Məhkəmə qərarları › İş №e-2(005)-570/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-570/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-570/2023 16.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əkbərli Samiq Sadiq oğlunun katibliyi İddiaçı LPO "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2014-cü il tarixli 1xx/xx/122002/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 346.74 (üç yüz qırx altı manat, 74 qəpik) manat məbləğində əsas borc, 254.78 (iki yüz əlli dörd manat, 78 qəpik) manat məbləğində faiz borcu, 355.75 (üç yüz əlli beş manat, 75 qəpik) manat məbləğində cərimə borcu, 112.50 (bir yüz on iki manat 50 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1069.77 (bir min altmış doqquz manat, 77 qəpik) manat məbləğində pulun, 30.70 (otuz manat, 70 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB (bundan sonra - Bank) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında 28 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/122002/14 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 667 (altı yüz altmış yeddi) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 346.74 (üç yüz qırx altı manat, 74 qəpik) manat məbləğində əsas borc, 254.78 (iki yüz əlli dörd manat, 78 qəpik) manat məbləğində faiz borcu, 355.75 (üç yüz əlli beş manat, 75 qəpik) manat məbləğində cərimə borcu, 112.50 (bir yüz on iki manat 50 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1069.77 (bir min altmış doqquz manat, 77 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfindən Cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Bildirirlər ki, Cavabdeh oälunun kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019cu il tarixdə məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3477/2019 savlı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə baälı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin baälanması ilə baälı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə baälı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə baälı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3477/2019 saylı qərardadında müvafiq fərmanın vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" QSC-nin nümayəndəsi X2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2014-cü il tarixdə bağladığı 1xx/xx/122002/14 saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 25 % olmaqla 24 ay müddətinə 667 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli müqavilə üzrə 667 manat məbləğində krediti illik 25 % olmaqla, 24 ay müddətinə, aylıq 35.60 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə bağladığı 1xx/xx/122002/14 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə əsas kredit borcu 346,74 manat, onun üzərinə hesablanmış faiz borcu 254,78 manat, 355,75 manat cərimə, gecikdirilmiş vaxt üçün 5 % illik dərəcə ilə hesablanmış 112,50 manat, cəmi borc 1069,77 manat təşkil edir. İş materiallarında olan LPO "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, borcun 3 (üç) gün müddətində banka ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 346,74 manat (üç yüz qırx altı manat, 74 qəpik) məbləğində əsas borc, 254,78 manat (iki yüz əlli dörd manat 78 qəpik) məbləğində faiz borcu, 112,50 (yüz on iki manat 50 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 355,75 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 35 manata endirilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 346.74 (üç yüz qırx altı manat, 74 qəpik) manat məbləğində əsas borc, 254.78 (iki yüz əlli dörd manat, 78 qəpik) manat məbləğində faiz borcu, 112.50 (bir yüz on iki manat 50 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 35 cərimə borcu olmaqla cəmi 749,02 (yeddi yüz qırx doqquz manat 02 qəpik) manat borc və 30,70 manat dövlət rüsumu LPO "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar