Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-81/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı (açar sözlər: maddi ziyan, dəbbə pulu) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 102142,77 manat və xx.xx.2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən vəfat etmiş işçisi Bayramov Ramiz Tapdıq oğlunun son haqq-hesabından qalan 1000 manat pulu və gecikdirilmiş günlər üçün 6176,06 manat pulun xeyrinə tutulması, məhkəmə məsrəfləri kimi ödədiyi 1400 manat pulun cavabdeh "xxxx" MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atası Bayramov Ramiz Tapdıq oğlu "xxxx" MMC-nin mühəndisi vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən aparılan işlər zamanı atası Ramiz Bayramov istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Qanunun tələbinə görə iş yerində vəfat etmiş şəxsin varislərinə çatacaq sığorta məbləğinin ödənilməsi üçün Ramiz Bayramovun sığorta olunduğu "xxxx" Sığorta Şirkətinə müraciət etsə də, imtina cavabını almışdır. Həmin imtinadan Azərbaycan Respublikası Mərkəzi Bankına şikayət etmişdir. Alınmış xx.xx.2022-ci il tarixli 01.26-2- 2022-9249 saylı məktubda göstərilmişdir ki, “Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.5-ci maddəsinə görə sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Mülki Məcəllənin 935.1.9-cu maddəsinə görə sığortaçı sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığorta ödənişinin verilməsindən imtina edir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.12-ci maddəsinə görə sığorta hadisəsi–icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. Qanunun 7.3-cü maddəsinə görə bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən təqdim edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə sığortaçı arasında xx.xx.2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı Ramiz Bayramov iş vaxtı aldığı xəsarət nəticəsində vəfat etmişdir. Təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, sığorta müqaviləsi ilə sığorta haqqının müəyyən edilmiş növbəti hissəsinin ödənilməsi müddəti ərzində sığorta haqqı ödənilməmiş və baş vermiş hadisəyə görə sığortaçı tərəfindən Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta haqqının növbəti hissəsi müqavilə ilə müəyyən edilmiş vaxtda ödənilmədiyi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmiş və Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən baş vermiş hadisə sığorta haqqının növbəti hissəsinin ödənilməsindən müqavilə ilə müəyyən edilmiş müddətdən sonra baş verdiyi üçün faydalanan şəxsə sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır.” Göründüyü kimi cavabdeh sığorta şirkətlə işçinin sığortası barədə müqavilə bağlasa da, müvafiq ödənişlər etməmiş, qeyd olunan qanunsuz hərəkətlər nəticəsində həlak olmuş işçinin varisləri ala biləcək sığorta haqqını ala bilməmişlər. Bununla da, cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulmuşdur. Odur ki, cavabdehdən 102142,77 manat və xx.xx.2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğinin 0,1 faizi həcmində dəbbə pulu xeyrinə tutulmalıdır. Bundan əlavə, cavabdeh tərəfindən işçinin vəfatı ilə əlaqədar son haqq-hesabatı tam şəkildə həyata keçirməmişdir. Məhz buna görə, cavabdehdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə şikayət etmiş, nəticədə cavabdeh inzibati qaydada cərimə edilmiş, üzərinə xeyrinə 2434 manat pulun ödənilməsi öhdəliyi qoyulmuşdur. Həmin məbləğin 500 manatı ona xx.xx.2021-ci il tarixdə ödənilib, qalan 1934 manatdan 934 manat pulu 309 gün gecikməklə xx.xx.2022-ci ildə ödənilmişdir. Hər gecikdirilmiş günə məbləğin 1 faizini hesabladıqda cəmi 5.976,06 manat edir (1934 x 309=5.976,06). Qalan 1000 manat bugünədək ödənilməmişdir. xx.xx.2022-ci ildən iddia ərizənin verildiyi xx.xx.2022-ci il tarixə kimi gecikmiş günlərin sayı 20 gün təşkil edir. 1000 manatın 20 faizi 200 manat təşkil edir. Beləliklə, cavabdeh "xxxx" MMC-dən işçinin son haqq-hesabından qalan 1000 manat pul və gecikdirilmiş günlər üçün 6176,06 manat pul tutulmalıdır. Məsələni mediasiya qaydasında həll etmək çalışsa da, bunun bir nəticəsi olmamışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" Sığorta Şirkəti ASC-nin hazırkı iş üzrə əlavə cavabdeh kimi cəlb edilməsini, cavabdehlər "xxxx" MMC və "xxxx" Sığorta Şirkəti ASC-dən müştərək qaydada, vurulmuş maddi ziyana görə 102142,77 manat və 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun iddiaçının xeyrinə tutulması, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən vəfat etmiş işçisi Bayramov Ramiz Tapdıq oğlunun son haqq-hesabından qalan 1000 manat pulu və gecikdirilmiş günlər üçün 6176,06 manat pulun iddiaçının xeyrinə tutulması, məhkəmə məsrəfləri kimi ödədiyi 1400 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 bildirmişdir ki, iddiaçının atası Ramiz Bayramov "xxxx" Sığorta Şirkətində sığorta olunmuşdur və onun sığortalanmağına dair sığorta haqqı şəxsin vəfatından sonra xx.xx.2021-ci ildə olmuşdur. Şəxs xx.xx.2021-ci ildə vəfat etmiş, sığorta haqqı isə şəxsin vəfatından sonra xx.xx.2021-ci ildə olmuşdur. Normalda hadisənin sığorta hadisəsi kimi təsdiqlənməsi üçün sığorta müqaviləsi qüvvədə olmalıdır ki, buna istinadən sığorta haqqı təsdiqlənsin. "xxxx" Sığorta Şirkəti sığorta ödənişinin ödənilməsindən ona görə imtina edir ki, hazırki iş üzrə sığorta haqqı xx.xx.2021-ci il ödənilmiş və buna müvafiq olaraq sığorta müqaviləsi yalnız bu tarixdən sonra qüvvəyə minmişdir. Yəni "xxxx" Sığorta Şirkəti sığorta müqaviləsinin hadisə olan vaxtı qüvvədə olmasını mübahisələndirir və qeyd edir ki, hadisə vaxtı sığorta müqaviləsi qüvvədə olmamış və buna müvafiq olaraq şirkətin sığorta ödənişinin ödənilməsi öhdəliyi yaranmamışdır. Əlavə etdikləri müqavilənin 6-ci bəndində qeyd olunur ki, müqavilə müddətsiz bağlanılır və müqavilə sığorta haqqının birdəfəlik və ya ilk hissəsinin ödənildiyi gün saat 24:00-da qüvvəyə minir. Belə olan halda müqavilə üzrə sığorta haqqı xx.xx.2021-ci il tarixdə ödənildiyinə görə müqavilə də xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir. Hadisədə xx.xx.2021-ci il tarixdə olduğuna görə və müqavilə qüvvədə olmadığına görə "xxxx" Sığorta Şirkəti ödənişdən imtina etmişdir. Bu müqavilə və onun əlavələrinə aiddir. Əlavə üzrə də birdəfəlik və ya ilk hissədə ödəmə ola bilər. Faydalanan şəxs İddiaçı sığorta olunana münasibətdə əlavə buraxılmışdır. Çünki bu müqavilə üzrə çoxlu işçilər var. Bu tərəflər arasında mart ayında bağlanılan müqavilə zamanı sığorta olunan hələ sığorta olunmamışdır. Yəni tərəflər arasında mart ayında müqavilə bağlandı, bundan sonra oktyabr ayında sığortalı "xxxx" Sığorta Şirkətinə qeyd etdiyi mart ayında bağlanmış müqaviləyə münasibətdə əlavənin buraxılması ilə bağlı müraciət etdi ki, qeyd olunan həmin şəxs Ramiz Bayramov sığortalansın. Oktyabr ayında müqaviləyə əlavə bağlanılıb, lakin həmin oktyabrda bağlanılan müqaviləyə münasibətdə iki aydan sonra ödəniş olunub. İddiaçı sığorta şirkətini cavabdeh qismində cəlb etməyini və məbləği müştərək qaydasında tutulmasını xahiş edir. Tərəf həmin məbləğin hansı əsasla istədiyini əsaslandırmayıb. Əgər hadisə sığorta hadisəsi kimi tanınsaydı belə, tərəfə düşən məbləğ 102.000 manat məbləğində olmayacaqdır, çünki sığorta ödənişinin hesablanması düsturu var. Sığorta hadisəsi kimi tanınsaydı belə 4.000 manat civarında ola bilərdi. Həmçinin "xxxx" Sığorta Şirkəti ASC xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə mülahizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının atası Bayramov Ramiz Tapdıq oğlu "xxxx" Sığorta Şirkəti ilə "xxxx" MMC şirkəti arasında bağlanmış “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə AH**********/5 saylı Əlavə əsasında sığorta şirkətində sığorta olunmuşdur. Yuxarıda qeyd olunan AH**********/5 saylı Əlavə üzrə ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və nəticədə, Əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. İddiaçının atası Bayramov Ramiz Tapdıq oğlu 04 dekabr 2021-ci il tarixdə, yəni AH**********/5 saylı Əlavə qüvvəyə minməmişdən qabaq bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Göründüyü kimi, 04 dekabr 2021-ci il tarixdə baş vermiş hadisə zamanı Əlavə qüvvədə olmamış və iddiaçı hadisə zamanı sığorta olunan olmamışdır. Mülki Məcəllənin 903.4-cü maddəsinə əsasən, Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 903.6-cı Maddəsinə əsasən, hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun 11.6-cı maddəsinə əsasən, icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir. Baxılan halda, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-nin sığorta ödənişi vermək öhdəliyi yaranmır. Cavabdeh "xxxx" MMC xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, "xxxx" MMC-də İş icraçısı vəzifəsində işləmiş və istehsalatda bədbəxt hadisə nəticəsində vəfat etmiş mərhum X11 "xxxx" MMCyə xx.xx.2022-ci il tarixində iş icraçısı vəzifəsinə 400.00 manat əmək haqqı qeyd edilməklə əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixindən onun əmək haqqı 1000.00 manata qədər artırılmışdır və əmək haqqı hər ay tam olaraq ödənilmişdir. X7 xx.xx.2022-ci il tarixində istehsalatda bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Beləliklə, dekabr ayına 181.00 manat əmək haqqı məbləğilə son haqq hesab cədvəlinə əsasən Əmək Məcəlləsinin 77.7 maddəsini əsas tutaraq son 2 ayın əmək haqqından orta əmək haqqı məbləği təyin edilərək 3 misli məbləğində 2253.60 manat məbləği toplanaraq, cəmi borc məbləğindən (2434.60 manat) işçinin əmək haqqı bank kartına ödənilmişdir. Bundan başqa, müəssisə mərhum X5 ailəsinə hörmət əlaməti olaraq dəfn xərclərini və məzarüstü daşını öz üzərinə götürmüş 8000 manat civarında vəsait xərclənmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - "xxxx" MMC və Bayramov Ramiz Tapdıq oğlu arasında 01 fevral 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, işçi "xxxx" MMC-də iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. - İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01/22 №-li aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə bədbəxt hadisə baş vermişdir. "xxxx" MMC-nin iş icraçısı Bayramov Ramiz Tapdıq oğlu xx.xx.2021-ci il tarixdə saat 900 radərində Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən DİN-in MTTTB-nin Mərkəzi Bazasında anbar binasının tikintisinin aparıldığı sahəyə iş yerinə gəlmişdir. Təxminən saat 1000 radələrində G.Zeynalov qaynaq etməklə məşğul olarkən, A.Hüseynov sahədən uzaqlaşarkən fermaların aşması səsini eşitmişlər. Həmin istiqamətdə baxarkən fermaların yanı üstə yerə yıxıldığını və Bayramov Ramiz Tapdıq oğlunun həmin fermaların altında qaldığını görmüşlər. Onlar digər şəxslərin köməkliyi ilə R.Bayramovu fermaların altından çıxarmış və xəstəxanaya aparılmasını təmin etmişlər. R.Bayramov aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. - AZ-İİ seriyalı 214981 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bayramov Ramiz Tapdıq oğlu 04 dekabr 2021-ci il tarixdə döş qəfəsi, beldən aşağı hissə, çanaq və ətraf sınığı səbəbi ilə Bakı şəhərində vəfat etmişdir. - 24 fevral 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, aparılmış istintaq nəticəsində müəyyən edilmişdir ki, texniki təhlükəsiz tədbirlərinin təşkil edilməsi və tədbirlərin görülməsi vəzifəsi həvalə edilmiş iş icraçısı Bayramov Ramiz Tapdıq oğlu xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində DİN-nin Maddi-texniki Təminat bazasında anbarın tikilməsi işlərinin aparılması zamanı iş sahəsində qaldırılaraq taxta millərlə etibarlı şəkildə bərkidilmiş dəmir konstruksiyanın rənglənməsi zamanı, konstruksiyanın ətrafına söykənilmiş taxta milləri çıxararkən yükün aşma zonasında dayanmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə dəmir konstruksiyaların üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. Zərər çəkmiş şəxs Bayramov Ramiz Tapdıq oğlunun ölməsi faktında hər hansı bir şəxsin hərəkət və ya hərəkətsizliyi halları müəyyən edilməmişdir. X16 dəmir konstruksiyaların üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi faktına görə AR Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsasına görə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. - "xxxx" Sığorta Şirkəti tərəfinən "xxxx" MMC-yə ünvanlanmış 03 iyun 2022-ci il tarixli məktubdan görünür ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, müəssisədə tikintidə iş icraçısı vəzifəsində işləyən Bayramov Ramiz Tapdıq oğlu xx.xx.2021-ci il tarixdə iş vaxtı aldığı xəsarət nəticəsində vəfat etmişdir. "Atəşgah Həyat’ Sığorta Şirkəti ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə AH**********-005 saylı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" müqaviləsi bağlanmışdır və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixdə nəzərdə tutulmuş sığorta haqqı ödənilmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsi qüvvədə olmamış və R.H.Bayramov hadisə zamanı sığorta olunan olmamışdır. Bu o deməkdir kı, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.4 və 935.1.8-ci maddələrinə əsasən bildirilmişdir ki, qeyd edilən hadisə üzrə Sığortaçının sığorta ödənişi vermək öhdəliyi yaranmır. Yuxarıda göstərilənləri nəzərə alaraq "xxxx" Sığorta Şirkəti qeyd edilən hədisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. - "xxxx" Sığorta Şirkəti Azərbaycan Respublikasının Mərkəzi Bankının istehlakçılarla iş departamentinə ünvanlanmış 23 iyun 2022-ci il tarixli məktubdan görünür ki, imtina üçün əsaslar müəyyən olunduğundan qeyd olunan hadisəyə münasibətdə "xxxx" Sığorta Şirkəti imtina vermişdir. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 01.26-2-2022-9249 saylı məktubdan görünür ki, "xxxx" Sığorta Şirkəti ASC (sığortaçı) tərəfindən təqdim edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə sığortaçı arasında xx.xx.2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı Ramiz Bayramov iş vaxtı aldığı xəsarət nəticəsində vəfat etmişdir. Təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, sığorta müqaviləsi ilə sığorta haqqının müəyyən edilmiş növbəti hissəsinin ödənilməsi müddəti ərzində sığorta haqqı ödənilməmiş və baş vermiş hadisəyə görə sığortaçı tərəfindən Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta haqqının növbəti hissəsi müqavilə ilə müəyyən edilmiş vaxtda ödənilmədiyi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmiş və Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən baş vermiş hadisə sığorta haqqının növbəti hissəsinin ödənilməsindən müqavilə ilə müəyyən edilmiş müddətdən sonra baş verdiyi üçün faydalanan şəxsə sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. - MN ******* saylı 26 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X1 Ramiz Tapdıq oğlunun əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini pozmaqla AR İXM-nin 192.4-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1300 (min üç yüz) manat cərimə tətbiq olunmuşdur. - Əmək və X12 Nazirliyi yanında X15 Xidmət Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 26 avqust 2022-ci il tarixli məktubun surətindən görünür ki, R.Bayramovun son haqq-hesabının AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 20 gün ərzində düzgün hesablanıb ödənilməsini təmin edib nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. - "xxxx" Sığorta Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış 06 yanvar 2023-cü il tarixli O-H-2023-0005 №-li məktubdan görünür ki, xx.xx.2021-ci il tarixində baş vermiş bədbəxt hadisə zamanı iddiaçı Bayramov Ramiz Tapdıq oğlunun sığorta olunmasına dair qüvvədə olan müqavilə olmamışdır. Bununla əlaqədar olaraq iddiaçının işlədiyi "xxxx" MMC-yə yazılı bildiriş verilmiş və "xxxx" Sığorta Şirkətinin sığorta ödənişi vermək öhdəliyi olmadığı bildirilmişdir. - Sığortaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti və sığortalı adlanacaq ″Abşeron Tikinti Quraşdırma″ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, Sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə «sığorta olunanlar») həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. -"xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, baxılan halda, hazırda iş materiallarından Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcud olduğu görsənmir. Odur ki, yuxarıdakı düstur əsasında, hazırda faydalanan şəxs üçün birdəfəlik sığorta ödənişinin məbləğinin hesablanması mümkün deyildir. Bununla belə, Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcudluğu təsdiq edən sənədlər təqdim edildikdə, birdəfəlik sığorta ödənişinin məbləği yuxarıdakı düsturla hesablana bilər. Digər tərəfdən, Qaydaların 2.2-ci bəndinə əsasən, Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, birdəfəlik sığorta ödənişi sığorta olunanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydası”na uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. Baxılan halda, hazırda iş materiallarından Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcud olduğu müəyyən olunmadığından, orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydasına uyğun olaraq, sığortaolunan İddiaçı orta aylıq əmək haqqının on iki misli məbləğ hesablanmışdır. Sığortaolunanın orta aylıq əmək haqqı 400 AZN təşkil etdiyindən, orta aylıq əmək haqqının on iki misli 4800 AZN-ə bərabər olacaqdır. Odur ki, birdəfəlik sığorta ödənişi məbləği 4800 AZN-ə bərabər olacaqdır. - "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının atası Bayramov Ramiz Tapdıq oğlu "xxxx" Sığorta Şirkəti ilə "xxxx" MMC şirkəti arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə AH**********/5 saylı Əlavə əsasında sığorta şirkətində sığorta olunmuşdur. Bildirir ki, yuxarıda qeyd olunan AH**********/5 saylı Əlavə üzrə ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və nəticədə, Əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. Belə ki, "xxxx" Bank ASC-dən daxil olan “Kredit haqqında Bildiriş” adlı sənəddən görünür ki, № 594186 saylı elektron qaimə üzrə sığorta haqqı 15 dekabr 2021ci il tarixdə ödənilmişdir. - İcbari Sığorta Bürosu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **- DQ-***-2023 saylı məktubdan görünür ki, Mülki Məcəllənin (Məcəllə) 903.4-cü maddəsinə əsasən Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Qeyd olunan müqavilənin bağlandığı dövrdə sığorta haqqı ödənişlərinin X17 üzərindən aparılmaması səbəbindən həmin müqavilənin qüvvədə olub-olmaması barədə məlumatlar Büronun İnformasiya Sistemində mövcud deyildir. Bununla yanaşı, Bayramov Ramiz Tapdıq oğlunun ölməsi ilə əlaqədar faydalanan şəxs(lər)ə ödəniləcək sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanununun 5-ci və 17-ci maddəsi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azerbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Qərarına (Qərar) uyğun olaraq həmin Qərar ilə təsdiq edilmiş faydalanan şəxsin Sığortaçıya təqdim etdiyi sənəd siyahısına əsəsən hesablanır. Nəticə olaraq bildirilmişdir ki, sorğulanmış sənəd və məlumatların Büroda və onun informasiya Sistemində rnövcud olmadığından, həmin məlumatların təqdim edilməsi imkan xaricindədir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli 9/8237 saylı ekspert rəyindən görünür ki, arayış məlumatlarında qeyd olunanlara əsasən təqdim edilmiş mülki iş materiallarında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcud olduğu müəyyən olunmadığından, orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydasına uyğun olaraq, sığortaolunan İddiaçı orta aylıq əmək haqqının on iki misli məbləğ nəzərə alınmaqla hesablanma aparılmışdır. Belə ki, sığortaolunanın orta aylıq əmək haqqı 400 AZN təşkil etdiyindən, orta aylıq əmək haqqının on iki misli 4800,0 manat təşkil etməsi müəyyən edildi. Birdəfəlik sığorta ödənişi məbləği 4800.0 manat təşkil edir. - 11 may 2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1993-cü il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, cavabdeh ”Abşeron Tikinti Quraşdırma” MMC-nin baş mühasibidir. Məhkəmə prosesi başlamamışdan əvvəl son haqq-hesab məbləği həmin şəxsin kart hesabına köçürülmüşdür. Yas mərasiminə aid bütün xərcləri çəkmişlər və kart hesabına da 1.500 manat məbləğini köçürmüşdürlər, lakin son haqq-hesab kimi ödəməmişlər, sadəcə olaraq ailəyə maddi yardım kimi kömək etmişlər. İddiaçı Əmək Müfəttişliyinə müraciət etdikdən sonra belə qərara gəlmişlər ki, qalan ödənişi də kartına ödəsinlər. Bildirdiyi 6.000 manat məbləği çoxdur, çünki cəmi iki ay işləyib. Əlavə istədiyi 1.000 manat son haqq-hesabında 1.000 manat qeyd olunmayıb. Son haqq-hesab 1.500 manat təşkil edir və onu da ödəmişdirlər. Əmək Müfəttişliyi də son ödənilən məbləğlə razı olub. Yas mərasiminə ödənilən məbləğ isə yardım məqsədilə, qeyri-rəsmi ödənilib. Mərhumla əmək müqaviləsi xx.xx.2021-ci ildə bağlanıb. Bu günə qədər sığorta şirkəti ilə heç bir problemləri olmayıb. Hətta xx.xx.2022-ci ildə sığorta şirkətinin onlara borcu olub, lakin həmin ödənişi xx.xx.2023-cü ildə ediblər. Mərhuma son haqq-hesab qanuni şəkildə ödənilib, hətta yas mərasimlərinin keçirilməsində də köməklik olunub. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbi 5 hissədən ibarət olmaqla cavabdehlər "xxxx" MMC və "xxxx" Sığorta Şirkəti ASC-dən müştərək qaydada:
1. vurulmuş maddi ziyana görə 102142,77 manat;
2. 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu;
3. cavabdeh "xxxx" MMC-dən Bayramov Ramiz Tapdıq oğlunun son haqqhesabından qalan 1000 manat;
4. gecikdirilmiş günlər üçün 6176,06 manat pulun;
5. məhkəmə məsrəfləri kimi ödədiyi 1400 manat pulun tutulması barədədir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. - 897.3-cü maddəsinə əsasən, icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. - 903.1-ci maddəsinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. - 903.4-cü maddəsinə əsasən, Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. - 903.6-cı maddəsinə əsasən, hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. -935.1 və 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 9-cu maddəsinə əsasən, işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək əmək müqaviləsi üzrə işçinin hüquqlarından biri kimi təsbit edilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1 və 15.2-ci maddələrinə əsasən, sığorta müqaviləsinin bağlanması üçün sığorta olunan müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı ərizə verir, yaxud bu niyyətli şifahi bildirir. Müqavilə sığorta olunanın ilk sığorta haqqı ödədiyi andan qüvvəyə minir, bu şərtlə ki, müqavilədə başqa hal nəzərdə tutulmuş olmasın. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun: -4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşımaqla “Sığortalı” adlanırlar. -7.2-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq; icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək... Sığortalının vəzifələri kimi müəyyənləşdirilmişdir. -11.6-cı maddəsinə əsasən, icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının atası Bayramov Ramiz Tapdıq oğlu 01 fevral 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh "xxxx" MMC-də iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. O, xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Bu barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olmuş, 24 fevral 2022-ci il tarixli qərarla cinayət işi üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsasına görə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, cavabdehlər sığortaçı “Atəşgah Həyat’ Sığorta Şirkəti ilə sığortalı "xxxx" MMC arasında AH**********-005 saylı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" müqaviləsi bağlanmışdır. İddiaçının atası həmin müqaviləyə AH**********/5 saylı Əlavə əsasında sığorta şirkətində sığorta olunmuşdur. Müqaviləyə əlavə üzrə ödənilməli olan sığorta haqqı xx.xx.2021-ci il tarixdə ödənilmiş və əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. Sığorta müqaviləsi ilə sığorta haqqının müəyyən edilmiş növbəti hissəsinin ödənilməsi müddəti ərzində sığorta haqqı ödənilməmiş və baş vermiş hadisəyə görə sığortaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, "xxxx" Sığorta Şirkəti ASC müvafiq sığorta ödənişini etməkdən imtina etmiş, bu halı sığortalı "xxxx" MMC tərəfindən müvafiq sığorta haqqının ödənilməməsi nəticəsində sığorta müqaviləsinin hadisə baş verdiyi anda qüvvədə olmaması ilə əsaslandırmışdır. Yuxarıda sadalanan normalardan da müəyyən edilir ki, sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Sığorta haqqı cavabdeh "xxxx" MMC tərəfindən 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və bundan sonra müqavilə üzrə əlavə qüvvəyə minmişdir. Qanunvericiliyə əsasən, "xxxx" MMC, o cümlədən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyır. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə isə həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. İddiaçıya ödənilməli olan məbləğin müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli 9/8237 saylı ekspert rəyinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcud olduğu müəyyən olunmadığından, orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydasına uyğun olaraq, sığortaolunan İddiaçı orta aylıq əmək haqqının on iki misli məbləğ nəzərə alınmaqla hesablanma aparılmışdır. Belə ki, sığortaolunanın orta aylıq əmək haqqı 400 manat təşkil etdiyindən, orta aylıq əmək haqqının on iki mislinin - birdəfəlik sığorta ödənişi məbləğinin 4800 (dörd min səkkiz yüz) manat təşkil etməsi müəyyən edilmişdir. Ekspertiza rəyində yaranmış anlaşılmazlıqların aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iqtisad ekspertizaları şöbəsinin böyük eksperti Vəkil1 Zakir oğlu məhkəmə iclasına dəvət edilmişdir. Məhkəmə iclasında iştirak edən ekspert Vəkil1 Zakir oğlu hadisə üzrə sığortaolunan iddiaçının atası – mərhum Bayramov Ramiz Tapdıq oğlu olduğunu, ekspert rəyində texniki yanlışlıq kimi Bayramov Ramiz Tapdıq oğlu əvəzinə, İddiaçı adının yazıldığını bildirmiş, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı Bayramov Ramiz Tapdıq oğlu tərəfindən ekspert rəyini təkzib edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə ki, İddiaçı “İcbari Sığorta Bürosu” (task.isb.az) tərəfindən elektron qaydada alınmış cavaba əsasən mərhum atasının istehsalatda bədbəxt hadisə nəticəsində ölüm halı ilə bağlı icbari sığorta ödənişinin 102142,77 manat olduğunu bildirmiş, qeyd olunan məbləğin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qeyd olunan halın araşdırılması məqsədilə məhkəmə tərəfindən “İcbari Sığorta Bürosu” X10 sorğu ünvanlanmış (mülki iş 110.v), xx.xx.2021-ci il tarixli AH**********-005 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta” müqaviləsi qüvvədə olduğu təqdirdə həmin müqavilə əsasında iş vaxtı aldığı xəsarət nəticəsində vəfat etmiş Bayramov Ramiz Tapdıq oğlunun ailə üzvlərinə sığorta hadisəsi üzrə ödənilməli sığorta məbləğinin nə qədər təşkil etməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. “İcbari Sığorta Bürosu” X14 tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda (mülki iş v. 203) qeyd edilmişdir ki, Bayramov Ramiz Tapdıq oğlunun ölməsi ilə əlaqədar faydalanan şəxs(lər)ə ödəniləcək sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə ərrək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanununun 5-ci və 17-ci maddəsi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azerbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Qərarına (Qərar) uyğun olaraq həmin Qərar ilə təsdiq edilmiş faydalanan şəxsin Sığortaçıya təqdim etdiyi sənəd siyahısına əsəsən hesablanır. Nəticə olaraq bildirilmişdir ki, sorğulanmış sənəd və məlumatların Büroda və onun informasiya Sistemində mövcud olmadığından, həmin məlumatların təqdim edilməsi imkan xaricindədir. Belə olan halda məhkəmə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya ödənilməli olan məbləğin həddini müəyyən edərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli 9/8237 saylı ekspert rəyini digər sübutlarla birgə tədqiq edərək hesab edir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilməli, ekspert tərəfindən gəlinmiş nəticə nəzərə alınmaqla vurulmuş zərərin əvəzi kimi 4800 (dörd min səkkiz) manat pul vəsaiti "xxxx" MMC-dən iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının atasının vəfat etməsi sığortalı və sığorta şirkəti arasında bağlanmış müqavilənin qüvvədə olmadığı müddətdə baş vermişdir. Bu səbəbdən sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və iddiaçıya ödəniləcək məbləğ sığorta ödənişi kimi deyil, cavabdeh şirkət tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinə digər cavabdeh “Atəşgah Həyat’ Sığorta Şirkəti ASC-yə münasibətdə qeyd edir ki, tələb həmin hissədə əsaslı deyildir. Belə ki, sığorta şirkəti və "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən, sığortaçı sığortalının sığorta tarifləri əsasında hesablanan və müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürmüşdür. Hazırki iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının atası Bayramov Ramiz Tapdıq oğlunun sığorta olunduğu AH**********/5 saylı Əlavə üzrə ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və nəticədə əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. İddiaçının atası Bayramov Ramiz Tapdıq oğlu isə 04 dekabr 2021-ci il tarixdə, yəni AH**********/5 saylı əlavə qüvvəyə minməmişdən qabaq bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Göründüyü kimi, 04 dekabr 2021-ci il tarixdə baş vermiş hadisə əlavənin qüvvəyə minmə tarixindən əvvəl baş vermişdir. Azərbaycan Respublikası MM-nin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalı olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən digər cavabdeh “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-nin sığorta ödənişi vermək öhdəliyi olmamış və sığorta ödənişi verməkdən imtina etməsi əsaslı olmuşdur. Bu səbəbdən digər cavabdeh “Atəşgah Həyat’ Sığorta Şirkəti Şirkəti iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımadığından iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddiaçı həmçinin 08 iyun 2022-ci il tarixdə sığorta şirkətinə müraciət etdiyini, cavabdeh tərəfindən sığorta ödənişi edilsə idi, 15 iyun 2022-ci il tarixədək sığorta ödənişi təşkil edən məbləği alacağını bildirərək “İcbari sığortalar haqqında” AR Qanununun 18.2-ci maddəsinə əsasən, 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin bu barədə ikinci hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” AR Qanununun 18.1-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh “Atəşgah Həyat" Sığorta Şirkəti ASC tərəfindən iş araşdırılmış və imtina üçün əsaslar müəyyən olunduğundan hadisəyə münasibətdə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalı "xxxx" MMC-yə 03 iyun 2022ci il tarixli məktub ünvanlanmış, vəfat etmiş şəxs hadisə zamanı sığorta olunan olmadığından sığorta ödənişi verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən cavabdeh “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-nin sığorta ödənişi vermək öhdəliyi olmamış və sığorta ödənişi verməkdən imtina etməsi əsaslı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, “İcbari sığortalar haqqında” AR Qanununun 18.2-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi əsası yaranmamışdır. Göstərilənlərə əsasən, iddiaçının sığorta şirkətinə müraciət etdiyi tarixdən 7 gün müddətində sığorta ödənişinin ödənilməməsi səbəbindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi tələbi də məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin üçüncü hissəsi - Bayramov Ramiz Tapdıq oğlunun son haqq-hesabından qalan 1000 manat pulun ödənilməsi – ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı bildirmişdir ki, cavabdehin üzərinə onun xeyrinə 2434 manat pulun ödənilməsi öhdəliyi qoyulmuş, həmin məbləğin 500 manat hissəsi xx.xx.2021-ci il tarixdə, qalan 1934 manatdan 934 manat hissəsi 309 gün gecikməklə xx.xx.2022-ci ildə ödənilmişdir. Bununla belə, cavabdeh şirkət tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından (mülki iş v. 94-98) görünür ki, "xxxx" MMC tərəfindən “Kapital Bank” Xətai filialına xx.xx.2021-ci il tarixdə əmək haqqı təyinatı ilə cəmi 32058 (Fərzəliyev Oruc - 4900; Əliyev Zeynalabdin - 4918, Fərzəliyev Məhərrəm - 6920, Rəhimov Rafiq – 6920; Hüseynov Əvəz- 1500; Bayramov Ramiz Tapdıq oğlu – 1500; Nəzirov Nəsib – 3000; Həsənov İntiqam – 1400; Dadaşov Tərxan – 1000) manat, xx.xx.2022-ci il tarixdə əmək haqqı təyinatı ilə 29184,6 (İbrahimov Eldar - 3000; Fərzəliyev Ələddin – 2000; Quliyev Nəsimi – 1400; Amrahov Rafael – 1000; Nəzirov Nəsib – 250; Fərzəliyev Məhərrəm – 8000; Rəhimov Rafiq – 8000; Bayramov Ramiz Tapdıq – 934,6; Dadaşov Tərxan – 2000; Fərzəliyev Orucəli - 2600) manat ödəniş edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən "xxxx" MMC-nin mühasibi vəzifəsində işləyən X2 bildirmişdir ki, məhkəmə prosesi başlamamışdan əvvəl son haqq-hesab məbləği həmin şəxsin kart hesabına köçürülmüşdür. Həmçinin cavabdeh mərhumun yas mərasiminə aid bütün xərcləri çəkmişlər və kart hesabına da 1.500 manat məbləğini köçürmüşdürlər. Cavabdeh "xxxx" MMC ərizə ilə müraciət edərək bildirmişdir ki, dekabr ayına 181.00 manat əmək haqqı məbləğilə son haqq hesab cədvəlinə əsasən Əmək Məcəlləsinin 77.7 maddəsini əsas tutaraq son 2 ayın əmək haqqından orta əmək haqqı məbləği təyin edilərək 3 misli məbləğində 2253.60 manat məbləği toplanaraq, cəmi borc məbləğindən (2434.60 manat) işçinin əmək haqqı - bank kartına ödənilmişdir. Bundan başqa, müəssisə mərhum X5 ailəsinə hörmət əlaməti olaraq dəfn xərclərini və məzarüstü daşını öz üzərinə götürmüş 8000 manat civarında vəsait xərclənmişdir. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən 2434 manat ödənilməli olduğunu, həmin məbləğdən xx.xx.2021-ci il tarixdə 500 (manat) ödəniş edildiyini bildirsə də, işəgötürən təşkilat "xxxx" MMC tərəfindən bank vasitəsilə iddiaçının atası Bayramov Ramiz Tapdıq oğlunun hesabına (**********827*****07) xx.xx.2021-ci il tarixdə 1500 (min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə isə 934,6 (doqquz yüz otuz dörd altmış qəpik) manat olmaqla, cəmi 2434,6 (iki min dörd yüz otuz dörd manat altı qəpik) manat ödəniş edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 74-cü maddəsinin e bəndinə əsasən, işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir: 172-ci maddəsinin 4-cü hissəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir...Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir...Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Məhkəmə iddia tələbinin dördüncü - gecikdirilmiş günlər üçün 6176,06 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan 2434 manat məbləğdən 1500 manat hissəsi 14 dekabr 2021-ci il tarixdə iddiaçının atasının əmək haqqı - bank hesabına köçürülmüşdür. Bundan sonra "xxxx" MMC-nin direktoru haqqında iddiaçının atasının son haqq-hesabının düzgün hesablanıb ödənilməməsi əsası ilə AR İXM-nin 192.4-cü maddəsinə uyğun olaraq 26 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, son haqqhesabın 20 gün ərzində düzgün hesablanıb ödənilməsi xahiş olunmuşdur. Bundan sonra qalan məbləğ – 934 manat hissəsi 19 oktyabr 2022-ci il tarixdə ödənilmişdir. Bayramov Ramiz Tapdıq oğlunun son haqq-hesabının 934 manat hissəsi 309 gün gecikdirilmə ilə ödənilmişdir. Qeyd edilənlərə əsasən, hər gecikdirilmiş gün üçün ödənilməli olan ödənc məbləği 934 manat məbləğin azı bir faizi nəzərə alınmaqla, cəmi 2886,06 (934 manat x 309 gün x 1 %) manat təşkil edir. Məhkəmə hesab edir ki, gecikdirilmiş müddətə görə 2886,06 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddia tələbinin beşinci - məhkəmə məsrəfləri kimi ödədiyi 1400 (min dörd yüz) manat pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərə isə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Hazırki iş materiallarından görünür ki, İddiaçı tərəfindən 350 manat dövlət rüsumu ödənilmiş, bu barədə xx.xx.2022-ci il tarixli ********** saylı qəbz məhkəməyə təqdim edilmişdir. Məhkəmə məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olmasını, habelə hazırki iddia tələbinin qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 25 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə məsrəfləri kimi ödədiyi 1400 (min dörd yüz) manat pulun ona ödənilməsini xahiş etsə də, buna – çəkdiyi xərcə dair mötəbər sübutları (bu xərclərin nədən ibarət olması, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə - dövlət rüsumu hissədə qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri kimi 100 (yüz) manat cavabdeh "xxxx" MMC-yə aid edilməli, ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Abşeron Tikinti Quraşdırma" MMC-dən vurulmuş zərərin əvəzi kimi 4800 (dörd min səkkiz yüz) manat, gecikdirilmiş müddətə görə 2886,06 (iki min səkkiz yüz səksən altı manat altı qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli. Ərizə qalan hissədə təmin edilməməli. Eyni zamanda "xxxx" MMC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir.
V. Nəticə:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən vurulmuş zərərin əvəzi kimi 4800 (dörd min səkkiz yüz) manat, gecikdirilmiş müddətə görə 2886,06 (iki min səkkiz yüz səksən altı manat altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh "xxxx" MMC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva