Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-73/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, “Gilan Holding” Şirkətlər qrupuna (LPO Cavabdeh2 MMC), Cavabdeh3 MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi, X30, X20, X10, X16, X17, X18, X21, X11, X6, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə dair ərizəsinə; Müstəqil iddia irəli sürən üçüncü şəxslər X7 və X19 cavabdehlər Cavabdeh1 MMC, “Gilan Holding” Şirkətlər qrupuna və Cavabdeh3 MMC-yə qarşı “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC, “Gilan Holding” Şirkətlər qrupundan və qeyrilərindən onun mənzillərinin yerində inşa edilən binanın özbaşına tikinti hesab edilərək sökülməsi, şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillərin naturada bərpasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillər xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlər Cavabdeh1 MMC və “Gilan Holding” şirkətlər qrupu (yeni adı: Cavabdeh2 MMC) 2012-ci ildə, faktiki sahəsi 850 kvadrat metr, rəsmi sənədlərdə 450 kvadrat metr olan ona məxsus həmin mənzilləri və qeyri-yaşayış sahələrini söküb dağıtmaqla, onu şəxsi mülkiyyətindən məhrum ediblər. O, ümid edib ki, cavabdehlər ona vurduqları ziyanı ya ödəyər, ya da dağıtdıqları mülklərini (mənzillərini və qeyri-yaşayış sahələrini) naturada bərpa edərlər. 5 sentyabr 2020-ci ildə ona tam məlum oldu ki, cavabdehlər öz öhdəliklərini yerinə yetirmək fikrində deyillər. Son 3 (üç) ildə səbrlə gözləmiş, cavabdehlərin öz məsuliyyətlərini dərk edəcəklərinə, ona vurduqları ziyanı aradan qaldıracaqlarına ümid etmişdir. Ancaq onlar bunu etməmişlər. Hər dəfə vəd verib vədlərinə əməl etməyiblər. İddiaçı qeyd etmişdir ki, onun mənzilinin dağıdılmasında ikinci cavabdeh “Gilan Holding” şirkətlər qrupunun nümayəndəsi kimi İbrahim adlı şəxs iştirak edib. Həm də o bunu açıq şəkildə, dövlət orqanlarının, məhəllə camaatının gözü qarşısında və Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələrinin, İcra Başçısının müavini Şahmar adlı şəxslə birlikdə edib. Cavabdehlər ona məxsus mənzilləri və obyektləri söküb, ona məxsus mənzillərin yerində, qanunsuz olaraq 16 mərtəbəli, çoxmənzilli bina tikiblər. Cavabdehlərin söküb yerində 16 mərtəbəli bina tikdikləri onun mənzillərinin və obyektlərinin sahəsi rəsmi sənədlərdə 460 kvadrat metr olsa da, faktiki sahəsi 850 kv metr olub. Həmin vaxt iddiaçını bütün dövlət orqanlarında, idarə və təşkilatlarda, məhkəmələrdə təmsil etmək, məhkəmələrdə iddia qaldırmaq, adından ərizələr yazmaq, imzalamaq, müqavilələr bağlamaq və s. işlərini aparmaq üçün hüquqşünas X12 xx.xx.2009-cu il tarixli 25 illik etibarnamə vermişdir. Bunu həm də ona görə etmişdir ki, həmin mənzilləri o, Q.Məmmədov və onun həyat yoldaşı X1 almışdır və belə razılaşmışlar ki, həmin mənzillər onun xüsusi mülkiyyətində olsa da, o vaxt qüvvədə olan qanunlara əsasən, X20 və bütün ailə üzvləri həmin mənzillərdən daimi istifadə hüquqlarını saxlayırlar. Onlar arasında bu barədə rəsmi razılaşma var idi. Onlar yalnız onun mənzillərinin haqqını ona tam ödədikdən sonra mənzilləri tərk etməli idilər. Ona görə də, cavabdehlərlə iddiaçının adından bütün danışıqları o aparırdı. Q.C.Məmmədovun cavabdehlərlə apardığı danışıqlar əsasında belə razılıq əldə edilmişdi ki, cavabdehlər tərəfindən mənzillərlə təmin edilməklə, onun və ailə üzvlərinin ona məxsus həmin mənzillərdən köçürülməsindən sonra, cavabdehlər onunla danışıqlar aparıb ona vurduqları ziyanı ödəməli idilər. Cavabdehlərlə Q.C.Məmmədov və xanımı M.Ə.Məmmədova arasında bağlanmış, 25 yanvar 2012-ci il tarixli müqaviləyə əsasən, ümumi sahəsi 320 kv/metr olan mənzillərə və sahəsi 330 kv.metr olan qeyri-yaşayış sahəsinə (obyektlərə), cəmi sahəsi 650 kv. metr olan mülklərinə 2 290 000 (iki milyon iki yüz doxsan min) manat, o vaxtın məzənnəsi ilə, 2 935 897 (iki milyon doqquz yüz otuz beş min səkkiz yüz doxsan yeddi) ABŞ dolları məbləğində qiymət qoyulmuşdu. Əslində, bu məbləğ, X20 və həyat yoldaşı X10 ilə, onların özlərinin və ailə üzvlərinin onun mənzilində olan daimi yaşayış hüquqlarının qiyməti kimi müəyyən edilmişdi. Yəni, cavabdehlər Q.C.Məmmədovun ailəsini, ya yeni mənzillərlə təmin etməli, ya da onların həmin mənzillərdən daimi istifadə hüququnun əvəzi olaraq onlara 2 935 897 ABŞ dolları ödəməli idilər. İddiaçının mülkiyyət hüquqları ilə bağlı danışıqlar isə sonra aparılmalı idi. Lakin cavabdehlər mənzilləri söküb dağıtdıqdan sonra, müxtəlif bəhanələrlə öhdəliklərindən yayınmağa başladılar. Ona məxsus mənzillərin və obyektlərin altındakı torpaq isə qiymətləndirilmədi. Bu isə az məbləğ deyil. Cavabdehlər o vaxt bunu belə bir bəhanə ilə əsaslandırmağa çalışdılar ki, torpaq üzərində onun mülkiyyət hüquqları rəsmi qeydə alınmayıb. Halbuki Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli 155-İQ saylı Qanununun 9-cu maddəsinə, əsasən, “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.” Bu o deməkdir ki, onun qanuni istifadəsində olan, sahəsi müxtəlif rəsmi sənədlərlə təsbit edilən 650 kv. metr sahənin altındakı torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə ona məxsusdur. Bu hüququn qeydə alınmaması onu faktiki hüququndan məhrum edə bilməz. Cavabdehlər mənzillərini sökməsə idilər, o həmin torpaq üzərindəki mülkiyyət hüququnu da qeydiyyata aldıracaqdır. Bu söküntü oldu deyə, belə razılaşmışlar ki, bu məsələyə əlavə vaxt itirməyə dəyməz. Ancaq sonradan cavabdehlər sözlərini tutmamış və rəsmi qeydiyyatın olmadığını bəhanə gətirərək, torpağın pulunu da mənzilləri ilə birlikdə verməmişlər. Torpağın qiyməti isə az məbləğ deyil. O vaxt, yəni 2011-2012-ci illərdə Nərimanov rayonunun məhz o ərazisində torpağın bir sotunun qiyməti 500 000 manat (o vaxtın məzənnəsi ilə 641 025 ABŞ dolları) idi. Bu isə 3 250 000 manat (o vaxtın məzənnəsi ilə ******* ABŞ dolları) edir. Cavabdehlərin məntiqi ilə, kimsə uşağının doğum şəhadətnaməsini vaxtında almayıbsa, demək uşaq onun deyil. Bu ki, absurddur. Mənzilin altındakı torpağı dövlət əvəzsiz olaraq onun mülkiyyətinə veribsə, onun vaxtında qeydiyyatdan keçməməsi onu o hüquqdan məhrum edə bilməz. Məhkəmədən Cavabdeh1 MMC-nin ona məxsus, ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillərin yerində inşa etdiyi binanın özbaşına tikinti hesab edilərək sökülməsi, şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillərin naturada bərpasının cavabdehlərin üzərinə qoyulması, məhkəmə xərclərinin cavabdehlərdən tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 və X23 qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, “Gilan Holding” Şirkətlər qrupundan, Cavabdeh3 MMC-dən ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillərin yerində Cavabdeh3 MMC-nin inşa etdiyi binanın, özbaşına tikinti hesab edilərək sökülməsi, müstəqil tələb irəli sürən 3-cü şəxslərin daimi istifadə hüququ olan ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillərin naturada bərpasının cavabdehlərin üzərinə qoyulması və məhkəmə xərclərinin cavabdehlərdən solidar qaydada tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 və X23 qızının iddia tələbini onunla əsaslandırmışdır ki, 1-ci iddiaçı ünvan 2 ünvanında, mülkiyyət hüququndan doğan daimi istifadə hüququ ilə yaşayırmış. 2-ci İddiaçı 1-ci iddiaçı ilə ailə qurduqdan sonra, ünvan 2 ünvanında yerləşən mənzillərin mülkiyyətçisinin razılığı ilə, daimi istifadə hüququ olmaqla, həmin ünvana passport qeydiyyatına alınmaqla orada yaşamışdır. Cavabdeh1 MMC iddiaçıların daimi istifadə hüququ olan mənzilləri və obyektləri söküb və Cavabdeh3 MMC adlı başqa bir firma onlara məxsus mənzillərin yerində, qanunsuz olaraq 16 mərtəbəli, çoxmənzilli bina tikib. Həmin bina özbaşına tikinti hesab edildiyini və mütləq sökülməli olduğunu bildirmişdir. Mülkiyyət hüququ İddiaçı olan, iddiaçıların qanuni, daimi istifadə hüquqları olan mənzillərin yerində başqaları bina tikməsi Azərbaycan Respublikasının mövcud qanunlarına ziddir. Cavabdeh1 MMC İddiaçı xüsusi mülkiyyətində olan və müstəqil tələb irəli sürən 3-cü şəxslərin də daimi istifadə hüquqları olan həmin mənzilləri sökməklə onların istifadəçi hüquqlarını - əmlak hüquqlarını pozub. 1ci iddiaçının həmin mənzillərdən istifadə hüququ mülkiyyət hüququndan əmələ gələn hüquqdur. Çünki bu mənzil əvvəllər, onun anası, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X3 mülkiyyətində olub və 1-ci İddiaçı mülkiyyətçinin ailə üzvü kimi həmin mənzillərdə daimi istifadə hüququ əldə edib. 2-ci İddiaçı da 1-ci iddiaçı ilə ailə qurduqdan sonra, onun ailə üzvü kimi həmin mənzillərdə daimi istifadə hüququ əldə edib. Həmin mənzillər xx.xx.2003-cü ildə İddiaçı mülkiyyətinə keçməmişdən qabaq, 1996-cı ildən iddiaçıların valideynlərinin mülkiyyətində olub. Bunları sübut edən sənədlər iş materiallarında mövcuddur. 1-ci və 2-ci İddiaçı o vaxt onların valideynlərinə verilən yeni mənzillərə köçüb onlarla birlikdə yaşasalar da, əvvəlki mənzillərindən pasport qeydiyyatından çıxmadılar və orada qeydiyyatda qalmaqda davam etmişlər. Mülkiyyətçi İddiaçıları həmin mənzillərdən yalnız “bazar qiyməti ilə müvafiq kompensasiya vermək yolu ilə”, yaxud da başqa yerdə onları yaşayış sahələri ilə təmin etmək yolu ilə çıxara biləcəyini qeyd etmişdir. Cavabdeh1 MMC İddiaçı mülkiyyət hüquqlarını pozmaqla iddiaçıların da istifadə hüquqlarını pozub və faktiki olaraq mülkiyyətçi-İddiaçıların istifadə hüquqlarını təmin etmək imkanından məhrum edib. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, iddiaçıya kompensasiya ödənilməsi barədə tələbi 50.000 manat məbləğində dövlət rüsumu ödənilməsi zərurətindən, hazırki formada irəli sürülmüşdür. Belə ki, iddiaçı mübahisəli mənzilin xüsusi mülkiyyətçisidir və ona məxsus çıxarış da mövcuddur. Həmçinin, cavabdeh də iddiaçı ilə qarşılıqlı razılaşmaya dair hər hansı sənəd təqdim edə bilməmişdir. Halbuki, iddiaçının razılığı olmadan, mübahisəli mənzilin yerləşdiyi bina sökülə bilməzdi. Bundan əlavə, məhkəmənin cavabdeh tərəfindən tikinti aparılmasına dair icazənin mövcud olub-olmaması ilə bağlı sorğularına da cavab verilməmişdir. Belə olan halda, mübahisəli bina özbaşına tikili olduğundan, sökülməlidir. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, hazırda mübahisəli binanın sökülməsi ehtimalı real bir hal deyil. Onlar iddiaçı ilə şəxsən danışıqlar aparılması niyyətində olduqlarını, həqiqətən iddiaçı mülkiyyətçidirsə, cavabdeh MMC ilə danışıqlar aparılması mümkün olacağını bildirmişdir. Hazırki vəziyyətdə onun real mülkiyyətçi olduğunun görünmədiyini və iddianın bu formada təmin olunması, digər mülkiyyətçilərin əsaslı şəkildə hüquqlarına toxunmuş olacağından rədd edilməsini xahiş etmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının hazırki vaxtadək kompensasiya ilə bağlı heç bir müraciəti olmamışdır. Məhkəmə iclasında üçüncü şəxs X11 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Həmin mənzilin əvvəlki mülkiyyətçisi isə Q.Məmmədov deyil, Mehparə Məmmədova olmuşdur. Mehparə Məmmədova isə mənzili alqı-satqı əsasında iddiaçıya satmışdır. Lakin, onun ailə üzvlərinin istifadə hüquqları olmuşdur və hələ də istifadə hüquqları qalmaqdadır. Həmçinin, heç bir müqavilədə Q.Məmmədov mübahisəli mənzilin mülkiyyətçisi kimi alqı-satqı aparılmasında iştirak etməmişdir. Bundan əlavə, 2012-ci ildə Q.Məmmədov, M.Məmmədova ilə cavabdeh MMC arasında mübahisəli deyil, digər mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bunun qarşılığında Q.Məmmədov, M.Məmmədova Həsənoğlu küçəsi ünvanında yerləşən mənzildən çıxmağı, satılan predmetin öz adlarına rəsmiləşdirilməsi halında mülkiyyətçiyə baş etibarnamə verməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə əsasında Həsənoğlu küçəsi ünvanında yerləşən mənzil 5.000.000 manat məbləğində qiymətləndirilmiş və cavabdeh MMC digər ünvandakı mənzilin alqı-satqısı həyata keçirilmədiyi təqdirdə, Q.Məmmədov, M.Məmmədovaya 5.000.000 manat kompensasiya ödənilməsini öhdəsinə götürmüşdür. Bu səbəbdən, iddiaçı ötən müddətdə hazırki tələblə müraciət etməmişdir. xx.xx.2020-ci il tarixdə isə onlara məlum olmuşdur ki, cavabdeh MMC tərəfindən Q.Məmmədov, M.Məmmədovaya satılan əmlak qəzalı vəziyyətdə imiş. Həmin mübahisə ilə bağlı çoxsaylı məhkəmə prosesləri zamanı nəticədə mülkiyyətçi İddiaçı müstəqil qaydada iddia tələbi irəli sürməsinin məqsədəmüvafiqliyi bildirilmiş və bu səbəbdən iddiaçı hazırki tələblə çıxış edir. İddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğundan, binanın söküntüsü qanunsuz aparılmışdır. Belə olan halda, tikintiyə dair icazə sənədləri hər bir halda təqdim edilə bilməzdi. Cavabdeh MMC tərəfindən binaya dair çıxarış alınması da mümkünsüzdür. Qeyd olunanlara əsasən, həmin bina sökülməlidir. Həmçinin, mübahisəli mənzillə bağlı məhkəmədən kənar danışıqlar aparılması üçün iddiaçının qardaşı cavabdeh MMC-dən Cəmil Muradovla görüşmüş və heç bir nəticə əldə olunmamışdır. Hazırki vaxtadək cavabdeh tərəf söküntü aparılmadan iddiaçının əmlakının ona qaytarılmasına dair hər hansı alternativ təklif etməmişdir. Belə olan halda, iddia tələbini müdafiə etdiyini bildirmişdir. Digər cavabdehlər “Gilan Holding” Şirkətlər qrupunun (LPO Xəzri Solutions” MMC), Cavabdeh3 MMC-nin nümayəndəsinə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlər “Gilan Holding” Şirkətlər qrupunun (LPO Xəzri Solutions” MMC), Cavabdeh3 MMC-nin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli 3-16-16/2-10/6450 №-li ekspert rəyindən görünür ki, qərardadın 1ci sualı üzrə iddiaçının nümayəndəsinin göstərdiyi yerdə sözügedən mənzilin yerləşdiyi bina sökülüb, yerində çoxmərtəbəli bina inşa edilmişdir. Göstərilən yer (binanın yeri şərti olaraq göstərilir) qeyd edilmiş ünvanla üst-üstə düşür. Lakin bina söküldüyündən sözügedən ünvanı dəqiq olaraq təyin etmək mümkün deyil. 2-ci sual üzrə ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binası iddiaçının öz mülkiyyətindən istifadə hüquqlarının həyata keçirilməsinə, məhdudiyyət və maneə yaradıbyaratmamasının müəyyən edilməsi, "tikinti-texniki obyektlərinin tədqiqi" ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı.3-cü sual üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəyinin Mərkəzə təqdim edilmədiyindən bu sual üzrə tədqiqat aparılmadı. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarının müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmədə işin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, xx.xx.2007-ci il tarixdə 7,8 saylı mənzil (5 otaqlı, 284,5 kv.m ümumi, 147,1 kv.m yaşayış sahəsi olan) daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Sonuncu xx.xx.2009-cu il tarixli etibarnamə ilə 7,8-ci mənzillə bağlı sərəncam verməyi, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2034-cü il tarixədək X12 etibar etmişdir. Satıcı qismində Cavabdeh1 MMC, alıcılar X10 və X20, eyni zamanda zamin kimi MMC-nin tərkibinə daxil olduğu “Gilan Holding” Şirkətlər Qrupu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqavilənin 1-ci bəndinə əsasən, müqavilənin predmetini Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 1927ci məhəllədə MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın ikinci girişinin 6-cı mərtəbəsində yerləşən 51, 52 və 53-cü mənzillərin, binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsinin 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin (obyektin), 3, 4 və 5-ci mərtəbələrdə yerləşən mənzillərin bütövlükdə həmin cavabdehlərin mülkiyyətinə verilməsi təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş, Cavabdeh1 MMC ilə X20 və X4 arasında bağlanmış, reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; Cavabdeh1 MMC ilə X20 və X13 arasında bağlanmış, reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; Cavabdeh1 MMC ilə X20 və X4 təmsilçisi X11 arasında bağlanmış, reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; Cavabdeh1 MMC ilə X20 və X4 təmsilçisi X11 arasında bağlanmış, reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; Cavabdeh1 MMC ilə X20 və X4 təmsilçisi X11 arasında bağlanmış, reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; Cavabdeh1 MMC ilə X14 arasında bağlanmış, reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; Cavabdeh1 MMC ilə X15 arasında bağlanmış, reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri və "xxxx" MMC ilə X20 və X4 arasında bağlanmış, reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışlar, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-111 və 4Ə-112 reyestr nömrələri ilə qeyd edilmiş hədiyyə verənlər X20, X10 hədiyyə alan X18 və X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələri və onların nəticələrinin etibarsız hesab edilməsi və əmlakların Cavabdeh1 MMC-nin mülkiyyətinə qaytarılması, 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə 17 sentyabr 2012ci il tarixli ƏLAVƏ № 1-də göstərilən, X20 və X8 təhvil verilmiş, Bakı şəhəri Nərimanov rayonu M.Nagıyev küçəsi 1927-ci məhəllədə 14 mərtəbəli yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzilin boşaldılaraq Cavabdeh1 MMC-yə təhvil verilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, qarşılıqlı iddiaların və müstəqil tələbin isə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5262/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi qismən – qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməklə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Hazırda İddiaçı ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillərin yerində inşa etdiyi binanın özbaşına tikinti hesab edilərək sökülməsi, şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillərin naturada bərpasını, o cümlədən müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X23 daimi istifadə hüquqları olan mənzilin naturada bərpasını tələb edirlər. Cavabdeh1 MMC iddia tələbinin əsassız olduğunu, mübahisəli ərazidə tikintisi aparılmış binanın özbaşına tikinti hesab edilməsi üçün əsasların olmadığını bildirib, iddiaların rədd edilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk növbədə o halı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan 06 dekabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, sözügedən mənzilin yerləşdiyi bina sökülüb, yerində çoxmərtəbəli bina inşa edilmişdir. Göstərilən yer (binanın yeri şərti olaraq göstərilir) qeyd edilmiş ünvanla üst-üstə düşür. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 92.4.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə, tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Həmin Məcəllənin 95-ci maddəsinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 97.2-ci maddəsinə görə, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə, Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Göründüyü kimi ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli bina hüquqi rejiminə görə özbaşına tikili hesab edilmir. Həmin rejimin hüquqi əsasını tənzimləyən maddələrin məzmunundan isə görünür ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İstinad edilən maddələrin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikdə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. Belə ki, cavabdeh MMC mübahisəli daşınmaz əmlakı tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa etməmiş, o cümlədən müvafiq dövlət orqanlarından lazımi qaydada alınmış icazələri əsasında ona ayrılmış torpaq sahəsində mübahisəli binanı inşa etmiş, həmin hündürmərtəbəli, çoxmənzilli binaya hüquqları səlahiyyətli inzibati orqanlar tərəfindən verilmiş inzibati aktlar əsasında təsdiqlənmişdir. Həmin hüquq müəyyənedici sənədlər isə qüvvədə olmaqla, inzibati qaydada mübahisələndirilməmişdir. Sadalanan normalardan göründüyü kimi aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırki işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görüldüyü müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki qanunvericiliyin sadalanan normaları iddiaçılara müvafiq icazələr alınmaqla tikilmiş tikililərin sökülməsi ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh MMC-nin inşa etdiyi mübahisəli hündürmərtəbəli çoxmənzilli yaşayış binasının sökülməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsi faktı müəyyən edilmir, həmin mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarları qüvvədədir, ləğv edilməmişdir, həmin qərarlar mübahisələndirilmədiyindən tikilinin qanunvericiliyin tələblərinə uyğun olmadığı barədə iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır. Ona görə də, iddiaçı tərəfindən tələbin əsası kimi istinad edilən halların (cavabdehə məxsus tikili qanunsuz olaraq, lazımi icazələr alınmadan inşa edilməsi barədə) sübuta yetirilmədiyindən ilə iddianın rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçılar aşağıdakılara əsasən qeyd olunan tikilinin sökülməsi və mövcud olmuş daşınmaz əmlaklarının naturada bərpasını tələb etməkdə haqlı deyildir. Qeyd edilməlidir ki, mübahisəli tikili hazırkı məqamda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmasa belə, cavabdehin həmin daşınmaz əmlaka inzibati orqanların verdiyi inzibati aktlar sayəsində qanuni əmlak hüquqları mövcuddur. Tikili, cavabdehin qanuni sahibliyində və istifadəsində olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdirlər. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: - «…Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Mülki Məcəllənin (bundan sonra, MM) mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. MM-in 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən hündürmərtəbəli çoxmənzilli yaşayış binası iddiaçıya məxsus daşınmaz əmlakın yerində inşa edildiyi təqdirdə belə, həmin torpaq sahəsi və orada inşa olunmuş bina Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin «ədalətli balans» prinsipi o cümlədən ədalətli tarazlığa riayət edilməsi baxımından da özbaşına tikili adı ilə sökülməsi və əmlakın naturada bərpası barədə tələbin qanuni və faktiki əsası mövcud deyildir. Belə olan halda iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum Qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Məhkəmə tərəfindən müəyyən olunmuş hallarla və yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən iddiaçı, o cümlədən müstəqil tələb irəli sürən iddiaçılar Cavabdeh1 MMC-nin (Cavabdeh3 MMC-nin) inşa etdiyi binanın sökülməsi və naturada bərpa tələbinin əsaslı olmasını sübut etməli olduğu halda buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin qanuni əsasları öz təsdiqini tapmadığından İddiaçı cavabdehlər Cavabdeh1 MMC, “Gilan Holding” Şirkətlər qrupuna (LPO Cavabdeh2 MMC), Cavabdeh3 MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi, X30, X20, X10, X16, X17, X18, X21, X11, X6, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə; habelə müstəqil iddia irəli sürən üçüncü şəxslər X7 və X19 cavabdehlər Cavabdeh1 MMC, “Gilan Holding” Şirkətlər qrupuna və Cavabdeh3 MMC-yə qarşı “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Bundan başqa ekspertiza xərci olan 50 manat cavabdeh İddiaçı tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, “Gilan Holding” Şirkətlər qrupuna (LPO Cavabdeh2 MMC), Cavabdeh3 MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi, X30, X20, X10, X16, X17, X18, X21, X11, X6, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə; habelə müstəqil iddia irəli sürən üçüncü şəxslər X7 və X19 cavabdehlər Cavabdeh1 MMC, “Gilan Holding” Şirkətlər qrupuna və Cavabdeh3 MMC-yə qarşı “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə dair iddiaları təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-73/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-73/2025
24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver