Məhkəmə qərarları › İş №e-2(005)-787/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-787/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-787/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********40 nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 14800.17 AZN, faiz borcu üzrə 4632.44 AZN olmaqla, cəmi 19432.61 AZN kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 150 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh2 arasında bağlanmış BPM**********40 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 22 faizlə 48 ay müddətinə 20000 AZN kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019- cu il tarixində zaminlik müqaviləsi imzalanmışdır. Yuxarıda adı çəkilən BPM**********40 nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 14800.17 AZN, faiz borcu üzrə 4632.44 AZN olmaqla, cəmi 19432.61 AZN borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 150 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixində 22-20287/2022 saylı və xx.xx.2022-ci il tarixində 22-20287/2022 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək, sonuncu dəfə 2022-ci ilin may ayında 300 manat ödəniş etdiyini, sonrakı ödənişləri etmək üçün imkanın olmadığını bildirdi. Əsas və faiz borca etiraz etmir, hissə-hissə ödəməyə hazırdır. Digər cavabdeh zamin Cavabdeh1 ilə əvvəllər bir yerdə işləmişlər, daha sonra o işdən çıxıb. Zaminə münasibətdə iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh2 arasında bağlanmış BPM**********40 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 22 faizlə 48 ay müddətinə 20000 AZN kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində zaminlik müqaviləsinə əsasən Mahmudov X1 Məhbubə Rəşid qızının BPM**********40 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh2 BPM**********40 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 14800.17 AZN, faiz borcu üzrə 4632.44 AZN olmaqla, cəmi 19432.61 AZN kredit borcu vardır. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 Şərafəddin oğlu və Cavabdeh2 borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank borcalana şəxsi istehlak məqsədi üçün 48 ay müddətinə, illik 22% olmaqla 20.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdeh – zamin Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 pandemiya səbəbindən, daha sonra isə işsiz qaldığı üçün üzərinə düşən öhdəliyi lazımınca icra edə bilməmiş və nəticədə onun iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına əsasən banka 14.800,17 manat əsas və 4632.44 manat faiz borcu olmaqla, cəmi 19.432,61 manat borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməli, digər Cavabdeh1 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 oğlu ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir... Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir...Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzinin qaytarılmasını tələb etdiyindən iddia ərizəsi üçün ödənilmiş 150 AZN dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 26 noyabr 2019-cu il tarixli BPM**********40 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 14800.17 manat məbləğində əsas borc, 4632.44 manat məbləğində faiz borcu olmaqla, cəmi 19432.61 manat məbləğində borc; iddia ərizəsi üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqı borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 26 noyabr 2019-cu il tarixli BPM**********40 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14800.17 (on dörd min səkkiz yüz manat on yeddi qəpik) manat məbləğində əsas borc, 4632.44 (dörd min altı yüz otuz iki manat qırx dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 19432.61 (on doqquz min dörd yüz otuz iki manat altmış bir qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqı borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar