Məhkəmə qərarları › İş №e-2(005)-97/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-97/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-97/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 kreditin əsas borcu üzrə 1191.73 manat məbləğində qalıq, ona hesablanmış 1172.42 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3256 manat məbləğində dəbbə pulu, cəmi 5620.15 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 76.21 manat məbləğində pulun tutulması; Tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, ev 388-ə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 75 000 manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 1191.73 manat məbləğində qalıq, ona hesablanmış 1172.42 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3256 manat məbləğində dəbbə pulu, cəmi 5620.15 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 76.21 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 №-li istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 42% hesablanmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, ev 388-i ipoteka predmeti kimi İddiaçı BOKTASCyə təqdim etmiş və bu barədə 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Reyestr № **********31- 10301, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 75 000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin hazırlıq iclasında İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Cavabdeh1 kredit müqaviləsi üzrə borcunu ödəməyə hazır olduğunu, lakin iddia ərizəsində göstərilən borcun şişirdilmiş rəqəmlər olduğunu bildirdi. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən hazırki məhkəmə iclasında iştirak etmirlər. Eyni zamanda iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı ərizə təqdim edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasının və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Kreditor İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC və borcalan Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 №-li istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 42% hesablanmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 №-li istehlak krediti müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay müəyyənləşdirilmiş ödənişlər etməyi öhdəsinə götürmüşdür. Borc haqqında arayışda qeyd olunur ki, Cavabdeh1 05 noyabr 2019-cu il tarixli, 2019/00325- 01 №-li istehlak krediti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 1191,73 manat əsas borc, 1172,42 manat faiz borcu, 3256 manat cərimə borcu, cəmi 5620,15 manat borcu vardır. Kreditor İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC və zamin Cavabdeh2 arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 İP nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 №-li istehlak krediti müqaviləsi üzrə borclunun öhdəliklərinə təminat olaraq mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evinin İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin mülkiyyətində olmasına dair qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişi qeydə alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2430 nömrəli ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan hesabdan çıxarış, 05 noyabr 2019-cu il tarixli, 2019/00325- 01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 saylı kredit müqaviləsi üzrə “Finoko" BOKT ASC-yə 27 dekabr 2022-ci il tarixə olan əsas borcu 2969,10 manat, faiz borcu 301,36 manat, 17 may 2023-cü il tarixə olan əsas borcu 2969,10 manat, faiz borcu 786,32 manat təşkil edir. Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evinin 06 dekabr 2023-cü il tarixinə bazar dəyəri 85000 manat, likvid dəyəri 77000 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Kreditor İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC və borcalan Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 №-li istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 36 ay müddətinə illik 42% hesablanmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 İP nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh2 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evi İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri müstəqil qiymətləndirici tərəfindən 77000 manat məbləğində qiymətləndirilmişdir. Hazırda ipoteka predmeti Cavabdeh2 mülkiyyəti olmaqla İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə olan yüklülük saxlanılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC və Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin ləğvi hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Məhkəmə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunur ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. Qeyd edilən Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından aydın olur ki, iddiaçı cavabdehin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməməsi əsasından çıxış edərək məhkəmədən tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini xahiş edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunda borcun məktubda göstərilmiş müddət ərzində qaytarılmayacağı halda müqavilənin ləğv ediləcəyi barədə məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan qanunvericilik aktlarından, o cümlədən plenum qərarından aydın olur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilənin qeyd olunan qaydada ləğv edilməsi məhkəmədənkənar qaydada baş verdiyindən iddia tələbi bu müqavilənin ləğv edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tələb olunan əsas, faiz və cərimə borcunun tutulması hissəsində iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd edir ki, borcalanın kredit müqaviləsi üzrə borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, alınmış ekspert rəyindən kredit müqaviləsi üzrə əsas borc məbləğinin iddia ərizəsində qeyd edilən əsas borc məbləğindən yüksək olduğu müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddianın iddia tələblərini artırmadığını nəzərə alaraq iddia tələbində qeyd edilən əsas borc məbləğinin cavabdehdən tutulmasını qanuni hesab edir. Eyni zamanda ekspert rəyidə qeyd edilən faiz borcu iddia tələbində qeyd edilən faiz borc məbləğindən aşağı olmasını və iddiaçının ekspert reyinə hər hansı etirazını bildirməməsini nəzərə alaraq məhkəmə ekspert rəyində iddia ərizəsinin məhkəməyə verildiyi tarixə qeyd edilmiş faiz borc məbləğinin cavabdehlərdən tutulmasını qanuni hesab edir. Cavabdeh məhkəmənin hazırlıq iclasında banka olan borcunun iddia ərizəsində qeyd edilən kredit borcundan daha az olduğunu bildirsə də, ekspert rəyində göstərilmiş kredit borcunun reallığı əks etdirmədiyinə dair heç bir əsaslı hal göstərə bilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqavilənin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilədə bocun ödəniməsinin gecikdirilməsi halında borcalanın cərimə borcunun yaranması qeyd olunduğundan iddiaçı dəbbə pulunu tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə yaranmış borca tutumanın ipoteka predmetinə yönəldilməsi, bu əmlakın hərracdan satılması və satıldıqdan sonra boşaldılması hissəsində iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin : 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 pona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evini 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 №-li istehlak krediti müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icarsına təminat olaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ipoteka ilə yüklü etdiyindən və borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün əsaslar yaranmışdır. Mülki işin hərətərfli araşdırılması üçün məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilmiş və əldə edilmiş rəydən Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evinin 06 dekabr 2023cü il tarixinə bazar dəyəri 85000 manat, likvid dəyəri 77000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə əmlakın hərracdan ilkin satış qiyməti ilə bağlı qeyd edir ki, əmlakın hərracdan satılması ilə bağlı məhkəmələrdə qaldırılan iddialar əsasən kreditorlar tərəfindən borcluya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı tələblərdən ibarətdir ki, iddia təmin edilərkən əmlakın hərracdan ilkin satış qiyməti bu əmlakın likvid dəyəri əsasında müəyyən olunur. Buna əsas verən hal kimi “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsi göstərilir. Belə ki həmin maddəyə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Qeyd olunanlara əsasən məhkəmə əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri əsasında 77000 manat müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 №-li istehlak krediti müqaviləsi üzrə 1191,73 manat əsas borc, 301,36 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla cəmi 1593,09 manat məbləğində pul Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulmalı; 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 №-li istehlak krediti müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına borc ödənilsin, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq Cavabdeh2 qaytarılmalı; İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 77000 (yetmiş yeddi min) manat məbləğində müəyyən edilməli; Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 76,21 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 30 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 250 manat məbləğində pul Cavabdeh1 tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 №-li istehlak kredit müqaviləsi üzrə 1191,73 manat əsas borc, 301,36 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla cəmi 1593,09 manat məbləğində pul Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulsun. 05 noyabr 2019-cu il tarixli, 2019/00325-01 №-li istehlak krediti müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına borc ödənilsin, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 77000 (yetmiş yeddi min) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 388 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 76,21 manat dövlət rüsumunun 30 manatı Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh1 tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar