Məhkəmə qərarları › İş №e-2(005)-827/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-827/2025

29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-827/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı ("xxxx" MMC və Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh MTK-ya və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 158 000 manat dəyərində dəymiş zərərin, 320 manat məbləğində vəkil xərcinin və 448 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən, CavabdehMTK-dan və Bakı Şəhər İcra Hakimiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 1 ədəd 5 girişli, 2 səviyyəsi zirzəmili, 19-20-21 (+mansarda) mərtəbəli yaşayış binasında və ya ona yaxın ərazidə yerləşən yeni tikilmiş binaların 7-11-ci mərtəbələrində, 79 kv.m sahəsi olan, 2 otaqlı mənzilin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci il tarixində "xxxx" MMC ilə “Mənzil tikintisi haqqında” müqavilə bağlayaraq o zaman ünvan 6 adlandırılan, hal-hazırda isə ünvan 1 adlanan ünvanda sahəsi 79 kv.m. olan 2 otaqlı mənzil almaq üçün tam ödəniş etmişdir. Mənzilin dəyərinin tam ödənilməsi barədə "xxxx" MMC tərəfindən maliyyə arayışı da təqdim edilmişdir. Lakin binanın 3 mərtəbəsinin tikilməsinə baxmayaraq, onlara məlum olmayan səbəblərdən tikinti müəyyən müddətdə tam dayandırıldı. Bir neçə gün əvvəl qeyd edilən ünvanda binanın tikintisinin Cavabdeh MTK tərəfindən davam etdirildiyini müşahidə etmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq razılıqları və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı olmadan yarımçıq qalmış tikintinin digər MTK tərəfindən davam etdirilməsi mümkün deyildir. Məlumata əsasən qeyd edilən binanın inşasının davam etdirilməsi Cavabdeh MTK-ya həvalə edilərkən, mənzillərin alınması üçün "xxxx" MMC-yə ödəniş etmiş və tikintinin dayandırılması nəticəsində zərər çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi də bir vəzifə kimi Cavabdeh MTK-nın qarşısında qoyulmuşdur. Lakin, müvafiq müqaviləyə əsasən mənzilin dəyərinin tam ödənilməsi barədə sənədləri təqdim etməyinə baxmayaraq “Hollivud” Şadlıq Sarayının 4cü mərtəbəsində yerləşən ofisdə özünü Cavabdeh MTK-nın rəhbəri kimi təqdim edən və "xxxx" MMC-yə əvvəllər bilavasitə kənar idarəedici kimi rəhbərlik edən İsfəndiyar Axundov adlı şəxs heç bir əsas görtərmədən bu binada mənzillə təmin edilmək hüququnun olmadığını bildirdi. Müvafiq sorğularla qurumlara müraciət etməklə məlum olmuşdur ki, qeyd edilən ünvanda "xxxx" MMC-yə yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 237 nömrəli sərəncamı verilmiş və həmin sərəncama əsasən torpaq sahəsinə dair 05/52 nömrəli ayrıc aktı tərtib edilmişdir. Eyni zamanda, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 1 ədəd 5 girişli, 2 səviyyəsi zirzəmili, 19-20-21 (+mansarda) mərtəbəli yaşayış binasına Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, 288 nömrəli istismara icazə sənədinə əsasən istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məktubuna əsasən, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativinə qoşularaq xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Cavabdeh MTK "xxxx" MMC-nin hüquqi varisidir. Cavabdeh onun həm evsiz, həm də vəsaitsiz qalmağında günahkardır. "xxxx" MMC mənzili ona təhvil verməmiş, Bakı Şəhər İcra Hakimiyyəti onu və onun kimi digər vətəndaşlarının mənafeyinə zidd olaraq həmin mənzilin üzərindəki torpaq sahəsini digər şəxsə vermiş, "xxxx"nin də hüquqi varisi olan “Şərur MTK” ona dəymiş zərəri ödəməkdən imtina etmişdir. Cavabdeh MTK iddia müddətinin tətbiq edilməsi barədə ərizə və iddiaya etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, bağlanmış müqavilənin 1-ci bəndində qeyd edilən müqavilə predmeti olan mənzillə bağlı notarial qaydada alğı-satqı aparılmasını təsdiq edən hər hansı bir sənədə rast gəlinmir. Göründüyü kimi qanunvericliyin tələbi əsasında daşınmaz əmlaka dair notarial qaydada müqavilə bağlanmadığı halda öhdəliyin yaranması üçün mülki qanunvericilik yalnız zərər vurulma və əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyin əmələ gəlməsini mümkün sayıb. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyə uyğun olaraq mənzilin tikilib təhvil verilməsi barədə podrat müqaviləsi deyil, yalnız alğı-satqı müqaviləsi bağlanmışdır. Fərz edilsə ki, mülki qanunvericiliyə uyğun olaraq hər hansı bir əsasla tərəflər arasında bir öhdəlik hüquq münasibəti mövcud olub, bu halda bir neçə məsələyə diqqət yetirilməlidir. Birincisi təşkilati hüquqi formasından da göründüyü kimi "xxxx" məhdud məsuliyyətli cəmiyyət olub və hazırda da belə fəaliyyətini davam etdirir, bu halda isə tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış müqavilə qanunvericiliyin tələbinə əsasən yalnız notarial qaydada təsdiq edilməli idi. Belə ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. İddiaçı ilə "xxxx" MMC arasında mənzilin alğı-satqısı haqqında müqavilə bağlanarkən iddiaçı tərəfindən pul vəsaitinin həqiqətən ödənilməsi məsələsinin aydınlaşdırılması aparılmalı, həqiqətən iddiaçı şəxsin həmin müqavilələr üzrə pul ödədiyi və yaxud hansı məbləğdə ödədiyi müəyyən edilməlidir. Məlumata görə iş üzrə cinayət işi olmuş və məhkəmə hökmü ilə məsələyə münasibət bildirilmişdir. Eyni zamanda Ali Məhkəmənin 2(102)-27564/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı vəsatətə əlavə edilmişdir. İstər "xxxx" MMC-yə qarşı, istərsə də "xxxx" MTK-ya qarşı, qanunu qüvvəsini almış Ali Məhkəmənin qərarı və qərardadları vardır. Həmin qərarla müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvan 5 ünvanda inşa edilən binada mənzilləri öz adindan satmağa səlahiyyəti olmadığından, X5 ilə bağlanmış olduğu xx.xx.2008-ci il tarixli mənzil tikintisi müqaviləsi əhəmiyyətsiz əqddir. Həmçinin mülki qanunvericiliklə tənzimlənən iddia müddəti də ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəri barəsində dələduzluq faktı ilə cinayət işi başlanmışdır. O, cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Cinayət işi üzrə onlar zərəçəkmiş şəxs qismində cəlb edilməmişlər. Sonradan binanı inşa etmək səlahiyyəti "xxxx" MMC-yə, o ləğv edildikdən sonra isə Cavabdeh MTK-ya keçmişdir. Bu səbəbdən də həmin MTK-dan mənzil verilməsini tələb edirlər. Çünki "xxxx" MMC faktiki olaraq fəaliyyət göstərmir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi X4 bildirmişdir ki, "xxxx" MMC podratçı şirkət olmuşdur. Yəni onun alğı-satqı müqaviləsinin tərəfi olmaq hüququ olmamışdır. Müvafiq məsələ ilə bağlı çoxsaylı məhkəmə qərarları vardır. Məhkəmə təcrübəsi artıq formalaşmışdır. Hazırda isə Cavabdeh MTK-nın hər hansı bir öhdəliyi yoxdur. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 905/d saylı razılıq məktubu, "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixli, 02-7Q saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin KOD 01100003 JN-9752 saylı dövlət aktı nəzərə alınaraq, Yasamal rayonu, Talıblı küçəsində 3,00 ha ərazidə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilməsi və həmin əraziyə bitişik 0,3 ha torpaq sahəsinin eyni məqsədlə həmin MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. - "xxxx" MMC ilə İddiaçı Əlisəfa qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, "Cəmiyyət" ünvan 6 ünvanda yaşayış binasını inşa etməyi öhdəsinə götürmüş, "Cəmiyyət" inşa ediləcək binanın, 13-cü giriş, 9-cu mərtəbə, 1474 saylı mənzilini "Payçıya" təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 46.752 manat məbləğində müəyyən edilmişdir. “Рауçı" isə öz növbəsində mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür; - "xxxx" MMC-nin xx.xx.2008-ci il tarixli maliyyə arayışından görünür ki, Yeni ünvan 7 ünvanında inşa edilən binanın 13-cü giriş, 9-cu mərtəbə ünvanında yerləşən 1474 saylı mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir; - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Yasamal Rayon İcra Hakimiyyəti xx.xx.2019-cu il tarixli, 510/d saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, bəzi tikinti təşkilatları tərəfindən mənzillərin eyni zamanda bir neçə nəfərə satılması nəticəsində zərərçəkmiş vətəndaşların hüquqlarının bərpa olunması məqsədilə, "xxxx" MTK-nın sədri İsfandiyar Axundovun torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən Yasamal Rayon İcra Hakimiyyətinə göndərilmiş öhdəlik ərizəsi ilə əlaqədar, bu məqsədlə Yasamal rayonu Yeni Yasamal-2 yaşayış sahəsində, "Qismət" şadlıq sarayının yaxınlığında, "Yeni Yasamal istirahət parkı"nın bilavasitə yanındakı, 270 qaçqın ailəsinin məskunlaşdığı yarımçıq məktəb binasının yerləşdiyi 1.2657 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir; - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 200 nömrəli Cavabdeh MTK-ya yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamının surətindən görünür ki, Yasamal rayonu Yeni Yasamal-2 yaşayış sahəsində “Yeni Yasamal istirahət parkı”nın bilavasitə yanında, 270 qaçqın ailəsinin məskunlaşdığı yarımçıq məktəb binasının yerləşdiyi 1.2657 ha torpaq sahəsi bəzi tikinti təşkilatları tərəfindən mənzillərin eyni zamanda bir neçə nəfərə satılması nəticəsində zərərçəkmiş vətəndaşların hüquqlarının bərpa olunması məqsədilə yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-nın icarə əsasında istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, köçürülməsi və vəsaitin ödənilməsi mövcud qanunvericiliyə uyğun olaraq, qarşılıqlı razılaşma əsasında Cavabdeh MTK-ya həvalə edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixdə Cavabdehnə (VÖEN **********) qoşularaq xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir, "xxxx" MTK "xxxx" MMC-nin hüquqi varisidir. Həmçinin "xxxx" MMC (VÖEN **********) xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi və ya hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, “Olimpus-Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alındığı xx.xx.2004-cü il tarixdən X3 (xx.xx.2012-ci il tarixdə vəfat etmişdir) adı Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru kimi reyestrə daxil edilmişdir. Hazırki tarixədək Cəmiyyət tərəfindən direktor dəyişikliyi ilə əlaqədar İdarəyə hər hansı müraciət daxil olmadığı üçün X3 adı "xxxx" MMC-nin rəhbəri olaraq reyestr məlumatlarında mövcuddur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən MMC ünvan 6 ünvanında inşa ediləcək binanın 13-cü giriş, 9-cu mərtəbəsində yerləşən 1474 saylı mənzili 46.752 manat müqabilində iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə dair xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. Binanın 3 mərtəbəsi tikilsə də, sonradan tikintisi dayandırılmışdır. Hazırda iddiaçı "xxxx" MMC-yə həmin binanın layihələndirilməsinə icazə verildiyinə, Cavabdeh MTK-nın "xxxx" MMC-nin hüquqi varisi olduğuna, binanın tikintisinin Cavabdeh MTK tərəfindən davam etdirildiyinə, zərərçəkən vətəndaşların hüquqlarının bərpa edilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulduğuna istinad edərək mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.2-ci maddələrinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Mülki Məcəllənun 385.1-ci maddəsinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 386.1-ci maddəsi). Mülki Məcəllənin öhdəliyin tərəfləri adlanan 387-ci maddəsinin 3-cü hissəsinə görə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Hazırki iş üzrə müqavilə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış və hər iki tərəfin iradə ifadəsi olmuşdur. Müqavilənin bağlanmasında "xxxx" MMC və ya Cavabdeh MTK iştirak etməmişdir. Sözügedən müqavilə "xxxx" MMC və Cavabdeh MTK üçün hər hansı öhdəlik (vəzifə) yaratmır. İddiaçının təqdim etdiyi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-829/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(102)-2757/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarlarının surətlərindən də göründüyü kimi, oxşar mübahisələrə dair işlərdə "xxxx" MMC-nin "xxxx" MMC ilə birgə borclu olmadığı üçün məsuliyyət daşımadığı müəyyən edilmişdir. Həmin məhkəmə qərarlarından görünür ki, 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, "xxxx" MMC ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri "xxxx" MMC-yə təqdim etmiş, sonuncu isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alğı-satqı müqavilələri və digər sənədlər əsasında "xxxx" MMC adından rəsmiləşdiriləcək, əgər "xxxx" MMC öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanları qarşısında özü məsuliyyət daşıyacaq. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri, o cümlədən icra hakimiyyətlərinin qərarlarını, dövlət orqanlarının məktublarını və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını araşdıraraq müəyyən etmişdir ki, tikinti hüququ "xxxx" MMC-yə məxsus olmuş, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında həmin ərazidə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün icazə məhz bu şirkətə verilmişdir. "xxxx" MMCnin həmin sahəyə və tikintiyə dair hüquq sahibi olması və ya satış həyata keçirmək səlahiyyətinə malik olması barədə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının icra hakimiyyəti tərəfindən, zərər çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması dəlilinə münasibətdə qeyd olunmalıdır ki, icra hakimiyyəti orqanının qərarı ilə hər hansı hüquqi şəxsin üzərinə zərəri ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən mənzilin bir neçə şəxsə satılması nəticəsində zərərçəkmiş vətəndaşların siyahısı tərtib edilmiş və müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Hazırki iş üzrə iddiaçı isə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh MTK-nın hazırkı binanın inşasında iştirak etməsi onun əvvəlki şirkətin öhdəliklərini avtomatik şəkildə qəbul etməsi anlamına gəlmir. İddiaçı ilə bu qurum arasında hər hansı hüquq münasibəti yaranmadığından, Cavabdeh MTK-nın mənzili iddiaçıya təhvil vermək vəzifəsi mövcud deyildir.. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı mənzilin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mənzilin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar