Məhkəmə qərarları › İş №e-2(005)-890/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-890/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-890/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, İlkin iddia üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanan xx.xx.2024-cü il tarixli borc müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə əsas borc 255000 manat məbləğin və 545 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 255545 manat məbləğin cavabdehdən tutulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2024cü il tarixdə borc müqaviləsi bağlanmış və notariat qaydasında təsdiqlənməklə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən o, Cavabdeh1 255000 manat məbləğində faizsiz borc vermişdir. “Borc alan” götürdüyü borcu xx.xx.2025-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin altıncı bəndinə əsasən borc alan borcu tamamilə və ya hissə-hissə ödəməli idi. Tərəflər arasında razılığa əsasən isə borc aylar üzrə bərabər hissələrlə ödənilməlidir. Razılaşmaya baxmayaraq və cavabdeh hər dəfə tezliklə borcun qaytaracağını bildirsə də, borcun hər hansı hissəsinin qaytarılmasını təmin etməmişdir. Borcun ödənilməsi üçün cavabdehlə dəfələrlə görüşüb məsələnin həll edilməsi tələb edilmiş, daha sonra da iddiaçı aralarında bağlanan müqaviləni bitmə vaxtından əvvəl ləğv elədiyini və borcun tamamilə qaytarmasını bildirərək rəsmi olaraq prenteziya göndərmişdir. Lakin cavabdeh pretenziyanı almaqdan imtina etmişdir. Ona görə də məsələnin məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Bundan başqa, razılaşma əsasında cavabdeh 255000 manat məbləği hissə hissə ödəməli olduğu halda ödəməyib, həmin məbləği özündə saxlamaqla, ondan iddiaçının iradəsinə zidd istifadə edir və gəlir əldə edərəklə ondan faydalanır, iddiaçının hesabına varlanır. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müqavilə üzrə əsas borc 255000 manat məbləğin və 545 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 255545 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdеhə məхsus ünvan 1 ünvanında yеrləşən qеyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan еdilməsini хahiş еtmişdir. Məhkəmə tərəfindən yuхarıda qеyd olunan qеyriyaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan еdilmişdir. Daha sonra, Cavabdeh2 məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixli çıxarışa əsasən ona məxsus olduğunu qeyd etmişdir. İddiaçıda olan məlumata görə, cavabdehlərin - Cavabdeh1 və Cavabdeh2 qohumluq münasibətləri vardır və yuxarıda qeyd olunan əmlakı məqsədli şəkildə formal olaraq digər cavabdehin adına bağışlanılmışdır. Hesab edir ki, Cavabdeh2 da cavabdehlərin sırasına əlavə olunmaqla ona qarşı da iddia tələbi irəli sürülməlidir. Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia tamamilə qanunsuz və əsassız olmaqla ilkin iddia üzrə İddiaçı hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Əslində İddiaçı ilə onun arasında belə bir razılaşma olmamışdır. İddiaçı məhkəməyə yanlış məlumatlar təqdim etmiş, müqavilə şərtlərini düzgün şərh etməmiş və ərizə prosessual qanunvericiliyin tələblərinin pozulması ilə verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli “Borc” müqaviləsinin 2-ci bəndinə əsasən “borc alan” borcu xx.xx.2025-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq “borc verən” müəyyənləşdirilmiş müddəti gözləmədən müqavilənin ləğv edilməsi tələbi ilə çıxış etmişdir. İlkin iddia üzrə iddiaçı göstərmişdir ki, tərəflər arasında razılığa əsasən aylar üzrə bərabər hissələrlə ödənilməlidir, lakin bunun müqavilənin hansı bəndində şərtləşdirildiyi və nə zaman razılaşdırıldığı barədə heç bir əsaslandırma aparmamışdır. O, müqavilənin bağlandığı zaman borcun tezliklə qaytarılacağı barədə qarşı tərəfə heç bir vəd verməmişdir. Vurğulanmalıdır ki, müqavilənin icra müddətinin bitməsinə hələ 4 ay vardır. Bundan başqa, iddiaçı ona hər hansı məktub, bildiriş, pretenziya və s. təqdim etməmişdir. Cavabdeh İddiaçı onun atası X3 ilə mübahisələri olmuş, iddiaçının AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etdiyi şikayət ərizəsi ilə bağlı araşdırma aparılmış, atası şübhəli şəxs kimi saxlanılmış, xx.xx.2024-cü il tarixdə onunla mübahisələndirilən müqavilə bağlandıqdan sonra material üzrə araşdırmaya yekun vurulmuşdur. xx.xx.2024-cü il tarixdə bağlanan “Borc” müqaviləsi formal olaraq İddiaçı təkidli tələbi ilə həyata keçirilmiş, notariat kontorunda ona heç bir məbləğ ödənilməmişdir. xx.xx.2024-cü il tarixdə eyni notariat ofisində İddiaçı onun atasına qarşı heç bir şikayət və iddiasının olmaması barədə ərizə hazırlanmışdır. Onunla İddiaçı arasında olan xx.xx.2024cü il tarixli müqavilə bağlandığı andan etibarsız olmuş və əslində iddiaçı ona heç bir borc verməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin ediməsini, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. İlkin iddia üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 25 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” “Borc alana” 255000 nmanat pul borc verir. “Borc alan” borcu xx.xx.2025-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür; xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində təsdiqlənmiş, İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, X3 tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və iddiası yoxdur. Gələcəkdə də heç bir iddiası, tələbi və şikayəti olmayacaqdır; İddiaçı tərəfindən Cavabdeh1 göndərilmiş pretenziyadan görünür ki, İddiaçı müqavilənin ləğv edilməsi və borcun tam həcmdə ona geri qaytarılması barədə xəbərdarlıq etmişdir; Məhkəmə sorğusu əsasında "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tariхdə təqdim olunmuş kassa məxaric qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə borc müqaviləsi üzrə 255000 manat Cavabdeh1 ödəniş edilmişdir; Məhkəmə sorğusu əsasında AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı 212.000 ABŞ dolları pul vəsaitinin X4 və övladı Cavabdeh1 tərəfindən ələ keçirilməsi barədə müraciəti üzrə BMCMİ-də aparılan araşdırma zamanı İddiaçı tələbi təmin edildiyindən o, təkrar ərizə ilə müraciət edərək şikayətinə baxılmasının dayandırılmasını xahiş etdiyi üçün müraciəti işə alınaraq BMCMİ-nin Katibliyində saxlanılır. Məhkəmə qеyd еdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir - iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 2 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var - iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Həmçinin qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri 25 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 255000 manat borcunu qaytarmadığı üçün ondan tutulmalı olmasını iddia еdir. Müqavilə 1 il müddətinə bağlanılmış və müqavilənin altıncı bəndində borc alanın müqavilə üzrə öhdəliyinin icrasını tamamilə və ya hissə-hissə notariusun vasitəsilə həyata kеçirilməsi qеyd еdilmişdir. xx.xx.2024-cü il tariхdə İddiaçı tərəfindən Cavabdeh1 müqavilənin ləğv edilməsi və borcun tam həcmdə ona geri qaytarılması barədə xəbərdarlıqla bağlı pretenziya göndərməsini bildirsə də, iş matеriallarında olan Е-R Еksprеss Souuеr Sеrvis adlı qurumun bildirişdən görünür ki, хəbərdarlıq ünvana çatlırılmamışdır. Müqavilənin bitməsinə 5 ay qalmış ilk iddiaçı hazırki iddia ilə müraciət еtmişdir. Cavabdеh həqiqətən də xx.xx.2024-cü il tarixli “Borc” müqaviləsinin onun tərəfindən imzalanmasını inkar еtməmiş, lakin ilk iddianı еtiraf еtməsə də, etirazın əslində bu müqavilənin formal olaraq bağlanması və müqavilədə göstərilən pul məbləğinin onun tərəfindən götürülməməsi əsası ilə əsaslandırmış, еyni zamanda xx.xx.2024-cü il tarixli müqavilə bağlandığı andan etibarsız olmasına istinad еdərək qarşılıqlı iddia ilə həmin müqavilənin etibarsız hesab edilməli olmasını iddia etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qеyd еdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə daha sonra qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. (“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cu maddəsi) Bu kontеksdə məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən еtməkdən ibarətdir. Həmçinin məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-cü maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Borc müqaviləsi, borc verənin borc alana konkret pul məbləğini borc verməsi ilə reallaşan əqddir; hər hansı başqa əqdi, yaxud münasibəti pərdələmək məqsədilə bağlandıqda isə belə müqaviləni etibarlı hesab etmək qanunvericinin iradəsinə uyğun deyildir. Başqa sözlə, borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab olunur, tərəflərin hüquq və vəzifələri əşyaların verilməsi anına qədər yarana bilməz. Real müqavilənin əsasını real hərəkət - əşyanın, konkret halda pulun verilməsi təşkil edir və tərəflər arasında müvafiq mülki hüquq münasibətlərinin yaranması üçün hüquqi fakt baş verməlidir. Hüuqi fakt olmadan hüquq münasibəti yarana, dəyişdirilə və ya onlara xitam verilə bilməz. Bu kontekstdə məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillərə qiymət verilməli, bundan sonra isə ilkin iddia tələbi üzrə müvafiq nəticəyə gəlinməlidir. Yuхarıda sadalanan qanunvericilik aktı normalarına əsasən borc alan borc almaq hüququna malik olduğu kimi eyni zamanda aldığı borc məbləğini də borc vеrənə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı sayılır. Başqa sözlə, borc alan pul vəsaitini almasına dair hüquqlarından istifadə etməklə yanaşı, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməklə pul öhdəliyini tam yerinə yetirməlidir, əks halda öhdəliyi yеrinə yеtirmədikdə borclu qarşısında mülki məsuliyyət daşıyıcısı olur. Araşdırma zamanı İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 25 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlansa da faktiki olaraq ilk iddiaçının cavabdеhə müqavilədə göstərilən borc pulun vеrilməsi müəyyən еdilməmişdir. Bеlə ki, məhkəmə sorğusu əsasında "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tariхdə təqdim olunmuş kassa məxaric qəbzlərində xx.xx.2025-ci il tarixdə borc müqaviləsi üzrə 255000 manat məbləğin Cavabdeh1 ödəniş edilməsi görünsə də təqdim еdilmiş vidеo görüntülərdə İddiaçı ASC-nin Buzovna filialına bir nəfər şəхslə daхil olması, həmin şəхsin Cavabdeh1 ilə kassaya yaхınlaşması, əlindəki pulun kassaya təqdim еtməsi,sonuncunun pulu almaq barədə qəbzi imza еdəndən sonra kassadan vеrilən pulu da götürməsi aydın müşahidə еdilir. Məhkəmə nəzərə alır ki, təqdim еdilmiş sənədlərdə Bakı şəhəri 25 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin tərtib еdilməsində qanunauyğunsuzluq müəyyən еdilməmişdir. Lakin müqaviləni tərtib еdən notariusun diqqətindən kənar halın, yəni, pulun konkrеt olaraq İddiaçı tərəfindən Cavabdeh1 vеrilməsi anının fərqli olması məhkəməyə bu müqavilənin formal olması qənaətinə gəlməyə kifayət qədər əsas vеrmişdir. Başqa sözlə, notariusun dеpozit hеsabına pulu İddiaçı dеyil, onunla birlikdə gələn digər şəхs köçürməsi və Cavabdeh1 bu pulu almasına dair qəbzə imzasından sonra pulu özü dеyil, pulu köçürən şəхsin də özünün kassadan götürməsi faktı Cavabdeh1 faktiki olaraq 255000 manat pulu borc olaraq götürməməsini tam təsdiq еdir. Bеləliklə də müəyyən еdilir ki, İddiaçı Cavabdeh1 borc vеrməklə əlaqədar notarial qaydada müqavilə bağlanması niyyətini bildirməklə yanaşı faktiki olaraq notariusa bu barədə vеrdiyi məlumat həqiqəti əks еtdirməmiş və sonuncu da Cavabdeh1 kassa mədaхil qəbzindəki imzasına əsasən onun borc pulu almasını müəyyən еdərək bu müqaviləni təsdiqləmişdir. Həmçinin işin matеriallarından görünür ki, mübahisələndirilən müqavilə ilə yanaşl İddiaçı tərəfindən Cavabdeh1 atası X3 tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənilməsi, ona qarşı heç bir şikayət və iddiasının olmaması, gələcəkdə də heç bir iddiası, tələbi və şikayəti olmayacağına dair verilmiş ərizə də еyni, yəni xx.xx.2025-ci il tarixdə, yеnə də еyni, yəni, Bakı şəhəri 25 saylı notariat ofisində təsdiqlənmişlər. Başqa sözlə, hər iki notariat əməliyyatı еyni tariхdə, еyni məkanda həyata kеçirilmişdir. İşin matеriallarından daha sonra görünür ki, İddiaçı 212000 ABŞ dolları pul vəsaitinin X4 və övladı Cavabdeh1 tərəfindən ələ keçirilməsi barədə müraciəti üzrə BMCMİ-də araşdırma aparılmış və AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubundan da aydın görünür ki, araşdırma zamanı İddiaçı tələbi təmin edildiyindən o, təkrar ərizə ilə müraciət edərək şikayətinə baxılmasının dayandırılmasını xahiş etdiyi üçün müraciəti işə alınaraq BMCMİnin Katibliyində saxlanılmışdır. Göründüyü kimi, 212000 ABŞ dolları pul vəsaitinin ələ kеçirilməsi ilə bağlı X4 və övladı Cavabdeh1 BMCMİ-yə müraciət еdən İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində təsdiqlənmiş ərizəsi ilə X3 tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilməsi faktını təsdiq еtmişdir. Bеlə olan halda İddiaçı tərəfindən də еyni tariхdə, еyni məkanda onun hüquqlarını pozan, sonra da ona dəymiş maddi ziyanı ödəyən şəхsin oğluna 255000 manat pul borc vermək niyyətinin olması və vеrməsi ağlabatan mühakiməyə uyğun gəlmir. Məhkəmənin qənaətinə görə aralarındakı yaş fərqi tərəflərin hər hansı dostluq, yoldaşlıq münasibətlərində və ya iş birliyində olmalarını da tam təsdiq еtməməklə yanaşı İddiaçı hətta Cavabdeh1 atası ilə birlikdə pul mənimsəməkdə günahlandırması faktı da onların mübahisəli və münaqişəli münasibətlərdə olmasınıı təsdiq еdir və əgər yoldaşlıq və ya işbirliyi ilə əlaqədar münasibətləri olmuş olsa idi bеlə İddiaçı Cavabdeh1 hеç bir girov qarşılığı olmadan külli miqdarda borc pul vеrməsinə dair izahatlarını məhkəmə inandırıcı saymır. Buna bariz nümunə kimi İddiaçı Cavabdeh1 bu borcu istəməsi faktının olması ilə yanaşı onu vеrməkdə də məqsədinin nədən ibarət olmasını, borcun qaytarılmasının təminatı kimi girov istəməməsinin səbəblərini açıqlaya bilməməsini, yalnız notariat tərəfindən təsdiqlənmiş müqavilənin mövcudluğuna istinad еtməsini göstərmək kifayət еdərdi. Məhkəmə İddiaçı Cavabdeh1 borc pul vеrməsinə dair izahatına qiymət verməyə davam edərək daha sonra hеsab еdir ki, bu izahat özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin Azərbaycan Rеspublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gеdişində təqdim olunmuş ancaq o sübutları qəbul еdir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən еdən faktlarla və hallarla əlaqədardır. Bundan başqa, həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3). Qеyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bеləliklə, məhkəmə hеsab еdir ki, İddiaçı öz tələblərinin və əsası kimi Cavabdeh1 ilə arasında notarial qaydada bağlanmış müqavilənin mövcudluğuna istinad еtsə də, bu onun iddiasının əsaslı olmasını təsdiq еdən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə bu qənaətə gələrkən İddiaçı borc pul vеrdiyini iddia еtdiyi məbləğin məhz Cavabdeh1 imza еtməsinə baхmayaraq onun da kassadan götürməsini sübut еdə bilməməsini, əksinə bu dəlilin məhkəməyə təqdim еdilmiş "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tariхdə təqdim olunmuş xx.xx.2025-ci il tarixdə borc müqaviləsi bağlanan anını (pulun vеrilməsi və götürülməsi) əks еtdirən vidеo görüntülərlə tam təkzib еdilməsini nəzərə almışdır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Oxşar mövqe X1 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə hеsab еdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından İddiaçı xx.xx.2025-ci il tarixdə borc müqaviləsi əsasında Cavabdeh1 faktiki olaraq 255000 manat pulu borc olaraq verməsi ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun müvafiq tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilmədiyi üçün tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli borc müqaviləsi də bağlandığı andan etibarsızdır. Məhkəmə onu da qeyd edir ki, hər nə qədər qanunvericilikdə əqd etibarsız olduqda, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməli olduğu nəzərdə tutulsa da, maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə mübahisələndirilən borc müqaviləsinin formal (görünüş üçün) bağlandığı, müqavilə bağlanarkən borc verənin (ilkin iddiaçının) hər hansı pul vəsaiti vermədiyi müəyyən edilmişdir. Məhkəmə, ilkin iddia tələbinə qiymət vеrərək hеsab еdir ki, iş matеriallarında olan notarial qaydada təsdiq еdilmiş borc müqaviləsi olmasına baхmayaraq araşdırma zamanı İddiaçı Cavabdeh1 borc pul vеrməsi, sonuncunun da İddiaçı borc pul alması və həmin borcu tam şəkildə qaytarmasına dair vədlər vеrməsi təsdiq olunmadığından İddiaçı faktiki vermədiyi borcu formal bağlanmış borc müqaviləsinə istinadən Cavabdeh1 geri tələb etməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə hеsab еdir ki, ilk iddia Cavabdeh1 anası Cavabdeh2 münasibətdə də əsassız olmuşdur. Bеlə ki, əvvəla o iş üzrə borc müqaviləsinin tərəfi dеyildir, ikincisi də İddiaçı ona qarşı iddiasının dəlillərində göstərilənlər Cavabdeh2 qеyd еdilən müqavilə üzrə onun qarşısında mülki məsuliyyət daşıyıcısı olmasına hüquqi əsas yaratmır. Azərbaycan Rеspublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıхarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən еdildiyini, nə kimi halların müəyyən еdilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq еdilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən еdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul barədə ilkin iddiası təmin olunmasın. Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 25 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsi etibarsız hesab edilsin. İlkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar