Məhkəmə qərarları › İş №e-2(005)-63/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-63/2024

05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-63/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1, onun vəkili Vəkil2, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 461000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-2925/2016 saylı qətnaməsi ilə hər iki apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2015-ci il tarixli qətnamə qismən, yəni mübahisəli torpaq sahələrinə iddiaçının payının müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək: 1) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsi üzərində pay hüququnun müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir. 2) İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2015-ci il tarixli qətnamənin ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və Qoltşin cinsli 33 baş inəyə və əldə edilmiş gəlir üzərində iddiaçının payının miqdarının müəyyən edilməsi hissədə dəyişdirilmiş və İddiaçı Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və Qolştin cinsli 33 baş inəyə 1/3 hissədə pay hüququnun müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7.400 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmiş, eləcə də, Nərimanov Rayon Məhkəməsinin qətnamənin qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi, iddiaçının mübahisəli əmlak üzərində cavabdehlər ilə birlikdə paylı mülkiyyətinin tanınması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə hissəsi dəyişdirilmədən saxlanılmışdır. 3) Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(102)-94/2017 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-2925/2016 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Lakin cavabdehlər həmin inəkləri satmış və pulunu ona ödəməmişlər. Kənd Təsərrüfatı Nazirliyinin məktubunda göstərildiyi kimi 11 inək hər il 8-12 bala verir və 20 il yaşayır. Ekspert rəyi ilə müəyyən edilmiş keçən 11 il ərzində inəklərin 8- 12 bala verməsini və sonrakı 3 ildən sonra isə balaların da 8-12 bala verməsini, eyni zamanda 10% itkiləri nəzərə alındıqda, ana inəklərin sayı 129, bala inəklərin sayı isə 277 baş edir. Hazırda bir baş ana inəyin qiyməti bazarda 2.500 manat təşkil edir və 322.500 manat ziyan əmələ gəlir. Bir baş bala inəyin qiyməti isə bazarda 500 manat təşkil edir və 138.500 manat ziyan əmələ gəlir. Beləliklə cavabdehlər ona ümumilikdə 461.000 manat ziyan vurmuşlar. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəsi belə əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2014-cü il tarixli qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən göründüyü kimi, iddiaçı həmin iddia ərizəsində hazırda qaldırdığı iddia ilə eyni məsələni mübahisələndirərək Cavabdeh1 eyni əsaslarla, eyni predmeti tələb edərək hazırda mübahisə predmeti olan əldə edilmiş qazanca görə pul tələb etmiş, müvafiq qətnamələrlə iddia rədd edilmişdir. Həmçinin, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmiş Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsinə istinad edərək onun inəklərinin pulunu və həmin inəklərdən əldə ediləcək gəlirin ona ödənilməli olmasını qeyd etsə də, elə həmin qətnamədən göründüyü kimi iddiaçı həmin iddia ərizəsində hazırda qaldırdığı iddia ilə eyni məsələni mübahisələndirərək Cavabdeh1 eyni əsaslarla, eyni predmeti tələb edərək hazırda mübahisə predmeti olan inəklər, fermadakı avadanlıqlara ona məxsus payın müəyyən edilib ayrılmasını, həmçinin Cavabdeh1 birgə əmlakdan götürdüyü gəlirlərin 33,3 faizini təşkil edən 12.487 ABŞ dolları və 31.968 manatın, mənəvi zərərin və məhkəmə xərclərinin ona verilməsini tələb etmişdir. Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək hazırda mübahisə predmeti olan 33 baş inəyə İddiaçı 1/5 hissədə payı müəyyən edilmiş, cavabdehlərdən 5000 manat pulun tutularaq ona ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, həmin qətnamə qismən dəyişdirilmiş İddiaçı 33 baş inəyə 1/3 hissədə pay hüququ müəyyən edilmiş və əldə edilmiş gəlirə görə iddiaçıya 7.400 manat ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icraya yönəldilmiş və hazırki iş üzrə Cavabdeh1 iddiaçıya qətnamədə qeyd olunan onun payına düşən 33 baş inəkdən 11 baş inəyi yaxud inəyin satış pulunun ödənilməsini təklif etmiş, lakin İddiaçı inəklərin salış pulunu deyil, hazırda mövcud olan bazar qiymətindən də artıq məbləğ istəmiş, inəkləri qəbul elməmişdir. Yəni, iddia ərizəsində qeyd olunduğu kimi inəklər qısır olduqlarından və bala vermədiklərindən 2015-ci ilin dekabr ayında satılmış və həmin inəklərdən heç bir gəlir əldə edilməmişdir. Həmçinin, Cavabdeh1 və “AQROLİZİNQ" ASC arasında bağlanmış 27 mart 2013-cü il tarixli 31-LD/13 saylı lizinq müqaviləsindən göründüyü kimi lizinqə verilən damazlıq heyvanlar üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri Lizinq alan tərəfindən tam ödənilənədək Lizinq verənə məxsusdur. Həmin lizinq müqaviləsi üzrə ödənişlər bu günədək ödənilməmişdir. Digər tərəfdən də hazırki iş üzrə iddiaçıya qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq onun payına düşən 11 inəyin lizinq pulunun ödənilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və mübahisə predmeti olan 11 inəyə görə qalıq lizinq borcunun cavabdehə düşən hissəsi, yəni 10999,69 manatın ona ödənilməsi qət edilmiş, lakin cavabdeh indiyədək qeyd olunan məbləği tam ödəməmişdir. Həmin qətnamədən də göründüyü kimi hazırki iş üzrə İddiaçı iddiaya etiraz kimi 11 baş inəyin satıldığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Yəni, qeyd olunan inəklər lizinq ödənişi tam ödənilmədiyindən, o cümlədən İddiaçı özünə düşən hissəsinin dəyərini ona ödəmədiyindən İddiaçı mülkiyyətinə keçməmiş, digər tərəfdən də iddiaçının özünün də bildiyi kimi inəklər qısır olduqlarından satıldıqları üçün həmin inəklərdən gəlir də əldə edilməmişdir (inəklərin qısır olmaları onların dəfələrlə mayalandırılmaları barədə qəbzlərlə sübut olunur). İddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi və tərəflər arasında olan mübahisələr üzrə çıxarılmış məhkəmə qətnamələrindəki izahatlarında göstərdiyi kimi inəklərin satıldığından xəbəri olmuş, beləliklə, inəklər onda olmadığı üçün onlardan da heç bir gəlir və fayda götürmədiyi də iddiaçıya məlum olmuşdur. Digər tərəfdən də hazırki iddia ərizəsindən göründüyü kimi iddiaçının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə mülkiyyət hüququ deyil, həmin inəklərə payı müəyyən edilmiş, lakin lizinq müqaviləsi üzrə ödənişlər, o cümlədən İddiaçı payı müəyyən edilmiş hissədə ödənilmədiyindən, hazırki iddia mülkiyyətlə bağlı ola bilməz, digər tərəfdən də iddiaçının hazırki iddiası payı tanınmış inəklərlə bağlı deyil, həmin inəklərə görə əldə edilmiş gəlirlə bağlı pul tələbi olduğundan onun bununla bağlı iddia müddəti keçmişdir. Cavabdeh1 həmçinin iddia müddətinin tətbiqi barədə ərizə də təqdim edərək, iddia tələbi ilə bağlı iddia müddəti keçdiyindən iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası mülkiyyət hüququ ilə bağlı deyil, artıq Baki Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə payı müəyyən edilmiş inəklərin satış pulu və həmin inəklərlə bağlı əldə edilmiş gəlirlə bağlı pul tələbi olduğundan onun bununla bağlı iddia müddəti keçmişdir. Belə ki, iddia ərizəsindən və məhkəmə mübahisələri ilə bağlı qətnamələrdən göründüyü kimi iddiaçının onun payı müəyyən edilmiş inəklərin satılmasından 2015-ci il tarixdə məlumatı olmuş, hətta Sumqayıt Apellyasiya Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsindən göründüyü kimi o, Cavabdeh1 iddiasına etiraz kimi 11 baş inəyin satıldığını bildirərək, iddianın rədd edilməsini xahiş etmiş, beləliklə onun inəklərin satılmasından xəbəri olduğu vaxtdan 7 ildən artıq müddət keçdikdən sonra pul tələbi ilə bağlı hazırki iddia əizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, ferma yarandığı gündən və inəklər satılana qədər, yəni, 2013-cü ilin mart ayından, 2015-ci ilin dekabr ayına qədər fermada yaşamışdır. İddiaçı da mütəmadi olaraq fermaya gəlirdi. İnəklər təkrar mayalanandan sonra, demək olar ki, doğuşu olmayıb. 2014-cü ildə 7 (yeddi) inək bala verib, ondan doğuş zamanı 2 (iki) bala anası ilə birlikdə ölüb, 2015-ci ildə isə 4(dörd) inək bala verib, ondan da 2 (iki) bala anası ilə birlikdə ölüb. Dəfələrlə inəkləri mayalamaqlarına baxmayaraq, inəklər mayalanmırdı, ona görə də inəklərin öz sortundan olan “Holden Friz” erkək buğası aldıq, baxmayaraq ki, təbii yolla inəkləri mayalamaq, müqaviləyə görə qadağan edilmişdir. Süni yolla mayalaya bilərdik, biz də fermanı dirçəltmək üçün, müqavilənin əksinə gedərək inəkləri təbii yolla mayalamaq istədik (mayalama qəbzlərini də məhkəməyə təqdim etmişik), amma o da bir nəticə vermədi, çünki inəklər qısır idi və bizim başqa yolumuz olmadığı üçün inəkləri satmaq məcburiyyətində qaldıq. Satmamışdan qabaq İddiaçı şəxsən zəng edərək bildirmişdir ki (2015-ci ildə), inəkləri satırıq səndə gəl bir şərik kimi iştirak et, o dedi ki, mənim pay bölgüm müəyyən olunmayıb, gələ bilmərəm. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsində 33 (otuz üç) baş inəyin 45000 (qırx beş min) manata satılmasını təsdiqləyib. Yuxarıda qeyd edildiyi kimi iddiaçı mütəmadi olaraq fermaya gəlib, yəni bu o deməkdir ki, iddiaçı hər şeyi öz gözləri ilə görürdü, hər şeydən də xəbəri var idi. İddiaçı bizimlə 3-də 1 pay bölgüsü ilə şərik olduğu halda zərərə durmaq istəmir və bizdən şikayətçi olmağı çox yersizdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, həkim işləsə də ona təsərrüfat fəaliyyəti ilə məşğul olmaq təklif edilmişdi. O, isə bir hissəsini borc almaqla, 56000 manat pul qoyaraq həmin işə qoşulmuşdur. 3 ay gecə-gündüz növbə ilə fermada qalaraq inəklərə qulluq etmişdir. Cavabdehlər ona aidiyyəti olmayan əlavə xərc yaratmışdılar, gəlirlərdən ayda 5-6 min faiz borcuna ödəyirdilər. Bundan sonra onların mübahisələri başlamışdır. İnəkləri, onların buzovlarını onun xəbəri olmadan satmışlar. Həmin pulu isə özlərinin banka olan borclarına ödəmişlər. Habuki onların onun razılığı olmadan inəkləri satmaq, ona aid pulu götürərək öz borclarına sərf etmək ixtiyarları yox idi. 11 ildir ki, məhkəmə mübahisələrinə cəlb edilmişdir. Cavabdehlər qətnamədə göstərilən sort inəkləri alıb ona verməkdən imtina etmişlər, bu səbəbdən onların dəyərini və əldə çıxmış faydanı tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinə müvafiq izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi qəbul edilərkən inəklər artıq satılmışdır, iddiaçı da bunu bilirdi, iddiaçıya pulunun verilməsi təklif edildikdə, o şərikliyə qoyduğu tam pulun qaytarılmasını istəmişdir. Halbuki təsərrüfatları ziyan olmuşdur, inəklərin bir hissəsi tələf olmuş, əksəriyyəti qısır çıxmışdır. İcra şöbəsində də inəkləri və ya onun pulunu təklif etsə də, iddiaçı razılaşmamışdır. O digər cavabdehlə birlikdə iddiaçıdan dəfələrlə artıq təsərrüfata pul qoymuşlar. Həmin təsərrüfatın aparılması üçün kredit götürmüşlər. Satışdan əldə edilən pul da kreditlərin bağlanmasına sərf olunmmuşdur. Ekspert rəyində inəklərin dəyəri həddən artıq yüksək hesablanmışdır. Onun təqdim etdiyi ekspert rəylərinə uyğun olaraq, 2015-ci ilin dekabr ayında satıldığına görə həmin dövrdə olan qısır inəklərin dəyəri və ya inəklərin 1 kq. çəkisinin qiymətinə uyğun olaraq hesablanmalıdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək və iddianın əsassız olduğunu qeyd edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 yazılı izahatının məzmununa uyğun izahat verərək bildirmişdir ki, inəkləri saxlaya bilmədiklərindən, bir neçəsi öldüyündən satmaq məcburiyyətində qalmışlar. İnəklər satılan zaman iddiaçıya zəng vurub çağırsa da, o, gəlməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X11 izahat verərək bildirmişdir ki, icra işi əvvəl başqa icra məmurunun icraatında olmuş, 2020-ci ildə onun icraatına daxil olmuşdur. İcra tədbirləri Cavabdeh1 qarşı həyata keçirilirdi, digər cavabdehin isə qeydiyyat ünvanı başqa olduğu üçün onun işi başqa icra şöbəsinə göndərilmişdi. Cavabdeh1 qətnamənin icra edilməsi məqsədilə İcra şöbəsinə dəvət etmiş, o, isə inəklərin satıldığını bildirmişdir. Məlumat almaq üçün iddiaçıya zəng vurduqda, iddiaçı satılması barədə dəqiq məlumatının olmadığını bildirmişdir. Bundan sonra fermaya baxış keçirmək üçün 7 dekabr 2021-ci ildə ora tərəflərlə birlikdə getmişlər. Fermanın fəaliyyəti dayandırılmışdı, bir hissəsi başqa şəxslərə icarəyə verilmişdi, başqa inəklər olsa da, holşteyn-friz cinsli inəklər yox idi. Fermada olan inəklər isə icarəyə göürən şəxslərə məxsus idi. Cavabdeh inəklərin dəyərini ödəməyə hazır olduqlarını bildirsə də, tərəflər onların dəyəri ilə bağlı razılığa gələ bilmədilər. Qətnamədə də inəklərin dəyəri müəyyən edilmədiyindən, onların bu istiqamətdə hər hansı məcburi icra tədbirləri həyata keçirmələri mümkün olmamışdır. Həmçinin cavabdeh qətnamədə göstərilən növ inəkləri deyil, başqa 11 baş inək alıb verməyi təklif etmiş, iddiaçı isə yalnız holşteyn-friz cinsli inəkləri alıb verməli olduğunu bildirmişdir. Cavabdeh bununla razılaşmamışdır. Göstərilənlərə əsasən icra sənədinin mübahisələndirilən hissədə icra edilməsi mümkün olmamışdır. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarından aydın olur ki, İddiaçı Cavabdeh1 qarşı “ortaq iş görmək (maldarlıqla məşğul olmaq) üçün ödədiyi 55500 manat və 800 ABŞ dollarının, həmçinin əldə olunan qazancdan ona çatası 9400 manat maddi ziyanın, 10000 manat mənəvi ziyanın ödənilməsi” barədə iddiasına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılaraq Məhkəmənin 2(005)-2060/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmiş, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5431/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır; Bakı Apellyasiya Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 2(103)- 2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyə 1/3 hissədə pay hüququ müəyyən edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7.400 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-94/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 2(102)-3421/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Cavabdeh1 İddiaçı qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq birgə fəaliyyət ilə bağlı xərclərin 1/3 hissəsinə uyğun pul məbləğinin (cəmi 23627,35 manatın) tutulmasını istəmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-3260/2017 saylı qətnaməsi ilə həmin iddia təmin edilməsə də, kassasiya instansiya tərəfindən də qüvvədə saxlanılan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3149/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin ləğv edilərək iddianın qismən təmin edilməsi və İddiaçı 10999,69 manat pulun alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir; Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3149/2017 saylı, xx.xx.2017-ci il tarixli həmin qətnaməsindən görünür ki, İddiaçı inəklərin Cavabdeh1 tərəfindən satılması, münasibətlərinin 2013-cü il oktyabr ayından kəsilməsi və bu səbəblərə görə inəklərin saxlamasına görə xərcin ondan tələb edilməsinin mümkünsüz (əsassız) olması arqumentləri ilə iddiaya etiraz etmişdir; Abşeron Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3149/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı 10999,69 manat pul vəsaiti və 22,50 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Cavabdeh1 ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılmışdır. İcra sənədinin icrası ilə bağlı borclu şəxsə ayrı-ayrı vaxtlarda olmaqla sonuncu dəfə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. Borclu şəxs İddiaçı xx.xx.2022-ci il tarixdə icra şöbəsinə dəvət olunmuşdur. Həmin tarixdə borclu şəxsin izahatı alınmış, ona icra sənədinin icrasının vacibliyi bildirilmiş, həmçinin hüquqları və icra sənədinin icra olunmaması ilə bağlı məsuliyyəti izah olunmuşdur. Bundan sonra borclu şəxs tərəfindən tələbkar Cavabdeh1 6000 manat məbləğində pul vəsaiti ödənilmişdir. İcra sənədinin icrası nəzarətdədir; İş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi icraya yönəldilmiş, Abşeron rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iş üzrə icraata başlanılaraq borclulara icranı könüllü təmin etmələri təklif olunmuşdur; Tərəflər həmin icra sənədi üzrə borclulardan tutulmalı olan 7400 manat pul məbləğinin borclu Cavabdeh1 tərəfindən tələbkar İddiaçı ödənildiyini mübahisələndirmirlər (Bunu icra işindəki İddiaçı yazıb imzaladığı xx.xx.2021-ci il tarixli qəbz də təsdiq edir); İş materiallarından həmçinin aydın olur ki, icra məmuru icra sənədinin icra olunmayan digər hissəsinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsində inşa edilmiş ferma kompleksinin və fermada istifadə olunan avadanlıqların qiymətləndirilməsi üçün mütəxəssis dəvət etmiş, "xxxx" MMC-nin QXM/435 saylı, xx.xx.2017-ci il tarixli hesabatına əsasən həmin əmlaklar qiymətləndirilərək icra şöbəsinin xx.xx.2017-ci il tarixli sifarişi əsasında “X4” MMC tərəfindən hərraca çıxarılmış, həmin MMC tərəfindən sözügedən əmlaklar xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamış, bununla bağlı “Kaspi” qəzetində elan dərc olunmuş və sənədlər toplusu icra şöbəsinə qaytarılmışdır; İcra işindən o da aydın olur ki, icra şöbəsi tərəfindən Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən ferma kompleksinin 1/3 hissəsinə tələbkar İddiaçı pay hüququnun qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 Saylı Abşeron Ərazi İdarəsinə müraciət olunmuş, bununla belə idarə tərəfindən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmış torpaq sahələrində ferma kompleksi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən icra vərəqəsinin sözügedən hissədə icrasının mümkün olmadığı bildirilmişdir; İcra işindən həmçinin aydın olur ki, borclu Cavabdeh1 dəfələrlə icra şöbəsinə dəvət olunmuş, icra sənədinin icrasının vacibliyi onun diqqətinə çatdırılmaqla ayrı-ayrı vaxtlarda izahatları alınmış, xx.xx.2017-ci il tarixli izahatında inəkləri xəstə olduqları üçün satdığını, əldə olunan pulu isə fermaya görə yaranmış borca ödədiyini, xx.xx.2020-ci il tarixli izahatında fermanın fəaliyyət göstərmədiyini, 2016-ci ilin sonlarında tələbkara 11 inək təklif etsə də, onun saxlamağa yeri olmadığını əsas gətirərək heyvanları götürməkdən imtina etdiyini, xx.xx.2021-ci il tarixli izahatında isə tələbkarın payına düşən 11 inəyi naturada alıb vermək istədiyini, bunun üçün ona 20-25 gün vaxt istədiyini göstərmiş, bununla belə inəklərə payın müəyyən edilməsi (və ya onların naturada ayrılıb verilməsi) hissəsində icra sənədinin icrasını təmin etməmişdir; Həmin icra işində olan Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X11, icra məmuru X10, tələbkar İddiaçı, borclu Cavabdeh1, hal şahidləri X8 və X7 imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2925/2016 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin İddiaçı Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qoltşin cinsli 33 baş inəyə 1/3 hissədə pay hüququnun müəyyən edilməsi hissəsində icrasının təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixdə yuxarıda qeyd edilən ünvanda olmuşlar. Fermaya baxış keçirilən zaman icra vərəqəsində qeyd olunan qoltşin cinsli 33 baş inək və qətnamədə ekspertiza tədqiqatına təqdim olunmuş 20 adda avadanlıqlardan “Tövlənin ayaqaltı rezinləri” istisna olmaqla ferma kompleksinə və aşkar olunan avadanlıqlara tələbkar İddiaçı 1/3 hissədə payları müəyyən olunmuşdur. Həmçinin bununla bağlı tələbkara və cavabdehə hüquq üzrə vəzifələr elan edilib. Eyni zamanda Cavabdeh1 bildirib ki, icra vərəqəsində qeyd olunan 33 baş inəyi 2015-ci ilin dekabr ayında ziyan elədikləri üçün satmışdırlar. Cavabdeh1 icra sənədi üzrə 1/3 hissədə payının müəyyən edilməsində onun iştirakının təmin olunmasını, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2925/2016 saylı icra sənədində qeyd olunan ferma kompleksi və orada yerləşən avadanlıqların 1/3 hissədə pay hüququnun müəyyən edilməsi barədə məlumatlandırıldığını imzası ilə təsdiq etmişdir; Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Holşteyn-Friz cinsli iribuynuzlu heyvanlarda boğazlıq müddəti 285 gün olduğu üçün il ərzində bir dəfə bala alınması mümkündür. Bioloji xüsusiyyətləri inəklərin 20-25 il yaşamasına və 8-10 bala verməsinə imkan verir; İddiaçı tərəfin sifarişi əsasında əldə edilmiş X9 Mərkəzinin xx.xx.2022-ci il tarixli, YDQM 099-209/2022 saylı qiymətləndirmə rəyində göstərilmişdir ki, Holtşeyn-Friz cinsli heyvanların (inəklərin) 2013-cü ildən bu günə kimi orta bazar qiyməti 2013-cü ildə 6.7 manatdan qalxaraq bu günə olan qiyməti 8.4 manat təşkil edir. Holtşeyn-Friz cinsli heyvanlardan (inəklərdən) alınan balaların orta bazar qiyməti 500-600 manat, Holtşeyn- Friz cinsli heyvanlardan (inəklərdən) alınan südün satışı nəticəsində aylıq gəlir 572,75 manat və illik gəlir 6873 manat təşkil edir; Cavabdeh1 sifarişi əsasında əldə edilmiş “X5” MMC-nin 232 nömrəli, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyində göstərilmişdir ki, 1 baş Holtşeyn-Friz cinsli 6 yaşlı inəyin mart 2017-ci il tarixinə olan diri çəkisinin qiyməti 2103,3 manat, 11 baş Holtşeyn-Friz cinsli 6 yaşlı inəyin mart 2017-ci il tarixinə olan diri çəkisinin qiyməti 23136,7 manat, 1 baş Holtşeyn-Friz cinsli 11 yaşlı inəyin mart 2022-ci il tarixinə olan diri çəkisinin qiyməti 977,4 manat, 11 baş Holtşeyn-Friz cinsli 11 yaşlı inəyin mart 2022-ci il tarixinə olan diri çəkisinin qiyməti 10751,5 manat, 1 baş Holtşeyn-Friz cinsli 6 yaşlı inəyin mart 2017-ci il tarixinə olan1 kq-nın diri çəkisinin qiyməti 3,95 manat, 1 baş Holtşeyn-Friz cinsli 11 yaşlı inəyin mart 2022-ci il tarixinə olan1 kq-nın diri çəkisinin qiyməti 1,84 manat müəyyən edilmişdir; Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(005)-3932/2022 saylı qərardadı ilə qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, 1) Azərbaycanda kiçik həcmli təsərrüfatlarda 80 baş, orta həcmli təsərrüfatlarda 432 baş və irihəcmli təsərrüfatlarda 3032 baş heyvan saxlanılır. 2) Holşteyn-friz cinsli heyvanlar əsasən südlük istiqamətlidir, həmin cinsə aid olan erkək heyvanlar isə ətlik istiqamətində saxlanılır. 3) Fermerlərin istəyindən asılı olaraq istənilən yaşda satıla bilər. 4) Holşteyn-friz cinsli iribuynuzlu inəklər adətən 20 yaşa qədər yaşayır. Lakin 8-12 ildən sonra onların süd vermə qabiliyyəti aşağı düşdüyü və təsərrüfat yararlılığını itirdiyi üçün ətlik məqsədilə satılır. 5) Hoşteyn-friz cinsli iribuynuzlu inəklərin bala vermə müddəti 8-12 ildir. 6) Fermerlərin istəyinə uyğun olaraq balalar doğulduğu andan etibarən hər bir yaş dövründə satıla bilər. 7) Bu cinsə aid inəklərin diri çəkisi 400- 450 kq, yeni doğulmuş buzovların isə diri çəkisi 25-40 kq arasında olur. Hazırda həmin cinsdən olan inəklərin bazar qiyməti onun məhsuldarlığından və digər xüsusiyyətlərindən asılı olaraq 2500-3500 manat, yeni doğulmuş buzovların qiyməti isə 500-600 manat civarındadır. 8) Holşteyn-friz cinsli iribuynuzlu heyvanlar əmtəəlik təsərrüfatlarda südvermə qabiliyyətindən asılı olaraq 8-12 ilə qədər saxlanılır. Damazlıq reproduktor təsərrüfatlarda isə 5-6 yaşa qədər saxlanılır. 9) Bazara uyğun yeni doğulmuş buzovların təxminən qiyməti 500-600 manat, 1 yaşdan yuxarı erkək danaların 1 kq diri çəkisi 5,5-6 manat təşkil edir. 10) Gəlirlər südün bazar qiymətindən və dəyər zəncirindən, yem ehtiyatlarının olmasından, yerləşdiyi ərazidən, heyvanların məhsuldarlığından və bir sıra digər amillərdən asılıdır. Gəlirlər hər bir təsərrüfat üzrə fərdi hesablanmalıdır. Holşteyn-friz cinsli iribuynuzlu inəklərin gündəlik süd məhsuldarlığı 25-30 kq təşkil edir. 11) Holşteyn-friz cinsli iribuynuzlu heyvanların inək və buzovlar üzrə günlük və aylıq və illik xərcləri bir çox amillərdən asılıdır. Belə ki, heyvanların rasiona uyğun yemlənməsi, baytarlıq xidmətləri, qulluq, işçilərin əmək haqqı və bir sıra texniki amillər təsir edir. 12) Holşteyn-friz cinsli iribuynuzlu heyvanların inək və buzovlar üzrə xərcləri çıxmaqla günlük, aylıq və illik gəlirləri bir çox amillərdən asılıdır. Yəni bu xərclərə yem, baytarlıq xidmətləri, qulluq, işçilərə verilən əmək haqqının miqdarı, məhsuldarlığına görə, fizioloji vəziyyətinə, eksteryer quruluşuna və bir sıra amillər təsir edir. Yemlərin bazar qiyməti dəyişir; Cavabdeh1 sifarişi əsasında alınmış “X5” MMC-nin 08 nömrəli, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə görə isə, 1 baş Holtşeyn-Friz cinsli 4 yaşlı sağlam inəyin mart 2015ci il tarixinə olan diri çəkisinin qiyməti 2747,22 manat, 1 baş Holtşeyn-Friz cinsli 4 yaşlı 9 aylıq sağlam inəyin dekabr 2015-ci il tarixinə olan diri çəkisinin qiyməti 2490,08 manat, 1 baş Holtşeyn-Friz cinsli 4 yaş 9 aylıq qısır inəyin dekabr 2015-ci il tarixinə olan diri çəkisinin qiyməti 1494,05 manat, 11 baş Holtşeyn-Friz cinsli 4 yaşlı sağlam inəyin mart 2015-ci il tarixinə olan diri çəkisinin qiyməti 30219,42 manat, 11 baş Holtşeyn-Friz cinsli 4 yaşlı 9 aylıq sağlam inəyin dekabr 2015-ci il tarixinə olan diri çəkisinin qiyməti 27390,88 manat, 11 baş Holtşeyn-Friz cinsli 4 yaş 9 aylıq qısır inəyin dekabr 2015-ci il tarixinə olan diri çəkisinin qiyməti 16434,53 manat, 1 baş Holtşeyn-Friz cinsli 4 yaşlı sağlam inəyin mart 2015-ci il tarixinə olan 1 kq-nın diri çəkisinin qiyməti 5,16 manat, 1 baş Holtşeyn-Friz cinsli 4 yaş 9 aylıq sağlam inəyin dekabr 2015-ci il tarixinə olan 1 kq-nın diri çəkisinin qiyməti 4,68 manat, 1 baş Holtşeyn-Friz cinsli 4 yaş 9 aylıq qısır inəyin dekabr 2015-ci il tarixinə olan 1 kq-nın diri çəkisinin qiyməti 2,81 manat müəyyən edilmişdir; Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6424 saylı rəyində ekspert qarşısında qoyulan suala cavab olaraq göstərilmişdir ki, 1) Azərbaycanda kiçik həcmli təsərrüfatlarda 80 baş, orta həcmli təsərrüfatlarda 432 baş və iri həcmli təsərrüfatlarda 3032 baş heyvan saxlanılır. 2) Holşteyn-friz cinsli heyvanlar əsasən südlük istiqamətlidir, həmin cinsə aid olan erkək heyvanlar isə ətlik istiqamətində saxlanılır. 3) Fermerlərin istəyindən asılı olaraq istənilən yaşda satıla bilər. 4) Holşteyn-friz cinsli iribuynuzlu inəklər adətən 20 yaşa qədər yaşayır. Lakin 8-12 ildən sonra onların süd vermə qabiliyyəti aşağı düşdüyü və təsərrüfat yararlılığını itirdiyi üçün ətlik məqsədi ilə satılır. 5) Holşteyn-friz cinsli iribuynuzlu inəklərin bala vermə müddəti 8-12 ildir. 6) Fermerlərin istəyinə uyğun olaraq balalar doğulduğu andan etibarən hər bir yaş dövründə satıla bilər. 7) Bu cinsə aid inəklərin diri çəkisi 400-450 kq, yeni doğulmuş buzovların isə diri çəkisi 25-40 kq arasında olur. Hazırda həmin cinsdən olan inəklərin bazar qiyməti onun məhsuldarlığından və digər xüsusiyyətlərindən asılı olaraq 2500-3500 AZN, yeni doğulmuş buzovların qiyməti isə 500-600 AZN civarındadır. 8) Holşteyn-friz cinsli iribuynuzlu heyvanlar əmtəəlik tesərrüfatlarda südvermə qabiliyyətindən asılı olaraq 8-12 ilə qədər saxlanılır. Damazlıq reproduktor təsərrüfatlarda isə 5-6 yaşa qədər saxlanılır. 9) Bazara uyğun yeni doğulmuş buzovların təxmini qiyməti 500-600 manat, 1 yaşdan yuxarı erkək danaların 1 kq diri çəkisi 5.50-6 manat təşkil edir. 10) Gəlirlər südün bazar qiymətindən və dəyər zəncirindən, yem ehtiyatının olmasından, yerləşdiyi ərazidən, heyvanların məhsuldarlığından və bir sıra digər amillərdən asılıdır. Gəlirlər hər bir fərrüfat üzrə fərdi hesablanmalıdır. Holşteyn-friz cinsli iribuynuzlu inəklərin gündəlik süd məhsuldarlığı 25-30 kq təşkil edir. 11) Holşteyn-friz cinsli iribuynuzlu heyvanların inək və buzovlar üzrə günlük, aylıq və illik xərcləri bir çox amillərdən asılıdır. Belə ki, heyvanların rasiona uyğun yemlənməsi, baytarlıq xidmətləri, qulluq, işçilərin əmək haqqı və bir sıra texniki amillər təsir edir. 12) Holşteyn-friz cinsli iribuynuzlu heyvanların inək və buzovlar üzrə xərclən çıxmaqla günlük, aylıq və illik gəlirləri bir çox amillərdən asılıdır. Yəni bu xərclərə yem, baytarlıq xidmətləri, qulluq, işçilərə verilən əmək haqqının miqdarı, məhsuldarlığına görə, fizioloji vəziyyətinə, eksteryer qurluşuna və bir sıra amillər təsir edir. Yemlərin bazar qiyməti (növünə görə) dəyişir. 13) 11 yaşlı Holşteyn-friz cinsli inək orta çəkidə və orta məhsuldar olduğu halda hazırki orta bazar qiyməti təxminən 2600 manat müəyyən edilir. Beləliklə, tərəflər arasındakı əvvəlki mülki işlər üzrə qəbul edilmiş məhkəmə aktları ilə onların şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olduqları öz təsdiqini tapmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Abşeron rayonu, Məhəmmədi kəndində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyin 1/3 hissəsinə iddiaçının pay hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iddiasında iddiaçı, məhkəmə qətnaməsi ilə 1/3 hissədə pay hüququ tanınmış inəklərin Cavabdeh1 tərəfindən satıldığı halda, onun payına düşən hissənin pul əvəzinin ona ödənilmədiyini, habelə cavabdehin həmin hərəkəti nəticəsində inəklərdən əldə ediləcək bəhərdən (doğulacaq buzovlardan) da məhrum olduğunu iddia edərək hazırkı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki qanunvericiliyə görə, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Mülki Məcəllənin 215.4-cü maddəsinə görə də hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Mətni qeyd edilən mülki qanunvericilik normalarından da göründüyü kimi, ümumi əmlak üzərində sərəncam verilməsi yalnız ümumi mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Əks halda – yəni, ümumi mülkiyyətçilərin razılıq əldə etmədən istədikləri kimi əşya üzərində sərəncam vermələri digər ümumi mülkiyyətçilərin mülkiyyət hüququnun, eyni zamanda ümumi mülkiyyətlə bağlı mülki qanunvericilik qaydalarının pozuntusunu təşkil edəcəkdir. Tərəflər Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının 1/3 hissədə pay hüququnun tanındığı 33 baş Holşteyn-friz cinsli inəklərin satıldığını və inəklərin satılmasından əldə edilən puldan iddiaçının payına düşən hissənin ona ödənilmədiyini mübahisələndirmirlər. Cavabdeh1 işin qeyd edilən halını etiraf etmiş (istər icra işində, istərsə də hazırkı işə baxılarkən), iddiaçı isə işin məhz həmin halına istinadən hazırkı iddianı qaldırmışdır. Tərəflər arasındakı mübahisə inəklərin dəyəri ilə bağlıdır. İddiaçı iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsaslanmaqla Holşteyn-friz cinsli 1 baş inəyin hazırkı bazar dəyərinin 2500 manat olaraq nəzərə alınmalı olduğunu bildirdiyi halda, Cavabdeh1 mövqeyinə görə inəkləri qısır olmaları səbəbindən 2015-ci ildə satmışdır və buna görə qiymət inəklərin qısır olmaları nəzərə alınmaqla 2015-ci il üçün müəyyən edilməlidir. Məhkəmə Cavabdeh1 qeyd edilən arqumentlərini əsassız hesab edir. Belə ki, iddiaya etirazının əsası kimi istinad etdiyi halları (inəklərin qısır olduqlarını) sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşsə də, o, istinad etdiyi həmin halı biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu mənada məhkəmə hesab edir ki, 1 baş inəyin hazırkı bazar dəyəri kimi 2500 manat əsas götürülməlidir. Belə ki, iş üzrə məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis və ekspert rəylərində Holşteyn-friz cinsindən olan inəklərin bazar qiymətinin onun məhsuldarlığından və digər xüsusiyyətlərindən asılı olaraq 2500-3500 manat civarında olduğu göstərilmişdir. Məhkəmənin qənaətinə görə, mübahisə mövzusu olan inəklər hazırda mövcud olsa idilər, təxminən 12 yaşları olacaqdı və müvafiq rəylərlə müəyyən edilir ki, bu yaşda inəklərin süd vermə qabiliyyəti aşağı düşdüyü və təsərrüfat yararlılığını itirdiyi üçün adətən ətlik məqsədilə satılırlar. Göstərilən səbəbdən, habelə iddiaçının mövqeyinin də bu yöndə olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, qiymətin minimum müəyyənləşdirilməsi daha ədalətlidir. Həmçinin cavabdehin bu yaşda heyvanın yalnız ətlik məqsədilə satılmasının mümkünlüyü, bu səbəbdən dəyərinin 1 kq. çəkisinin qiymətinə uyğun hesablanmalı olduğu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən inəklərin məhsuldarlığının maksimum azaldığı yaşa gəlib çatmalarının əsas səbəbkarları cavabdehlərdir. Belə ki, qanuni qüvvəyə mindikdən sonra qəynamə icra edilərək iddiaçıya müvafiq inəklər təqdim edilsəydi, o, həmin inəkləri daha yüksək qiymətə satmaq imkanına malik ola bilərdi. Bu səbəbdən, cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində inəklərin dəyərinin azalması mülkiyyətçinin ziyanına şərh edilə bilməz. Məhkəmə qeyd edir ki, bu hesabla Holşteyn-friz cinsindən olan inəklərin iddiaçının payına düşən hissəsinin ümumi dəyəri 27500 manat təşkil edir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının payına düşən hissənin əvəzi kimi 27500 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Həmin pul vəsaitinin Cavabdeh1 ilə yanaşı digər Cavabdeh2 da tutulmalı olması qənaətinə gələrkən məhkəmə nəzərə almışdır ki, adı çəkilən cavabdehin inəklərin satılmasından xəbəri və bu yöndə razılığı olmuşdur (bunu Cavabdeh2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli yazılı izahatı təsdiq edir). Məhkəmə cavabdehin mübahisələndirilən inəklərin lizinq ödənişi tam ödənilmədiyindən, o cümlədən İddiaçı özünə düşən hissəsinin dəyərini ona ödəmədiyindən İddiaçı mülkiyyətinə keçməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisələndirilən inəklər üzərində iddiaçının paylı mülkiyyət hüququ tanınmışdır. Nəzərə alınmalıdır ki, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bununla belə məhkəmə “əldən çıxmış faydanın (inəklərdən əldə edilmiş bəhərin/buzovların dəyərinin) cavabdehlərdən tutulması” hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki iş üzrə iddiaçı həmin hissədə iddiasını kifayət qədər əsaslandıra və həmin tələbin söykəndiyi tutarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin yuxarıda da qeyd edildiyi kimi, inəklər cavabdehlər tərəfindən satılmış, fermanın fəaliyyəti isə dayandırılmış olduğu müəyyən edilmişdir. Belə olan halda, inəklərdən balaların (buzovların), gəlirin əldə edilməsi mümkün deyildi. Üçüncüsü, Cavabdeh1 iddiaçının payına düşən hissədə inəkləri naturada ayırıb ona versə idi belə, iddiaçı onlara baxmaq iqtidarında olduğuna, adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İşin hallarından da göründüyü kimi, iddiaçı müvafiq fəaliyyətlə məşğul olmamış, təsərrüfat fəaliyyətini əsasən cavabdehlər idarə etmişlər. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilibedilməməsinə birbaşa təsir etdiyindən məhkəmə, Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə də qiymət verməyi zəruri hesab edir. Məhkəmə iddia tələbinin paylı mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar olmasına dair yuxarıda gəlmiş olduğu qənaətin məntiqi davamı olaraq Cavabdeh1 iddia müddətinin ötürülməsi barədə dəlillərini əsassız hesab edir. Qeyd edildiyi kimi, hazırkı iddia tələbləri paylı mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır və bu baxımdan həmin iddiaya iddia müddətinin tətbiq edilməsi ümumiyyətlə istisna edilir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında da göstərilmişdir ki, “...MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin üddəalarının təmin edilməsinə xidmət edir. MM-in 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir”. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 820,25 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 60 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərcləri də həmin nisbətdə tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 820,25 manat pulun 172,5 (yüz yetmiş iki manat, əlli qəpik) manat hissəsi müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X2, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar