Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-624/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin mülki hüquq pozuntusuna (deliktinə) görə əmlakıma dəymiş zərərin əvəzi olaraq 278 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 608 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi “Azinko” yaşayış kompleksinin giriş-çıxış hissəsinə quraşdırılmış tikanlı dəmir tramplindən istifadəyə xitam verilməsi (tramplinin sökülməsi) vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi “Azinko” yaşayış kompleksinin idarəçiliyi Cavabdeh MMC tərəfindən həyata keçirilir. Yaşayış kompleksinin avtomobil yolunun kənarında olan hissəsində iki arka mövcuddur. Onlardan birinin qarşısında tikanlı dəmir tramplin quraşdırılmış, girişin qadağan olması ilə bağlı lövhə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 21:50 – 22:00 radələrində, qaranlıq hava şəraitində özünə məxsus olan “Toyota Corolla” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobillə həmin yaşayış kompleksinə gələrkən tramplini görməmiş, avtomobillə üzərindən keçdikdə avtomobilin sağ ön və arxa təkərləri dəmir tramplinin təsirindən deşilərək partlamış və bərpası mümkünsüz hala düşmüşdür. Bu faktın təsdiqi ilə bağlı foto və videogörüntülər, şahidlər mövcuddur. Qeyd edir ki, eyni tarix və saat radələrində “Mercedes” markalı avtomobili idarə edən digər şəxsin avtomobilinin dörd təkərinin dördü də həmin səbəbdən yararsız hala düşmüşdür. Hadisə baş verən kimi avtomobil girişi tutmasın deyə təkərlərin havası boşalanadək dərhal kompleksin həyətindəki “Bravo” marketin yaxınlığında saxlanılmışdır. Bundan sonra kompleksdə idarəçiliyə məsul olan şəxsi soraqlaşmışdır. Girişdə dayanan mühafizəçi rəhbərin Qanuni nümayəndə olduğunu bildirmiş, əlaqə nömrəsini verməkdən imtina etmişdir. Növbəti gün məcburən əlavə xərc çəkərək kompleksə gəlmiş, avtomobilin təkərlərini dəyişdirməli olmuşdur. Bununla bağlı da müvafiq sübutlar, o cümlədən xərc sənədləri mövcuddur. Avtomobilimin iki təkərinin dəyişdirilməsinə 278 manat vəsait sərf olunmuşdur. Kompleksin giriş-çıxış hissəsinə tikanlı dəmir tramplin quraşdırılmasını qanunsuz hesab edir. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq heç kəs öz mülki hüquqlarını başqalarına ziyan vurmaq yolu ilə müdafiə edə bilməz. Kompleksin girişinə hər hansı xəbərdaredici nişan qoyulub-qoyulmaması buna haqq qazandırmır. Nəzərə alınmalıdır ki, hətta dövlət belə yol hərəkəti qaydalarını pozan vətəndaşları cərimə etməklə kifayətlənir, onların əmlakına qətiyyən zərər vurmur, yaxud yollarda əmlaka zərər vura biləcək hər hansı potensial təhlükə yaratmır. MMCnin giriş-çıxışla bağlı dövlət yol nişanından (buna bənzər nişanlardan) istifadə edərək qayda qoymasının hüquqi əsası qeyri-müəyyəndir. Üstəlik bu cür qaydanı pozan (xüsusən bilməyərəkdən pozan) şəxslərin əmlakına bilərəkdən zərər vurulmasına heç nə ilə haqq qazandırmaq olmaz. Bu mülki hüquqi baxımdan özbaşınalıqdır. MMC-nin tədbirləri vətəndaşlar üçün ciddi maddi ziyan vuran, əmlak və sağlamlıq üçün təhlükə törədən vasitələrdən istifadə ilə müşayiət olunur. Belə tədbir qarşıya qoyulan məqsədə mütənasib hesab oluna bilməz. Məhz bu qanunsuz və tənasübsüz tədbirin nəticəsində İddiaçı əmlakına ciddi ziyan dəymişdir. İstisna deyil ki, avtomobilin sürəti nisbətən yüksək olsaydı ağır qəza şəraiti yarana, özünün və ətrafdakıların sağlamlığı üçün təhlükə törənə bilərdi. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğunu və bu ziyana görə zərərin məbləğini cavabdehdən tələb etmək üçün hüququ olduğunu, lakin zərərin ödənilməsindən daha çox ona bu ziyanı vuran tikanlı dəmir tramplinin sökülməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Qanuni nümayəndə iddiaçının əmlakına zərər vurulasına səbəb olan trampolinin həmin ərazinin sakinlərinin müraciəti və təkidi ilə MMMC tərəfindən sakinlərin vəsaiti hesabına yerləşdirildiyini, ərazinin MMC-nin idarəetməsində və sakinlərin ümumi mülkiyyətində olduğunu bildirərək iddiaçıya zərərin onların hüquqazidd hərəkətləri nəticəsində vurulmadığını bildirdi və iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları ünvan 1 ünvanının mülkiyyətçiləri tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, “Azinko” yaşayış kompleksinin giriş və çıxışının maneəsiz tənzimlənməsi üçün mülkiyyətçilərin müraciəti və pul vəsaiti hesabına kompleksin həyətinin giriş hissəsinə şlaqbaum, çıxış hissəsinə tikan quraşdırılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən avtomobil təkərlərinin dəyəri olaraq cəmi 278 manat ödəniş etmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan əmlak məlumatlarından görünür ki, “Toyota Corolla” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobillə İddiaçı mülkiyyətindədir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı özünə məxsus avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi “Azinko” yaşayış kompleksinin çıxış hissəsindən kompleksə daxil olarkən bu hissədə əraziyə yerləşdirilmiş tikanlı metal tramplinin üzərindən keçərkən avtomobilin təkərləri deşilmiş, bununla da İddiaçı əmlakına zərər dəymişdir. O bu zərərin aradan qaldırılması üçün 278 manat pul məbləği sərf etmişdir. Hazırda həmin məbləği ərazinin idarəçiliyini həyata keçirən Cavabdeh MMC-dən tələb edir, həmçinin avtomobilinə zərər vuran tikanlı metal tramplinin sökülməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələlərinə əsasən, Məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması, təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Binanın sahə mülkiyyətçiləri binanın idarəetmə üsullarını seçə bilər. Çoxmənzilli bina üç qaydada idarə edilə bilər: 1. Binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə 2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən və 3. İdarəedici təşkilat təyin edilməklə. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141-ci maddəsinin tələbinə görə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Qeyd olunan normaların hazırki mülki işə tətbiq edilməsi nəticəsində aydın olur ki, cavabdeh MMC-nin çoxmənzilli binanın idarəçiliyini həyata keçirməsi qanunvericiliyin tələblərinə zidd olsa belə, nəzərə alınmaldır ki, hazırki tələb cavabdehin yaşayış binasının idarəçiliyi ilə bağlı olmayıb, məhz onun tərəfindən binanın ərazisinə tramplinin qoyulması ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-cü maddəsinə əsasən bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Məhkəmə qeyd edir ki, “Azinko” yaşayış kompleksinin mülkiyyətçiləri tərəfindən giriş-çıxış hissəsinə tikanlı dəmir tramplindən quraşdırılması Cavabdeh MMC-yə həvala edilmiş və o da quraşdırmanı təmin etmişdir. Cavabdeh MMC-nin bu hərəkətinin yaşayış binası mülkiyyətçilərinin iradəsi əsasında həyata keçirilməsi mülkiyyətçilər tərəfindən məhkəmə ünvanlanmış məktubla təsdiq olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Qeyd edilən qanunvericilik normalarının hazırda baxılan mülki iş üzrə tərəflərin izahatları və digər sübutlar araşdırılmaqla tətbiq edilməsi nəticəsində məlum olur ki, “Azinko” yaşayış kompleksinin giriş-çıxış hissəsinə quraşdırılmış tikanlı dəmir tramplin həmin yaşayış kompleksi sakinlərinin ümumi mülkiyyətində olan ərazidə onların iradələri ilə yerləşdirilmişdir. İddiaçı həmin ümumi mülkiyyətçilərdən deyil. İddiaçı məhkəmə iclasına verdiyi izahatında mülkiyyətçi olmadığı, hər hansı qohumunun həmin ünvanda yaşamadığını, lakin həmin ərazidə yerləşən əyləncə mərkəzindən istifadə etmək üçün əraziyə daxil olduğunu bildirmişdir. Aydındır ki, İddiaçı mülkiyyətçi olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.2-ci maddəsində qeyd edilmiş ümumi mülkiyyətə sahiblik, istifadə və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqları yoxdur. İddiaçı iddia tələbini qeyd edilən yaşayış kompleksinin mülkiyyətçilərinin ümumi mülkiyyətində olan ərazidən istifadəni mülkiyyətçi olmayan şəxslərin hüquqlarına zərər vuracaq şəkildə həyata keçirmələrinin qanunsuz olması ilə əsaslandırır. Məhkəmə iddiaçının bu əsaslandırması ilə bağlı şağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından aydın olur ki, mülkiyyətçilər öz hüquqlarını başqalarının hüquqlarını pozmayan şəkildə həyata keçirməlidir. Lakin hazırki halda mülkiyyətçilərin qeyd edilən tikanlı metal trapmlini öz ümumi mülkiyyətlərində olan əraziyə yerləşdirməsi ilə iddiaçının hər hansı hüququnun pozulması halı müəyyən olunmur. Belə ki, iddiaçının istənilən əraziyə maneəsiz giriş çıxışının təmin edilməsi kimi hüququ yoxdur. İddiaçı mülkiyyətçilərin öz hüquq və vəzifələrini başqalarına ziyan vurmayacaq şəkildə həyata keçirməli olduqlarını qeyd edir, lakin nəzərə almır ki, iddiaçının özünün də hüquqları başqalarının hüquqlarının başladığı məqamadək sərbəst tətbiq edilir. İddiaçı çoxmənzilli yaşayış binasının həyətinə daxil olarkən bu binanın sakinlərinin ümumi mülkiyyət hüququ ilə əhatə olunan mühitə daxil olur və bu zaman onların haqlı mənafelərinə uyğun, hüquqlarını pozmayacaq şəkildə hərəkət etməlidir. Həm iddiaçı, həm də cavabdeh tərəf izahatında bildirir ki, əraziyə giriş və ərazidən çıxış yerləri, həmçinin tikanlı metal tramplinin olduğu yer aydın görünəcək şəkildə işarələnmişdir, nişanlarla tənzimləməsi təmin edilmişdir. Yəni mülkiyyətçilərin tramplinin yerləşdirməsi hüquqdan sui-istifadə, hüquqdan başqalarına ziyan vurulması məqsədi ilə həyata keçirilməmiş, qanunvericiliyin imkan verdiyi həddə öz hüquqlarının realizəsinin xarici forması olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı özü başqa şəxslərin ümumi mülkiyyətində olan əraziyə daxil olmuş, bu zaman ərazidə olan nişanlara diqqət etməmiş və nəticədə avtomobilinə zərər vurulmuşdur. İddiaçı iddia tələbini mülki hüququn deliktlə bağlı normaları ilə əsaslandırmışdır. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İş materialları ilə zərərin mövcudluğu öz təsdiqini tapsa da, bu zərərin cavabdehin hansı qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması sübuta yetirilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələblərinin qanuni əsasları iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-624/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-624/2024
06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver