Məhkəmə qərarları › İş №e-2(005)-5672/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5672/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5672/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz məbləğinin, ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz məbləğinin, ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit kartına dair müqaviləyə əsasən 573,03 manat əsas; 128,69 manat faiz; 27.03.2019-cı il tarixli kredit müqaviləsinə əsasən isə 1220,10 manat əsas; 240,69 manat faiz borcunun və 41.62 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31.01.2019-cı il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən ona 31.12.2021-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 1000 manat kredit xətti ayrılmış, 27.03.2019-cı il tarixli kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 24,72 faiz dərəcəsi ilə 1850 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 15.11.2021-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit kartına dair müqaviləyə əsasən 573,03 manat əsas; 128,69 manat faiz; 27.03.2019-cı il tarixli Kredit müqaviləsinə əsasən isə 1220,10 manat əsas; 240,69 manat faiz; borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəlindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon filialı ilə Cavabdeh arasında bağlanmış 27.03.2019-cı il tarixli 109GTKR9967024AA nömrəli kredit müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən cavabdehə gündəlik tələbat məqsədilə 48 ay müddətinə illik 24,72 faiz dərəcəsi ilə 1850 manat kredit verilmişdir. 27.03.2019-cu il tarixli 109GTKR9967024AA nömrəli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinin surətindən görünür ki, Cavabdeh 48 ay müddətinə hər ay 61,05 manat (sonuncu ay 62,93 (altmış iki manat doxsan üç qəpik) manat) məbləğində aylıq ödəniş etməyi bank qarşısında öhdəsinə götürmüşdür; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31.01.2019-cı il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən cavabdehə 31.12.2021-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 1000 manat kredit xətti ayrılmışdır. 27 mart 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon filialı tərəfindən Cavabdeh 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində kredit vəsaiti verilmişdir; 25 noyabr 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 573,03 manat əsas; 128,69 manat faiz; 27.03.2019-cı il tarixli kredit müqaviləsinə əsasən isə 1220,10 manat əsas; 240,69 manat faiz borcu yaranmışdır. 30 aprel 2021-ci il tarixli 16/22550 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı bildirişin surətindən görünür ki, müvafiq kredit müqaviləsi üzrə gecikmə borcunun ödənilməsi 5 (beş) təqvim günü ərzində təmin edilməsi, əks təqdirdə qanuna uyğun müvafiq tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Müvafiq bildiriş cavabdeh şəxsin qeydiyyat ünvanına göndərilmişdir; 22 noyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 41,62 (qırx bir manat, altmış iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir; Beləliklə, müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31.01.2019-cı il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən ona 31.12.2021-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 1000 manat kredit xətti ayrılmış, 27.03.2019-cı il tarixli kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 24,72 faiz dərəcəsi ilə 1850 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 15.11.2021-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit kartına dair müqaviləyə əsasən 573,03 manat əsas; 128,69 manat faiz; 27.03.2019-cı il tarixli Kredit müqaviləsinə əsasən isə 1220,10 manat əsas; 240,69 manat faiz boru yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kredit kartına dair müqaviləyə əsasən 573,03 manat əsas, 128,69 manat faiz borcu; 27.03.2019-cı il tarixli kredit müqaviləsinə əsasən 1220,10 manat əsas; 240,69 manat faiz borcu, ümumilikdə 2.162,51 manat və 41.62 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar