Məhkəmə qərarları › İş №e-2(005)-725/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-725/2023

28.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-725/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əmlaka vurulmuş zərərin əvəzi olaraq 6491 manatın, inzibati xətaya görə ödənilmiş 290 manatın və ödənilmiş 88 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 59/21 sayılı daxili maliyyə sublizinq müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobil lizinqə verilmişdir. Göztərilən avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmaqla etibarnamə əsasında İddiaçı MMC çıxış etmişdir. Müvafiq olaraq Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, 59/21 sayılı daxili maliyyə sublizinq müqaviləsi üzrə Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobilin ümumi dəyəri 15635 manat təşkil etmişdir. Tərəflər arasında bağlanan müqaviləyə əsasən cavabdeh 23 ay müddətinə hər ay 545 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı lizinq obyekti olan "xxxx" MMC-yə məxsus olan və Cavabdeh1 lizinqə verilmiş Hyundai Accent markalı, **- PY-*** dövlət nömrə nişanlı avtomobil yararsız hala düşmüşdür. Buna dair müvafiq sənədlər, Nərimanov rayon Prokkurorluğunun 16.05.202-ci il tarixli“ material üzrə cinayət təqibinə xitam verilməsi haqqında Qərar, xx.xx.2022-ci il tarixli, 078-14096-1222 saylı Arayış və s. Nərimanov rayon Prokkurorluğunun 16.05.202-ci il tarixli “material üzrə cinayət təqibinə xitam verilməsi haqqında Qərarında yol nəqiyyat hadisəsinin baş verməsində hər iki şəxsin məsuliyyəti müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci, Cavabdeh1 əməlində isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci bəndinin tələblərinin pozulması müəyyən edilmiş və hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün sənədlər Nərimanov rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Göründüyü kimi hər iki şəxsin qanuna zidd əməlləri nəticəsində 15635 manat dəyəri olan Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobil yararsız hala düşmüşdür. Hadisə zamanı Xalq sığorta təşkilatı tərəfindən mülkiyyətimizdə olan avtombilə dəyən zərərə görə 3285 manat pul ödənilməsi nəzərdə tutulmuşdur. Lakin avtomobil tam yararsız vəziyyətə düşdüyü üçün onun təmir edilməsi mümkün olmamışdır. Yararsız vəziyyətdə olan avtomobil xx.xx.2022-ci il tarixli akta əsasən X1 tərəfindən 1300 manata alınmışdır. Lizinq ödənişləri üzrə cavabdehlərdən lizinq alan Cavabdeh1 tərəfindən 12 535 manat lizinq ödənişindən ümumilikdə 1574 manat pul ödənilmişdir. Avtomobil isə yararsız hala düşdüyü üçün 1300 manat satılmışdır. Sığorta tərəfindən isə 3285 manat pul ödənilməsi qərara alınmışdır. Bu hesabla avtomobilin ümumi lizinq dəyərinin 6159 manatı ödənilir lakin 6491 manat lizinq ödənişi qalmışdır. Həmçinin avtomobili idarə edən zaman Cavabdeh1 törətdiyi inzibati xətaya görə yazılmış 290 manat inzibati cərimə də İddiaçı MMC tərəfindən ödənilmişdir. Bu hesabla cavabdehlərin iddiaçıya 6781 manat borcu yaranır. xx.xx.2022-ci il tarixli, 84/22 saylı maliyyə arayışından da göründüyü kimi cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 2200 manat ödəməli olduğu halda cəmi 1574 manat pul ödəmişdir. xx.xx.2022-ci il tarixindən sonra isə avtomobil yol nəqliyyat hadisəsi zamanı yararsız hala salınmış və bundan sonra heç bir ödəniş edilməmişdir. Yol nəqliyyat hdisəsi hər iki cavabdehin təqsiri üzündən baş veridiyi üçün cəmiyyətə dəymiş zərər hər iki şəxs tərəfindən müştrək qaydada ödənilməlidir. İddiaçı MMC mülkiyyətində olan avtomobili yararsız hala salan şəxslər yol nəqliyyat hadisəsi zamanı özlərinə dəyən zərəri qarşılıqlı şəkildə ödəsələrdə "xxxx" MMCə dəyən zərəri ödəməkdən yayınırlar. Cavabdehlərə göndərilən xəbərdarlıqlara cavab verilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini9n təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi yazılı etiraz ərizəsinə uyğun izahat verərk bildirdi ki, iddia ərizəsinin məzmununda da iddiaçı qeyd etmişdir ki, sığorta şirkəti tərəfindən 3285 manat avtomobilə dəymiş ziyana görə lizinq alana ödəniş olunmuşdur. Lakin, lizinq şirkəti həmin avtomobili yararsız hesab edərək başqa müştəriyə 1300 manat dəyərində satmışdır. Belə olduğu təqdirdə əgər lizinq şirkəti sığorta ödənişi ilə razı deyildisə bununla bağlı sığorta şirkətinə məlumat verməli və avtomobilin yararsız olduğuna görə sığorta ödənişinin tam ödənilməsini tələb etməli idi. Əgər sığorta şirkəti sığorta ödənişini tam ödəməkdən boyun qaçırsaydı o halda sığorta şirkətini məhkəməyə verib dəymiş ziyanı həmin sığorta şirkətindən tələb etməli idi. İddiaçı MMC-nin Cavabdeh2 dəymiş ziyanı tələb etməyə subyektiv hüququ yoxdur. Hadisə zamanı Cavabdeh2 da avtomobilinə xeyli miqdarda ziyan dəymiş və həmin ziyana görə Elvinə 5000 manat ödəniş edilmişdir. Elvin ona edilmiş 5000 manat məbləğində ödənişin 2200 manatını digər Cavabdeh1 vermiş və bildirmişdir ki, həmin pulu lizinq ödənişi üçün ödəsin. Elvin həmin pulu Zahidə verməkdə məqsədi Zahidin maddi vəziyyətinin çox zəif olması olub. Lakin, Zahid həmin pulu lizinq şirkətinə ödəməkdən yayınaraq özünə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 59/21 nömrəli daxili maliyyə sublizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. Həmin müqavilənin 5.2-ci bəndində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq obyekti Lizinq alana təhvil verildiyi andan Lizinq alan daşıyır. Lizinq obyekti tərəflər arasında təhvil-təslim aktı imzalanan kimi sığortalanmalıdır. Lizinq alan sığorta ödənişlərini sığorta agentinə nağd ödəməyi öz öhdəsinə götürür. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, yol-nəqliyyat hadisəsindən sonra ayağından xəsarət aldığı üçün rayona gedib. Onsuz da pis olan maddi vəziyyəti, hadisədən sonra daha da çətinləşib. İddiaçı lizinq obyektinin məhv olduğunu iddia etsə də, buna inanmır. Lizinq obyekti əslində ona təhvil verilməli idi, əgər obyekt məhv olmuşdursa onun iştirakı ilə qiymətləndirmə, təhvil-təslim həyata keçirilməli idi. Digər cavabdehin ona verdiyi pulun məbləğini dəqiq xatırlamır, lakin müalicəsinə xərclədiyi üçün lizinq ödənişlərini etməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AE seriyalı 130492 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. - xx.xx.2021-ci il tarixli etibarnamədən müəyyən olunur ki, "xxxx" MMC “Hyundai Accent” markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobili İddiaçı MMC-yə 3-cü şəxslərə etibarnamə verməyə icazə verilmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. - Lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2022-ci il tarixli 59/21 saylı Daxili maliyyə sublizinq müqaviləsindən görünür ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş “Hyundai Accent” markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobiliin dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində müəyyən haqq müqabilində lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Lizinq verən isə müqavilə üzrə müəyyənləşdirilomiş məbləğdə və qaydada lizinq ödənişlərini etməyi öhdəsinə götürür. - Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 lizinq obyektinin lazımi qaydada yoxlanıldığını və yoxlama zamanı heç bir qüsur aşkar edilmədiyini, lizinq müqavilənin 23 ay müddətinə bağlanıldığını, 17 aylıq kasko sıöortanı ödəyərək qalan son 6 aylıq kasko dəəyərini ödəmədiyini, bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. - 15 yanvar 2022-ci il tarixli 59/21 saylı Daxili maliyyə sublizinq müqaviləsinə 3 saylı əlavə - təhvil təslim aktından müəyyən olunur ki, lizinq verən Hyundai Accent markalı, **- PY-*** dövlət nömrə nişanlı avtomobili lizinq alana təhvil verdiyiniŞ lizinq alan isə əmlakı qüsursuz təhvil aldığını öz imzaları ilə təsdiq etmişlər. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, sığorta ödənişi İddiaçı MMC-yə ödəniləcəyi halda lizinq alan Cavabdeh1 və digər Cavabdeh2 İddiaçı MMC-yə vurduğu maddi zərərin ümumi məbləği 6201 manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı MMC-yə vurulmuş 6781 manat zərərin 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda pulun tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, X2 "xxxx" MMC-yə məxsus olan, yol nəqliyyat hadisəsi nəticəsində istifadəyə yarasız vəziyyətdə olan Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobilin qalıqlarını 1300 manata "xxxx" MMCdən satın almışdır. - Nərimanov Rayon Prokkurorluğunun 16.05.202-ci il tarixli “material üzrə cinayət təqibinə xitam verilməsi haqqında qərarına əsasən Cavabdeh2 əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci, Cavabdeh1 əməlində isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci bəndinin tələblərinin pozulması müəyyən edilmiş və hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün sənədlər Nərimanov rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. - "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, "xxxx" MMC-yə məxsus Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobilinə xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Ziyanın aradan qaldırılması üçün ayrılmış 6570 manat puldan 50% çıxıldıqdan sonra qalan 3285 manat maddi vəsaitin "xxxx" MMC-nin göstərilən bank hesabına köçürülməsi xahiş olunmuşdur. - xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin tarixli TP ******* nömrəli qərardan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobili idrarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və barəsində 60 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Cavabdeh1 15 yanvar 2022-ci il tarixli 59/21 saylı Daxili maliyyə sublizinq müqaviləsi ilə İddiaçı MMCdən Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobili lizinqə götürmüşdür. Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmaqla etibarnamə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş, bundan sonra isə avtomobil təhvil-təslim aktı ilə Cavabdeh1 təhvil verilmişdir. Həmin avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “Mercedes Benz GL 350 CDİ – minik” markalı avtomobillə toqquşmuşdur. Həm Cavabdeh1, həm də Cavabdeh2 hadisə nəticəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddələri ilə təqsirli bilinmişlər. Hadisə nəticəsində “Hyundai Accent” markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobil istifadəyə yararız vəziyyətə düşmüş və qalıqları avtomobilin mülkiyyətçisi olan "xxxx" MMC-dən 1300 manata alınmışdır. "xxxx" MMC avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ayrılmış 6570 manat pulun 50%-nin, yəni 3285 manat pulun ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Hazırda İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaka vurulmuş zərərin əvəzi olaraq 6491 manat pulun, həmçinin inzibati xətaya görə ödənilmiş 290 manat pulun ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə maddi zərərin əvəzi olaraq 6491 manat pulun ödənilməsi hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, həmin məbləğ lizinq müqaviləsi üzrə müddətin bitməsinə qədər olan dövr ərzində ödənilməsi razılaşdırılmış lizinq ödənişlərinin cəmidir. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində lizinq obyektinin məhv olduğunu, buna görə də qalan lizinq ödənişlərinin dəymiş zərər olduğunu iddia edir. O bildirir ki, lizinq obyektinin yararsız vəziyyətə düşdüyündən cəmi 1300 manat məbləğə satılıb. Lizinq obyekti artıq mövcud olmadığına görə mülki işin məhkəmədə baxıldığı dövrdə həmin nəqliyyat vasitəsinin qiymətləndirilməsini aparmaq mümkün olmamışdır. İddia ərizəsindən görünür ki sığorta şirkəti lizinq obyektinə dəymiş zərərə görə 3285 manat məbləğində ödənişi həyata keçirmişdir. İddiaçı bu məbləği mübahisələndirməmiş,nəqliyyat vasitəsi yararsız vəziyyətə düşdüyü hazırda iddia edilsə də, tam sığorta məbləğinin ödənilməsi tələb edilməmişdir. Eyni zamanda məhkəməyə nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı rəy təqdim etməmişdir. Məhkəmə iclas zalında izahat verən Cavabdeh1 izahatından, həmçinin məhkəməyə təqdim edilmiş avtomobilin yararsız vəziyyətdə satılması barədə aktdan görünür ki, aktın tərtib edilməsində yalnız iddiaçı və avtomobili alan şəxs iştirak etmişdir. Belə olan halda nəqliyyat vasitəsinin yararsız vəziyyətə düşməsini işin mübahisəsiz halı kimi qəbul etmək və lizinq obyektinə dəymiş zərəri hesablamaq mümkün olmadı. Məhkəmə bu qənaətə gəlir ki, qalan lizinq ödənişi olan 6491 manat məbləğində pul vəsaitinin yalnız avtomobilin cavabdehin istifadəsində olduğu 4 ay üçün ödənilməli olan 2200 manatın ödənilməyən 626 (550*4-1574=626) manat həddində ödənilməlidir. Məhkəmə Cavabdeh1 barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirinə görə ödənilmiş 290 manat pulun Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən belə tənbeh tədbirlərinin Cavabdeh1 barəsində təbiq edilməsi və edilmiş ödənişlərin İddiaçı MMC tərəfindən həyata keçirilməsini təsdiq edən hər hansı sübut məhkəmə təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyindən, iddia tələbi lizinq müqaviləsi üzrə ödənilməmiş borcun Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində əsaslıdır və bu hissədə təmin edilməli, Cavabdeh1 626 manat pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə Cavabdeh2 münasibətdə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı MMC avtomobillə bağlı lizinq müqaviləsini Cavabdeh2 deyil, Cavabdeh1 bağlamışdır, Cavabdeh2 İddiaçı MMC qarşısında müqavilə üzrə, və ya hər hansı formada öhdəlik daşımır, nəqliyyat obyektinə dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilməmiş, sığorta şirkətinin ödədiyi məbləğ mübahisələndirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin edilən hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumuna görə 30 manat pul Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 15 yanvar 2022-ci il tarixli 59/21 saylı daxili maliyyə sublizinq müqaviləsi üzrə ödənilməmiş 626 manat məbləğində pul, həmçinin ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30 manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar