Məhkəmə qərarları › İş №e-2(005)-920/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-920/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-920/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 04.10.2021 -ci il tarixinə yaranmış borcu 59 manat əsas. 8.8 manat cərimə, cəmi 67.8 manat. 04.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 638.9 manat əsas, 95.8 manat cərimə, cəmi 734.7 manat, 30.06.2021 -ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən. 794 manat əsas, 119.1 manat cərimə, cəmi 913.1 manat, ümumilikdə 1715.6 manat borcun və 37.16 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Rowenta ” markalı hava feninə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 9 manat olmaqla cəmi 109 manat, 04.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı “Samsung A515“ markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 54 manat olmaqla cəmi 638.9 manat, 30.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Samsung A515“ markalı telefon və “Rowenta “ markalı mobil hava feninə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla cəmi 794 manat, ümumilikdə üç müqavilə üzrə 1541.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 04.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 30.06.2021-ci il tarixində 50 manat, 04.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi və 30.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə heç bir ödəniş etməmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 1491.9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin l(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə 2237 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 2237 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 223.7 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 04.10.2021-ci il tarixədək İddiaçı MMC-nə olan borcu 04.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 59 manat əsas, 8.8 manat cərimə, cəmi 67.8 manat, 04.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 638.9 manat əsas, 95.8 manat cərimə, cəmi 734.7 manat, 30.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən. 794 manat əsas, 119.1 manat cərimə, cəmi 913.1 manat təşkil etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənələri nəzərdən keçirərək hesab edir ki iddia təmin edilməlidir. Beləliklə ərizəyə əlavə olunmuş satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh qız arasında bağlanmış 04.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı "Rowenta” markalı hava feni görə Cavabdeh 12 ay ödəniş cədvəli üzrə hər ay 9 manat olmaqla, cəmi 109 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 04.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A515“ markalı telefona görə Cavabdeh 12 ay ödəniş cədvəli üzrə hər ay 54 manat olmaqla cəmi 638.9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 30.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Samsung A515“ markalı telefon və “Rowenta “ markalı mobil hava feninə görə Cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla cəmi 794 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.10.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 04.10.2020-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-yə olan ümumi borcu 1596.9 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Lakin cavabdeh yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun götürülmüş öhdəliklərini yerinə yetirməmişdir. Bununla əlaqədar olaraq iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda göstərilən hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh ümumilikdə 1715.6 (bir min yeddi yüz on beş manat 6 qəpik) manat məbləğində pul və 37.16 (otuz yeddi manat, on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 1715.6 (bir min yeddi yüz on beş manat 6 qəpik) manat məbləğində pul və 37.16 (otuz yeddi manat, on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar