Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-965/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 178 manat 86 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 309 manat 26 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 16 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, İddiaçı MMC-nin arayışına əsasən həmin ünvanda “K@TV1” xidmətlərinin göstərilməsinə analoq yayımı ilə xx.xx.2009-cu il tarixindən başlanılmış, həmin mənzilin sahibi Cavabdeh ilə İddiaçı MMC-nin arasında kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair hər hansı müqavilə münasibətləri mövcud olmamışdır. xx.xx.2017-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 6807 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 6807 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən mənzilə sonuncu dəfə xx.xx.2016-cı il tarixdə baxış keçirilmişdir. Habelə iddia ərizəsinə əlavə olunan Bakı şəhəri 21 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş AN-10967729 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən də göründüyü kimi qanunsuz qoşulma faktı baş verən zaman cavabdeh qeyd olunan mənzilin mülkiyyətçisi olmuş və həmin mənzili xx.xx.2021-ci il tarixdə başqa şəxsə satmışdır. Yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2016-cı il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2017-ci il tarixə qədər olan müddət 542 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 178 manat 86 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, iddiaçının izahatını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC “KATV1”-in əməkdaşı X3, “Ədalət-A” hüquq firmasının əməkdaşı X7 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisi X4 tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 6807 N saylı, xx.xx.2017-ci il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 7 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda mənzilin qapısının döyüldüyü, qapının açıldığı və aktın surətinin özünü Cavabdeh olaraq təqdim edən şəxsə təhvil verildiyi qeyd edilmişdir; DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; 54 saylı MKİS tərəfindən verilmiş 220708 saylı arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur; xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Atatürk prospekti, ev 7, 42 saylı mənzili X1; İddiaçı MMC-nin (“K@TV1”) xx.xx.2022-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 7 ünvanında 6807 saylı akt tərtib olunanadək sonuncu dəfə xx.xx.2016-cı il tarixdə həmin binaya baxış keçirilmişdir; İddiaçı MMC-nin (“K@TV1”) xx.xx.2022-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 7 saylı evin, 42 nömrəli mənzilinin sahibi X2 ilə İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri olmamışdır; 04 noyabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Ədalət- A MMC-yə 100 manat məbləğində pul ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 7, 42 saylı mənzilin “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulması ilə bağlı hər hansısa bir müqavilə bağlanmamışdır. Sonuncu dəfə xx.xx.2017-ci il tarixdə həmin binaya baxış keçirilmişdir. İddiaçı 26 oktyabr 2017-ci ildə adıçıkilən mənzilə baxış keçirilərkən cavabdehin “KATV1” kabel şəbəkəsinə qanunsuz olaraq müqavilə bağlamadan qoşulmasının aşkar edilməsinə və bu barədə tərtib edilmiş akta əsaslanaraq maddi zərərin ödənilməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri nəzərdən keçirilə bilər. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, zərərin hüquqazidd hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə əsaslanan tələbin rədd edilməsi üçün əsasdır. Hazırki işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin müvafiq müqavilə bağlamadan qanunsuz olaraq ona məxsus kabel şəbəkəsinə qoşulması halını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın aşkar edilməsinə dair xx.xx.2017-ci il tarixli akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənəddir. Həmin aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmiş, hər hansı video yazı təqdim edilməmişdir. Aktı tərtib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində, həmçinin aktın həqiqətən cavabdehin ailə üzvü tərəfindən imzalanmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Aktın xx.xx.2017-ci il tarixdə tərtib edilməsinə baxmayaraq cavabdehdən pul tutulması ilə bağlı 6 ildən sonra həmin akta əsaslanaraq məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan akt cavabdehin qeyri-hüquqi əməl törətməsini (kabel şəbəkəsinə qanunsuz qoşulmasını) təsdiqləyən mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-965/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-965/2023
18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver