Məhkəmə qərarları › İş №e-2(005)-597/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-597/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-597/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun numayəndəsi X3 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək, 9203,85 manat əsas, 8131,10 manat faiz, 7234,18 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 1335,04 manat faiz borcu olmaqla, cəmi 25904,17 manat borcun və iş üzrə ödənilmiş 167,70 manat dövlət rüsumunun Cavabdeh tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cəmi 25904,17 manat borcun Cavabdeh tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən “B” tikilisi olan fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına LPO "xxxx" ASC-yə ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq LPO "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, LPO "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, Dİ 1915/13 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 18 faiz olmaqla, 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 25904,17 manat təşkil edir. Bu, 9203,85 manat əsas, 8131,10 faiz, 7234,18 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 1335,04 manat faiz borcundan ibarətdir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun numayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, Dİ 1915/13 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verməyi, müştəri isə müvafiq ödənişləri və kredit üzrə öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür; Kreditor-İpoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1915/13 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən “B” tikilisi olan fərdi yaşayış evini ipoteka qoyanın mülkiyyətinə verir. Yaşayış sahəsinin satış qiyməti 28000 manatdır, yaşayış sahəsinin dəyərinin 13000 manatı ipoteka qoyanın özü tərəfindən, 15000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2013-cü il tarixli, 1915/13 saylı kredit müqaviləsinə əsasən ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İpoteka qoyan satılan yaşayış sahəsini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1915/13 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi Cavabdeh adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi LPO "xxxx" ASC-nin xeyrinə ipoteeka ilə yüklü edilmişdir; LPO "xxxx" ASC tərəfindən borcluya ünvanlanan xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur; xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə Cavabdeh müqavilə üzrə əsas borcu 9203,85 manat, faiz borcu 8131,10 manat, cərimə borcu 7234,18 manat, borcun gecikdirildiyi vaxt üçün illik beş faiz hesablanmaqla 1335,04 manat borcu olmaqla, ümumilikdə 25904,17 manat məbləğində borcu vardır; 28 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 3 gün müddətində kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş göndərilmişdir; LPO "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Ərazi İdarəsinə 11 yanvar 2022-ci il tarixində ünvanlanmış ərizədən görünür ki, kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmişdir.Bildiriş xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqı ödənilmişdir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 167,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən “B” tikilisi olan fərdi yaşayış evinin real bazar dəyəri 50000 manat, likvid dəyəri 42500 manat təşkil edir. Tədqiqatın dəyəri 500 manatdır; AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5086 nömrəli rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, Dİ 1915/2013 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2018-ci il müqavilənin bitmə tarixinə əsas borc üzrə 9255,32 manat, faiz borcu üzrə 4038,08 manat təşkil edir, xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 9255,32 manat, faiz borcu üzrə 4038,08 manat, 5% üzrə 1375,44 manat təşkil edir. Tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 386.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin əmələ gəlmə əsaslarından biri iştirakçılar arasında bağlanmış müqavilədir. İddiaçının tələbinin qanuni əsaslarından birini təşkil edən Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və LPO "xxxx" ASC tərəfindən cavabdehə 60 ay müddətinə, illik 18 faiz olmaqla 15000 manat məbləğində borc verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi və iş materialarında olan digər sənədlərlə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə Cavabdeh müqavilə üzrə əsas borcu 9203,85 manat, faiz borcu 8131,10 manat, cərimə borcu 7234,18 manat, borcun gecikdirildiyi vaxt üçün illik beş faiz hesablanmaqla 1335,04 manat borcu olmaqla, ümumilikdə 25904,17 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırki iş üzrə borclu risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Əsas və faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5086 nömrəli ekspert rəyində Cavabdeh LPO "xxxx" ASC-yə olan əsas borcunun 9255,32 manat, faiz borcunun 4038,08 manat olduğu müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, əsas borca görə 9203,85 manat, faiz borcuna görə isə ekspert rəyində nəzərdə tutulmuş məbləğin daha ağlabatan olduğu əsas götürülərək 4038,08 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1335,04 manat məbləğində pul tutulmalıdır. Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2 və 467-ci maddələrinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddələrin məzmunundan göründüyü kimi, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə faizlər hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış etməməlidir. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu olmaqla, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks hal öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank tərəfindən ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə cərimənin məbləği azaldılaraq 150 manat məbləğində müəyyən edilməlidir. İddianın, cavabdehə məxsus fərdi yaşayış evinə tutma yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın tələbinin satılmış əmlak hesabına ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “kreditor-ipoteka saxlayan” "xxxx" ASC, “alıcı-ipoteka qoyan” Cavabdeh və “Satıcı” X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1915/13 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı ünvan 4 ünvanında yerləşən “B” tikilisi olan fərdi yaşayış evini ipoteka qoyanın mülkiyyətinə vermiş, eyni zamanda ipoteka qoyan satılan yaşayış sahəsini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1915/13 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya vermişdir. İpoteka saxlayan tərəfindən müvafiq hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Həmçinin ipoteka saxlayan tərəfindən kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması barədə ərizə verilmiş və bildiriş qeydə alınmışdır. Mülki Məcəllənin 269.1 və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə uyğun olaraq borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tərəflər arasında bağlanmış yaşayış sahəsinin alqı-satqısı və ipoteka müqaviləsinin 3.1-ci bəndinə görə ipoteka qoyan tərəfindən aylıq ödənişlər 60 gündən çox gecikdirildikdə, eləcə də aylıq ödənişlər 12 ay ərzində 3 və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə kreditor-ipoteka saxlayan ipoteka predmetinə tutma yönəltmək hüququna malikdir. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən və müqavilə ilə nəzərdə tutulmuş şərtləri pozduğundan iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli bildiriş cavabdehə göndərilmiş və xx.xx.2022-ci il tarixli ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş xx.xx.20022-ci il tarixdə qeydə alınmışdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmetinin qiymətinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən müvafiq qiymətləndirmə tədqiqatı təyin edilmiş və həmin qiymətləndirici rəyində mənzilin likvid dəyəri 42500 manat göstərilmişdir. Məhkəmə qiymətləndirici rəyini nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən “B” tikilisi olan fərdi yaşayış evinin ilkin satış qiyməti 42500 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və borcun tutulması əldə olunan məbləğə yönəldilməlidir. İddianın ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun bağlanması üçün kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə olunmuş vəsaitin qətnamənin tam icrasına kifayət etmədiyi halda qalan borcun cavabdehdən tutulması ümumi qaydada icra mərhələsində “İcra haqqında” Qanuna müvafiq olaraq icra edildiyindən və tutulacaq məbləğ qətnamədə konkret göstərildiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə iddianın ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan LPO "xxxx" ASC-yə təhvil verilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, ipoteka predmetinin yeni mülkiyyətçisinin kim olacağı məlum olmadan mənzilin iddiaçıya təhvil verilməsi digər şəxslərin konstitusiya hüquqlarının pozulması ilə nəticələnə bilər. “İpoteka haqqında” Qanuna və Mülki Məcəlləyə uyğun olaraq mülkiyyət hüququnun itirilməsi üçün ipoteka predmetinin satılması zəruridir. Mülki Məcəllənin 205.2ci maddəsinə uyğun olaraq tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 9203,85 manat, faiz borcuna görə 4038,08 manat, cərimə borcuna görə 150 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcuna görə 1335,04 manat, cəmi 14726,97 manat məbləğində pul tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən “B” tikilisi olan fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 42500 manat müəyyən edilməklə açıq hərracda satılmalı və borc tələbi satışdan əldə olunan məbləğin ödənilməsinə yönəldilməlidir. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 167,70 manatın 95,40 manatı, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun 17 manatı Cavabdeh tutularaq LPO "xxxx" ASC-nin hesabına köçürülməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 500 manat məbləğində pulun 284 manatı Cavabdeh, 216 manat hissəsi LPO "xxxx" ASC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (AZ06AİİB********************, VÖEN: **********, "xxxx" ASC Sumqayıt şəhər filialı, Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ********************, Bank VÖEN: **********, S.W.İ.F.T kod: AİİBAZ2X), ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 57 manatı Cavabdeh, 43 manat hisəsi LPO "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 9203,85 manat, faiz borcuna görə 4038,08 manat, cərimə borcuna görə 150 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcuna görə 1335,04 manat olmaqla, cəmi 14726,97 (on dörd min yeddi yüz iyirmi altı manat, doxsan yeddi qəpik) manat məbləğində pul tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən “B” tikilisi olan fərdi yaşayış evinə yönəldilsin. Fərdi yaşayış evi ilkin satış qiyməti 42500 (qırx iki min beş yüz) manat müəyyən edilməklə açıq hərracda satılsın və borc tələbi satışdan əldə olunan məbləğin ödənilməsinə yönəldilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 167,70 manatın 95,40 manatı, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun 17 manatı Cavabdeh tutularaq LPO "xxxx" ASC-nin hesabına köçürülsün. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 500 manat məbləğində pulun 284 manatı Cavabdeh, 216 manat hissəsi LPO "xxxx" ASC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (AZ06AİİB********************, VÖEN: **********, "xxxx" ASC Sumqayıt şəhər filialı, Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ********************, Bank VÖEN: **********, S.W.İ.F.T kod: AİİBAZ2X), ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 57 manatı Cavabdeh, 43 manat hisəsi LPO "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar