Məhkəmə qərarları › İş №e-2(005)-730/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-730/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-730/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Tərəflərin iştirakı olmadan, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 6497.95 ABŞ dolları olmaqla, bundan 2446.68 ABŞ dolları əsas, 1118,94 ABŞ dolları faiz, 2594.37 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 337.96 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 123.14 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan “Dəmir Bank" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5457 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən, cavabdehə 5000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək açılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən müqaviləyə dəyişikliklər edilmişdir. Əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit Müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Kredit xətti kreditə çevrilməklə restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı 4842.94 ABŞ dolları kredit öhdəliyinin təşkil edən qalığı kreditə çevrilmişdir. Kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinə əsasən, Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə 2446.68 ABŞ dolları əsas, 1118,94 ABŞ dolları faiz, 2594.37 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 337.96 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 6497.95 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********640 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, iclasın iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5457 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən, cavabdehə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 5000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır; Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit Müqaviləsi” ifadəsi ilə dəyişdirilmiş, kredit xətti kreditə çevrilməklə restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı 4842.94 ABŞ dolları kredit öhdəliyinin təşkil edən qalığı kreditə çevrilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh 32 ay ərzində, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 168.56 (sonuncu ay 168.59) manat ödəməli idi; xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 17 may 2017-ci il tarixli KM003T05170008S01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 2446.68 ABŞ dolları əsas, 1118 ABŞ dolları faiz, 2594.37 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3337.96 ABŞ dolları faiz borcu, cəmi 6497.95 ABŞ dolları məbləğində borcu var; LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından müəyyən olunur ki, cavabdehə kredit müqaviləsindən irəli gələn borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı LPO İddiaçı ASC iddia üçün 123.14 manat məbləğində dövlət rüsumu ödəmişdir; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2- 1(103)-3194/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarının surətinə əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır; AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2023-cü il tarixli, 9/3990 saylı rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 5457 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2020-ci il tarixə banka olan borcu 2612.41 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 2486.96 ABŞ dolları, faiz borcu isə 125.45 ABŞ dolları təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5457 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən, cavabdehə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 5000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit Müqaviləsi” ifadəsi ilə dəyişdirilmiş, kredit xətti kreditə çevrilməklə restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı 4842.94 ABŞ dolları kredit öhdəliyinin təşkil edən qalığı kreditə çevrilmiş, kreditin müddəti isə xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etmək hüququ vardır. Lakin borclu kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə borc məbləğini geri qaytarmamışdır. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə tələb olunan əsas borc hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı 2446,68 ABŞ dolları əsas borcun tutulmasını tələb etdiyindən iddia tələbi əsas borc hissəsində tələb edilən məbləğdə təmin edilməlidir. Məhkəmə faiz borcu hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı 1118,94 ABŞ dolları faiz borcunun cavabdehdən tutulmasını xahiş etsə də, mülki iş üzrə alınmışı ekspert rəyindən faiz borcunun 125,45 ABŞ dolları olduğu müəyyən edildiyindən iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdəndən faiz borcu olaraq 125,45 ABŞ dolları tutulmalıdır. Məhkəmə cərimə borcu hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği 245 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 337.96 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış 2-1(103)-3194/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarının surətinə əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama bu tarixədək aparıla bilər, kredit müqaviləsi üzrə isə kredit müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən kredit müddətinin bitdiyi, yəni xx.xx.2020ci il tarixdən sonra illik 5 faiz dərəcəsi ilə hesablamaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması tələbinin əsassız olduğunu şərtləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 337.96 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 2446.68 ABŞ dolları əsas, 125.45 ABŞ dolları faiz, 245 ABŞ dolları cərimə olmaqla, cəmi 2817,13 ABŞ dolları və iddianın təmin edilmiş hissəsində mütənasib olaraq 53 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2446.68 (iki min dörd yüz qırx altı dollar altmış səkkiz sent) ABŞ dolları əsas, 125.45 (yüz iyirmi dörd dollar qırx beş sent) ABŞ dolları faiz, 245 (iki yüz qırx beş) ABŞ dolları cərimə olmaqla, cəmi 2817,13 (iki min səkkiz yüz on yeddi ABŞ dolları on üç sent) ABŞ dolları və 53 (əlli üç) manat məbləğində dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar