Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-965/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 324 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2021-ci il tarixli, e-2(005)- 749/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC “X1” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir. “X1 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindəki 150 manat, xx.xx.2023-cü il tarixindəki 2000 manat, xx.xx.2023-cü il tarixindəki 7 manat məbləğlərindəki vəsait “X1” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X1” MMC-yə 324 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən “Hüquqi xidmət haqqında” müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 324 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyəində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. “Hüquqi xidmət haqqında” xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qaşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir; İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixinə təmin edilmiş 2157 manat məbləğində pul vəsaitinə görə “X1” MMC-yə 324 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bank tərəfindən Cavabdeh göndərilmiş bildirişdən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 5 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə iddia təmin edilmiş və cavabdehdən kredit müqaviləsi üzrə qalıq borc tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin iddiaçı ilə digər şirkət, yəni “X1” MMC arasında “Hüquqi xidmət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “X1” MMC iddiaçıya məhkəmə qətnaməsi ilə tutulmuş pulun alınmasını, cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Hazırda iddiaçı “X1” MMC-yə göstərdiyi xidmətə görə ödədiyi pulun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, qanunvericilikdə məhkəmə qətnaməsinin icrası müvafiq dövlət orqanına, yəni icra şöbələrinə və icra məmurlarına həvalə edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra icra mərhələsində tələbkar, hazırki iş üzrə iddiaçı icra məmurundan icra sənədinin məcburi qaydada icrasını tələb edə bilərdi. İcra məmuru tərəfindən qəbul edilmiş qərarlardan, icra məmurunun hərəkət və hərəkətsizliyindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilməsi nəzərdə tutulmuşdur. İcra sənədinin icrasının digər hüquqi şəxsə tapşırılması və bundan irəli gələn xərclərin əvəzinin ödənilməsinin cavabdehdən tələb edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı ərizəsində MPM-in 107 və 121.1-ci maddələrinə istinad etmişdir, lakin nəzərə alınmalıdır ki, həmin maddələrdə məhkəməyə hazırlıq və ya məhkəmə icraatı dövründə görülmüş hüquqi yardımın əvəzi nəzərdə tutulmuşdur. İddiaçı özünə aid hüquqların həyata keçirilməsini digər hüquqi şəxsə həvalə etmiş və bundan irəli gələn, öz üzərinə düşən ödənişləri əsassız olaraq cavabdehdən tələb edir. Həmçinin iddiaçı iddia ərizəsində Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsi qaydalarını müəyyən edən 21-ci maddəsinə istinad etmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21.3-cü maddəsinin tələblərinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hazırki işdə isə iddiaçı öz hərəkətləri ilə, yəni icra sənədi icra məmurları tərəfindən icra edilməli olduğu halda, müvafiq xidmətləri göstərən hüquqi şəxsə müraciət etmiş, öz davranışı ilə əlavə zərərin yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-965/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-965/2024
05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver