Məhkəmə qərarları › İş №e-2(005)-69/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-69/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-69/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (X18, Maraqlı şəxs, X28 müstəqil tələb irəli sürməyən üçün şəxslər qismində cəlb edilməklə) (açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X19, Maraqlı şəxs, X28 müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mersedes Benz 308 D” markalı, **-OF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş zərərə görə 9214 (doqquz min iki yüz on dörd) manat pulun, məhkəmə xərclərinə görə ödənilmiş 114 (yüz on dörd) manat dövlət rüsumunun və 1180 (min yüz səksən) manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdeh "xxxx" MMC aınlıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayon Məhkəməsinin 08 may 2023cü il tarixli, 1(031)-23/2023 saylı hökmünə əsasən X19 22 sentyabr 2022-ci il tarixdə Şabran rayonu Aygünlü kəndi ərazisində keçən “Chevrolet Cruze” markalı 77-BC -230 dövlət qeydiyyat nişanlı avtomobillə yolun Bakı İstiqamətindəki hərəkəti hissəsi ilə 100-120 km/saat sürətlə hərəkətdə olarkən qarşısnda eyni istiqamətdə olan “Mercedes Benz 308D” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. “Mercedes Benz 308 D” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu xx.xx.2022-ci il tarixdən etibarnamə əsasında idarə edir. 22 sentyabr 2022-ci il tarixdə saat 17:45-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz 308 D” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtousla Bakı-Quba-Dağısatan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə 80-90 km/saat sürətlə eyni istiqamətində düzünə hərəkətdə olarkən hava aydın olmuş, hərəkət üçün heç bir təhlükə olmamışdır. Mikroavtobusta 17 nəfər sərnişin olmuşdur. Yolun şabran rayonu, Aygünlü kəndi ərazisində keçən 139-cu kilometrində yolun sağ kənarına yaxın hissədə, yəni öz yolu ilə hərəkətdə olarkən anidən idarə etdiyi mikroavtobusun qabaq sağ, yəni qabaq sərnişin yeri tərəfdəki tininə yaxın yan səthindən qüvvətli zərbə hiss etmiş, həmin anda da idarə etdiyi mikroavtobus kəskin şəkildə sola istiqamətləndirərək əks hərəkət zolağına keçib yoldan çıxaraq Bakı istiqamətində yolun solundakı dərəyə aşmışdır. Qəza nəticəsində ağır bədən xəsarəti alıb huşunu itirdiyi üçün sonra nə hadisə baş vediyini xatırlamır. Hadisə o qədər qısa vaxt ərzində baş vermişdir ki, hətta ayağını tormoza atmağa vaxtı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, arxadan qara rəngli minik avtomobilini idarə edən, adını sonradan bildiyi Xalidə adlı bir qadın çox yüksək sürətlə avtomobili idarə edərkən idarə etdiyi mikroavtobusu arxadan vuracağını görərək sükanı sağa buraraq sağ ehtiyat hissəyə çıxmış, dərhal sükanı sola buraraq idarə etdiyi mikroavtobusun qabaq sağ tininə yaxın hissəsindən vuraraq mikroavtobus anidən sola istiqamətlənmişdir. Xalidənin idarə etdiyi minik avtomobili isə yoldan hərəkəti istiqamətində sağa çıxararaq dərəyə düşüb orada dayanmışdır. Sərnişinlər xəsarət almış, biri ölmüş, avtomobilə 9214 (doqquz min iki yüz on dörd) manat ziyan dəymişdir. Bildirir ki, həmin hadisə üzrə cinayət işi başlamış və cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(031)-23/2023 saylı hökmündə ona mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Hadisəni törədən şəxs X19 “Chevrolet Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili 22 sentyabr 2022-ci il tarixdə saaat 10:00-da Cavabdeh MMC-dən 4 günlük, yəni 26 sentyabr 2022-ci il saat 10:00-dək bir gününə 55 manat ödəmək şərti ilə kirayəyə götürmüşdür. Bu hal cinayət işi materiallarında öz əksini tapmışdır. X9 hərəkətləri nəticəsində avtomaşın əzilmiş, avtomobilin təmiri və əvvəlki vəziyyətinə qaytarılması üçün 9214 manat pul xərclənmişdir. Qeyd edir ki, tərəflər arasında imzalanmış icarə müqaviləsinin təqdim edilməsi üçün cavabdeh quruma verdiyi sorğu cavabdeh tərəfindən təqdim edilməmişdir. Onun üçün müqaviləni iddia ərizəsinə əlavə edə bilmir. Məhkəmə araşdırması zamanı X19, Maraqlı şəxs, X28 müstəqil tələb irəli sürməyən üçün şəxs qismində işə cəlb edilmişdirlər II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, Maraqlı şəxs etibarnaməni özü X12 verməli idi. Cavabdeh MMC vasitəçi kimi yol vərəqəsini verib. xx.xx.2022-ci il tarixədək aralarında müqavilə olmamışdır. Vətəndaşla Cavabdeh MMC-nin arasında müqavilə bağlanılır və sonradan “Rent A Car” ilə icarəyə götürən şəxs arasında müqavilə bağlanılır. Bu müqavilə əsasında icarəyə götürən şəxsə yol vərəqəsi verilir. Hazırda problem ondan ibarətdir ki, Cavabdeh MMC ilə vətəndaş arasında bağlanmış müqavilə yoxdur. “Rent A Car” avtomobilin sahibi ilə müqavilə bağlayır ki, avtomobili subicarəyə versin. X12 avtomobili verərkən müqavilə bağlanılır və yol vərəqəsi verilir. Mövcud vəziyyətdə “Rent A Car” ilə X19 arasında müqavilə bağlanılıb, lakin uzun müddət keçdiyinə görə müqavilələr qalmayıb. Yol vərəqəsini cinayət işi materiallarından əldə etmişdir. Onu sürücü təqdim etmişdir. Etibarnaməni verən mülkiyyətçidir. Xalidə Həşimova cavabdehdən icarəyə avtomobil istəmişdir. Şirkət avtomobilləri göstərir və ondan sonra mülkiyyətçiyə avtomobilin gətirilməsinə görə zəng edir. Həmin şəxs avtomobili gətirir. Şirkət tərəfindən icarəyə götürən şəxsə yol vərəqəsi verilir və aralarında müqavilə bağlanılır, lakin hazırda iki il keçdiyinə görə müqavilə arxivdə yoxdur. Avtomobilin gününə 55 manat məbləğində pul alır və həmin məbləğin 15 manatı şirkətin, 40 manatı isə mülkiyyətçinindir. Hesab edir ki, sürücü hazırki iş üzrə cavabdeh olmalı idi. Həmin avtomobil şirkət tərəfindən Xalidə Həşimovaya verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 bildirmişdir ki, avtomobili iddiaçıya satmış və idarə olunması üçün ona baş etibarnamə vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 bildirmişdir ki, cavabdehlə arasında müqavilə bağlanmışdır. Lakin həmin müqaviləni təqdim etmirlər. Ona ancaq yol vərəqəsi veriblər. MMC-nin icbari sığortası yoxdur və bununla bağlı özünün onlarla məhkəmə mübahisəsi olacaqdır. Çünki icbari sığorta zərərçəkmiş şəxslərə sığorta haqqı verir və sonradan həmin pulu ondan tələb edirlər. Özü hadisə zamanı “Chevrolet Cruze” markalı avtomobili idarə etmişdir. Avtomobili 22 sentyabr 2022-ci il tarixdə saat 10:00-da Cavabdeh MMC-dən 4 günlük, yəni 26 sentyabr 2022-ci il saat 10:00-dək bir gününə 55 manat ödəmək şərti ilə kirayə götürmüşdür. Hadisə olan zaman cavabdeh tərəflə əlaqə saxlamış, bundan sonra ona bildirmişlər ki, icbari sığorta yoxdur. Ondan nə zərərçəkmiş, nə də ölən tərəf şikayətçi olmamışdır. Ölən tərəfin 3 övladı var idi və onlar da Suriyada vəfat etmişdir. Zərərçəkmişlərə 1500 manat, ölən şəxsin ailəsinə isə 1250 manat kompensasiya ödəmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, “Mercedes Benz 308D” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki mülkiyyətçisi İddiaçıdur. Belə ki, “Mercedes Benz 308D” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili ona satmışdır. Ona avtomobilə dair baş etibarnamə vermişdir. Həmin etibarnamə üzərində mülkiyyətçiyə məxsus bütün hüquqlarını ona vermişdir. Avtomobilin dəyəri ona tam ödənilmişdir. Bu səbəbdən qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir III. İşin faktiki halları: İş materiallarında olan: - Şabran Rayon Məhkəməsinin 1(031)-23/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X19 22 sentyabr 2022-ci ildə saat 17:45-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyib 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saat sürətlə məhdudlaşdırılmış Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Aygünlü kəndi ərazisindən keçən 139-cu kilometrliyində texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə 100-120 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, qarşısında eyni istiqamətdə hərəkətdə olan İddiaçı 80- 90 km/saat sürətlə idarə etdiyi “Mercedes Benz 308D” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu ötmək üçün əks hərəkət zolağına çıxmaq istəmiş, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsinin gəldiyini görərək və qarşısında hərəkətdə olan “Mercedes Benz 308D” markalı mikroavtobus ilə toqquşmamaq üçün avtomobili sağa istiqamətləndirməklə sağ ehtiyat hissəsinə çıxmış, sağ ehtiyat hissədə ağac olduğunu görüb avtomobili yenidən sola istiqamətləndirən zaman avtomobilin qabaq sol tin hissəsi ilə onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz 308D” markalı mikroavtobusun qabaq sağ qanadının yan hissəsi toqquşmuş, zərbədən sürücü İddiaçı idarəetməni itirdiyindən “Mercedes Benz 308D” markalı mikroavtobus hərəkət hissəsindən çıxaraq yolun sol kənarına aşmış, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz 308D” markalı mikroavtobusun sərnişini X20 başın və gövdənin qapalı küt travması, sağ 2-3-4-5- 6-7-ci və sol 2-3-4-5-6-7-8-ci qabırğaların qapalı köndələn sınıqları, hər iki ağciyərlərin və qaraciyərin cırılmaları, baş beynin yumşaq qişasına qansızmalar, başın sol təpə nahiyəsinin və üzün əzilmiş yaraları, döş qəfəsinin və qarın divarının qançırları kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, “Mercedes Benz 308D” markalı mikroavtobusun sürücüsü İddiaçı sol körpücük sümüyünün yerdəyişmiş sınığı, soldan qabırğaların çoxsaylı sınıqları, soltərəfli hemopnevmotoraks, sol ağciyər və ürəyin əzilməsi kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran, mikroavtobusun sərnişinləri X22 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ 2,3,4,5,6,7-ci, sol 2,3,4,5,6,7,8-ci qabırğaların yerdəyişmiş sınıqları, ikitərəfli hemopnevmotoraks, sağ ağciyərin kollapsı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran, X5 4-cü qabırğanın yerini dəyişən sınığı və sol qulaq seyvanı nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X1 7-ci qabırğanın yerini dəyişməyən sınığı və 3-9-cu döş fəqərələrinin sağ köndələn çıxıntılarının sınıqları, sağ ağciyərin əziyi və minimal hemotoraks kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X11 körpücük sümüyünün qapalı yerdəyişmiş qəlpəli sınığı və hər iki ağciyərin əzilməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X24 4-cü bel fəqərəsinin kompression sınığı, bel-oma nahiyəsinin yumşaq toxumalarının əziyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X6 körpücük sümüyünün qapalı yerdəyişmiş qəlpəli sınığı, sol 2 və 4-cü qabırğaların qapalı sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X4 kürək sümüyünün qapalı qəlpəli sınığı və sol 1,3,4,5,6cı qabırğaların qapalı sınıqları, beyin silkələnməsi, başın və sol qaşın yumşaq toxumaların əzilməsi və sol əlin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X8 almacıq və üst çənə sümüklərinin qəlpəli sınığı, beyin silkələnməsi və sol təpəgicgah nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X7 1,2,3,4,5,6,7,8,9,10,11-ci, sol 1,2,3,4,5-ci qabırğaların yerini dəyişmiş sınıqları, sol körpücük və sağ kürək sümüklərinin sınıqları, hər iki ağciyərlərin əziyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. - Həmin Hökmdən görünür ki, X19 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X9 himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü övladı X29 14 yaşına çatanadək ona təyin olunmuş əsas cəza olan azadlıqdan mərhum etmə cəzasının çəkilməsi təxirə salınmış, iş üzrə zərər çəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş 099 №-li yol vərəqəsinin surəti ilə müəyyən olunur ki, X12 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası ərazisində **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək icazəsi verilmişdir. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 28 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, “Chevrolet Cruze” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də PXA********** saylı sığorta şəhadətnaməsi ilə xx.xx.2022-ci il saat 18:49 radələrindən xx.xx.2023-cü il saat 18:49 radələrinədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalı olmuşdur. Qeyd olunan vaxt və saatdan kənar zamanda baş vermiş hadisələr üzrə sığorta təminatı verilmir. “Chevrolet Cruze” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixində saat 17:45 radələrində törətdiyi yol-nəqliyyat hadisəsi sığorta şəhadətnaməsində göstərilən tarixdən kənar zamanda baş verdiyindən və nəqliyyat vasitəsi həmin vaxt və saatda sığortalı olmadığından sığorta təminatına daxil edilmir. - Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli 878 №-li müqavilədən görünür ki, İddiaçı Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən mülki iş üzrə hüquqi yardım göstərilməsi haqqı qarşılıqlı razılıqla 1180 manat müəyyən edilmişdir. - "xxxx" ASC xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3806001*****6123 saylı hesab üzrə 1180 (min yüz səksən) manat vəsait daxil edilmişdir. - Şabran rayonu “Surra avtomobillərə servis xidmət məntəqəsi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Mercedes Benz 308 D” markalı, **- OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və avtomobilə dəymiş ümumi ziyan 9214 manat müəyyən olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli 9/444 saylı ekspert rəyindən görünür ki, “Surra avtomobillərə servis xidmət məntəqəsi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1994-cü il buraxılışlı “Mercedes Benz 308 D” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri təxminən 8764 manat müəyyən edilir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 22 sentyabr 2022-ci il tarixdə “Mercedes Benz 308 D” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X19 tərəfindən idarə edilən “Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Mercedes Benz 308D” markalı mikroavtobus hərəkət hissəsindən çıxaraq yolun sol kənarına aşmışdır. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəymiş, İddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. Şabran Rayon Məhkəməsinin 1(031)-23/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə X19 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçıya - zərərçəkmişə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Hazırda iddiaçı avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı Cavabdeh MMC-nin “Chevrolet Cruze” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla X12 verməsi halı müəyyən olunmamışdır. Belə ki, X19 ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin, ona əlavə olunmuş sənədlərin məhkəməyə təqdim edilməsi məqsədilə sübutların təmin edilməsi barədə qərardad qəbul olunmuş, qərardad icra olunması üçün Cavabdeh MMCyə, habelə Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. Bununla belə, qərardadın icrası təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, “Rent A Car” ilə X19 arasında müqavilə bağlanılsa da, uzun müddət keçdiyinə görə həmin müqavilələr qalmamışdır. İş materiallarına sadəcə Cavabdeh MMC tərəfindən verilmiş 099 №-li yol vərəqəsinin surəti əlavə olunmuş, həmin yol vərəqəsinə əsasən, X12 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası ərazisində **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək icazəsi verilmişdir. Bundan sonra iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş X19 avtomobilin onun istifadəsində verildiyi gün yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının sahibliyində olan nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. X2 idarə etdiyi “Chevrolet Cruze” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən zaman sığoryalı olmadığından ona sığorta təminatı verilməmişdir. Hazırda iddiaçı dəymiş zərərin əvəzini yalnız yol vərəqəsi ilə X12 avtomobili idarə etmək səlahiyyəti verən Cavabdeh MMC-dən tələb edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən cavabdeh vurduğu ziyanın əvəzini iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zaman avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli 9/444 saylı ekspert rəyindən görünür ki, “Surra avtomobillərə servis xidmət məntəqəsi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1994-cü il buraxılışlı “Mercedes Benz 308 D” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri təxminən 8764 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini, məhkəmə qərardadları ilə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsini, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə rəyin mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmasını, rəyin tədqiqat hissəsi ilə nəticə hissəsinin uyğun olmasını nəzərə alan məhkəmə hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli 9/444 saylı rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli avtomobilə vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 8764 (səkkiz min yeddi yüz altmış dörd) manat həddində müəyyən edilməlidir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 113 (yüz on üç) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 108 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddiaçı həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 1180 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli 878 №-li müqavilədən görünür ki, İddiaçı Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən mülki iş üzrə hüquqi yardım göstərilməsi haqqı qarşılıqlı razılıqla 1180 manat müəyyən edilmişdir. İddiaçının hazırkı məhkəmə mübahisəsinə görə peşəkar hüquqi xidmət alması işin mübahisəsiz halıdır. İddiaçı məhkəmədə Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən təmsil olunmuşdur. İddiaçı tərəfindən vəkil xidmətlərinin dəyəri ilə bağlı mədaxil qəbzi təqdim edilmişdir. Həmin qəbzdən görünür ki, iddiaçı tərəfindən 1180 (min yüz səksən) manat ödəniş edilmişdir. Prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına əsasən nümayəndələrə və vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin məsrəflər də digər məhkəmə xərcləri kimi ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilir. Qanunvericilik eyni zamanda məhkəmənin üzərinə nümayəndəyə və ya vəkilə ödənilmiş xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə ağlabatan məbləğdə tutulması vəzifəsi qoyur. Konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Göründüyü kimi hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı və xeyrinə qətnamə çıxarılan tərəfə verilməlidir. Məhkəmə vəkilin hazırki iş üzrə göstərdiyi hüquqi yardıma görə tələb etdiyi xərcin işin konkret halları və həcmi baxımından ağlabatan məbləğ hesab etmir və bu hissədə tələbin tam təmin edilməsini əsaslı hesab etmir. Belə ki, cavabdehin əmlak mənafeləri, habelə iddia tələbinin həcmi nəzərə alınmalıdır. Cavabdehin həddindən artıq maliyyə məsuliyyətinə cəlb olunması yolverilməzdir. Buna görə də məhkəmə hüquqi yardıma görə xərcin əvəzinin 600 (altı yüz) manat müəyyən olunmasını ağlabatan hədd kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 8764 (səkkiz min yeddi yüz altmış dörd) manat, hüquqi yardıma görə ödənilmiş 600 (altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 108 (yüz səkkiz) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, Cavabdeh MMC-dən 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X17 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 8764 (səkkiz min yeddi yüz altmış dörd) manat, hüquqi yardıma görə ödənilmiş 600 (altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 108 (yüz səkkiz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X17 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar