Məhkəmə qərarları › İş №e-2(005)-553/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-553/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-553/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan 10ZY898 qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobilə 2422,27 (iki min dörd yüz iyirmi iki manat iyirmi yeddi qəpik) manat məbləğində dəymiş zərərin əvəzinin, 44,22 (qırx dörd manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2466,49 (iki min dörd yüz altmış altı manat qırx doqquz qəpik) manat pulun cavabdehlər X4 və X3 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 08:04-də 99OY825 qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobilini etibarnamə ilə idarə edən X4 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan 10ZY898 qeydiyyat nişanlı “Toyota Camry HV” markalı avtomobilə zərər dəymişdir və bu hadisə DYP YNH baş inspektoru tərəfindən ******* nömrəli protokolla qeyd alınmışdır. ******* nömrəli inzibati tənbeh haqqında qərara əsasən nəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Nəticə etibarı ilə cavabdeh X2 AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətməsinə görə inzibati tənbehin tətbiq edilməsi barədə qərar qəbuledilmişdir. xx.xx.2023 nömrəli "xxxx" MMC iddiaçının avtomobilinə dəymiş zərəri qiymətləndirərək müəyyən etmişdir ki, avtomobilə ümumilikdə 2422,27 manat məbləğində zərər dəymişdir. Şirkətin xx.xx.2023-cü il tarixli SQ1962 nömrəli qiymətləndirmə sənədi iş materiallarına əlavə olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlər avtomobilə münasibətdə icbari sığorta müqaviləsi bağlamadığına görə faktiki olaraq iddiaçının avtomobilinə dəyən zərərin əvəzini sığorta şirkəti ödəmir. Odur ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəmək öhdəliyi cavabdehlərin üzərinə düşür. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi, ekspert rəyinə etirazı olmadığını bildirərək iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ancaq avtomobilin bir qapısını əzmişdir. Bunu təsdiq edən şəkillər də var. Qapı içəriyə batmışdır. Avtomobilin sürücüsü ilə təmir yerinə aparanda 350- 380 manat usta pulu istənilmişdir. Qeyd olunan məbləğlə razı deyildir. Maşını əzməmiş, sadəcə qapıya toxunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - BB135635 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2021-ci il buraxılışlı “Toyota Camry” markalı sedan tipli 10ZY898 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi xx.xx.2021-ci il tarixdən İddiaçıdır. - “Elektron Məhkəmə” informasiya sistemindən Cavabdeh1 əmlak məlumatları barədə çıxarışdan görünür ki, “Toyota Prius” minik markalı 99OY825 qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir. - Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 25 fevral 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 2009-cu il buraxılışlı “Toyota Prius” minik markalı 99OY825 qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2026-cı il tarixədək Cavabdeh2 icarəyə vermişdir. - xx.xx.2023-cü il tarixli ******* saylı “İnzibati Xəta” haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:04-də “Toyota Prius” minik markalı 99OY825 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 AR İXM-nin 327.1-ci və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə “Toyota Prius” minik markalı 99OY825 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 469.3 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh2 50 manat cərimə olunmuşdur. - "xxxx" MMC-nin xx.xx.2023 tarixli SQ1962 nömrəli qiymətləndirmə - qüsur aktından görünür ki, “Toyota Camry HV” markalı 10ZY898 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair görülmüş işlər – ehtiyat hissələrinin dəyəri cəmi 2422,27 manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2024-cü il tarixli 9/2678 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2021-ci il buraxlışlı “Toyota Camry” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2020 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1120,00 manat; təmir- bərpa işlərinin qiyməti - 900,00 manat. dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1932,00 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1032,00 manat; təmir- bərpa işlərinin qiyməti - 900,00 manatdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər arasında bağlanmış icarə müqaviləsinə əsasən, “Toyota Prius” minik markalı 99OY825 qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2026-cı il tarixədək Cavabdeh2 icarəyə verilmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə həmin avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçının mülkiyyətində olan “Toyota Camry” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Hazırda iddiaçı mülkiyyətində olan avtomobilə dəymiş zərərin əvəzinin Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh2 təqsiri müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş və Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya dəymiş maddi ziyanın əvəzini ödəməlidir. Məhkəmə araşdırması zaman iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2024-cü il tarixli 9/2678 saylı ekspert rəyindən görünür ki, 2021-ci il buraxlışlı “Toyota Camry” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2020 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1932,00 manat müəyyən edilir. Həmin rəydən görünür ki, metodika üzrə minik avtomobillərin 1 illik istismarına 2%- 6% dək aşınma nəzərdə tutulmuşdur. Bu hesaba 2021-ci il buraxılışlı avtomobilə 2 il (2021-2023) amortizasiya aşınması müəyyən olunur. Həmin aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qalıq qiyməti 1032,00 manat müəyyən olunur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini, məhkəmə qərardadları ilə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsini, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə rəyin mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmasını, rəyin tədqiqat hissəsi ilə nəticə hissəsinin uyğun olmasını nəzərə alan məhkəmə hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2024-cü il tarixli 9/2678 saylı rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, metodika üzrə minik avtomobillərin 1 illik istismarına 2%-6% dək aşınma nəzərdə tutulması, bu hesaba 2 il (2021-2023) amortizasiya aşınması müəyyən olunması nəzərə alınmaqla, iddiaçıya məxsus 2021-ci il buraxılışlı avtomobilə vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 1932 (min doqquz yüz otuz iki) manat həddində müəyyən edilməlidir. Məhkəmə digər Cavabdeh1 münasibətdə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (AR MM 1108.1). Hazırki mülki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 qəza törətmiş avtomobilin mülkiyyətçisi olsa da, hadisə zamanı avtomobili idarə edən şəxs digər Cavabdeh2 olmuş, hadisədə Cavabdeh1 təqsiri müəyyən olunmamışdır. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə zərərin Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində baş verməsi halı müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 hazırki iddia tələbi üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddia tələbinin təmin olunmuş hissəsi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu kimi 35 (otuz beş) manat Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Həmçinin mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyəri tərəflərə aid edilməli, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh2 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli. Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi kimi 1932 (min doqquz yüz otuz iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə və digər Cavabdeh1 münasibətdə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli, Cavabdeh2 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi kimi 1932 (min doqquz yüz otuz iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə və digər Cavabdeh1 münasibətdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh2 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar