25 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra illik beş faiz hesablanmış 669,12 manat faiz borcu və iş üzrə ödənilmiş 136,07 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış ********** nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə 15 ay müddətinə illik 28% dərəcəsi ilə ödəmək şərtilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən X4 ilə Bank arasında, ZM-********** nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik Müqaviləsi üzrə bağlanmış 1 saylı, xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit öhdəliyinin qalıq məbləği 9407,02 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 091-15 saylı, xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kredit öhdəliyinin qalıq məbləği 2417,23 ABŞ dolları əsas, 783,17 ABŞ dolları faiz, 164,14 ABŞ dolları cərimə təşkil edən qalığı konvertasiya edilməklə (1 USD=1.9325 AZN) 6166 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********144 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 15 357,05 manat təşkil edir. Bundan 4913,19 manat əsas, 5625,49 manat faiz, 4149,25 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 669,12 manat faiz borcu təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 553/2023 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşı pul tələbinə dair iş üzrə icraata cavabdeh X3 dair hissədə xitam verilməsi qərara alınmışdır. İddiaçı LPO İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcunun olduğunu, lakin ödəməyə imkanı olmadığını bildirmiş və cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi, ona əlavə və ödəniş cədvəlinin surətlərindən görünür ki, borc verən İddiaçı ASC borc alan Cavabdeh 15 ay müddətinə, illik 28% hesablanmaqla 10000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; 290009400 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1 nömrəli əlavə sazişin və kredit hesabı üzrə ödəniş qrafikinin surətindən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kredit məbləği 9407,2 ABŞ dolları təşkil edir. Müqavilənin 2.4cü bəndinə əsasən kreditin müddəti 20 ay təyin edilir; 290009400 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli, 091-15 nömrəli əlavə sazişin surətindən görünür ki, müqavilənin bəndləri dəyişdirilərək, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 2417,23 ABŞ dolları əsas borc, 783,17 ABŞ dolları faiz məbləği, 164,14 ABŞ dolları cərimə borcu təşkil edən qalığı konvertasiya edilməklə ( 1 ABŞ dolları = 1,8325 manat ) 6166 manat təşkil edir. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 28 % ödənilir. Kredit xx.xx.2019-cu il tarixədək verilir; Dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin surətindən görünür ki, 136,07 manat dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/221 saylı rəyinə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********** saylı kredit müqaviləsi, həmin kredit müqaviləsinə 1 saylı, xx.xx.2015-ci il tarixli əlavə və 091-15 saylı, xx.xx.2016-cı il tarixli Əlavə sazişin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə (iddia tələbinin tarixinə) əsas borc 4945,88 manat, faiz borcu 2723, 54 manat, illik 5%-lə hesablanan faiz borcu 665,63 manat müəyyən edilmişdir.Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2015-ci il tarixində tərəflər kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən LPO İddiaçı ASC “borclu” Cavabdeh 10000 ABŞ dolları məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür.xx.xx.2016-cı il tarixli əlavə sazişlə kreditin müddəti xx.xx.2919-cu il tarixədək uzadılmış, kredit məbləğinin qakığı 6166 manata konvertasiya edilmişdir. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək müqavilə üzrə yaranmış əsas borca görə 4913,19 manat, cərimə borcuna görə 4149,25 manat, faiz borcuna görə 5625,49 manat, müqavilənin müddəti bitdikdən sonra hesablanmış faiz borcuna görə 669,12 manat olmaqla, cəmi 15357,05 manat pulun və 136,07 manat dövlət rüsumunun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən cavabdehə 15 ay müddətinə, illik 28 faiz olmaqla 10000 ABŞ dolları məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, əlavə sazişlər, maliyyə arayışı, hesabdan çıxarış, həmçinin cavabdehin məhkəmə iclaslarında verdiyi izahatları ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Əsas və faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/221 saylı, xx.xx.2023cü il tarixli rəyinə əsasən, Cavabdeh İddiaçı ASC-yə olan əsas borcunun 4945,88 manat, faiz borcunun 2723,54 manat, illik 5%-lə hesablanan faiz borcunun 665,63 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, əsas borca görə iddia ərizəsində tələb edilən məbləğdə, yəni 4913,19 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Faiz borcu ilə əlaqədar isə məhkəmə hesab edir ki, faiz borcuna görə ekspert rəyində göstərilən məbləğ, yəni 2723,54 manat pul cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün o vaxt əsas ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, əsas borca görə 4913,19 manat, faiz borcuna görə 2723,54 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən iddia həmin hissədə də qismən təmin edilməli, ekspert rəyinə uyğun olaraq cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 665,63 manat məbləğində pul tutulmalıdır. Cərimə borcu ilə əlaqədar qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2 və 467-ci maddələrinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddələrin məzmunundan göründüyü kimi, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə faizlər hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış etməməlidir. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu olmaqla, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks hal öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank tərəfindən ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə cərimənin məbləği azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 4913,19 manat, faiz borcuna görə 2723,54 manat, cərimə borcuna görə 100 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla faiz borcuna görə 665,63 manat olmaqla, cəmi 8402,36 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 136,07 manat pulun 74 manatı tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat pulun 46 manatı iddiaçı LPO İddiaçı ASCdən, 54 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 4913,19 manat, faiz borcuna görə 2723,54 manat, cərimə borcuna görə 100 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla faiz borcuna görə 665,63 manat olmaqla, cəmi 8402,36 (səkkiz min dörd yüz iki manat, otuz altı qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 136,07 manat pulun 74 (yetmiş dörd) manatı tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat pulun 46 (qırx altı) manatı iddiaçı LPO İddiaçı ASC-dən, 56 (əlli altı) manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar