Məhkəmə qərarları › İş №e-2(005)-968/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-968/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-968/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2018-ci il tarixli 287-xx.xx.2018-002916 saylı kredit müqaviləsi üzrə 4453.85 manat əsas, 1336.87 manat faiz borcu olmaqla, cəmi 5790.72 manat və iş üzrə ödənilmiş 77.91 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutularaq iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 287-xx.xx.2018-002916 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh X3 arasında 287-xx.xx.2018-002916 nömrəli xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borc alan Cavabdeh1 müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda Zaminlik müqaviləsinə əsasən borclu üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğini, hesablanacaq faizləri, dəbbə pulunu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyır. Lakin borc alan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlərə kreditin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilsə də, Cavabdeh1 qeydiyyatda olduğu ünvanda olmadığından, cavabdeh X1 isə qeydiyyat ünvanında qapı bağlı olduğundan, bildirişlərin onlara çatdırılması mümkün olmamış və poçt xidməti tərəfindən bu barədə aktlar tərtib edilmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2022-ci il tarixə cavabdehlərin Banka 4453.85 manat əsas və 1336.87 manat faiz borcu olmaqla, cəmi 5790.72 manat məbləğində kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun cavabdehlərdən məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırda iddia ərizəsinə əlavə edilən şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən edilir ki, Cavabdeh1 ünvan 1 ünvanında, cavabdeh X3 isə ünvan 2 ünvanında qeydiyyatdadırlar. Həmçinin hazırki mübahisə üzrə iddianın qiyməti ümumilikdə 5790.72 manat olduğundan, iddia ərizəsinin verilməsi üçün 77.91 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması, barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2018-ci il tarixli 287xx.xx.2018-002916 saylı kredit müqaviləsi üzrə 4453.85 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1621.42 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu olmaqla, cəmi 6075.89 manat və iş üzrə ödənilmiş 80.76 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqının tutularaq iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməsi barədə qətanmə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə “vəfat etmiş cavabdehin vərəsələri ilə əvəz edilməsinə dair” vəsatətlə müraciət edərək, cavabdeh X1 vəfat etməsi səbəbindən hazırki iş üzrə cavabdeh olaraq X1 vərəsəsi Cavabdeh2 ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, vəsatət təmin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbində göstərilən borcla razı olduğunu bildirərək müvafiq məzmunlu ərizəsini məhkəməyə təqdim etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 287-xx.xx.2018-002916 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında istehlak məqsədləri üçün 60 ay müddətinədək illik 23 faiz olmaqla 10000 manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 verilmiş kreditin təminatı olaraq X3 ilə Bank arasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 287-xx.xx.2018-002916 nömrəli kredit müqaviləsi üzrə Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2018-ci il tarixli 287-xx.xx.2018-002916 saylı kredit müqaviləsi üzrə 4453.85 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1621.42 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu olmaqla, cəmi 6075.89 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 287-xx.xx.2018-002916 nömrəli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Habelə qeyd olunan kredit müqaviləsinin təminatı olaraq X5 ilə Bank arasında xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq zaminlik münasibətini müəyyən etmişdir. Hazırda iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə cavabdeh X3 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından göründüyü kimi cavabdeh X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsələri xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2006-cı il təvəllüdlü X4r. İddiaçı qeyd olunan vərəsələrdən yetkinlik yaşına çatmış Cavabdeh2 cavabdeh olaraq hazırki iş üzrə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 507-ci maddəsinə əsasən əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hazırda iddiaçı tərəfindən iş üzrə cavabdeh X1 onun vərəsəsi ilə əvəz edilməsi və vərəsələrdən Cavabdeh2 müəyyən edilməsi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğundur. Belə olan halda hazırki iddia tələbi üzrə müəyyən edilmiş öhdəliklər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yönəlməlidir. Odur ki, cavabdehlərin iddiaçı qaşısında yerinə yetirilməmiş öhdəlikləri üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4453.85 manat əsas borc tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş müqavilə müddəti ərzində ödənilməmiş 1621.42 manat faiz borcu və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən iddia tələbi üzrə müqavilə müddəti ərzində ödənilməmiş 1621.42 manat faiz borcu və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu borcları hissəsi cavabdehdənlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 80.76 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli 287-xx.xx.2018-002916 saylı kredit müqaviləsi üzrə 4453.85 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1621.42 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu olmaqla, cəmi 6075.89 manat və iş üzrə ödənilmiş 80.76 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqının tutularaq iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli 287-xx.xx.2018-002916 saylı kredit müqaviləsi üzrə 4453.85 (dörd min dörd yüz əlli üç manat səksən beş qəpik) manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1621.42 (min altı yüz iyirmi bir manat qırx iki qəpik) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu olmaqla, cəmi 6075.89 (altı min yetmiş beş manat səksən doqquz qəpik) manat və iş üzrə ödənilmiş 80.76 (səksən altı manat yetmiş altı qəpik) manat dövlət rüsumu və 0.80 (səksən qəpik) manat bank xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar