Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-831/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (açar sözlər: icarə müqaviləsi üzrə pul) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında fevral ayı üçün ödənilməmiş 3600 manat icarə haqqı borcunun, habelə hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56 manat, cəmi isə 3656 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, icarə sahəsinin cavabdeh tərəfindən boşaldılaraq icarə müqaviləsi bağlanan zaman olan vəziyyətdə iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X1 arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Belə ki, İddiaçı, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanda yerləşən, onun qanuni sahibliyində olan qeyri-yaşayış binasının (YDM) tam mülkiyyət hüququ üzrə ona məxsus olduğunu cavabdeh MMC-nin direktoruna bildirmiş və onlar öz aralarında həmin qeyriyaşayış binasının 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 300 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsindən 200 kv.m hissəsinə dair icarə müqaviləsi bağlamaq barədə razılığa gəlmişlər. Müqavilə şərtlərini razılaşdırdıqdan sonra, İddiaçı (İcarəyəverən) və Cavabdeh MMC-nin direktoru X1 (İcarəyə götürən) arasında 07 yanvar 2024-cü il tarixli, İcarə Müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 1-ci maddəsinə görə, bu müqaviləyə “İcarəyəverən” 2-ci maddədə göstərilən əmlakını (bundan sonra “İcarə obyekti” adlanacaq) müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada “İcarəçi”nin istifadəsinə verməyi, “İcarəçi” isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində “İcarəyverən”ə icarə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsinin 2-ci maddəsinə görə, icarə obyekti Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən “İcarəyəverən”ə tam mülkiyyət hüququ ilə məxsus qeyri-yaşayış binasının 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 300 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsindən 200 kv.m sahə təşkil edir. İcarə obyekti “İcarəçi” tərəfindən ofis məqsədilə istifadə olunacaqdır. İcarə müqaviləsinin 5.1-ci bəndinə əsasən, icarə haqqı hər təqvim ayı üzrə 4187 manat məbləğində müəyyən edilir. Mövcud qanunvericiliyə əsasən icarə haqqından ödəmə mənbəyində 14% ilə vergi tutulur. “İcarəçi” aylıq icarə haqqından ödəmə mənbəyində 14% vergi məbləğini 587 manat məbləğində tutub Dövlət büdcəsinə köçürməli və icarə haqqının qalan hissəsini 3600 manat məbləğində “İcarəyəverən”ə 5 iş günü ərzində ödəməlidir. Müqavilənin 6-cı maddəsinə əsasən, 6.1-ci bəndinə görə, bu müqavilə xx.xx.2024-cü il tarixdə bağlanılır və hesablaşmalar hər təqvim ayının 1-dən başlayaraq aparılır. 6.2-ci bəndinə görə icarə haqqı müqaviləsi bağlandığı andan 1 il müddətində qüvvədədir. 6.5-ci bəndinə görə, “İcarəçi” “İcarəyəverən”i 1 ay qabaqcadan xəbərdarlıq etməklə icarə müqaviləsinə xitam verə bilər. Əgər “İcarəçi” 1 ay qabaqcadan xəbərdalıq etmədən icarə sahəsini boşaldarsa, tərk edərsə və ya icarə müqaviləsinə birtərəfli qaydada xitam verərsə, 1 aylıq icarə haqqı məbləğini “İcarəyəverən”ə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən İcarəçi pul öhdəliklərinin yerinə yetirilməsinin gecikdirilməsinə görə “İcarəyəverən”in tələbi ilə gecikdirilmiş məbləğin hər günü üçün 1%-i həcmində dəbbə pulu ödəyir. Müqavilənin 9.1-ci bəndinə əsasən Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilirş Qarşılıqlı razılaşma ilə həll edilməyən mübahisələr iddia müddətinə riayət edilməklə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının Kommersiya Məhkəmələri vasitəsilə həll ediləcəkdir. Tərəflər arasında əldə olunmuş razılıq əsasında müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Tərəflər razılığa gəlmişlər ki, cavabdeh MMC icarə obyektini ofis məqsədilə istifadə edəcək və qarşılığında hər ayın 1-ci təqvim günündə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını İddiaçı ödəyəcəkdir. Qeyd edir ki, cavabdeh MMC 2024-cü ilin yanvar ayı üzrə icarə haqqını ödəməsinə baxmayaraq, sonradan, yəni 2024-cü ilin fevral ayı üzrə aylıq icarə haqqı olan 3600 manat məbləğində pulu ödəməmiş, bütün bunlar barədə İddiaçı heç nə bildirməmiş, onu aldatmış, ona yalan məlumat vermişdir. Beləliklə Cavabdeh MMC mülki hüquq pozuntusuna yol verərək iddiaçıya olan borcunu ödəməmişdir. Bununla da xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində cavabdeh MMC-nin İddiaçı cəmisi 3600 manat icarə haqqı borcu yaranmışdır. Həmin pul vəsaitini cavabdehdən tutulub ödənməsini tələb edir. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtinə görə, 200 kv.m. qeyri-yaşayış sahəsinə görə aylıq icarə haqqı 3600 manat razılaşdırılmışdır. Bildirir ki, dəfələrlə Cəmiyyətin borcu ödəməsi barədə şifahi qaydada xahiş və tələb edilsə də, pretenziya məktubu göndərilərək xəbərdarlıq edilsə də, bugünədək müqavilə üzrə MMC tərəfindən ödənilməli olan 3600 manat pul məbləği ödənilməmişdir. Odur ki, hazırda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh yanvar ayının icarə haqqını ödəmiş, lakin fevral ayının ödənişini etməmişdir. Ona dəfələrlə şifahi müraciət olunsa da ödəniş etməmişdir. Bundan sonra cavabdeh mart ayında icarə sahəsindən çıxıb getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-831/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 07 yanvar 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, müqaviləyə görə İcarəyəverən Bakı şəhəri, Xətai rayonu, Babək pr. 1OE ünvanında yerləşən “İcarəyəverən”ə tam mülkiyyət hüququ ilə məxsus qeyri-yaşayış binasının ll-ci mərtəbəsində yerləşən və Ümumi sahəsi 300 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsindən 200 kv.m sahəni müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada “İcarəçi"nin istifadəsinə verməyi, “İcarəçi isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində İcarəyəverən"ə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, 2024-cü ilin fevral ayının icarə haqqı olan pulun 3 gün ərzində ödənilməsi, icarə sahəsini cavabdeh tərəfindən boşaldılaraq icarə müqaviləsi bağlanan zaman olan vəziyyətdə iddiaçıya qaytarılması xahiş edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. - 07 yanvar 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Bakı şəhəri. Xətai rayonu, Babək pr. 1OE ünvanında yerləşən qeyri-yaşayış binasının ll-ci mərtəbəsində yerləşən və Ümumi sahəsi 300 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsindən 200 kv.m sahəsində qeyd edilən əşyalar icarəçiyə təhvil verilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 07 yanvar 2024-cü il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək pr. 10E ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 300 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsindən 200 kv.m sahəni sonuncuya icarəyə verməyi, cavabdeh isə həmin sahəni ofis kimi istifadəsinə qəbul edərək, icarəyəverənə aylıq 3600 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirmiş, əmlakı 07 yanvar 2024-cü il tarixdə Cavabdeh MMC-yə icarə üçün əşyaları ilə birlikdə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər edilməmişdir. Müqavilə üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmiş, bununla da müqavilənin şərtləri pozulmuşdur. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilmişdir. Bununla belə müqavilə üzrə borc ödənilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -704.1-ci maddəsinə əsasən, əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. -704.2-ci maddəsinə əsasən, icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən Bakı şəhəri, Xətai rayonu, Babək pr. 10E ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 300 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsindən 200 kv.m sahəni Cavabdeh MMC-yə icarəyə vermişdir. Cavabdeh MMC müqaviləyə əsasən icarə obyektini ofis məqsədilə istifadə edərək və qarşılığında hər ayın 1-ci təqvim günündə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını – 3600 manat məbləğini İddiaçı ödəyəcəkdir. Cavabdeh qeyri-yaşayış sahəsini xx.xx.2024-cü il tarixində əşyalarla birlikdə təhvil almış, yanvar ayı üzrə ödəniş etsə də, fevral ayı üzrə aylıq icarə haqqını ödəməmişdir. Bununla da müqavilə şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, qeyri-yaşayış sahəsinin icarəsinə görə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3600 manat borcunu iddiaçıya ödəməlidir. Digər tərəfdən tərəflər arasında bağlanmış müqavilənin 4.3.3-cü maddəsinə əsasən, “İcarəçi” tərəfindən olunan yenidənqurma işlərini icarə müqaviləsinə xitam verilərkən təhvil təslim zamanı, İcarəyəverəni qane etməzsə bir tərəfli qaydada icarə obyektini xx.xx.2024-cü il tarixində icarəçiyə təhvil-təslim verilən zaman olan vəziyyətinə qaytarılmasını tələb edə bilər. Müqavilənin qeyd olunan şərtini nəzərə alan məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddiaçıya məxsus icarə sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq icarə müqaviləsi bağlanan zaman olan vəziyyətdə İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli müqavilə əsasında fevral ayı üçün ödənilməmiş 3600 (üç min altı yüz) manat icarə haqqı borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56 (əlli altı) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, icarə sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq icarə müqaviləsi bağlanan zaman olan vəziyyətdə İddiaçı qaytarılsın. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli müqavilə əsasında fevral ayı üçün ödənilməmiş 3600 (üç min altı yüz) manat icarə haqqı borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56 (əlli altı) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İcarə sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq icarə müqaviləsi bağlanan zaman olan vəziyyətdə İddiaçı qaytarılsın. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-831/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-831/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver