Məhkəmə qərarları › İş №e-2(005)-694/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-694/2025

10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-694/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1213 manat pulun və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 100x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki,İddiaçı MMCnin – OBA Nərimanov 19 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 2516 manat 38 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1213 manat 0 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh məhkəməyə ərizə təqdim edərək araşdırma aparılması və X1 Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin açılması üçün istintaq orqanına məlumat göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi olan adıçəkilən məbləğ onun yox, həmin dövrdə marketdə kassir işləmiş və daha sonra heç bir səbəb olmadan marketin digər əməkdaşı X3 ilə bilərəkdən mübahisə yaradaraq, işdən çıxmış X4 tərəfindən mənimsənilmişdir. Belə ki, Nəzirli Bəhram 2023-cü ilin yanvar-fevral aylarının müxtəlif günlərində kassaya vurub, sonradan ləğv etmək yolu ilə (iadə) bir neçə dəfə məhsulların pulunu mənimsəmişdir. Halbuki, heç bir məhsul geri qaytarılmamış, Bəhram dələduz şəkildə pulları mənimsəmək üçün bu üsuldan istifadə etmişdir. Bu üsulla o, marketə 1000-1500 azn ziyan vurmuşdur. Eyni zamanda Bəhram digər İddiaçı filalına (və ya filallarına) da eyni üsulla bir xeyli ziyan vurmuşdur. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia əsassızdir, belə ki, iddia edilən maddi zərər onun tərəfindən vurulmamışdır. Maddi ziyan onun tabeliyində olan satıcı-kassir vəzifəsində çalışan Nəzirli Bəhram tərəfindən vurulmuşdur. Bu halı təsdiq edən sənədlər və oğurluq anının görüntüləri mövcuddur. Ötən ilin fevral ayından o, polisə müraciət edib. İş təhqiqatçıya verilib və 2 ay təhqiqatçıda qalıb. Ona bildiriblər ki, axtarış aparılır, sonra isə həmin şəxsin tapılmadığı bildirilib, iş hazırda prokurorluqdadır. İddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, cavabdehin izahatını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən “Satış Departamenti-Satış şöbəsinə satıcı-kassir” vəzifəsinə 1 ay müddətinə işə götürülmüşdür; - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixindən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi və əmək haqqının ştat cədvəlinə əsasən 300 manat olmaqla ödənilməsi qərara alınmışdır; - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli əmrdən çıxarışının surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixindən administrator vəzifəsinə keçirilmişdir; - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixindən administrator vəzifəsinə keçirilmişdir; - İddiaçı MMC-nin Cavabdeh ilə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: Ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır. İşəgötürənə öhdəsində olan, maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabat aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə taqdim etməlidir. Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. İnzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi və cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. İşəgötürən isə işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması və görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi qəbul edilmiş qaydalar əsasında inventarizasiyasını həyata keçirməlidir; - Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh və X2 müraciətləri əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Nərimanov RPİ-nin istintaq şöbəsinə göndərilmişdir; - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, “OBA-Nərimanov 19” filialında xx.xx.2023-cü il tarixdə növbədənkənar inventarizasiya aparılmış, yoxlama dövrü 207 günü əhatə etmişdir; - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh-Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır; - İddiaçı MMC-də çalışmış Cavabdeh Rəis oğlunun maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlanması barədə xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Rəis oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixdə 2516,38 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dördə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 1213 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh Rəis oğlunun xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 1213 manat təşkil edir; -İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli imtina aktının surətindən görünür ki, Cavabdeh inventarizasiya aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-2516,39 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir; - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən cavabdeh borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişdir; - ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, tərəflər arasında razılıq əldə olunmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında iddiaçı MMC-də satıcı kassir vəzifəsində işə başlamışdır. xx.xx.2022-ci il tarixində administrator vəzifəsinə keçirilmişdir. Cavabdehin işlədiyi mağazada xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlaması nəticəsində 1213 manat əskikgəlmə aşkar edilmişdir. Hazırda iddiaçı cavabdehin tam maddi məsuliyyət daşımasına əsaslanaraq vurulmuş zərərə görə 1213 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə zərərin onun tərəfindən deyil, kassir tərəfindən vurulduğuna, eləcə də iddia müddətinin ötürüldüyünə istinad edərək iddiaya etiraz edir. Məhkəmə ilk növbədə qeyd edir ki, müəssisəyə 1213 manat zərərin vurulması işin mübahisələndirilməyən halıdır. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh müvafiq əskikgəlmələrin olduğunu qəbul etmiş, lakin bunu onun təqsiri ucbatından deyil, onun administrator işlədiyi mağazada çalışan satıcı tərəfindən vurulduğunu bildirmişdir. Cavabdehlə işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırki mülki iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normaları nəzərdən keçirilməlidir: Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda; Maddə 192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, tam maddi məsuliyyət haqqında müqavilələr bütün işçilərlə deyil, yalnız saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzərinə götürən, yəni maddi sərvətlərə bilavasitə xidmət göstərilməsi ilə bağlı vəzifələr tutan, yaxud işləri yerinə yetirən işçilərlə bağlanılır. Başqa sözlə, maddi məsuliyyətin əsası qismində işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığının təmin edilməməsi çıxış edir. Hazırki iş üzrə cavabdeh kassirin malları satarkən satışa vurmadığını, bununla da müəssisəyə zərər vurduğunu qəbul etmişdir. Mağazada olan malların qayğısına qalmaq, ziyankarlığa qarşı mübarizə aparmaq, ona etibar edilmiş əmlakların dəqiq hesabatını aparmaq əmək və maddi məsuliyyət müqaviləsinə əsasən cavabdehin vəzifələrinə aid edilmişdir. Beləliklə, cavabdeh iddiaçı şirkətə vurulmuş zərərə görə məsuliyyət daşımışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli Qərarına görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Lakin məhkəmə, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təqdim edilməsi səbəbindən iddia müddəti ilə bağlı məsələnin araşdırılmasını zəruri hesab edir. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırda tərəflər arasında əmək münasibətləri mövcud olduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş müddətlər tətbiq edilməlidir. Həmin Məcəllənin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. Hazırki tələb işçinin işəgötürənə vurduğu zərərlə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə istinad olunmalıdır. Həmin maddəyə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən iddia edilən pozuntu xx.xx.2023cü il tarixdə aşkar edilmişdir. Həmin tarixdə yoxlama keçirilmiş və müvafiq əskikgəlmələr aşkar olunmuşdur. İddiaçı mediasiyanın tətbiqi barədə qarşı tərəfə xx.xx.2024-cü il tarixdə bildiriş göndərmiş, mediasiya arayışı xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, lakin iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan başlanmış sayılır. “Mediasiya haqqında” Qanunun iddia müddətinin axımının dayandırılmasını müəyyən edən 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Göründüyü kimi, hazırki iş üzrə iddia müddətinin axımı xx.xx.2023-cü il tarixindən başlamış, xx.xx.2024-cü il tarixdə dayanmış, xx.xx.2024-cü il tarixində yenidən bərpa olunmuşdur. 1 illik iddia müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə 1 il ərzində müraciət etməli olduğu halda, həmin müddəti ötürməklə, 6 ay sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası, eləcə də həmin tələbdən asılı olan mediasiya xərcinə görə ödənilmiş pulun tutulması tələbi təmin edilməməlidir. Məhkəmə cavabdehin X4 barəsində xüsusi qərardad çıxarılmasına dair ərizəsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsas müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, hər bir halda Cavabdeh müraciəti əsasında toplanmış material üzrə araşdırma başlanmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar