Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-644/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hər birinin miras payı həcmində iddiaçı "xxxx" ASC-nin 1545.37 manat əsas borcu, vəfat etdiyi tarixə 0.01 manat faiz borcu olmaqla, cəmi 1545.38 manat borc, ödənilmiş 35.46 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nərimanov filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********06 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 60 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 2160 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş 1545.37 manat əsas borcu, vəfat etdiyi tarixə 0.01 manat faiz borcu olmaqla, cəmi 1545.38 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 35.46 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə təqdim edərək, işə onların iştirak olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, borclu onun anası olmuşdur. Anasının kredit götürməsindən onların məlumatı olmamışdır. 5 ildən sonra iddia qaldırılıb. Mirası qəbul ediblər, lakin pensiya kartından götürülən kredit üçün onlar məsuliyyət daşımırlar. İddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli, BPM**********06 saylı kredit müqaviləsinin surətindən görünür ki, “borc verən” "xxxx" ASC “borc alan” X3 60 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək illik 27 faiz ödəmək şərtilə 2160 manat məbləğində pul borc verir, “borc alan” isə krediti faizləri ilə birlikdə “borc verənə” qaytarmağı öhdəsinə götürür; - "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, X3 2138,4 manat məbləğində pul verilmişdir; - Maliyyə arayışının surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 1545,37 manat, faiz borcu 0,01 manat olmaqla, cəmi borcu 1545,38 manat təşkil edir; - "xxxx" ASC tərəfindən X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, onlar, miras qoyanın borcunun olması, onun 7 iş günü ərzində ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixində vəfat etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 51 Saylı Notariat Ofisinin 2V-124 nömrəli xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 ünvan 2vanında qeydiyyatda olan Cavabdeh2 və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. ƏMDK-sı yanında DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixdə X3 verilmiş **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/8 hissəsindən ibarətdir; - Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 35,46 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, miras qoyan ilə iddiaçı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC X3 2160 manat məbləğində kredit verməyi, “borcalan” isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə “borcalan” olan X4 xx.xx.2020-ci il tarixində vəfat etmişdir və hazırki iş üzrə cavabdehlər onun vərəsələridirlər. Miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/8 hissəsindən ibarətdir və cavabdehlər hər biri 1/3 hissədə miras hüququna malikdirlər. Hazırda iddiaçı borclunun öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək mərhum X2 vərəsələrindən əsas borca görə 1545,37 manat, faiz borcuna görə 0,01 manat olmaqla, cəmi 1545,38 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş edir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən miras qoyana 60 ay müddətinə, illik 27 faiz olmaqla 2160 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, həmçinin hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, mərhum borcalan, eləcə də onun vərəsələri olan cavabdehlər isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Vərəsələrin məsuliyyəti məsələsinə gəlincə qeyd edilməlidir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir..Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar..Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır. O da qeyd edilməlidir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (Mülki məcəllənin 1307-cü maddəsi). Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Hazırki mülki işdə miras qoyanın borclarının miras əmlakdan çox olduğunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə, mərhum X4 tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçının miras qoyanın vərəsələrindən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, borclu müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsələri olduqları miras qoyanın risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün miras həddində cavabdehdir və miras qoyanın öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borca görə 1545,37 manat, faiz borcuna görə 0,01 manat olmaqla, cəmi 1545,38 manat pulu iddiaçıya ödəməlidirlər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borca görə 1545,37 manat, faiz borcuna görə 0,01 manat olmaqla, cəmi 1545,38 manat məbləğində pul, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 35,86 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borca görə 1545,37 manat, faiz borcuna görə 0,01 manat olmaqla, cəmi 1545,38 (min beş yüz qırx beş manat, otuz səkkiz qəpik) manat məbləğində pul, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 35,46 (otuz beş manat, qırx altı qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-644/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-644/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver