Məhkəmə qərarları › İş №e-2(005)-64/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-64/2024

19.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-64/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyana görə 24358,28 manat və X12nin 1 saylı əlavəsinə əsasən həmin məbləğin faizi 405,97 manat, ümumilikdə 24764,25 manat və 25000 manat maddi təzminat olmaqla, cəmi 49764,25 manat pulun və iddia ərizəsinin verilməsinə görə 239,29 manat dövlət rüsumunun, vəkilə ödənilən 850 manat pulun Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi və Cavabdeh ASC-nin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildən bəri Cavabdeh ASC ilə əməkdaşlıq edir. 2007-ci il tarixdən X4 yaşayır. xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-nin Sumqayıt filialı ilə 112022-49943 nömrəli Bank əmanəti (depozit) müqaviləsi bağlamışdır. Müqavilə üzrə banka 23000 manat əmanət qoymuşdur. Əmanət məbləği müqavilənin 3.5ci maddəsində qeyd edilən şərt nəzərə alınmaqla, “Əmanətçi”nin adına açılan əmanət hesabına nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Bu müqaviləyə görə Bank əmanətçiyə Azərbaycan manatında 3831000DN4994311A85 saylı əmanət hesabı açmağı, açılmış əmanət hesabına pul məbləğini qəbul etməyi və müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada əmanəti “Əmanətçi”yə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Bu Müqavilə üzrə tərəflər dinamik əmanət məhsulu barədə razılaşırlar. Bu əmanət məhsulunun xüsusi şərtləri Müqavilənin “1 saylı Əlavə”sində göstərilir. Müqavilə üzrə əmanət üçün illik 5 faiz müəyyən edilir. Faizlər, əmanət hesabına daxil edilmiş əmanət məbləğinə, əmanət müddəti qurtaranadək, artırıldıqda və ya azaldıqda isə əmanət məbləğinin hesabdakı qalıq hissəsinə qanunvericilik və müqaviləyə uyğun olaraq gündəlik hesablanır. xx.xx.2022-ci il tarixdə hesabından 974,95 manat çıxarılmışdır. Bundan xəbər tutan kimi X6 dərhal Cavabdeh ASC-nin 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayıb, Dost Bankda hesabında olan pulunun 15 dəqiqə ərzində sovrulması və kim tərəfindən çıxarıldığını soruşmuş, hansı ki, o, Dost Bankdan o qədər istifadə etmir. Kodunu heç kimə vermədiyi halda və həmin saytlardan xəbəri olmadığı halda, Cavabdeh ASC tərəfindən isə ona çox rahatlıqla 16 iyulda ACS SRV CHECK də ödənişlər olduğunu, həmçinin online-gameplaydə kartla ödənişlər edildiyini və ola bilər kartın o sayta qeydiyyatda düşdüyünü və avtomatik pul çıxarıldığını bildirmişdir. Bundan əlavə savadsızcasına karta görə məsuliyyəti yalnız müştəri daşıdığını bildirmişdir. Daha sonra isə kartının blok edilməsini təklif etmiş, həmin təklifə razılıq vermişdir. Bundan sonra kartın blok edilməsi barədə məlumat verilmişdir. Bütün bu olanları, yəni hesabından 974,95 manat pulun kimin çıxarmasını araşdırmaq üçün xx.xx.2022-ci il tarixdə X3 gəlmiş və kartının xx.xx.2022-ci il tarixdə blok olunduğu halda, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə yenidən onun icazəsi olmadan ümumi 23383,33 manat pulun çıxarıldığından xəbər tutmuşdur. Bankda açdığı hesabdakı məbləğ sığortalandığı halda, qeyri-qanuni yolla hesabından icazəsi olmadan, kartını blokladığı halda hesabından çıxarılmışdır. Baş verənlərdən xəbər tutan kimi dərhal müdiri görmək istədiyini bildirmiş, müdir isə 3 gün olar işə təyin edildiyini, özü də olanlardan təəccübləndiyini bildirmişdir. Müdir tərəfindən iş araşdırılarkən məlum olmuşdur ki, adından telefonda müqavilə və ona aid məlumatlar verilərək, heç bir eyniləşdirmə aparmadan və görüntü olmadan səriştəsizcəsinə ona aid məlumatlar verilmiş və hesabından pul çıxarılmışdır. Cavabdeh ASC məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ərizəsində 2004-cü ildən bəri Cavabdeh ilə əməkdaşlıq etdiyini, 2007-ci il tarixindən X4 yaşadığını, 29 mart 2022-ci il tarixində Cavabdeh ASC-nin Sumqayıt filialı ilə 112022-49943 №-li Bank əmanəti (depozit) müqaviləsi bağladığını və həmin Müqavilə üzrə Banka 23000 manat məbləğində əmanət yerləşdirdiyini qeyd etmişdir. İddiaçı həmçinin ərizəsində 16 iyul 2022ci il tarixində onun hesabından 974,95 manat çıxarıldığını, bundan xəbər tutan kimi dərhal X17 Əmirliyindən Cavabdeh ASC-nin 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayıb, Bankın mobil tətbiqi olan Dostbankda hesabında olan pulun 15 dəqiqə ərzində necə və kim tərəfindən çıxarıldığını soruşmuş, Dostbankdan o qədər də istifadə etməməsi və kodu heç kimə vermədiyi halda və saytlardan xəbəri olmadığı halda Bank tərəfindən ona çox rahatlıqla 16 iyulda “ACS SRV CHECK”-də ödənişlər olduğu, həmçinin online-gameplaydə kartla ödənişlər edildiyi və ola bilər kartın həmin saytda qeydiyyata düşərək, avtomatik pul çıxarıldığını bildirilmişdir. Bundan əlavə, savadsızcasına karta görə məsuliyyəti yalnız müştərinin daşıdığı qeyd olunmuş və müştərinin kartının blok edilməsi təklif edilərək, müştəri tərəfindən təklifə razılıq verildikdən sonra kart blok edilərək, bu barədə ona məlumat verilmişdir. Bununla əlaqədar bildirirlər ki, iddiaçı sayt üzərindən Banka müraciət edərək, baş vermiş problemi bildirmiş, ona internet üzərindən kart vasitəsilə onlayn ödənişlər edildiyi, habelə iddia etdiyi kimi “savadsızcasına” deyil, Bankla bağladığı xx.xx.2020-ci il tarixli “X18 Müqaviləsi”nin 7.2-ci bəndinə əsasən, kartın “hesab sahibi”nin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, kart hesabı üzrə aparılan əməliyyatların (o cümlədən kartla bağlı hər hansı fırıldaqçılıq (fraud) əməliyyatlarının) və ŞEN koddan istifadə edilməsinin nəticələrinə görə Bankın məsuliyyət daşımadığı bildirilmiş və əlavə olaraq, iddiaçıya əgər istəyərsə, kartının blok edilə biləcəyi təklif edilmişdir. İddiaçı qeyd edilən təkliflə razılaşmış və ona məxsus kart blok edilərək, özünə bu barədə məlumat verilmişdir. İddiaçı daha sonra öz ərizəsində hesabından 974.95 manat pulun kimin çıxarmasını araşdırmaq üçün 01 sentyabr 2022-ci il tarixində X3 Azərbaycana gəlmiş və kartının xx.xx.2022-ci il tarixində blok olunduğu halda, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində yenidən ümumi 23383,33 manat məbləğində pulun çıxarıldığından xəbər tutduğunu, Bankda açdığı hesabdakı məbləğ sığortalandığı halda, qeyri-qanuni yolla onun hesabından icazəsi olmadan və kart bloklandığı halda hesabından çıxarıldığını qeyd etmişdir. İddiaçı ilə Bank arasında 4 ay müddətinə bağlanılmış xx.xx.2022-ci il tarixli, 112022-49943 nömrəli “X12”nin 7.2-ci bəndinə əsasən, Əmanətçi əmanət müddətinin bitməsinə 1 həftə qalmış müddət ərzində əmanətini götürəcəyi barədə Banka bildiriş vermədikdə və ya müddətin bitməsindən sonrakı iş günü əmanətin qaytarılmasını tələb etmədikdə, habelə Bank tərəfindən əmanət müddətinin sonunda Müqaviləyə birtərəfli qaydada xitam verilmədikdə, Müqavilə 1 saylı Əlavə ilə nəzərdə tutulan qaydada uzadılmış hesab edilir. Müqavilənin 1 saylı Əlavəsinə əsasən, əmanət müddəti qurtardıqdan sonra (indiki halda xx.xx.2022-ci il) növbəti iş günü (xx.xx.2022-ci il) “Əmanətçi” və ya “Üçüncü şəxs” əmanətin qaytarılmasını tələb etmədikdə və Bank tərəfindən Müqaviləyə birtərəfli qaydada xitam verilmədikdə, əmanət müddəti Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən isə, Əmanət müddəti uzadılmadığı təqdirdə, Bank tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilir və əmanət məbləği əmanət müddətinin sonuncu gününə qədər hesablanmış bütün faiz məbləğləri ilə birgə Əmanətçinin Bankda açılmış cari hesabına (indiki halda **********02484 saylı hesaba) köçürülür və məbləğə faizlərin hesablanması dayandırılır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, xx.xx.2022-ci il tarixində iddiaçının Bankla bağladığı Müqavilənin müddəti bitmiş və növbəti gün (xx.xx.2022-ci il tarixində) Bank tərəfindən əmanət məbləği (23.000 manat) və ona hesablanmış faizlər (383.33 manat) həmin müqavilənin şərtlərinə əsasən, iddiaçının cari hesabına köçürülmüşdür. Daha sonra xx.xx.2022-ci il tarixində qeyd olunan cari hesabdan iddiaçının özünə məxsus debet kartına Bankın müəyyən etdiyi gündəlik limit həddində (5000 manat) köçürmə edilmiş və bu da Bank tərəfindən avtomatik olaraq, müştərinin əmanət məhsulundan istifadənin davam etdirilməməsi niyyəti kimi qəbul edilmiş və əmanət müddəti uzadılmadığından, Müqavilənin 7.3-cü bəndinə əsasən, Bank tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilərək, əmanət məbləği əmanət müddətinin sonuncu gününə qədər hesablanmış bütün faiz məbləğləri ilə birgə Əmanətçinin Bankda açılmış cari hesabına köçürülmüş və məbləğə faizlərin hesablanması dayandırılmışdır. İddiaçı həmçinin öz ərizəsində 18 iyul 2022-ci il tarixində Cavabdeh ASC-nin 145 Məlumat Mərkəzi ilə əlaqə saxladığını, bank hesabından pul çıxarılması barədə məlumat verdiyini, 02 sentyabr 2022-ci il tarixində Cavabdeh ASC-yə bu məsələnin araşdırılması məqsədilə gəldikdə, kartının xx.xx.2022-ci il tarixində blok olunduğu halda, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində kart hesabından ümumi 23383,33 manat məbləğində pulun çıxarıldığından xəbər tutduğunu, iş araşdırılarkən iddiaçının adından telefon zəngi vasitəsilə Bankla bağlanılmış Müqavilə və ona aid məlumatlar verilərək, heç bir eyniləşdirmə aparılmadan və görüntü olmadan, səriştəsizcəsinə ona aid məlumatlar verilmiş və hesabından pulun çıxarılmışdır. Sonradan iddiaçı Banka zəng edən qadının səs yazısını tələb etsə də, həmin səs yazısı ona təqdim edilməmişdir. Bununla bağlı bildirirlər ki, xx.xx.2022-ci il tarixində, iddiaçının Banka əmanət və debet kart müqavilələri bağlanarkən təqdim etdiyi mobil nömrəsindən (+**********20) zəng edilərək, Bankın əməkdaşı tərəfindən ətraflı şəkildə müvafiq məlumatlar dəqiqləşdirilib, eyniləşdirmə aparıldıqdan sonra, kart blokdan çıxarılmışdır. Kart blokdan çıxarılarkən Bankın əməkdaşı aşağıdakı məlumatları dəqiqləşdirmişdir: - Müştərinin Bank əməliyyat proqramındakı müştəri kodu; -Müştərinin Bank əməliyyat proqramındakı qeydiyyatda olan əsas mobil nömrəsi; -Kartın son 4 rəqəmi; -Müştərinin şəxsiyyət vəsiqəsinin məlumatları: ad, soyad, ata adı, fın kod və ya seriya nömrəsi, doğum tarixi, qeydiyyat ünvanı; -Kart barədə digər məlumatlar: (son əməliyyatlar, kartın balansı və s.); - Kartı hansı filialdan əldə edib. Yuxarıda qeyd olunan formada şəxsin eyniləşdirilməsinin əsasları bank tənzimləyicisinin müvafiq normativ xarakterli aktları ilə tənzimlənməklə yanaşı, həmin təcrübədən bankçılıqda da geniş istifadə olunur. Həmin məlumatlara malik olan (müştərinin özü tərəfindən şəxsi zəmində üçüncü şəxslərə təqdim edilən müvafiq məlumatlar əsasında) istənilən şəxsin bank kartının blokunu aça biləcəyini, məlumatların (şəxsin ASAN imzası da daxil olmaqla) sahibinin özü tərəfindən üçüncü şəxslərə verilməsi halında bunun sübut olunmasının çətinliyini nəzərə alsaq, aidiyyəti üzrə müvafiq qurumun, bankın və s. sadəcə texniki olaraq, buna görə məsuliyyət daşımasının mümkünsüzlüyü aydın olur. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı “dəymiş ziyanın ödənilməsi və maddi təzminat tələbinə dair” iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, izahatında həmçinin göstərmişdir ki, təmsil etdiyi şəxsin bank hesabındakı vəsaitin və digər əmlakının talanması faktı üzrə cinayət işi başlanmış, həmin iş üzrə birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslərə azadlıqdan mərhumetmə növündə cəza təyin edilmişdir. Həmçinin həmin hökmlə təmsil etdiyi şəxsin “134000 manat məbləğində zərərin ödənilməsi” barədə iddiasının təxminən 85000 manat hissəsi təmin edilmişdir. Belə ki, həmin şəxslər iddiaçının evinə daxil olub seyfi sındıraraq bütün sənədləri götürmüş, həmin sənədlər əsasında iddiaçının hesabından pul çıxarılmasına nail olmuşlar. İddiaçı banka zəng edib şikayət etmiş, həmçinin 145 məlumat mərkəzinə yazıb bildirmişdir ki, “kartımı bloklayın, mən özüm nə vaxt filiala yaxınlaşsam blokdan açarsız”. Buna baxmayaraq bank məsələni nəzarətə götürməmiş, cinayətkarın zəngi əsasında kartı blokdan çıxartmışdır. Halbuki, telefondakı qız olduqca şübhəli danışır, o cümlədən səs tonundan da onun yaşını müəyyən etmək olardı. Bank əməkdaşı isə bunlara diqqət yetirməmiş, əksinə həmin şəxsi istiqamətləndirərək kartın blokdan çıxarılmasında ona köməklik göstərmiş, bu zaman zəng edən şəxsdən yalnız müştəriyə məlum olan açar sözü belə soruşmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi X5 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı cinayət işində təqsirləndirilən şəxslə 3 il qeyri-rəsmi münasibətdə olub. Bunu təqsirləndirilən şəxs və onun özü də etiraf edib və hökmdə də öz əksini tapıb. Evin açarını iddiaçı özü həmin şəxsə verib. Evdə də seyf olub və bütün zəruri məlumatlar seyfdə olub. Müqavilələrdə də qeyd olub ki, məlumatları 3-cü şəxsə ötürmək olmaz. Müştəri əgər banka müraciət etmirsə, depozit hesabdan pulu digər kart hesabına köçürərək istifadə edə bilər. Məlumatlar soruşularkən şəxsin fasilələrlə cavablandırması normal hal kimi qəbul edilir. Çünki mütləq deyil ki, hamı bütün məlumatları dəqiq bilsin və ya karta baxmadan desin. Müştəri kodu müqavilədə öz əksini tapır. Müqavilədə gizli şifrə olduğu göstərilməmişdir. Banka zəng edən şəxs kartın bütün məlumatlarını və kartda nə qədər məbləğ olduğunu belə deyir. Hətta eyni nömrədən zəng olunub və kartın olduğu proqram həmin şəxsin telefonunda olub. Bütün məlumatları dediyi üçün kart blokdan çıxarılıb. İddiaçı özü məlumatları 3-cü şəxslərə ötürüb. İddiaçının əmanət müqaviləsində qeyd etdiyi nömrə də cinayətkarın adına olub. Bu isə iddia tələbinin əsassız olduğunu göstərir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X7 bildirmişdir ki, bu məsələdə hər iki tərəfin müəyyən məsuliyyəti var. Kart blok edilib, daha sonra kartı blokdan çıxarmaq üçün banka zəng edilir və həmin şəxslər özlərini kart sahibi İddiaçı adından çıxış edərək kartı blokdan çıxarmaq istədiklərini bildiriblər. Bankın əməkdaşı isə ümumi məlumatları soruşaraq kartı blokdan çıxarır. Yəni, şəxsiyyət vəsiqəsi məlumatları, kart haqqında məlumatlar soruşulur. Səsi dinləyən zaman müşahidə edilir ki, xanımdan müəyyən məlumatlar soruşulur və o, müəyyən fasilələrlə cavab verir. Şübhələnmək olur ki, o dəqiq məlumatları bilmir və karta baxaraq cavab verir. Əslində fərdi şifrələr olmalıdır və həmin şifrələr kart istifadəçisi tərəfindən deyildikdən sonra kart blokdan çıxarılmalıdır. Kartı zəng vasitəsilə də blokdan çıxarmaq mümkündür. Ümumiyyətlə Kart onun sahibinin sərəncamı ilə hər hansı şübhələndiyi hallarla əlaqədar blok edilir. Bank hər bir müştəriyə ancaq müştərinin bildiyi gizli şifrə verir. Hər hansı problem yarandığı zaman həmin şifrə soruşulur. Lakin bu işdə fərdi şifrə soruşulmayıb. Tək kartın blokdan çıxarılması kart üzrə hər hansı əməliyyat aparmağa rəvac vermir. Telefonda proqramı aktivləşdirmək üçün telefon nömrəsi və digər zəruri məlumatlar lazım olur. Bu məlumatlar isə müştəri ilə bağlanılan müqavilədə öz əksini tapır. Depozit hesabının blokdan çıxarılması isə müştərinin bank filialına gəlməsi ilə mümkün olur. Qeyd etdikləri formalaşmış praktikadır. Telefonda proqramın aktivləşdirilməsi isə müştərinin kart məlumatlarını 3-cü şəxsə ötürülməsi ilə mümkün olub. Yəni burada kart sahibinin özünün təqsiri daha çoxdur. Eyniləşdirmə kodu müştərinin özü tərəfindən 3-cü şəxsə ötürülürsə, artıq müştərinin özünün də təqsiri olur. Banklardan hər zaman tələb edirlər ki, müştəriyə məxsus olan məlumatların 3-cü şəxslərə açıqlanmasının yol verilməz olduğunu müqavilə göstərsinlər. Müştərinin özünə məxsus olmayan nömrəni banka təqdim etməyi düzgün deyil və müştərinin təqsiridir. Bundan başqa, müştəri telefonda proqramı özü aktivləşdiribsə, bu da onun günahıdır. Əgər müştəri özü etməyibsə və digər vasitələrlə məlumatlar ələ keçirilibsə, artıq bu oğurluq faktıdır. Bankın operatoru müştəri kodu istəyir, lakin şəxs onun nə olduğunu dəqiq bilmir. Operatorun səhvi odur ki, o həmin şəxsi yönləndirir və müştəri kodunu haradan əldə edə biləcəyini öyrədir. Bu halda operatorun kartı blokdan açmamaq səlahiyyəti var idi və müştəri filiala dəvət olunsa, daha yaxşı olardı. Əslində digər sual olaraq gizli şifrəni soruşaraq eyniləşdirilmə aparılmalı idi. Vəsaitin depozit hesabdan çıxarılması iki halda mümkün olur. Müştəri banka yaxınlaşmalıdır, ya da depozit hesabdan digər kart hesabına köçürmə etməlidir. Depozit hesabdakı vəsait isə digər kart hesabına köçürülüb. Bu əməliyyatı aparmaq üçün isə yalnız müştərinin bildiyi məlumatlardan istifadə edərək telefon proqramı vasitəsilə həyata keçirilib. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmamalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı və cavabdeh bank arasında xx.xx.2022-ci il tarixdə bağlanmış X9 “Bank” “Əmanətçi”yə Azərbaycan manatında 3831000DN4994311A85 saylı əmanət hesabı açmağı, açılmış əmanət hesabına pul məbləğini qəbul etməyi və müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada əmanəti “Əmanətçi”yə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, əmanət olaraq qoyulan məbləğ 23000 manat, 3.3-cü və 3.4-cü bəndlərinə görə isə, əmanət müddəti 4 ay təşkil edir, həmin müddət qutardıqda və müqavilə ilə müəyyən edilmiş qaydada uzadılmadıqda, əmanət nağd qaydada və ya köçürmə yolu ilə əmanətçiyə qaytarılır. Müqavilənin 4.1-ci bəndində əmanət üçün illik 5 faiz müəyyən edilmiş, 4.3-cü bəndində isə, əmanətə hesablanan faizlərin əmanətçinin bankdakı **********02484 saylı cari hesabına köçürülmə yolu ilə ödənilməsi və əmanətçiyə əmanət məbləği üzrə əməliyyatların aparılması məqsədilə plastik kart verildikdə, kart aktiv olduğu müddət ərzində əmanətə hesablanan faizlərin əmanətçinin cari kart hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuş, habelə vurğulanmışdır ki, cari kart hesabı açıldığı andan əmanətə hesablanmış faizlərin **********02484 saylı cari hesaba ödənişi dayandırılır. Müqavilənin 7.2-ci və 7.3-cü bəndlərində nəzərdə tutulmuşdur ki, əmanətçi əmanət müddətinin bitməsinə 1 həftə qalmış müddət ərzində əmanətini götürəcəyi barədə banka bildiriş vermədikdə və ya müddətin bitməsindən sonrakı iş günü əmanətin qaytarılmasını tələb etmədikdə, habelə bank əmanət müddətinin sonunda Müqaviləyə birtərəfli qaydada xitam vermədikdə, Müqavilə 1 saylı Əlavə ilə nəzərdə tutulan qaydada uzadılmış hesab edilir. Əmanət müddəti uzadılmadığı təqdirdə, Bank müqaviləyə birtərəfli qaydada xitam verir və əmanət məbləği əmanət müddətinin sonuncu gününə qədər hesablanmış bütün faiz məbləğləri ilə birgə əmanətçinin bankda açılmış cari hesabına köçürülür və məbləğə faizlərin hesablanması dayandırılır. İddiaçının həmin müqavilə üzrə 23000 manat pul vəsaitini banka əmanət kimi qoyması işin mübahisələndirilməyən halıdır. İş materiallarından aydın olur ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə İnternet Bankçılıq üzrə Əməkdaşlıq Müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, bank müştəriyə internet bankçılıq xidmətlərinin göstərilməsini təmin edir, müştəri isə həmin xidmətlərdən razılaşdırılmış şərtlər daxilində istifadə edir. Müqavilənin 2.1.3-cü bəndinə görə, müştəri internet bankçılıq xidməti vasitəsi ilə aparılan əməliyyatların onun istifadəçi adı və şifrəsi ilə kənar şəxslər tərəfindən istifadəsinin qarşısını almaq üçün və ona məxsus məlumatların hər hansı üçüncü şəxsə ötürülməməsi üçün tədbirlər görməlidir. Müqavilənin 3.2.4-cü bəndində isə, müştərinin özünün eyniləşdirmə məlumatlarını, daimi və birdəfəlik şifrələrini təhlükəsiz və üçüncü şəxslər üçün əlçatmaz formada saxlamalı olduğu təsbit edilmişdir. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020ci il tarixli X18 Müqaviləsi də imzalanmış, həmin müqavilə ilə bank hesab sahibinə hesab açmağı və kart hesabındakı pul vəsaiti ilə əməliyyatlar aparılması üçün plastik kart verməyi, açılmış hesaba daxil olan pul vəsailərini qəbul etməyi, hesabdan pul vəsaitlərini köçürməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair hesab sahibinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.2-ci bəndində kartın hesab sahibinin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, kart hesabı üzrə aparılan əməliyyatların (o cümlədən kartla bağlı hər hansı fırıldaqçılıq (fraud) əməliyyatlarının) və ŞEN koddan istifadə edilməsinin nəticələrinə görə Bankın məsuliyyət daşımadığı nəzərdə tutulmuşdur. İşin mübahisə olunmayan digər halına görə, İddiaçı ünvan 1 ünvanında yerləşən 67 saylı mənzilindən ona aid müxtəlif əşyaların və onun bank hesabından pul vəsaitlərinin talanması faktı üzrə X8 və X10 barəsində cinayət işi açılmış, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə onlar cinayət törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o cümlədən İddiaçı mülki iddiası qismən təmin edilərək, maddi zərərə görə Elçin Məmmədovdan 47972,14 manat, Elçin Məmmədovdan və Aysel Əliyevadan müştərək qaydada 33480,83 manat, habelə dövlət rüsumu və vəkil xidmətinə görə ödənilmiş 3350 manat pulun tutularaq mülki iddiaçıya ödənilməsi hökm olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş materiallarına əlavə edilmiş 1(105)-600/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, birinci instansiya məhkəməsinin hökmündən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq təqsirləndirilən şəxslərə təyin edilmiş cəza müddətləri artırılmış və mülki iddia tələbi təmin olunmayan hissədə baxılmamış saxlanılmışdır. Həmin hökm və qərar ilə müəyyən olunur ki, BƏƏ-də yaşayan iddiaçının tapşırığı ilə Elçin Məmmədov ona məxsus ünvan 1 ünvanında yerləşən 67 saylı mənzilinə nəzarət etmiş, sonradan münasibətləri pozulduğundan yenə iddiaçının tapşırığına əsasən mənzilin açarını onun bacısına versə də, həmin açarın surətini özündə saxlamış, sonradan ondan istifadə etməklə mənzilə daxil olmuş, digər təqsirləndirilən şəxs ilə bir müddət həmin mənzildə yaşamış, bu müddətdə iddiaçıya məxsus pul vəsaitlərini və digər əşyaları oğurlamış, bundan başqa vaxtilə iddiaçıya verdiyi, lakin öz adında qalan +**********20 mobil nömrəsinin dublikatını çıxardaraq və iddiaçının əvvəlcədən ona göndərdiyi “5315 9921 4573 4130” saylı Cavabdeh kartın və şəxsiyyət vəsiqəsinin fotosundakı məlumatları istifadə edərək, “Dost Bank" proqramına daxil olub nömrəyə göndərilən dörd rəqəmli gizli “3D securete” kodu vasitəsilə iddiaçının kart hesabından müəyyən məbləğ pulu oğurlamış, bundan sonra kart hesabı bloklandığından X16 145 çağrı xidmətinə zəng edərək özünü Samirə (iddiaçı) kimi təqdim edərək, kartın blokdan çıxarılmasına və kartdakı qalan pulları oğurlamağa nail olmuşlar. İş materiallarından və tərəflərin izahatlarından həmçinin aydın olur ki, iddiaçının kart hesabından xx.xx.2022-ci il tarixdə 974,95 manat çıxarılmış, onun banka müraciətindən sonra kart hesabı blok edilmiş, kart hesabı blokdan çıxarıldıqdan sonra isə müqavilənin müddətinin bitməsi ilə əlaqədar iddiaçının əmanət hesabından cari kart hesabına köçürülmüş 23383,33 manat pul vəsaiti hissə-hissə digər hesablara köçürülmüşdür. İddiaçı onun xəbəri və sərəncamı olmadan kart hesabından pul vəsaiti çıxdığını, banka müraciət edərək kartını blok etməsinə rəğmən, yenə onun xəbəri və icazəsi olmadan kartın blokdan çıxarılaraq əmanət hesabındakı pul vəsaitinin həmin kart vasitəsilə tam şəkildə mənimsənildiyini göstərmiş və baş verənlərə görə cavabdeh bankın da məsuliyyət daşıdığını iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüş, iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci, 1097.1-ci və 1097.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Mülki Məcəllə mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yükü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, yuxarıdakı izahatlardan da göründüyü kimi, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçının cavabdeh bankda olan kart hesabından silinmələrin məhz cavabdeh tərəfindən həyata keçirilməsi, yəni səbəbli əlaqənin olması sübuta yetirilmir. Bu səbəbdən göstərilən hadisəyə görə cavabdehin təqsirli hesab olunması mümkün deyildir. Əksinə yuxarıda da göstərildiyi kimi, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-600/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Elçin Məmmədov adlı şəxsin iddiaçının tapşırığı ilə iddiaçıya məxsus mənzilə nəzarət etdiyi, mənzilin açarını qaytaran zaman həmin açarın özündə saxladığı surətindən istifadə etməklə mənzilə daxil olduğu, Aysel Əliyeva adlı qadınla bir müddət orada yaşadığı, vaxtilə iddiaçıya verdiyi, lakin öz adında qalan +**********20 mobil nömrəsinin dublikatını çıxardaraq və iddiaçının əvvəlcədən ona göndərdiyi “5315 9921 4573 4130” saylı bank kartının və şəxsiyyət vəsiqəsinin fotosundakı məlumatları istifadə edərək, “Dost Bank" proqramına daxil olub nömrəyə göndərilən dörd rəqəmli gizli “3D securete” kodu vasitəsilə iddiaçının kart hesabından müəyyən məbləğ pulu oğurladığı, bundan sonra kart hesabı bloklandığından Aysel Əliyevanın bankın 145 çağrı xidmətinə zəng edərək özünü iddiaçı kimi təqdim etdiyi, bu üsulla onların kartın blokdan çıxarılmasına və kartdakı qalan pulları da oğurlamağa nail olduqları, bu əməllərinə görə hər iki şəxsin cinayət məsuliyyətinə cəlb olunduğu, habelə onlar barəsində çıxarılan hökmlə iddiaçının mülki iddiasının təmin olunduğu, onlardan iddiaçının xeyrinə müştərək qaydada tutulan pul məbləğinin (zərərin) tərkibində iddiaçının kart hesabından çıxarılan vəsaitin də olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya dəyən zərərin bilavasitə cavabdeh bank tərəfindən deyil, başqa şəxslər tərəfindən vurulduğu və həmin zərərin məhkəmə hökmünə əsasən zərərin vurulmasında bilavasitə təqsirli olan şəxslərdən iddiaçının xeyrinə tutulmuş olduğu işin mübahisəsiz və təkzib olunmaz halıdır. İddiaçının nümayəndəsi də ona verilən sualları cavablandırarkən, iddiaçının kart hesabından oğurluqla bağlı ona dəyən zərərin həmin şəxslərdən məhkəmə hökmü ilə tutulduğunu, lakin icra olunmadığını bildirmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdeh bankda olan kart hesabına qoyulmuş blokun sonradan götürülməsi ilə bağlı işin faktiki halı da iddianın əsaslı olduğu qənaətinə gəlməyə əsas vermir. Məhkəmənin qənaətinə görə, kart hesabı üzərindəki blokun götürülməsi (o cümlədən əmanət hesabında olan pul məbləğinin həmin kart hesabına köçürülməsi) tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun həyata keçirilmişdir. Dolayısı ilə həmin prosesdə cavabdeh bankın və ya bankın işçisinin birbaşa təqsiri müəyyən olunmur. Belə ki, bankın əməkdaşının verdiyi suallara təqsirləndirilən şəxslər məlumatları əldə edərək düzgün cavablar vermiş, həmçinin iddiaçı bankla bağladığı müqavilədə təqsirləndirilən şəxsə məxsus nömrəni qeyd etmiş, sonuncu isə həmin nömrənin dublikatını çıxararaq internet bankçılıq xidməti vasitəsilə müvafiq oğurluq əməlini törətmişdir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli İnternet Bankçılıq üzrə Əməkdaşlıq Müqaviləsi, xx.xx.2020-ci il tarixli X18 Müqaviləsi və xx.xx.2022-ci il tarixli X12 mövcud olmuşdur. X18 Müqaviləsi əsasında iddiaçıya kart hesabındakı pul vəsaiti ilə əməliyyatlar aparması üçün plastik kart verilmişdir. X12 isə 4 ay müddətinə bağlanmış, müqavilədə əmanətçinin cari kart hesabının olması halında faizlərin əmanətçinin cari kart hesabına köçürmə yolu ilə ödənilməsi, əmanət müddətinin uzadılmadığı təqdirdə, bankın müqaviləyə birtərəfli qaydada xitam verməsi və əmanət məbləğinin əmanət müddətinin sonuncu gününə qədər hesablanmış bütün faiz məbləğləri ilə birgə əmanətçinin kart hesabına köçürülməsi və məbləğə faizlərin hesablanmasının dayandırılması nəzərdə tutulmuşdur. X1 istifadəçi adı və şifrəsini, ona məxsus məlumatların təhlükəsizliyini təmin etmək (əlçatmaz formada saxlanması) vəzifəsi müştərinin üzərinə qoyulmuş, X18 Müqaviləsində isə kart hesabı üzrə aparılan əməliyyatların (o cümlədən kartla bağlı hər hansı fırıldaqçılıq (fraud) əməliyyatlarının) və ŞEN koddan istifadə edilməsinin nəticələrinə görə Bankın məsuliyyət daşımadığı nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, əmanət müddəti bitdiyindən əmanət məbləği və ona hesablanmış faizlər müqavilə şərtlərinə uyğun olaraq bank tərəfindən iddiaçının kart hesabına köçürülmüş, bununla belə iddiaçı istifadəçi adı və şifrə və ona məxsus digər məlumatların təhlükəsizliyini lazımınca təmin etmədiyindən (mənzilinin açarını üçüncü şəxsə verməsi, kartın və şəxsiyyət vəsiqəsinin şəklini üçüncü şəxsə göndərməsi və bankla müqavilə bağlayarkən başqa şəxsin adına olan mobil nömrəni qarşı tərəfə bildirməsi səbəblərindən) kart hesabındakı vəsaitlər üçüncü şəxslər tərəfindən oğurlanmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə cavabdehin etirazının əsası kimi istinad etdikləri halların mövcudluğu müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar