Məhkəmə qərarları › İş №e-2(005)-767/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-767/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-767/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və "xxxx" MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada əsas borc 17062,12 manat, faiz borcu 13360,01 manat olmaqla, cəmi 30422,13 manat borc məbləğinin və 181,27 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin Cavabdeh2 məxsus olan Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi 21 saylı küçə, 1 saylı 5 mərtəbəli yaşayış binasında yerləşən 49,7 kv.metr, 1 otaqdan ibarət, 39 saylı mənzilə yönəldilməsi, girov predmetinin satılması hesabına Cavabdeh2 İddiaçı QSC-yə olan cəmi 30422,13 manat kredit borcunun və 181,27 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 saylı sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivlər (borclar) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı "xxxx" MMC-nin Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borc üzrə tələb hüququ da 15 fevral 2018-ci il tarixli, S-DİPK-365 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" MMC-yə cəmi 30422,13 manat, əsas 17062.12 manat, faiz 13360,01 manat borcu olmuşdur. Həmin borc cavabdehlə "xxxx" MMC arasında 25 aprel 2014-cü il tarixli 8258 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 23234 manat məbləğində borcu illik 12 faiz olmaqla 120 ay müddətində "xxxx" MMC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" MMC ilə Cavabdeh2 arasında 25 aprel 2014-cü il tarixli 567/14 saylı girov müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF Park” yaşayış massivi 21 saylı küçə,1 saylı 5 mərtəbəli yaşayış binasında 49.7 kv.m olan 1 otaqdan ibarət, 39 saylı mənzil qeydiyyata alınmışdır. Həmin girov müqaviləsinə əsasən Cavabdeh2 ilə bağlanmış 25 aprel 2014-cü il tarixli 8258 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus olan Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi 21 saylı küçə, 1 saylı 5 mərtəbəli yaşayış binasında 49.7 kv.m olan 1 otaqdan ibarət, 39 saylı mənzil tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin xeyrinə girovla yüklü edilmişdir. Cavabdehlə bağlanmış 25 aprel 2014-cü il tarixli 567/14 saylı girov müqaviləsinin 3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 27335 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC ilə 25 aprel 2014-cü il tarixli 1070 saylı zaminlik müqavilələri də bağlanılmışdır. Bağlanılmış zaminlik müqavilələrinin şərtlərinə görə zamin "xxxx" MMC təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh 2014-cü il tarixli 8258 saylı kredit müqaviləsinə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdehin İddiaçı QSC-yə əsas borcu 17062.12 manat, faiz borcu 13360,01 manat olmaqla, cəmi borcu 30422,13 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdeh və zaminlərə göndərilmiş xəbərdarlıq məktubu və girov predmetinə yönəldilmə haqqında bildiriş nəticəsiz qalmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ünvanlayaraq, etirazını onunla əsaslandırılmışdır ki, “ipoteka predmeti” adlandırılan “mənzil” dövlət qeydiyyatına alınmadığından, onunla bağlı bağlanmış müqavilə də qeydiyyata alınmamışdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Lakin müqavilə qeydiyyata alınmadığı və qüvvəyə minmədiyi üçün, iddia tələbinin “predmet”ə yönləndirilməsi ilə bağlı tələb əsassızdır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Borcverən” "xxxx" ASC ilə “Borcalan” Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixli 8258 saylı kredit müqaviləsinin surətindən görünür ki, “Borcverən” 120 ay müddətinə, illik 12 faiz olmaqla 23.234 manat məbləğində borc verməyi, “Borcalan” isə müqaviləyə əsasən krediti qəbul etməyi və göstərilən müddətdə və qaydada kreditin əsas məbləğini borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - “Kreditor” "xxxx" ASC ilə “Borclu” Cavabdeh2 və “Zamin” "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin kredit təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 25 aprel 2014-cü il tarixli 8258 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; - “Girovsaxlayan” "xxxx" ASC-nin Mərkəzi filialı ilə “Girovqoyan” Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 567/14 saylı girov müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi tərəflər “Girovqoyanla” "xxxx" MMC arasında bağlanan alqı-satqı müqaviləsi əsasında yaranan və Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa edilən yaşayış sahəsi ilə bağlı hüquqların girovla yüklü edilməsi barədə razılığa gəlmişlər. Tərəflər girov predmetinin dəyərini 27.335 manat məbləğində olaraq qiymətləndirmişdirlər; - “Satıcı” "xxxx" MMC ilə “Alıcı” Cavabdeh2 arasında bağlanmış Torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı barədə xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, “Satıcı” Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki 21 saylı küçədə inşa edilən 1 saylı, 5 mərtəbəli yaşayış binasında ümumi sahəsi 49,7 kv.metr olan 1 otaqdan ibarət 39 saylı mənzili “Alıcı”ya satmağı, “alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada vahid əmlakın dəyəri olaraq razılaşdırılmış 27.333 manatı 120 ay müddətinə cədvəl üzrə ödəməyi öhdəsinə götürmüşdür; - İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh2 və "xxxx" MMCnə ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-7/2-2084/2024 saylı pretenziya məktubunun surətindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış cəmi 30422,13 manat borcun ödənilməsinin 5 gün müddətində təmin edilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2966 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 25 aprel 2014-cü il tarixli, 8258 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 sualda qeyd edilən tarixə "xxxx" ASC-ə olan borcu əsas borc üzrə 19.365,57 manat, faiz borcu üzrə 14.551,02 manat, 5 faiz ilə hesablanmış faiz borcu üzrə 403,45 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ASC tərəfindən Cavabdeh2 23.234 manat kredit vəsaiti illik 12 faiz hesablanmaqla, 120 ay müddətinə geri qaytarılması şərtilə verilmişdir. Kredit vəsaitinin təminatı olaraq eyni tarixdə "xxxx" ASC ilə "xxxx" MMC arasında zaminlik, həmçinin "xxxx" ASC ilə Cavabdeh2 arasında girov müqavilələri bağlanmışdır. Hazırda İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı, Cavabdeh2 kredit müqaviləsinə əsasən götürdüyü pul vəsaitini müəyyən edilmiş müddətdə geri qaytarmadığına istinad edərək, "xxxx" ASC tərəfindən ona tələb hüququ güzəşt edilmiş əsas və faiz borcunun cavabdehlərdən xeyrinə tutulmasını və tələbin girov predmetinə yönəldilməsini xahiş etmişdir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh "xxxx" MMC-yə (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun müqavilə üzrə 17062,12 manat əsas, 13360,01 manat faiz borcu yaranmışdır. Digər cavabdeh "xxxx" MMC isə xx.xx.2025-ci il tarixində kredit təşkilatı ilə bağladıqları zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində iddiaçı qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliklərinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu Cavabdeh2 ilə birgə iddiaçıya ödəməlidirlər. Məhkəmə eyni zamanda hesab edir ki, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlərdən tələb edilən əsas və faiz borcunun düzgünlüyünün hesablanması məqsədi ilə iş üzrə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə hesablanmış əsas və faiz borcunun məbləği iddiaçının tələb etdiyindən artıq müəyyən edildiyindən, ekspert rəyi məhkəmə tərəfindən qiymətləndirilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçının “kredit borcu üzrə tutmanın mənzilə yönəldilməsi, girov predmetinin satışından əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi” ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bu cür tələb irəli sürməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir; 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir; 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir; 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Tərəflər arasında borcun təminatı olaraq bağlanmış girov müqaviləsindən görünür ki, həmin müqavilə daşınmaz əmlak barədə bağlanmış, yəni müqavilə girov olaraq adlandırılsa da, mahiyyətcə Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka müqaviləsidir. Həmin müqavilədən həmçinin müəyyən edilir ki, təminat olaraq yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüquqları qoyulmuşdur. Habuki, iddiaçı borcun təmin edilməsi üçün tələbin həmin əmlaka yönəldilməsini xahiş edir. Belə ki, iddiaçı dövlət qeydiyyatına alınmamış mənzilin ipoteka ilə yüklü edilməsini də qeydə aldıra bilmədiyi üçün müqavilənin predmetini yaşayış sahəsi üzərində istifadə və sahiblik hüquqları olaraq qeyd etmiş, həmin müqaviləni də girov olaraq adlandırmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş müddəalarına və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi nəticəsində ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranır, bu zaman ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Göründüyü kimi, kreditorun tələbinin təmin edilməsi üçün daşınmaz əmlak ipoteka ilə yüklü edilə bilər, lakin qanunda ipoteka müqaviləsinin notariat qaydasında təsdiqlənməli, dövlət qeydiyyatına alınmalı olduğu və ipoteka predmeti olan əmlaka tələbin yönəldilməsi halında bu barədə bildirişin ipoteka saxlayanın ərizəsinə əsasən 1 iş günü ərzində ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması nəzərdə tutulmuşdur. İddiaçı isə göstərilən tələblərə riayət etməmişdir. Beləliklə, iddiaçı hazırda ipoteka müqaviləsinin bağlanmasına və ipoteka predmetinə tutma yönəldilməsinə dair qanunla nəzərdə tutulan tələblərə riayət etmədən tutmanın mübahisəli mənzilə yönəldilməsini tələb edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının belə tələb irəli sürməsinin hüquqi əsası olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia borcun tutulması hissəsində təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 181,27 manat dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır. Bundan başqa, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat cavabdehlərdən tutularaq ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən 25 aprel 2014-cü il tarixli 8258 saylı kredit müqaviləsi üzrə 17062,12 manat əsas borc, 13360,01 manat faiz borcu olmaqla, cəmi 30422,13 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 181,27 manat məbləğində pul tutularaq İddiaçı QSC BOKT-a ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən 25 aprel 2014-cü il tarixli 8258 saylı kredit müqaviləsi üzrə 17062,12 manat əsas borc, 13360,01 manat faiz borcu olmaqla, cəmi 30422,13 (otuz min dörd yüz iyirmi iki manat, on üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 181,27 (yüz səksən bir manat, iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaadılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar