Məhkəmə qərarları › İş №e-2(005)-648/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-648/2023

23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-648/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı "xxxx" X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X5 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1448 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" X2 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə eldiyi "Kia Rio” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “Palermo” tipli 2 çıraqlı işıq dirəyini sıradan çıxararaq müəssisəyə 6448 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Xətai RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı 26 oktyabr 2021-ci il tarixdə "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərar qəbul etmişdir. Həmin qərara Bakı şəhər Xətai DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edib İXP ******* saylı inzibati xəta haqqında protokola və xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən "Kia Rio" minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" X2 nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilməsinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmiş və toplanmış materialın surəti Cavabdeh barəsində inzibati qaydada tədbir görülməsi üçün Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. TP ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 18:00-da Nərimanov rayonu Ə.Əliyev küçəsi 33-də “Kia Rio” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Smetadan görünür ki, “Palermo” tipli 2 çıraqlı işıq dirəyinin bərpasına sərf olunan xərc 6448 manat təşkil edir. 27 sentyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Kia Rio” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" X3 məxsus işıq dirəyini vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair TP ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə istifadəsində olan avtomobili idarə edən zaman avtomobilin iddiaçıya məxsus işıq dirəyinə çırpılaraq sonuncuya maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu inzibati tənbeh vermə haqqında qərarla da təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçı "xxxx" X3 maddi zərər yetirilmişdir. Belə ki, işin məhkəmə iclasında araşdırılan hallarına və iddiaçının nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus 1 ədəd “Palermo” tipli 2 çıraqlı işıq dirəyinin təmir xərcləri cəmi 6448 manat təşkil etmiş, həmin vəsaitin 5000 manat hissəsi "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya ödəməli olduğu maddi ziyanın məbləği 1448 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1 ədəd “Palermo” tipli 2 çıraqlı işıq dirəyinə dəymiş zərər nəticəsində ödənilməmiş 1448 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" X2 xeyrinə tutulması qanuni və əsaslıdır, odur ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1 ədəd “Palermo” tipli 2 çıraqlı işıq dirəyinə dəymiş zərər nəticəsində ödənilməmiş 1448 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X2 xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar