Məhkəmə qərarları › İş №e-2(005)-906/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-906/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-906/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 12572,45 manat əsas borcun, 7600,38 manat faiz borcunun, cəmi 20172,83 manat borc məbləğinin və ödənilmiş 150,52 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 23 noyabr 2017ci il tarixli, S-DİPK-227 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 oktyabr 2012-ci il tarixli, PROG-İ-12/179 saylı kredit müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 KM-də yerləşən 1 saylı binanın 2 otaqdan ibarət 39 saylı mənzilinin alınması məqsədi ilə 104 ay müddətinə illik 12%-lə 19466,52 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Nərimanov filialı ilə zamin olmuş şəxs "xxxx" ASC arasında 17 oktyabr 2012-ci il tarixli, PROG-İ-12/179 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclu Şükürov X4 qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin 11.2-ci bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Bağlanmış zaminlik müqaviləsinin 7.3-cü bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bağlanmış zaminlik müqaviləsinin 13.2-ci bəndinə əsasən, borclu kreditorla bağladığı 17 oktyabr 2012-ci il tarixli, PROG-İ-12/179 №-li kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini və faizləri kreditora ödənəyədək bu müqavilə qüvvədə olur. Kredit müqaviləsinə görə cavabdehə verilmiş kredit məbləği müqaviləyə uyğun qaytarılmalı olduğu halda, buna əməl olunmamışdır. Cavabdehin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına əsas borcu 12572,45 manat, faiz borcu 7600,38 manat, cəmi borcu 20172,83 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh1 və onun zamininə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdeh "xxxx" ASC məhkəməyə ərizə təqdim edərək, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad etməklə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin zaminliyə xitam verilməsi ilə bağlı ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdeh "xxxx" ASC-nin zaminliyinə xitam verilməsi barədə ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə Naxçıvan Mediasiya təşkilatına 18 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edilmiş və həmin ərizə 14 iyun 2022-ci il tarixdə icraata qəbul edilərək 2022-ci il 08 iyul tarixdə Mediasiya arayışı alınmışdır. Yəni iş həmin vaxtı mediasiyanın icraatında olduğu üçün “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin axımı dayandırılmış sayılır. Bu səbəbdən də zaminliklə bağlı müddət tətbiq olunarkən bu hal nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, iddiaçının izahatını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012ci il tarixli, PROG-İ-12/179 nömrəli kredit müqaviləsi və ödəniş cədvəlinin surətindən görünür ki, borc verən “Azərbaycan Beynəlxalq Bankı" ASC borc alan Cavabdeh1 104 ay müddətinə, illik 12% hesablanmaqla, 19466,52 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, PROG-İ-12/179 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC xx.xx.2012-ci il tarixli, PROG-İ-12/179 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar S-DİPK-27 saylı, xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-nin problemli aktivləri satın alınmışdır; İddiaçı QSC BOKT tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixli, PROG-İ-12/179 nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 12572,45 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 7600,38 manat olmaqla, cəmi borcu 20172,83 manat təşkil edir; xx.xx.2012-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh1 hesabına 19466,52 manat pul köçürülmüşdür; "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14259 saylı, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müəssisə Bakı Şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 69-cu blok, 39 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.m olan mənzili alıcı Cavabdeh1 satmağı, alıcı isə mənzilin dəyəri olan 48001,94 manat məbləğində pulu 120 ay müddətində ödəməyi öhdəsinə götürür; İddiaçı QSC BOKT tərəfindən Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 3-7/2443 saylı mediasiya prosesinin tətbiqi barədə təklifin surətindən görünür ki, onlara kredit üzrə borcun tutulması tələbinə dair mübahisənin mediasiya qaydasında həlli üçün təklif göndərilmişdir."xxxx" ASC tərəfindən həmin məktub xx.xx.2021-ci il tarixdə xəbərnamə imzalanmaqla əldə edilmişdir; Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(123)-107/2022 saylı qərardadından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı borc tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır; İddiaçı QSC BOKT tərəfindən borclulara ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və "xxxx" ASC borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 və "xxxx" ASC keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişlər; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 150,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4383 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə İddiaçı QSC BOKT-a olan borcu 12572,46 manat əsas, 8685,29 manat faiz borcu məbləğində müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh1 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi "xxxx" ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin "xxxx" ASC borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün cavabdehdir. "xxxx"nın cavabdehlərə qarşı tələb hüququ iddiaçıya keçmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh1 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmışdır. Kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən Cavabdeh1 104 ay müddətinə, illik 12 faiz olmaqla, 19466,52 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış, kassa məxaric orderi ilə təsdiq olunur. Nəticədə Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 12572,45 manat əsas, 7600,38 manat faiz borcu yaranmışdır. Digər cavabdeh "xxxx" ASC isə xx.xx.2012-ci il tarixində bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh – Cavabdeh1 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh - "xxxx" ASC-yə (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. Faiz borcunun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, ekspert rəyində faiz borcunun 8685,29 manat olduğu göstərilsə də, məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, cavabdehlərdən əsas borca görə 12572,45 manat, faiz borcuna görə 7600,38 manat pul tutulmalıdır. Hazırki iş üzrə cavabdeh "xxxx" ASC-nin Mülki Məcəllənin 477.0.4-cü maddəsinə uyğun olaraq zaminliyə xitam verilməsi barədə ərizəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Zaminlik kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması, qeyrimüəyyən müddətə məsuliyyət daşımasının qarşısının alınması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin mövcudluğu müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Nəzərə alınmalıdır ki, bu müddət kəsici müddətdir. Kəsici müddət dedikdə – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddət başa düşülür. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi halda, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Hazırki iş üzrə xx.xx.2012-ci il tarixli kredit və zaminlik müqavilələrində zaminliyin verilmə müddəti müəyyən edilməmiş, borcun əsas məbləğləri və faizlər kreditora ödənilənədək qüvvədə olması göstərilmişdir. Belə ki, müqavilənin 13.2-ci bəndinə görə, borclu kreditorla bağladığı xx.xx.2012-ci il tarixli, PROG-İ-12/179 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini və faizləri kreditora ödəyənədək zaminlik müqaviləsi qüvvədə qalır. Bu isə zaminlik müqaviləsinin verilmə müddətinin müəyyən edilməməsi anlamına gəlir. Beləliklə, zaminlik müqaviləsinin verilmə müddəti müəyyən edilmədiyindən əsas öhdəliyin icra müddəti çatdıqdan sonra 1 il ərzində qüvvədə olur. Əsas kredit razılaşmasına əsasən isə "xxxx" ASC tərəfindən Cavabdeh1 kredit 104 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixinədək verilmişdir. Belə olan halda zaminlik həmin tarixdən sonra 1 il, yəni xx.xx.2022-ci il tarixinədək qüvvədə olmalı və həmin tarixdən sonra zaminliyə xitam verilməli idi. Lakin qanunverici bu zaman istisna hal kimi zaminə qarşı iddia irəli sürülməsi halını müəyyən etmişdir. Qeyd olunmalıdır ki, zaminliyə xitam verilməsi müddətləri iddia müddətləri hesab olunmasa da, müvafiq məsələləri tənzimləyən qanunvericilik normaları olmadığından iddia müddətinin axımının dayandırılması ilə bağlı müddəalar analogiya üzrə kəsici müddətlərə də şamil olunmalıdır. Əks hal qeyri-müəyyənliyin, qanunvericilik normalarının tətbiqində ziddiyyətlərin yaranmasına, zaminliyə xitam verilməsi şərti kimi qanunvericilik tərəfindən müəyyən edilmiş “zaminə qarşı iddia irəli sürmədiyi halda” müddəasının tətbiqinin bəzi hallarda mümkünsüz olmasına gətirib çıxarar. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi isə Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır (Qanunun 21.5-ci maddəsi). Mülki Məcəllənin 379.4-cü maddəsinə uyğun olaraq, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Hazırki iş materiallarından görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia sürülməsi üçün xx.xx.2021-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, həmin təklif "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə əldə edilmiş, xx.xx.2022-ci il tarixdə mediasiyada iştirak edilməməsi barədə arayış verilmiş, xx.xx.2022-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə, xx.xx.2022-ci il tarixdə isə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. Hazırki iş kommersiya mübahisəsi olmasa da, mediasiyanın tətbiqi barədə təklifin göndərilməsi zaminliyə xitam verilməsi üçün müəyyən edilmiş müddətin axımının dayandırılmasına səbəb olmuşdur. Belə ki, iddiaçı Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilmiş müddət bitmədən zaminə qarşı iddia irəli sürmək üçün mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. İddiaçının mübahisəyə hansı məhkəmə tərəfindən baxılmalı olması ilə bağlı yanılması isə müddətin axımının dayandırılmasının qarşısını almır. Bu hal öz növbəsində Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilmiş 1 illik müddətin ötürülmədiyi anlamına gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 12572,45 manat əsas borc, 7600,38 manat faiz borcu olmaqla, cəmi 20172,83 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 150,52 manat pul tutularaq İddiaçı QSC BOKT-a ödənilməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən 12572,45 manat əsas borc, 7600,38 manat faiz borcu olmaqla, cəmi 20172,83 (iyirmi min yüz yetmiş iki manat, səksən üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 150,52 (yüz əlli manat, əlli iki qəpik) manat pul tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar