Məhkəmə qərarları › İş №e-2(005)-690/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-690/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-690/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyan kimi 22000 (iyirmi iki min) manat, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat, etibarnamə verilməsi üçün ödənilmiş 19,75 (on doqquz manat yetmiş beş qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 156,40 (bir yüz əlli altı manat qırx qəpik) manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Zəngilan rayonu, Mincivan qəsəbə ərazi idarəsi, Mincivan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hal-hazırda Bakı şəhəri, N.Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 35, mənzil 24-də yaşayır. X2 doğma atasıdır. İş üzrə Cavabdeh isə onun qonşusu olmuş və onunla mərhum atasının münasibətləri olmuşdur. X3 2012-ci ildə özünə məxsus “Mercedes” markalı avtomobili 8000 ABŞ dollarına satmaq istəmiş, həmin vaxt onunla qonşuluqda yaşayan Cavabdeh həmin avtomobili almaq istədiyini və avtomobilin pulunu təxminən 1,5 ay müddətinə ödəyəcəyini bildirmişdir. Muradın Bakı şəhəri, Nərimanov rayonu ərazisində yuyucu maddələrin satışı ilə məşğul olan mağazası olduğu üçün atası Murada inanaraq, həmin avtomobili sonuncuya satmaq qərarına gəlmişdir. 2012-ci ilin yay aylarında avtomobili, o, baş etibarnamə ilə Murada Bakı şəhəri, Xətai rayonunda yerləşən notariusda satmış, lakin Murad atasını aldadaraq, beş ay müddət ərzində ona ümumilikdə 3640 (üç min altı yüz qırx) ABŞ dolları vermiş, həmin məbləği Murad ona verəndən sonra yoxa çıxmış və istifadəsində olan mobil telefonları söndürmüş, təxminən 2014-cü ilin əvvəllərində, o, təsadüfən Muradı Bakı şəhərində görmüş, həmin vaxt o, Muraddan öz pulunu tələb etmiş, Murad ona “BMW” markalı avtomobili olduğunu, həmin avtomobili banka girov qoyub pul götürüb onun pulunu tam şəkildə bağlayacağlarını bildirmiş, bundan sonra o, Muradla yenidən görüşmüş və sonuncu həmin “BMW” markalı avtomobili ona göstərərək, avtomobili banka girov qoymasına icazə verməsi üçün avtomobilin sahibinə 1500 manat pulun verilməli olduğunu bildirmiş, o, yenidən Murada inanmış və 1500 manat pulu 2014-cü ildə Bakı şəhəri, Nərimanov rayonunda vermiş, həmin avtomobillə onlar Bakı şəhərində yerləşən banklardan birinin qarşısına gəlmişdirlər. Cavabdeh banka daxil olmuş, bankdan çıxandan sonra avtomobili sığorta etmək lazım olduğunu və bundan sonra banka girov qoya biləcəyini bildirmiş, onlar Muradla birlikdə avtomobillə bankdan sığorta şirkətinə gedən zaman avtomobilin mühərriki xarab olmuş, bundan sonra həmin avtomobili onlar evakuatorla Bakı şəhəri, Binəqədi rayonunda yerləşən avtoservisə aparmışlar. Həmin avtoservisdə avtomobilin təmirinə 2000 manat pul istəmişlər, lakin sonradan 1000 manat miqdarında olan mühərriklə dəyişdirəcəklərinə söz vermişlər və həmin mühərriyi avtomobilə qoymuşlar, lakin Muradın ödəniş üçün 1000 manat pulu olmadığından həmin avtomobili servisdən götürə bilməmişdir. Bu hadisədən bir müddət sonra, atası avtoservisə gəldikdə, həmin servisdən avtomobilin Murad tərəfindən götürüldüyü bildirilmişdir. Atası cavabdehin əlaqə nömrəsi dəyişdirildiyindən onunla əlaqə saxlaya bilməmiş və yenə təsadüfi olaraq 2018-ci ilin sentyabr ayında Bakı şəhərində görmüş və sonuncudan yenidən öz pulunu tələb etməyə başlamış, Murad ona əlində satmağa olduğunu, həmin malı realizə edib pulu qaytaracağını bildirmişdir, lakin onun vəziyyəti pis olduğuna görə, Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK-da özünə məxsus evi satmaq istəyini Murada bildirmiş, Murad da ona müştəri tapacağını demiş, bir həftə sonra əlində nağd pulu olmadığı üçün yuyucu maddələrlə barter edilməsini təklif etmiş, bundan əlavə Murad ona həmin yuyucu maddəni özü realizə edəcəyini və bundan da gəlir əldə edib köhnə borcunu qaytaracağını bildirmişdir. Beləliklə o vasitəçi şəxslə görüşmüş və həmin şəxsin X8 olduğu bilmiş və sonuncu alverini Muradla edəcəyini bildirmişdir. O, Səfərlə evin pulunu Muraddan tələb edəcəyini, çünki onun yuyucu maddələrdən başının çıxmadığını bildirmişdir. xx.xx.2018-ci il tarixdə o, ünvan 3 ünvanında yerləşən evini müqavilə əsasında "xxxx" MTK-nın ofisində X9 29000 (iyirmi doqquz min) manata satmış, həmin evin pulundan hissə-hissə Murad ona 4000 manat pul vermiş, Murada satdığı “Mersedes” markalı avtomobilin pulunu, yəni 4360 ABŞ dollarını və “BMW” markalı avtomobilə xərclədiyi 1500 manat məbləğində pulu Murad ona qaytarmış, onun Murada qarşı şikayət və tələbi özünə məxsus ünvan 4 ünvanında yerləşən evinin Cavabdeh tərəfindən dələduzluq yolu ilə keçirilməsi ilə bağlı olmuş və Muradın ona 25000 manat ödənişi qalmışdır. Daha sonra X2 xx.xx.2019-cu ildə vəfat etmiş, o, İddiaçı mərhum atasının vərəsəsi kimi tanınmışdır. Təqsirləndirilən şəxs Cavabdeh vurduğu 29000 (iyirmi doqquz min) manat puldan istintaq dövründə iş üzrə Cavabdeh adından ona 6000 (altı min) manat və məhkəmə iclasında isə 1000 (bir min) manat ödəmişdir. Hal-hazırda iş üzrə Cavabdeh 22000 manat borcu qalmışdır. Göstərilən hadisə ilə əlaqədar Cavabdeh AR CM 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət işi açılmış, Abşeron Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 1(012)- 259/2020 saylı hökmünə əsasən Cavabdeh AR CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mərhum X3na vurulmuş ziyan cinayət işi materialları ilə də tam sübuta yetirilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron rayon Məhkəməsinin 1(012)-259/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir; Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X5 etibarından sui-istifadə edərək, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1a ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin “J” blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 53,02 kv.m izolə olunmuş 01 otaqdan ibarət 29 №-li mənzili aralarında olan razılaşmaya əsasən ünvan 6 ünvanında yerləşən "xxxx" MTK-nın ofisində X9 29000 manata sataraq, oğlu Gərayzadə Kənanın adına rəsmiləşdirilmiş və Səfər Nəbiyevdən mənzilin pulunun əvəzinə həmin məbləğdə kimyəvi yuyucu vasitələr alaraq, onu satıb 10 gün müddətində Rövşən Cavadova mənzilin dəyərini ödəyəcəyinə dair yalandan vəd verərək, inandırıb aldatmış, həmin məhsulları satmasına baxmayaraq, vədinə əməl etməyib Rövşən Cavadovun 29000 manat məbləğini xeyli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-133/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh AR CM-nin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin 1(012)-259/2020 saylı, 31 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin əvvəli həbs edildiyi 13 dekabr 2019-cu il tarixdən hesablanmışdır. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ünvan 7 ünvanında qeydiyyatda olmuş X5 vərəsəlik işi ilə əlaqədar olaraq bildirilmişdir ki, mərhumun oğlu- İddiaçı miras əmlakın qəbulu üçün yazılı ərizə ilə müraciət etmiş vərəsəsidir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Nümayəndə müqavilə üzrə 500 (beş yüz) manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli qəbzə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 156,40 (bir yüz əlli altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin 1(012)-259/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-133/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh AR CM-nin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin 1(012)-259/2020 saylı, 31 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin əvvəli həbs edildiyi 13 dekabr 2019-cu il tarixdən hesablanmışdır. İddiaçı hazırda cavabdeh tərəfindən aldatma yolu ilə ələ keçirdiyi ona məxsus maddi ziyan kimi 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaitinin qaytarmadığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat, etibarnamə verilməsi üçün ödənilmiş 19,75 (on doqquz manat yetmiş beş qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 156,40 (bir yüz əlli altı manat qırx qəpik) manat məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Bununla belə məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməli, Cavabdeh maddi ziyan kimi 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat, etibarnamə verilməsi üçün ödənilmiş 19,75 (on doqquz manat yetmiş beş qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 156,40 (bir yüz əlli altı manat qırx qəpik) manat” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissələrdə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyan kimi 22000 (iyirmi iki min) manat, məbləğində pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat, etibarnamə verilməsi üçün ödənilmiş 19,75 (on doqquz manat yetmiş beş qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 156,40 (bir yüz əlli altı manat qırx qəpik) manat alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pul, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat, etibarnamə verilməsi üçün ödənilmiş 19,75 (on doqquz manat yetmiş beş qəpik) manat tutularaq İddiaçı verilsin. Ödənilmiş 156,40 (bir yüz əlli altı manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar