Məhkəmə qərarları › İş №e-2(005)-97/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-97/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-97/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin təmirinə çəkilmiş xərclərin - 35000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, cavabdehlə 22 iyul 2010-cu il tarixli, 12074 saylı “Mənzilin alğı-satqı müqaviləsi” bağlanmışdır. Cavabdeh təşkilatla onların aralarında olan razılığa əsasən alqı-satqı müqaviləsi bağlandıqdan sonra o, müqaviləyə uyğun olaraq hər ay ödəməli olduğu məbləği “Texnikabank”da iddiaçı təşkilata məxsus hesab kartına ödəməli idi. Müəyyən olunmuş məbləği bir neçə ay ödədikdən sonra “Texikabank”dan rəsmi qaydada ona məktub göndərmişlər ki, “biz “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə əməkdaşlığımızı dayandırmışıq, şirkətlə aramızda olan əməkdaşlıq dayandırıldığından həmin şirkətin bank hesabı bizim bankda yoxdur, ona görə də ödənişlər dayandırılmalı və şirkətlə əlaqə saxlanılmalıdır”. Bundan sonra şirkətin əməkdaşları ona müraciət edərək ödənişləri əlbəəl etməli olduqlarını bildirdilər. Bundan sonra o, müqaviləyə əsasən ödəməli olduğu məbləği şirkətin əməkdaşlarına əlbəəl ödəyib. Bir müddət ödəniş etdikdən sonra “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının” fəaliyyətində problemlər olduğu, dələduzluq və külli miqdarda mənimsəmə hallarına görə barəsində cinayət işinin başlanıldığı bildirildi. Qeyd olunan məsələlərlə bağlı internetdə və mətbuatda da məlumatlar dərc olundu, vəzifəli şəxslərin həbsi barədə məlumatlar yayıldı. Bu hadisələrdən sonra onlardan əlbəəl pul alan nümayəndələr bir daha ona zəng etmədilər və əlaqə saxlamadılar. O, dəfələrlə “Texnikabank”a ödəniş etmək üçün müraciət etsə də ondan ödənişlər qəbul olunmadı. Göründüyü kimi öhdəliyin icrası onun deyil, cavabdeh təşkilatın öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi nəticəsində mümkün olmamışdır Cavabdeh təşkilatla aralarında bağlanmış müqavilənin 3.1.1.3-cü bəndinə əsasən alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusi ilə müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş hesablaşmaların həyata keçirilməsinə dair müddəaları pozduqda, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək satıcının hüququdur. Müqavilənin 3.2.2.4-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş qaydada, yəni tərəflərin razılaşması ilə müəyyən olunmuş müddətdə, müəyyən olunmuş vaxtda və müəyyən olunmuş şərtlərlə mənzilin qiymətini ödəmək alıcının vəzifəsidir, lakin o, öhdəliyini yerinə yetirmək istəsə də, iddiaçı təşkilat ödənişləri qəbul etməmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla aralarında bağlanmış 22 iyul 2010-cu il tarixli, 12074 saylı “Mənzilin alğı-satqı müqaviləsi”nin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş, 3 saylı binanın, 3cü blok, ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilinin boşaldılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, tərəflər arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, ünvan 1 ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin alğı-satqısına dair bağlanmış 22 iyul 2010-cu il tarixli 12074 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci kmdəinşa edilmiş, 3 saylı binanın 3-cü blok, ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin boşaldılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. O, qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1851/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəticə etibarilə mənzilin alğısatqısına dair bağlanmış 22 iyul 2010-cu il tarixli 12074 saylı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurları o, balniçnidə (xəstəlik tarixçəsi) olduğu müddətdə onun iradəsinin ziddinə olaraq evin qapısını qırmışlar və mənzilə daxil olaraq zorla evi onun əlindən almışlar. Bununla onun hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, uzun müddət ərzində o, mənzilini tam şəkildə təmir etmişdir və təmir-tamamlama işlərinə 35.000 manat xərc çəkmişdir. Cavabdeh təşkilat əsassız olaraq varlanmışdır. Bir halda ki, cavabdehlə müqavilə münasibətlərinə xitam verilərək mənzilin cavabdehə qaytarılması qət edilmiş və mənzil onun əlindən zorla alınmışdır, o zaman mənzilin təmirinə çəkdiyi xərc ona ödənilməlidir. Məhkəmə prosesi zamanı təmirtikinti işlərinə çəkilən xərclərin dəqiq müəyyən olunması üçün müvafiq ekspertiza təyin olunmalı və təmirə çəkilmiş xərcin dəyəri dəqiq müəyyən olunmalıdır. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı müqavilə öhdəliklərini pozaraq mənzilin pulunu ödəmədiyi üçün Akkord məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, tərəflər arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa etdiyi, bina 3, blok 3 ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin alğı-satqısına dair bağlanmış 22 iyul 2010-cu il tarixli 12074 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci kmdəinşa edilmiş, 3 saylı binanın 3-cü blok, ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin boşaldılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. İddiaçı qətnamədən Apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1851/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda mənzil iddiaçıdan geri alındıqdan sonra başqa şəxsə satılmışdır. Akkord mənzili başqasına satarkən mənzil təmirsiz olmuşdur. Hazırda həmin mənzil digər şəxsin mülkiyyətindədir. Məhkəmə tərəfindən X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, mənzilin dəyərini hər ay ödəsə də, sonradan şirkətlə bağlı problem yarandığından ödənişləri dayandırmışdır. 8000 manata yaxın pul ödəmişdir. Ödənişlər banka olunmalı idi, lakin bank şirkətlə olan müqaviləni ləğv etdiyini və ödənişləri qəbul etmədiyini bildirdi. Sonradan onu məhkəməyə verdiklərini və mənzilin boşaldılması ilə bağlı qətnamə qəbul edildiyini öyrənmiş, həmin qətnamədən şikayət versə də şikayəti təmin edilməmişdir. Mənzildə olmadığı gün qapını sındıraraq içəri daxil olublar, əşyalarını evdən çıxardıblar, açarı dəyişdiriblər. Həmin vaxtdan mənzilsiz qalmışdır. Məhkəmə qətnaməsi çıxmasına baxmayaraq, o, 2023-cü ilədək həmin mənzildə yaşamışdır. Mənzilin təmirinə 35000 manatdan çox, 40000 manata yaxın xərc çəkmişdir. Cavabdeh onlara təmir xərci kimi 6000 manat pul təklif etmiş, onlar isə az olduğundan qəbul etməmişlər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 12074 saylı müqavilənin surətindən görünür ki, “Satıcı” “X3” ASC Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km ünvanında inşa etdirdiyi 3 saylı binanın 3-cü blokunda ümumi sahəsi 83,4 kv.m olan mənzili “Alıcı” İddiaçı satmağı, “Alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür; - "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli aktının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km ünvanında yerləşən 3 saylı binanın, 3-cü blokunda yerləşən mənzili təhvil almışdır; - Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 3 ünvanında yerləşən 116 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X1 adına xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 22 iyul 2010-cu il tarixində mənzilin alğı-satqısına dair müqavilə bağlanmışdır. Mənzil iddiaçıya təhvil verilsə də, müqavilə öhdəliyi iddiaçı tərəfindən pozulduğundan cavabdeh məhkəməyə müraciət etmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı tərəfindən aybaay ödənilməklə alınan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş, 3 saylı binanın, 3-cü blokunda yerləşən ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin boşaldılması və mənzilin ona təhvil verilməsi qət edilmişdir. Hazırda iddiaçı müqavilənin ondan asılı olmayan səbəblərdən pozulmasını, mənzili təmir etdiyini və təmirinə 35000 manat xərc çəkdiyini bildirərək, həmin pulun cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin qanuni əsası kimi əsassız varlanmaya dair müddəalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırki iş üzrə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər pozulmuş olsa da, iddiaçı mübahisələndirilən mənzili təmir etdirərək davamlı şəkildə, 10 ildən çox müddətdə orada yaşamışdır. Cavabdeh 2015-ci ildə iddiaçı tərəfindən artıq məskunlaşmış olan mənzilin boşaldılması ilə bağlı iddia tələbi irəli sürmüşdür. Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, tərəflər arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa etdiyi, bina 3, blok 3 ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin alğı-satqısına dair bağlanmış 22 iyul 2010-cu il tarixli 12074 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci kmdə inşa edilmiş, 3 saylı binanın 3-cü blok, ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin boşaldılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1851/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq məhkəmə qətnaməsi uzun müddət icra edilməmiş, 2023-cü ildə iddiaçının evdə olmadığı zaman mənzildən əşyaları çıxarılmış və mənzilin açarları dəyişdirilmişdir. Bütün bunlar iddiaçının mübahisələndirilən mənzildə yaşamış olmasını bir daha təsdiq edir. Yeni tikilmiş binada təmirsiz mənzilin iddiaçıya satılması işin mübahisələndirilməyən halıdır. İddiaçı həmin mənzildə uzun müddət yaşamışdır. Onun təmirsiz mənzildə uzun müddət yaşaması isə ağlabatan deyildir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən də görünür ki, mənzil əvvəl təmirsiz olmuş, sonradan iddiaçı tərəfindən təmir edilmişdir. Daha sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mənzil cavabdehə qaytarılmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının mənzilə çəkdiyi təmir xərci hesabına əsassız varlanmışdır və həmin məbləği iddiaçıya qaytarmalıdır. Mənzilin təmirinə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin edilməsi barədə qərardadlar qəbul edilsə də, cavabdeh tərəfindən tədqiqat obyektinin təqdim edilməməsi səbəbindən ekspertiza tədqiqatının aparılması mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, mənzilin təmirinə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza tədqiqatları təşkil edilsə də, cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmadığından, məhkəmə həmin faktı, yəni mənzilin təmirinə 35000 manat xərc çəkildiyini təsdiq edilmiş hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mübahisələndirilən mənzilə çəkmiş olduğu xərclərin əvəzini ödəməli, iddia ərizəsində göstərilən məbləğ cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35000 manat pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumuna görə 195 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35000 (otuz beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 195 (yüz doxsan beş) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar