Məhkəmə qərarları › İş №e-2(005)-605/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-605/2023

24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-605/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı "xxxx" X2 nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 4365.45 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1, mülkiyyət hüququ Cavabdeh2 məxsus “Ford Mondeo minik” markalı, 10-VA619 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində (Asan Xidmət mərkəzinin yaxınlığında) idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “Klassik” tipli 1 çıraqlı işıq dirəyini və işıq dirəyinin özül hissəsini sıradan çıxararaq müəssisəyə 8820 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi **-VA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. Cavabdeh1 tərəfindən idarə edilən “Ford Mondeo minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən mütənasib qaydada Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 bank hesabına 4454.55 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 8820 manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 4365.45 manat hissəsi cavabdehlərdən tutularaq "xxxx" X6 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" X2 nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh işıq dirəyini və onun özül hissəsini sıradan çıxarmışdır, əgər o, ödəniş edərsə həmin işıq dirəyini özü ilə götürə bilər, belə ki, onun bərpası və yenidən istifadəsi mümkün deyildir. Ekspert rəyi ilə qismən razı olsa da, həmin rəydə dirəyin özül hissəsi nəzərə alınmamış və hesablanmamışdır. Bu səbəbdən işıq dirəyinin özül hissəsinin də dəyəri nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 işıq dirəyinin bərpasının mümkün olduğunu, lakin ondan yenisinin pulunun tələb edildiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - ƏN-V seriyalı 957312 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh2 2003 buraxılışlı, **-VA-*** dövlət qeydiyyat nişanlı “Ford Mondeo minik” markalı nəqliyyat vasitəsini Cavabdeh1 etibar etmişdir; - PXA11086 nömrəli Sığorta aktının surətindən görünür ki, sığortalanmış “Ford” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək işıq dirəyinə dəymiş və zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8820 manat təşkil etmişdir. “Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə”də üçüncü şəxsin əmlakına vurulan zərər görə nəzərdə tutulmuş limit 5000 manat təşkil etdiyindən və həmin məbləğin zərərçəkmiş üçüncü şəxslərə dəymiş zərərdən az olması səbəbindən, ödəniləcək məbləğ 4454,55 manat olaraq müəyyən edilmişdir; -xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokolun və TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “Ford Mondeo minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 327.1-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir; - "xxxx" Elektrik Şəbəkəsi müəssisəsinin təqdim etdiyi smetanın surətindən görünür ki, “Ford” markalı,**-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş zərərin bərpasına sərf olunan xərclərin ümumi məbləği 8820 manat təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/12xx-xx/1181 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, "xxxx" X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Akta əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H,Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" X3 dəymiş ziyan təxminən, işıq dirəyinin dayağı 7325 manat, işıqlandırıcı lampa 1114 manat olmaqla, cəmi 8439 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə “Ford Mondeo minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" X3 məxsus 1 ədəd “Klassik” tipli 1 çıraqlı işıq dirəyi sıradan çıxmışdır. İddiaçı tərəfindən vurulmuş zərərin məbləği 8820 manat müəyyən edilmişdir. Qeyd edilən nəqliyyat vasitəsi icbari sığorta növü üzrə "xxxx" ASC-də sığortalandığından zərərin bir hissəsi, 4454,55 manat məbləğində pul sonuncu tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində balansında olan əmlaka dəymiş maddi zərərin sığorta ilə ödənilməmiş hisssinin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, “Ford Mondeo minik” markalı, **-VA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinin X7 olması, həmin nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən Cavabdeh1 yol hərəkəti qaydalarını pozması nəticəsində "xxxx" X3 ziyan dəyməsi işin mübahisələndirilməyən halıdır. Qeyd edilən ziyanın məbləği ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi və "xxxx" X5 tərəfindən hazırlanmış sənədlərdə dəymiş ziyanın ümumi məbləği 8820 manat olaraq göstərilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/12xx-xx/1181 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ziyanın məbləği 8439 manat olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə birlikdə qiymət verərək hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus işıq dirəyi və lampanın sıradan çıxmasına görə ona dəymiş zərər ekspert rəyində göstərilmiş məbləğdə nəzərə alınmalıdır. Lakin qeyd edilməlidir ki, iş üzrə təqdim edilmiş fotoşəkillərdən, iddiaçının nümayəndəsinin və cavabdehin izahatından göründüyü kimi, işıq dirəyi ilə yanaşı, işıq dirəyinin özül hissəsi də sıradan çıxmışdır. Ekspert rəyində isə yalnız işıq dirəyinin və onun lampasının dəyəri hesablanmış, özül hissəsi isə nəzərə alınmamışdır. İddiaçı təşkilat tərəfindən tərtib edilmiş smetadan görünür ki, işıq dirəyinin özül hissəsi 380 manat təşkil edir. Həmçinin Cavabdeh1 oğu işıq dirəyinin özül hissəsinin və lampanın sıradan çıxmasını inkar etməmiş, etirazı yalnız işıq dirəyinin bərpa edilərək yenidən istifadə edilməsi ilə bağlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən məbləğlə yanaşı (icbari sığorta üzrə sığorta ödənişi çıxıldıqdan sonra), işıq dirəyinin özül hissəsinin dəyəri olan 380 manat məbləğində pul da iddiaçıdan tutulmalıdır. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı "xxxx" X5 Cavabdeh1 qarşı vurulmuş zərərin ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə, iddianın Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı “Ford Mondeo minik” markalı, **-VA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 sahibliyindən qanuni əsasla çıxması və yol-nəqliyyat hadisəsi baş verən zaman onun birbaşa sahibliyində olmaması müəyyən edilmişdir. Belə olan halda, Cavabdeh2 hadisənin törədildiyi anda sahibliyində olmayan yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin mülkiyyətinin həmin anda Cavabdeh2 olması da bu hüquqi vəziyyəti dəyişmir. Çünki yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət mülkiyyətçiyə deyil, onun sahibinə aiddir. Təsadüfü deyil ki, bu münasibətləri tənzimləyən Mülki Məcəllənin 1108.1-ci maddəsi zərərin əvəzini ödəmək vəzifəsinin yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin deyil, mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulduğunu təsbit etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Beləliklə, dəymiş ziyanın ümumi məbləğindən 4454,55 manat məbləğində pulun nəqliyyat vasitəsinin sığortaçısı "xxxx" ASC tərəfindən ödənildiyini və iddiaçının qalıq məbləğinin cavabdehdən tutulması tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4364,45 (7325+1114+380=8819-4454,55=4364,45) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin işıq dirəyi bərpa edildiyi halda yenisinin dəyərinin ondan tələb edilməsinin qanunsuz olması barədə etirazı ilə əlaqədar məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilmiş fotoşəkillərdən və işıq dirəyinin konstruksiyasından göründüyü kimi, onun bərpası mümkün deyildir. Həmçinin iddiaçının nümayəndəsi izahatında zədələnmiş işıq dirəyinin anbarda olduğunu, vurulmuş zərərin əvəzi ödənildikdən sonra həmin işıq dirəyini özünə götürə biləcəyini bildirmişdir. Bu isə iddiaçı tərəfindən işıq dirəyinin bərpa edilərək yenidən istifadə edilməsi ilə bağlı cavabdehin dəlilini təkzib edir. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Mülki prosessual 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 dəymiş maddi zərərə görə 4364,45 manat məbləğində pul tutularaq "xxxx" X3 ödənilməlidir. İddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi zərərin əvəzi olaraq 4364,45 (dörd min üç yüz altmış dörd manat, qırx beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X3 ödənilsin. İddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar