Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-897/2025 02.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərər (əldən çıxmış fayda) qismində 224600 manat, mənəvi zərər qismində 100000 manat, ödənilmiş dövlət rüsumuna görə 615 manat olmaqla, ümumilikdə 325215 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən binada iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus olan, ümumi sahəsi 898,8 kv.m qeyri-yaşayış obyekti mövcuddur. Həmin qeyri-yaşayış sahəsi üzrə o, xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Obyektdə həmçinin Bakı Qızlar Universiteti fəaliyyət göstərmişdir. Lakin binanın zirzəmi hissəsində yerləşən insanlar tərəfindən vurulmuş zərər nəticəsində ona məxsus həmin obyekt artıq dörd ildir ki, istifadəyə yararsız vəziyyətdədir. Belə ki, zirzəminin 153,50 kv.m sahədə qarşı-qarşıya dayanan yük divarları dağıdılaraq altı pəncərə, iki qapı açılmış, dörd arakəsmə sökülmüş, beş beton dirək (dayaq) aradan götürülmüşdür. Xeyli söküntü materialları zirzəmidən çıxarılmışdır. Hazırda tavan çökmüş, döşəmə isə dağıdılmışdır. Bina tam qəzalı vəziyyətə düşmüşdür. Binanın pilləkənləri həm ilkin, həm də ikinci texniki pasportda göstərildiyi kimidir. Dəyişiklik yoxdur. Binaya da əlavə bitişik pilləkən qəfəsi quraşdırılmamışdır. Pilləkənlər tikinti normalarına və qaydalarına uyğun aparılmışdır. Pilləkənlər cavabdehə məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxışına qətiyyən mane olmamışdır. Zirzəminin mülkiyyətçisi olan cavabdeh tərəfindən aparılmış təmir-rekonstruksiya işləri nəticəsində tarixi abidəyə (binaya) qanuna zidd (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan) müdaxilə olunmuşdur: 1. Binanın taclarında (yükdaşıyıcı əyri xətt örtük konstruksiyalarında) bütövlükdə binanın dayanıqlığına təsir edə biləcək dəyişikliklər aparılmış; 2. Pəncərə boşluqlarında konstruktiv dəyişikliklər edilmiş; 3. İçərisində mövcud arakəsmələr götürülərək planda olmayan əlavə arakəsmələr hörülmüş; 4. Tavanın bəzi hissələrində yuxarı mərtəbənin çökməsinə təhlükə yarada biləcək söküntü işləri aparılmış;
5. Əsas yük daşıyan kolonlar sökülmüşdür. Binanın döşəmə, tavan və divarlarından çıxarılan söküntü materialları, bum daşları əvəzində divar, arakəsmə və dayaqlar içiboş qırmızı kərpiçlərdən istifadə olunmaqla tikilmişdir. Həmin materiallar bu binanın özülü üçün yararsızdır. Bina təhlükəli vəziyyətdədir. Üstündəki altı auditoriyada tədris məşğələləri aparmaq insan tələfatı ilə nəticələnə bilər. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ona məxsus 898,8 kv.m olan qeyri-yaşayış sahəsinə xeyli zərər dəymişdir. İkinci mərtəbənin divarlarında bundan artıq çatlar yaranmışdır. Nəticədə döşəmədə gəzmək mümkünsüz hala düşmüşdür. Belə ki, dəhliz və auditoriyalarda gəzmək ciddi təhlükə mənbəyidir. Bütün bu səbəblərdən nəinki universitet fəaliyyət göstərə bilməmiş, hətta dörd ildən artıqdır ki, şəhərin ən vacib yerlərindən birində yerləşən həmin tarixi binadakı obyekt faktiki istifadəsiz hala gəlmiş, mülkiyyətçinin külli miqdarda faydanın əldən çıxarmasına səbəb olmuşdur. Qeyd olunan binada söküntü-təmir işləri nəticəsində konstruktiv dəyişikliklərin, dağıntıların aparılması, başqa sözlə, binanın yararsız vəziyyətə gətirilməsi şübhəsiz ki, böyük xərclər tələb edir. Həmçinin binada müəllim-professor və işçilərin həyatına böyük təhlükə yaranır. Cavabdeh öz məsuliyyətini gizlətmək üçün ona qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, guya mane yaradan ona məxsus pilləkənin söküntüsünü tələb etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi iddianın rədd edilməsi, həmçinin qarşılıqlı iddia üzrə dəymiş maddi zərərin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin iddialar üzrə məhkəmə prosesləri zamanı AR Föqvəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəydə binanın qəzalı vəziyyətə düşdüyü təsdiqlənmişdir. Həmçinin təyin olunmuş məhkəmə ekspertizası və mütəxəssis rəyləri də dəymiş maddi zərəri və səbəb-nəticə əlaqələrini təsdiq etmişdir. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin həmin tarixi binaya təhlükə yaradan tikinti-bərpa işlərinin, habelə başqa növ dəyişikliklərin aparılmasının qadağan olunduğu bildirilmişdir. AR Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təqdim etdiyi məktubda da cavabdeh tərəfindən aparılan təmir-bərpa işlərinin Xidmətlə razılaşdırılmadığı, qanunazidd aparıldığı qeyd olunmuşdur. Beləliklə, bütün səlahiyyətli qurumların və ekspertizaların rəyləri qanunsuz aparılmış tikinti nəticəsində tarixi binaya, konkret olaraq da ona zərər vurulduğunu təsdiqləmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 08/QYS/2024 nömrəli hesabatında müəyyən etmişdir ki, qeyri-yaşayış sahəsinin istifadəyə yararsız vəziyyətə düşməsi ucbatından iddiaçıya 2021-2024-cü illər üzrə 224600 manat məbləğində zərər dəymişdir (əldən çıxmış fayda). Həmçinin müstəqil ekspert rəyində dəymiş zərərlə zərər vuranın qanunsuz əməlləri arasında səbəb-nəticə əlaqəsinin mövcudluğu təsbit olunmuşdur. Bunlardan əlavə, cavabdeh Mehrəliyeva qəsdən, heç bir əsas olmadan iddiaçını məhkəmələrə çəkmiş, ölkə Prezidentinə, Baş prokurora, DİN-ə, DTK-ya, Nəsimi rayon prokuroruna, polis idarələrinə haqsız şikayətlər etmiş, onu korrupsiyada ittiham etmiş, televiziya və sosial şəbəkələrdə, mətbuatda ləyaqət və şərəfini alçaldan böhtanlar atmış, hətta onu ictimaiyyət və universitetin kollektivi arasında şərləməyə çalışmışdır. Bunlar azmış kimi universitetin fəaliyyəti haqqında anonim məktublar yazmışdır. Məlum olduğu kimi, iddiaçı ölkənin tanınmış şəxslərindəndir. Uzun müddətdir Bakı Qızlar Universitetinin rektoru kimi fəaliyyət göstərir. Həmçinin görkəmli professor, yazıçı, dramaturq və kinossenaristdir. Onlarla kitab, yüzlərlə elmi məqalə müəllifidir. Onun bu cür şərlənməsi, böhtana məruz qalması və ictimai olaraq ona qarşı irəli sürülən təhqiramiz ittihamlar iddiaçının şərəf və ləyaqətinə, cəmiyyətdəki nüfuzuna ciddi zərər vurmuşdur. İddiaçı Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ümumi sözlərlə yazılmış, heç bir konkret fakt əsas götürülməmiş, iddiaçının hüquqlarını hansı şəkildə pozmağı hüquqi olaraq əsaslandırılmamış və hüquqlarının pozulmasını iddia etməsinə baxmayaraq bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçıya məxsus yuxarı mərtəbədə yerləşən obyektdə kimsə normal şəkildə gəzib hərəkət edəndə onların obyektinə toz-torpaq tökülür, obyektin tavanı silkələnərək təhlükəli vəziyyət yaranır. Həmçinin universitetin sanitar qovşağı onlara məxsus obyektin mətbəx hissəsinin üzərində yerləşir. Sanitar qovşaqdan axan çirkab suları birbaşa mətbəxə tökülür. Bundan başqa cavabdeh 5 qonşunun istifadəsində olan binanın ümumi giriş qapılarının qıfıllarını dəyişdirmiş, binanın həyətyanı sahəsinə heç kimin buraxılmamasına dair universitet işçilərinə qanunsuz göstəriş vermiş, həmçinin onun obyektinin divarına bitişik qanunsuz tikililər (2 ədəd sanitar qovşaq) inşa etdirmiş, o cümlədən obyektə giriş qapısının qarşısını kəsən, giriş-çıxışa mane olan pilləkən quraşdırmışdır. Həmçinin də onların obyektinə bitişik 1 ədəd otaq tikmişdir. Həmin otaqda isə kombilər quraşdırılmışdır. Həmin otaqda bağlı yerdə kombi işləməsi obyekt üçün real təhlükə yaradır. Beləliklə də, istər obyektə normal şəkildə giriş-çıxış, istər obyektdən təhlükəsiz şəkildə istifadə etmək, istərsə də sanitar qovşaqlarından və pilləkənin divara birləşmiş sahəsindən binaya sızan nəmişlik və pis iy-qoxu obyektdən istifadəni mümkünsüz edir. Bununla bağlı 2021-ci ilin dekabr ayının sonlarında İddiaçı bildirilmişdir ki, tavanı və kanalizasiya xətlərini təmir etdirsinlər. Bu həm orada təhsil alan tələbələrin, həm də aşağıda fəaliyyət göstərən digər şəxslərin həyatına təhlükə yaradır. Həmçinin də qanuni mülkiyyəti olan qeyri-yaşayış sahəsindən istifadə edə bilmirlər. İddiaçı təklifi olduqca kobud şəkildə rədd edərək söyləmişdir ki, siz kimsiniz, buranı sizin əlinizdən alacağam, heç bir təmir aparmayacağam və sizin də təmir işləri görmənizə icazə verməyəcəm. 2022-ci ilin yanvar ayının 3-də kosmetik təmir işləri görməyə başlamaq istəsə də, cavabdeh buna imkan verməyərək ətrafında olan universitetin işçiləri ilə birlikdə hücum çəkmək istəmişdir. Nümayəndə münaqişənin dərinləşəcəyindən qorxub DİN 102 qaynar xəttinə müraciət etmiş və işləri yarımçıq saxlamışdır. Həmçinin də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-44/2022 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, mübahisə predmeti olan ünvan 10 ünvanında yerləşən binanın zirzəmisində tikinti və söküntü işlərinin aparılması ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardad bu gün də qüvvədədir. Belə olan vəziyyətdə onun hansısa təmir-rekonstruksiya işləri aparması təbii olaraq mümkünsüzdür. AR Ali Məhkəməsinin 2(102)-3001/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı qarşı ilk, cavabdeh İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-113/2024 saylı qətnaməsi “ilk iddianın qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd santiar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” və “qeyri-yaşayış sahəsinin çöl fasad divarına cavabdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi və qarşılıqlı iddianın “Şəhla Mehrəliyevanın hərəkətlərinin qanunsuz hesab edilməsi, Şəhla Mehrəliyeva tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətə qaytarılması” hissəsində ləğv olunmuş və iş həmin hissələrdə yenidən baxılması üçün geri qaytarılmışdır. Bu isə o deməkdir ki, Ali Məhkəmə yuxarı instansiya məhkəməsi olaraq, hansısa qanunsuz və özbaşına hərəkət etməməyini təsdiq etmişdir. İstənilən halda yuxarıda qeyd olunan məhkəmə mübahisəsi tam olaraq yekunlaşmadığı üçün iddiaçının hazırki iddiasının heç bir hüquqi əsası ola bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili Vəkil bildirmişlər ki, maddi zərərlə bağlı daha əvvəlki iş üzrə 35000 manat pul tələb etmişlər, lakin tələbləri təmin olunmamışdır. Hazırda artımları nəzərə alaraq, 224600 manat pul tələb olunur. Cavabdehin gördüyü işlər nəticəsində obyekti yararsız hala düşmüş, 2021-ci ilin sonunda universitetdə təhsil dayandırılmışdır. Əgər ona zərər dəyməsə idi, obyekt istifadə ediləcəkdi. İddiaçı elmi yaradıcılıqla məşğuldur, çoxsaylı məhkəmə prosesi isə onun fəaliyyətinə təsir edir, vaxt itkisinə səbəb olur. İddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının və vəkilinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində istifadədə olan - ha torpaq sahəsində yerləşən 50 nömrəli binanın 2-ci mərtəbəsində 898,8 kv.m ümumi, 626,7 kv.m əsas, 272,3 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüquqi üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 131 nömrəli vərəqində qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Texniki Pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektinin əsas hissəsi 640,5, köməkçi hissəsi 258,3 kv.m olmaqla, ümumilikdə ölçüsü 898,8 kv.m təşkil etməkdədir; - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş (3720 inventar nömrəli), Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında yerləşən Bakı Qızlar Universitetinin binasına 2023-cü il 21 sentyabr tarixində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir: Tağlarda və qapı boşluqlarında dəyişikliklər (hündürləşdirilmiş) edilmiş, pəncərə boşluqları (1997-ci ilin texniki pasportu ilə müqayisədə) açılmışdır. Binanın 1997-ci ilin texniki pasportu ilə müqayisədə 2 əsas arakəsməsi yükdaşıyan kalonu sökülmüşdür. Binanın pilləkənləri 1997-ci ilin texniki pasportunda göstərilmişdir və hazırda həmin texniki pasportda göstərildiyi kimidir. X1 məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaratmır. Eyni zamanda, 1997-ci ilin texniki pasportunda X6 məxsus qeyri-yaşayış sahəsinin pilləkən tərəfdən olan hissəsində həyətə açılan qapı və pəncərə mövcud deyildir. Həmin qapı və pəncərənin açılması üçün də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hər hansı razılıq verilməmişdir. Binanın ikinci mərtəbəsində yerləşən və İddiaçı məxsus qeyri-yaşayış sahəsinin divarlarında çatlar, dəhlizin və otaqların döşəməsində isə çökmələr vardır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 18 noyabr 2022-ci il tarixli, XO-1312/01 nömrəli məktubunda X6 məxsus qeyriyaşayış sahəsində aparılacaq işlərə birbaşa razılıq verilməmiş, razılıq verilmiş layihə məktuba əlavə olunmamış və işlərin Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2022-ci il tarixli, 57-132 nömrəli rəyinə əsasən aparılmasının məqsədəuyğun olduğu vurğulanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2022-ci il tarixli, 57-132 nömrəli rəyində isə layihənin məqsədəuyğun hesab olunduğu, lakin bu tövsiyələrin gələcək təqdimatlarda nəzərə alınması təklif edilmişdir: İşçi layihə təqdim edilərkən abidənin müasir görünüşünün fotolarının təqdim olunması; Qeyri-yaşayış sahəsinin hazırki və bərpadan sonrakı funksiyasının açıqlanması; Binada aparılacaq dəyişikliklərin (qapı və pəncərə boşluqlarının açılması və s.) hansı məqsədlə aparılması barədə məlumatın verilməsi; - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir-bərpa işlərinin aparılması ilə bağlı Komitəyə təqdim olunmuş memarlıqplanlaşdırma həlli layihəsində yükdaşıyan konstruktiv elementində müxtəlif ölçüdə pəncərə oyuqlarının açılması binanın fasadına və onun ümumi görünüşünə xələl gətirdiyi üçün təmir-bərpa işlərinin aparılması məqsədəuyğun hesab edilmir; - “Azərdöylətsənayelayihə” DLİ-nun xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, sahəsinin Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən, sahəsi 153.50 kv.m qəzalı tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən deyil, yolveriiməz vəziyyətdədir. Cavabdeh mülkiyyətində olan sahəsi 153.50 kv.m olan qevriyaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsinə dair xx.xx.1997-ci il və xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda əks olunmuşdur. Metal konstruksiyadan olan pilləkən qəfəsi texniki cəhətdən işlək vəziyyətdədir, tikinti norma və qaydalarına uyğun inşa edilmişdir. Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir işləri (tədqiqat hissəsində qeyd olunmuş) binanın ümumi dayanıqlığına mənfi təsir göstərərək onun istismarını təhlükəli vəziyyətə sala bilər. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m olan qeyriyaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən, sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış yenidən qurma işləri layihəsiz və heç bir aidiyyatı orqanlar ilə razılaşdırılmadan yerinə yetirilmişdir. Binanın təhlükəsiz istismarını təmin etmək məqsədilə müvafiq orqanlar ilə razılaşdırılmaqla, layihə əsasında bərpa gücləndirmə işlərinin və yaxud binanın əvvəlki vəziyyətə qaytarılması təmin edilməlidir; - ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 620 manat dövlət rüsumu ödənilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 9 ünvanda (1-ci mərtəbə səviyyəsində) yerləşən qeyri-yaşayış obyektinin 7 və 6 saylı otaqların arasında yerləşən qalınlığı 0,6 metr, uzunluğu isə 2,65 metr olan əsas yükdaşıyan divarın söküldüyünü, 2 saylı otaqdakı mövcüd qapı boşluğu hörülərək otağın baş istiqamətində yükdaşıyıcı divara müdaxilə olunaraq yeni qapı boşluğunun açıldığını, 3,4 və 5 sayı otaqlara keçən qapı boşluqları yükdaşıyıcı divara müdaxilə olunaraq hündürlüyü 0.5,0.6 metr artırıldığını və 7 saylı otaqdan həyət tərəfə 0.6 x 0.4 metr ölçüdə pəncərə açılmışdır. Qeyd olunan işlərin görülməsi nəticəsində İddiaçı məxsus olan, (binanın 2-ci mərtəbə səviyyəsində) qeyriyaşayış obyektinə zərər dəydiyi müəyyən edilir. İddiaçı tam mülkiyyət hüququ lə məxsus olan, ümumi sahəsi 898,8 kv.m qeyri-yaşayış "xxxx" MMC-yə məxsus sahədə ((sanitar qovşağında və ətraf otaqlarda (siniflərdə)) kiçik ölçülü 0,1-0,5 mm olan birtərəfli çatların yarandığı və taxta materialdan olan döşəmənin çökməsi (deformasiyaya uğraması) kimi halların mövcud olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 50 nömrəli binanın 2-ci mərtəbəsində 626,7 kv.m əsas, 272,3 kv.m köməkçi, ümumi, 898,8 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüquqi üzrə İddiaçı adına qeydiyyata alınmış, orada Bakı Qızlar Universiteti fəaliyyət göstərmişdir. Binanın zirzəmi hissəsində Cavabdeh məxsus qeyri-yaşayış sahəsi mövcuddur. Hazırda İddiaçı, Cavabdeh tərəfindən həyata keçirilmiş söküntü işləri nəticəsində binanın yararsız vəziyyətə düşməsinə, bu səbəbdən maddi və mənəvi zərərə uğramasına istinad edərək, müvafiq pul məbləğlərinin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət müəyyən edən 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir (bəzi hallar istisna təşkil edir). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, daha əvvəl də Yasamal Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı qarşı maneələrin aradan qaldırılması və sair tələbinə dair ilk, cavabdeh İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) qarşılıqlı iddia tələblərinə dair mülki iş mövcud olmuşdur. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı “iddiaçının hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması, dəymiş maddi ziyanın qiymətləndirilərək iddiaçıdan alınıb onun xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004) 1118/2022 saylı qətnaməsi ilə qarşılıqlı iddianın rədd edilməsi qət olunmuş, qətnamə onunla əsaslandırılmışdır ki, binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatların iddiaçıya məxsus qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş verməsi təsdiq edilmir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)- 926/2025 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin e-2(004)-1118/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın hazırkı apellyasiya icraatının predmeti olan - “Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, Cavabdeh tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətə qaytarılması”nın rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın qismən təmin olunması, X3 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən, 153.50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində özbaşına apardığı təmir-tikinti işləri öz hesabına sökülməsi və qeyri-yaşayış sahəsi əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Göründüyü kimi cari iş üzrə iddia predmetini təşkil edən maddi zərərin ödənilməsi tələbi Yasamal Rayon Məhkəməsində də irəli sürülmüş və Cavabdeh mülki-hüquqi məsuliyyət daşıması üçün qanunvericiliklə zəruri olan bütün şərtlər mövcud olmadığından yekun məhkəmə aktı ilə tələb təmin olunmamış, maddi ziyanın qiymətləndirilərək Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməsi ilə bağlı apellyasiya şikayəti verilməmiş və həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəyə minmişdir. Hazırda iddiaçı yenidən məhkəməyə müraciət edərək, hər hansı yeni sübut təqdim etmədən, çoxsaylı ekspertiza keçirilməsinə və müxtəlif dövlət qurumlarından rəy alınmasına istinad edərək qeyri-yaşayış sahəsində yaranmış çatlara və digər zədələrə cavabdehin apardığı təmir işlərinin səbəb olduğunu bildirir və vurulmuş zərərin ödənilməsini xahiş edir. Məhkəmə tərəfindən yerli baxış keçirilərək iddiaçıya məxsus qeyri-yaşayış sahəsində çatların və digər zədələrin yarandığı müşahidə edilsə də, binanın köhnə bina olduğunu, əvvəlki vəziyyətinə dair hər hansı sübut təqdim olunmadığını nəzərə almaqla, məhkəmə həmin zədələrin məhz cavabdehin təqsiri ucbatından yaranmasının sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyində, cavabdehə məxsus sahədə təmir işlərinin görülməsi nəticəsində İddiaçı məxsus olan qeyri-yaşayış obyektinə zərər dəydiyi qeyd edilmişdir. Lakin məhkəmə ekspert rəyinin həmin hissədə əsaslandırılmadığına, hansı tədqiqat metodu əsasında köhnə binada olan zədələrin məhz cavabdehə məxsus qeyri-yaşayış sahəsində aparılmış təmir işləri nəticəsində yarandığının müəyyən edilmədiyinə əsaslanaraq həmin rəyi mötəbər sübut kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında olan digər mülki iş üzrə dəfələrlə ekspertiza təyin edilmiş, lakin ekspert rəylərinin heç birində iddiaçıya məxsus binada zədələrin cavabdeh tərəfindən aparılmış təmir-tikinti işləri nəticəsində yarandığı öz təsdiqini tapmamışdır. Mənəvi zərərlə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı ilə Cavabdeh arasında qeyri-yaşayış sahələri ilə əlaqədar çoxsaylı mübahisələr olmuş, mübahisənin həlli üzrə iş kassasiya instansiyası məhkəməsinə qədər gedib çıxmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-926/2025 saylı qətnaməsi ilə X3 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən, 153.50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində özbaşına apardığı təmir-tikinti işlərinin öz hesabına sökülməsi və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Göründüyü kimi mövcud ixtilaflar nəticəsində İddiaçı müxtəlif orqanlara müraciətlər etmək, uzun müddətli məhkəmə çəkişmələrində iştirak etmək məcburiyyətində qalmışdır. Bununla bağlı iddiaçının müyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxslərin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 1500 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia tələbini digər hissədə, yəni işgüzar nüfuzunun, şərəf və ləyaqətinin alçaldılmasına görə mənəvi zərərə məruz qalmasını təsdiq edən hər hansı sübut təqdim etmədiyindən iddia həmin hissədə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə ekspertiza keçirilsə də, iddia həmin hissədə təmin edilmədiyindən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş mənəvi zərərə görə 1500 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 35 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərə görə 1500 (min beş yüz) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva