Məhkəmə qərarları › İş №e-2(005)-736/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-736/2025

18.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-736/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 2 776 (iki min yeddi yüz yetmiş altı) manat məbləğində dəymiş zərərin və 300 manat vəkil pulu olmaqla ümumilikdə 3 076 (üç min yetmiş altı) manat pulun və 51 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 məxsus “BMW” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan digər Cavabdeh2 idarə edərək Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ilə üzü Babək prospekti istiqamətində hərəkətdə olarkən, ara məsafəsi qaydalarını pozaraq iddiaçıya məxsus “KİA PRİDE” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, daha sonra iddiaçının avtomobili qarşıda gedən X1 məxsu “Hunday Santafe” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Həmin vaxt Xətai rayon DYPŞ-nin əməkdaşları hadisə yerinə gələrək yol qəzası ilə bağlı izahatlar alınaraq araşdırılma aparılmış və xx.xx.2024-cü il tarixli, TP ******* saylı İnzibati Xəta haqqında protokol tərtib edilərək, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 469.3-cü və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Cavabdeh2 barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən həmin yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 01 oktyabr 2024-cü il tarixli ilkin baxış üzrə Qüsur Aktına əsasən, zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərər 2 776 (iki min yeddi yüz yetmiş altı) manat həcmində müəyyən edilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, ekspert rəyində qiymətlər göstərilib, lakin həmin hissələrin dəyişilib-dəyişilmədiyini bilmir. Özü ustadır və yazılanlarla razı deyildir. Avtomobil rəngsaz, dəmirçi və malyar işləri ilə düzələn avtomobildir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iclasın iştirakı olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir III. İşin faktiki halları: İş materiallarında olan: - 27.08.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, KİA PRİDE” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi alqı-satqı müqaviləsinə əsasən İddiaçı adınadır. - xx.xx.2024-cü il tarixli ******* saylı “İnzibati Xəta” haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:28-də “BMW 730” markalı ** SR *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 AR İXM-nin 327.1-ci, 332.1-ci, 469.3-cü və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə “BMW 730” markalı ** SR *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 469.3-cü və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh2 100 manat cərimə olunmuşdur. -"xxxx" MMC tərəfindən həmin yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 01 oktyabr 2024-cü il tarixli ilkin baxış üzrə Qüsur Aktına əsasən, zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərər 2 776 (iki min yeddi yüz yetmiş altı) manat həcmində müəyyən edilmişdir. -Əsədov X3 Səbuhi Yaqub oğluna və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, 5 iş günündən gec olmayaraq dəymiş zərərin ödənilməsi tələb edilmiş, əks təqdirdə hüquqi tədbirlərin görüləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə digər Cavabdeh1 məxsus “BMW 730Lİ” minik markalı 77SR087 qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçının mülkiyyətində olan “KİA Pride” minik markalı, **- TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 327.6-cı və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Hazırda iddiaçı mülkiyyətində olan avtomobilə dəymiş zərərin əvəzinin Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh2 təqsiri müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş və cavabdeh Rzayev X4 Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 469.3-cü və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya dəymiş maddi ziyanın əvəzini ödəməlidir. Məhkəmə araşdırması zaman iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2025-ci il tarixli 9/532 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Servis Mərkəzi” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarlarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Kia Pride” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2785,00 manat müəyyən edilir (dəyişilməli hissələrin qiyməti - 1360,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1425,00 manat). Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini, məhkəmə qərardadları ilə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsini, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə rəyin mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmasını, rəyin tədqiqat hissəsi ilə nəticə hissəsinin uyğun olmasını nəzərə alan məhkəmə hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2025-ci il tarixli 9/532 saylı rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, dəymiş zərərin məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, ekspert rəyində göstərilən məbləğ (2785 manat) iddia tələbində göstərilən məbləğdən (2776 manat) çox olmaqla iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini həmin həddə müdafiə edir. İddiaçı pul məbləğini həm avtomobilin mülkiyyətçisindən, həm də hadisə zamanı avtomobili idarə edən şəxsdən tələb edir. İş materialları ilə Cavabdeh2 hadisə zamanı avtomobili idarə edərkən etibarnaməsinin olması müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 araməsafəsi qaydalarını pozaraq, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə və s. görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 469.3-cü və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, pul vəsaiti həm avtomobilin mülkiyyətçisi kimi Cavabdeh1, həm də avtomobili qanuni əsas olmadan idarə edən Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 51 (əlli bir) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 51 manat cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddiaçı həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına əsasən nümayəndələrə və vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin məsrəflər də digər məhkəmə xərcləri kimi ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilir. Qanunvericilik eyni zamanda məhkəmənin üzərinə nümayəndəyə və ya vəkilə ödənilmiş xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə ağlabatan məbləğdə tutulması vəzifəsi qoyur. Konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. İş materiallarına əlavə edilmiş ödəniş qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən “Faiq Nağıyev və Partnyorları” vəkil bürosuna xx.xx.2024-cü il tarixdə 300 (üç yüz) manat ödəniş edilmişdir. İddiaçı hazırki mülki iş üzrə “Faiq Nağıyev və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə tərəfindən təmsil olunmuşdur. Məhkəmə hazırki iş üzrə göstərilmiş hüquqi yardıma görə tələb etdiyi xərci işin konkret halları və həcmi baxımından ağlabatan məbləğ hesab edir və bu hissədə tələbin tam təmin edilərək, hüquqi yardıma görə xərcin əvəzi kimi 300 (üç yüz) manat məbləğin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərin əvəzi kimi 2776 (iki min yeddi yüz yetmiş altı) manat, hüquqi yardımın əvəzi kimi 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51 (əlli bir) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərin əvəzi kimi 2776 (iki min yeddi yüz yetmiş altı) manat, hüquqi yardımın əvəzi kimi 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51 (əlli bir) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar