Məhkəmə qərarları › İş №e-2(005)-853/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-853/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-853/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4891.73 manat əsas, 258.54 manat faiz, cəmi 5150.27 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 71.91 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, X3 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, X2 xx.xx.2023-cü il tarixinə əsas borcu 4891.73 manat, faiz borcu 258.54 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №255393 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilmiş məlumata əsasən X2 vəfatından sonra 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2023-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2023-cü il tarixində vərəsəlik işi açılmışdır və X2 vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır. Borcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, X2 vərəsəsi Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehin vərəsəsindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 5150.27 manat təşkil edir ki, bu borcun da cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin edilməlidir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, mərhum yoldaşı Azərbaycan Ordusunun zabiti – kapitanı olmuş, səhhətində ciddi problemlər yaranması səbəbindən xx.xx.2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 5000 manat kredit götürmüşdür. Lakin səhhətində olan problemlər aradan qalxmamış və 0 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh hazırda iki övladı ilə birlikdə atasının evində qalır, maddi cəhətdən çətinlik çəkirlər. Mərhum həyat yoldaşından cavabdehə və övladlarına yalnız hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə 1587,95 manat pul kompensasiyası miras qalmışdır və cavabdeh bu həddə kredit borcunu hissə-hissə ödəməyə razıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin baxış iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etiraz ərizəsinə uyğun izahat verərək tələb olunan kredit borcunu bütünlüklə deyil, ona miras qalan kompensasiya həcmində hissəhissə ödəməyə çalışacağını bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən borcverən bank tərəfindən borcalan X3 36 ay müddətinə illik 16,5% faiz hesablanmaqla 5000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı Kredit Müqaviləsinin ödəniş cədvəlindən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi 177,02 manat, sonuncu ay isə 177,13 manat ödəniş etməli idi. 1 saylı Bakı “Asan xidmət” X8 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ 255393 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci ildə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsələri X5, X7 və Cavabdehdır və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixində 826 saylı məktuba əsasən hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə 1587,95 manat pul kompensasiyasından ibarətdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, bank kredit borcunun 5 iş günü ərzində ödənilməyəcəyi təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli ******* saylı Kredit Müqaviləsi üzrə əsas borcu 4891,73 manat, faiz borcu 258,54 manat, ümumi borcu 5150,27 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən borcverən bank tərəfindən borcalan X3 36 ay müddətinə illik 16,5% faiz hesablanmaqla 5000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə cəmi 181,54 manat ödəniş edilməsi və əsas borc məbləğinin 4891,73 manat olması mübahisələndirilməmişdir. X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə X2 vərəsəsi olmasına dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə ilə Cavabdeh X2 miras əmakından 1/3 hissədə pay əldə etməlidir. Miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixində 826 saylı məktuba əsasən hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə 1587,95 manat pul kompensasiyasından ibarətdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir... Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir...Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, borcalan X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh onun qanun üzrə vərəsəsi kimi tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, iş materialları ilə Cavabdeh mərhum borclu X2 vərəsəsi olması və miras əmlakı qəbul etməsi sübuta yetirildiyindən Cavabdeh mərhum borclunun kredit müqaviləsi üzrə borcunun ödənilməsinə görə məsuliyyət daşıyır. Məhkəmə vərəsənin borc müqaviləsi üzrə məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il Qərarında qeyd olunur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə onu qeyd edir ki, borclu X2 digər vərəsələri, yəni X7 və X5 yetkinlik yaşına çatmayan şəxslər olsa da, onların qanuni nümayəndəsi - anası Cavabdehdır. Halbuki iddia ərizəsinin məzmununda iddiaçı mərhum borcalanın yeganə vərəsəsi kimi Cavabdeh göstərmiş, digər vərəsələri ümumiyyətlə qeyd etməmişdir. Digər vərəsələr yetkinlik yaşına çatmamış şəxslər olmaqla Cavabdeh himayəsində olsalar da, hüquqi nəticə etibarı ilə vərəsəlik payları onlara şəxsən məxsusdur. Həmçinin iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubu da “X2 vərəsəsi Cavabdeh” ünvanlanmış, bu bildirişdə digər vərəsələrlə bağlı heç bir məlumat qeyd edilməmişdir. Bütün bu hallar iddiaçının kredit borcunu cavabdehdən X2 vərəsəsi olaraq tələb etdiyi göstərir ki, yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi Cavabdeh X2 yeganə vərəsəsi deyil və digər vərəsələrin qanuni nümayəndəsi kimi də iddiaçı tərəfindən işə cəlb edilməli idi. Digər vərəsələr barədə iddiaçı tərəfindən heç bir şifahi və yazılı məlumat verilmədiyi, bununla bağlı sonradan hər hansı vəsatətin olmadığı halda məhkəmənin öz təşəbbüsü ilə Cavabdeh digər vərəsələrin qanuni nümayəndəsi kimi cavabdeh olaraq işə cəlb etmək səlahiyyəti yoxdur. Buna görə də, məhkəmə məhz X2 vərəsəsi kimi Cavabdeh qarşı yönəlmiş olan hazırki iddia tələbinə baxır. İş materiallarından müəyyən olunur ki, mərhum borcalan X1 miras qalmış əmlak 1587,95 manat pul olmuşdur ki, bu əmlak üzərində Cavabdeh 1/3 hissədə payı müəyyən edilmişdir. Yəni Cavabdeh çatası miras əmlak təxminən 529,32 təşkil edir. Digər vərəsələr iddia ərizəsində cavabdeh kimi müəyyən edilməmiş, hazırki mülki işdə onlara qarşı hər hansı iddia qaldırılmamışdır. İş üzrə Cavabdeh iş üzrə yeganə cavabdeh olduğundan, iddiaçının xeyrinə tutulmalı məbləğ Cavabdeh çatası məbləğdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzinin qaytarılmasını tələb etdiyindən iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 529,32 manat məbləğində borc; iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 529,32 manat məbləğində borc; iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar