Məhkəmə qərarları › İş №e-2(005)-583/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-583/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-583/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfəriova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7222.06 manat əsas, 8443.53 manat faiz borcunun, cəmi 15665.59 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "İddiaçı” ASC arasında bağlanmış 03.12.2015-ci il tarixli kredit sazişinə əsasən bank borcluya 84 ay müddətinə, illik 26.12% olmaqla 8826.50 manat məbləğində kredit vermişdir. Hazırda borclu "Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; İddiaçı ASC tərəfindən Cavabdeh fərdi sahibkarların (fiziki şəxslərin) imza nümunələri vərəqəsində imza nümunəsi götürülmüşdür. Cavabdeh istehlak kreditinin alınması üçün İddiaçı ASC-yə ərizə-anketlə müraciət edərək göstərmişdir ki, mövcud krediti restruktizasiya edilməsi məqsədi ilə 84 (səksən dörd) ay müddətinə nağd kreditin alınması üçün 8826.50 manat (səkkiz min səkkiz yüz iyirmi altı manat əlli qəpik) məbləğində kredit ayrılmasını xahiş etmişdir. ASAN 1 tərəfindən verilmiş 22.06.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1963-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. 03.12.2015-ci il tarixli RV/08940/55 nömrəli kredit sazişinin məzmundan görünür ki, bu müqaviləni imzalmaqla tərəflər təsdiq edir ki, “Bank” tərəfindən “müştəri” yə bu müqavilə üzrə verilən kredit “müştərinin” DK01506/12 saylı, “25” may 2012-ci il, BAL07835/13 saylı, “11” yanvar 2013-cü il, LS03193/14 saylı, “07” fevral 2015-ci il, kredit müqavilələri üzrə kreditlərinin restruktizasiya olunması məqsədi ilə verilir. Eyni zamanda tərəflər təsdiq edir ki, “Müştəri” nin bu müqavilə imzalandığı tarixədək restruktizasiya edilmiş kreditlər üzrə öhdəliklərinin lazımınca icra etməməsi nəticəsində “müştəri” nin DK01506/12 saylı, “25” may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 20 manat, BAL07835/13 saylı, “11” yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə 64.45 manat, LS03193/14 saylı, “07” fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 220.92 manat, hesablanmış, lakin ödənilməmiş cərimələr qalmaqdadır. Tərəflər razılaşır ki, “Bank” tərəfindən yuxarıda qeyd edilən cərimələr bir şərtlə güzəşt ediləcək ki, bu müqavilə izmalandığı andan etibarən növbəti 6 (altı) ay ərzində “müştəri” bu müqavilə üzrə ayrılan kreditin geri ödənilməsi üzrə öhdəliklərini müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada vaxtında və lazımınca icra etsin. Qeyd edilən müddət (6 ay) ərizndə ilk gecikmə baş verən ayda güzəşt edilməsi nəzərdə tutulan 305.37 (üç yüz beş manat otuz yeddi qəpik) manat həcmində cərimə məbləği “bank” tərəfindən mütləq ödəniş kimi tələb ediləcək və “müştəri” tərəfindən növbəti ödəniş zamanı ilk olaraq cərimə məbləğinin ödənilməsi tələb ediləcək. Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh qrafik üzrə hər ay 211.00 (iki yüz on bir) manat məbləğində kredit ödənişi etməyi öz üzərinə götürmüşdür. 03.12.2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən keditin ödənilməsi üçün 1633.56 AZN (bir min altı yüz otuz üç manat əlli altı qəpik), 7038.44 AZN (yeddi min otuz səkkiz manat qırx dörd qəpik), 154.5 AZN vəsait köçürülmüşdür. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 21.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1963-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12.04.2021-ci il tarixli № 09/1047 nömrəli ekspert rəyindən göründüyü kimi Cavabdeh iddia müddətinə, yəni 31 oktyabr 2020-ci il tairxə banka olan əsas borcu 7.161,97 AZN, fazi borcu 8.138,01 AZN müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 23.02.2020-ci il tarixli ekspert rəyi nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə 7161,97 (yeddi min yüz altmış bir manat 97 qəpik) manat məbləğində əsas borcu, 8138,01 (səkkiz min yüz otuz səkkiz manat 01 qəpik) manat məbləğində faiz borcu, 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla cəmi 15.299,98 (on beş min iki yüz doxsan doqquz manat 98 qəpik) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 142595, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7161,97 (yeddi min yüz altmış bir manat 97 qəpik) manat məbləğində əsas borcu, 8138,01 (səkkiz min yüz otuz səkkiz manat 01 qəpik) manat məbləğində faiz borcu, 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla cəmi 15.299,98 (on beş min iki yüz doxsan doqquz manat 98 qəpik) manat məbləğində məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyirinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 7161,97 (yeddi min yüz altmış bir manat 97 qəpik) manat məbləğində əsas borc, 8138,01 (səkkiz min yüz otuz səkkiz manat 01 qəpik) manat məbləğində faiz borcu, 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 15.299,98 (on beş min iki yüz doxsan doqquz manat 98 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə səviyyəsinin kodu 142595, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar