Məhkəmə qərarları › İş №e-2(005)-752/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-752/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-752/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Əsgər qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 Əsgər qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 vərəsələri Cavabdeh2, Cavabdeh3 (Qanuni nümayəndə vasitəsilə), Cavabdeh1 (Qanuni nümayəndə vasitəsilə), Cavabdeh5 (Qanuni nümayəndə vasitəsilə) və Cavabdeh4 (Qanuni nümayəndə vasitəsilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********48 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3167.18 manat əsas, 27.61 manat faiz borcu olmaqla, cəmi 3194.79 manat, kart krediti üzrə 421.71 manat əsas, 14.9 manat faiz borcu olmaqla, 436.61 manat məbləğində kredit borclarının və ödənilmiş 56.32 manat dövlət rüsumunun və 0,8 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X14 arasında bağlanan BPM**********48 nömrəli xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən müştəriyə 48 ay müddətinə 3300 manat məbləğində nağd kredit verilmiş, 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə edilən məlumata əsasən, X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X7 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 notariat ofisinə müraciət etmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X7 Banka ödənilməmiş BPM**********48 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3167.18 manat əsas, 27.61 manat faiz borcu olmaqla, cəmi 3194.79 manat, kart krediti üzrə 421.71 manat əsas, 14.9 manat faiz borcu olmaqla, 436.61 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-37782/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 56.32 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qızının qanuni nümayəndələri qismində anaları Qanuni nümayəndə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixində anadan olmuşdur. X2, anası Qanuni nümayəndədır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.2012-ci il tarixində anadan olmuşdur. X2, anası Qanuni nümayəndədır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2007-ci il tarixində anadan olmuşdur. X2, anası Qanuni nümayəndədır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 qızı xx.xx.2009-cu il tarixində anadan olmuşdur. X2, anası Qanuni nümayəndədır; - xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı kredit müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, “borc verən” "xxxx" ASC “borc alan” X10 48 ay müddətinə 3300 manat kredit verməyi, eyni zamanda 36 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 500 manat kredit xətti açmağı, “borc alan” isə krediti faizləri ilə birlikdə “borc verənə” qaytarmağı öhdəsinə götürür; - "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli məxaric orderinin surətindən görünür ki, X11 3267 manat məbləğində pul verilmişdir; - Hesabdan çıxarışlardan görünür ki, X14 bank hesabı üzrə müvafiq xərcləmələr həyata keçirmişdir; - Maliyyə arayışının surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 421,71 manat, faiz borcu 5,03 manat olmaqla, cəmi borcu 436,61 manat təşkil edir; - Maliyyə arayışının surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 3167,18 manat, faiz borcu 27,61 manat olmaqla, cəmi borcu 3194,79 manat təşkil edir; - "xxxx" ASC tərəfindən X9 vərəsələri Cavabdeh1 Əsgər qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, onlar, miras qoyanın borcunun olması, onun 3 gün ərzində ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixində vəfat etmişdir; - Nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, Mercedes Benz 220 minik markalı, 10KU848 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 mülkiyyətində olmuşdur; - X12 notariat ofisinə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir; - X13 notariat ofisinə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir; -“Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, Bakı 9 saylı notariat ofisində X7 miras işi açılmışdır. Miras paydan imtina etmiş vərəsələr X12 və X6r; - Cavabdeh2 notariat ofisinə ərizə təqdim edərək, mirası qəbul etdiyini bildirmişdir; - Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 47,02 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, miras qoyan ilə iddiaçı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC X11 48 ay müddətinə 3300 manat məbləğində nağd kredit verməyi və 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açmağı, “borcalan” isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə “borcalan” olan X15 xx.xx.2021-ci il tarixində vəfat etmişdir və hazırki iş üzrə cavabdehlər onun vərəsələridirlər (anası və uşaqları). Əvvəlki nikahdan olan uşaqları miras paylarından imtina etmişlər. Hazırda iddiaçı borclunun öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək mərhum X8 vərəsələrindən əsas borca görə nağd kredit üzrə 3167.18 manat əsas, 27.61 manat faiz borcu olmaqla, cəmi 3194.79 manat, kart krediti üzrə 421.71 manat əsas, 14.9 manat faiz borcu olmaqla, 436.61 manat məbləğində pulun məhkəmə qaydasında tutulmasını xahiş edir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən miras qoyana 48 ay müddətinə 3300 manat məbləğində nağd kredit verməsi və 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılması yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışları, həmçinin hesabdan çıxarışlar, məxaric orderi ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, mərhum borcalan, eləcə də onun vərəsələri olan cavabdehlər isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Vərəsələrin məsuliyyəti məsələsinə gəlincə qeyd edilməlidir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar..Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır. O da qeyd edilməlidir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (Mülki Məcəllənin 1307-cü maddəsi). Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Hazırki mülki işdə miras qoyanın borclarının miras əmlakdan çox olduğunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh, miras qoyanın anası Cavabdeh2 oğlundan miras qalmış nəqliyyat vasitəsini qəbul etdiklərini, oğluna məxsus olmuş evdə isə digər cavabdehlərin, yəni övladlarının yaşadığını bildirmişdir. İş materiallarından göründüyü kimi. yetkinlik yaşına çatmayan vərəsələr miras əmlakı qəbul etmələrinə dair ərizə yazmasalar da ondan imtina da etməmişlər. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə, mərhum X15 tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçının miras qoyanın vərəsələrindən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, borclu müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən Cavabdeh1 Ələssgər qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 vərəsələri olduqları miras qoyanın risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün miras həddində cavabdehdirlər. Bu səbəbdən miras qoyanın öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, BPM**********48 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış nağd kredit üzrə 3167.18 manat əsas, 27.61 manat faiz borcunu, kart krediti üzrə 421.71 manat əsas, 14.9 manat faiz borcunu iddiaçıya ödəməlidirlər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 nağd kredit üzrə əsas borca görə 3167.18 manat, faiz borcuna görə 27.61 manat, kart krediti üzrə əsas borca görə 421.71 manat, faiz borcuna görə 14.9 manat olmaqla, cəmi 3631,4 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 47,02 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 (qanuni nümayəndəsi Qanuni nümayəndə), Cavabdeh2, Cavabdeh3 (qanuni nümayəndəsi Qanuni nümayəndə), Cavabdeh4 (qanuni nümayəndəsi Qanuni nümayəndə) və Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə) nağd kredit üzrə əsas borca görə 3167.18 manat, faiz borcuna görə 27.61 manat, kart krediti üzrə əsas borca görə 421.71 manat, faiz borcuna görə 14.9 manat olmaqla, cəmi 3631,4 (üç min altı yüz otuz bir manat, qırx qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 47,02 (qırx yeddi manat, iki qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar