Məhkəmə qərarları › İş №e-2(005)-685/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-685/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-685/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00032-01/23A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 22686 manat əsas borc, 966,3 manat faiz borcu, 140,33 manat dəbbə borcu, ümumilikdə 23792,63 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 162 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx"-nin Sənaye filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ00032-01/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 22686 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə iddiaçıyla RPZZ-00032-01/23A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə hesablanır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 22686 manat əsas borc, 966,3 manat faiz borcu, 140,33 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2023-cü il tarixinə ümumi borcu 23792,63 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, iddiaçının izahatını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RPZ- 00032-01/23A nömrəli kredit müqaviləsi və ödəniş cədvəlinin surətindən görünür ki, borc verən Bank "xxxx" ASC borc alan Cavabdeh2 48 ay müddətinə, illik 20% hesablanmaqla, 22686 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RPZZ- 00032-01/23A nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, RPZ-00032-01/23A nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; - Bank "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, RPZ-00032-01/23A nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 22686 manat, müqavilə müddəti üçün hesablanmış tələb olunan faiz borcu 966,3 manat, cərimə borcu 140,33 manat olmaqla, cəmi 23792,63 manat təşkil edir; - Xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 22686 manat pul verilmişdir. - Bank "xxxx" ASC tərəfindən borclulara ünvanlanan xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh2, Cavabdeh1 borcun ödənilməsi barədə Bank "xxxx" ASC tərəfindən xəbərdar olunmuşlar; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 162 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC borcalan Cavabdeh2 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh1 ilə bağlanan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh - Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh, Cavabdeh1 (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 22686 manat əsas, 966,3 manat faiz, 140,33 manat cərimə borcu yaranmışdır. Digər Cavabdeh1 isə xx.xx.2023-cü il tarixində bankla bağladıqları zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliklərinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. Cərimə borcu ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə, yəni 140,33 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 22686 manat əsas borc, 966,3 manat faiz borcu, 140,33 manat cərimə borcu olmaqla, cəmi 23792,63 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 162,4 manat pul müştərək qaydada tutularaq Bank "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 22686 manat əsas borc, 966,3 manat faiz borcu, 140,33 manat cərimə borcu olmaqla, cəmi 23792,63 (iyirmi üç min yeddi yüz doxsan iki manat, altmış üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 162,4 (yüz altmış iki manat, qırx qəpik) manat pul müştərək qaydada tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaadılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar