Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-998/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MTK-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus mənzilin qanunsuz sökülməsi nəticəsində mənzilin həmin tarixə dəyəri olan 80000 manat pulun, 60 ay ərzində kirayə haqqına görə ödədiyi 30000 manat pulun, vurulmuş mənəvi zərərin əvəzi kimi onun xeyrinə 20000 manat pulun, ümumilikdə 130000 (yüz otuz min) manat pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2013-cü il tarixli ********** saylı çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Həmin mənzil çıxarış üzrə 29 kv.m., faktiki isə 88,24 kv.m. olmuşdur. 2019-cu ildə Sabunçu Rayon İcra Hakimiyyətinin və İcra Hakimiyyətinin ərazi üzrə nümayəndələri yaşadıqları binaya gələrək, bildirmişlər ki, həmin bina qəzalı vəziyyətdə olduğundan sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların köçürülməsi üçün vəsait ayrılmış, bu vəsaitin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrıldığı bildirilmişdir. Bütün qonşularla razılıq əldə olunmuş, iddiaçının evi 2-ci mərtəbədə olmuş, onunla eyni blokda, mənzilinin altında 1-ci mərtəbədə yaşayan sakinə 2 mənzil verildiyi halda iddiaçıya 45 kv.m mənzil təklif olunmuşdur. İddiaçı isə mənzilinin 88,24 kvm olduğunu və buna uyğun olaraq ona mənzil verilməsini tələb etdi. Belə ki, həmin vaxt mənzilin faktiki sahəsinin 30% artığına uyğun mənzil verilirdi. Bu isə 115 kvm edirdi. Bakı şəhəri, Sabunçu rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları 19 dekabr 2019-cu il tarixdə onun mənzilini müayinə etmiş, həmin akta əlavə edilmiş plan eskizə əsasən mənzilin 88,24 kvm (otaq 30,21, yaşayış otağı 23,76, otaq 14,97 və 9,24, 6,22, 1.98, 0.9, 1.26 kv m digər sahələrdən ibarət olması müəyyən edilmişdir. Lakin, buna baxmayaraq, iddiaçının tələbi əmin edilməmiş və Cavabdeh MTK tərəfindən yaşadığı bina razılığı olmadan sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası tikilmiş, lakin iddiaçıya həmin binada nə mənzil verilmiş, nə də tikildiyi müddətdə ona kirayə haqqı verilmiş, nə də hər hansı bir kompensasiya verilmişdir. Dəfələrlə etdiyi şikayətlərə isə baxılmamış, nəticədə onun mülkiyyət hüquqları pozulmuş və bugünədək də bərpa olunmamışdır. Legal hüquq ekspert mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli 389/E nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin 2019-cu il bazar dəyəri 80.000 manat müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının mülkiyyət hüquqlarının pozulması nətiəsində 5 ildir ki, kirayələrdə yaşayır və aylıq 500 manat kirayə haqqı ödəyir, bugünədək 30000 manat kirayə haqqı ödəyir. Bundan əlavə mənzilinin qanunsuz söküntüsü və mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar gərgin stress keçirtmişdir, hətta intihara da cəhd etmiş və bununla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma da aparılmışdır. Eyni zamanda uzun müddətdir ki, mülkiyyət hüquqlarından məhrum olmuşdur, bunda görə dərin iztirab, sarsınrı küçirmiş, dəfələrlə həkim qəbulunda olmuş, müalicə almışdır. Nəticədə ona 20000 manat mənəvi ziyan dəymişdir. Tərəfindən dəfələrlə Cavabdeh MTK-ya və Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsə də, müxtəlif tarixli məktublarla mənzilinin 29 kvm olduğu bəhanə edilərək ona 30000 manat pul təklif edilmiş, pul kompensasiyası uyğun olmadığı təqdirdə isə iki otaqlı ümumi sahəsi 43 kvm olan mənzil təklif edilmişdir. Daha sonra şifahi müzakirələr davam etmiş, hətta Sabunçu Rayon İcra Hakimiyyətində ona 75 kvm mənzil təklif edilmiş, lakin iddiaçı bu təklifdən də imtina edərək, 88,24 kvm olan mənzilinin sahəsinə uyğun mənzillə təmin olunmağı tələb etmişdir. 2024-cü ilin əvvəllərində onun mənzili ilə bağlı sonuncu görüş zamanı ona bildirilmişdir ki, həmin binada 46 kvm mənzil iddiaçı üçün ayrılmışdır, nə vaxt istəsə həmin mənzili ona təhvil verə bilərlər, iddiaçı isə onların təklifi ilə razılaşmamışdır. Sabunçu Ryon İcra Hakimiyyəti də bütün bu proseslərin aparılmasında yaxından iştirak etmiş, dəfələrlə icra hakimiyyətində başçısının və digər rəhbər şəxslərin qəbulunda olmuş, onlar iddiaçıya rəsmi məktublarla bildiriblər ki, ona bu kvm də mənzil təklif olunur ona görə də onların bu işə cəlb edilməsini xahiş edir. Daha sonra İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddia tələbi üzrə cavabdehin əsl cavabdeh – Sabunçu Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə iddia verilərəkən hesab edirdi ki, mənili Cavabdeh MTK tərəfindən sökülmüşdür. Lakin MTK tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, onunla Sabunçu Rayon İcra Hakimiyyəti arasında 10 dekabr 2019-cu il tarixli “Birgə fəaliyyət haqqında müqavilə” bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndində Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında müqavilənin 1.1-ci bəndində qeyd edilmiş ünvanlarda qəzalı vəziyyətdə hesab edilmiş yaşayış evlərinin sökülməsi və ərazinin tikintisi üçü hazır vəziyyətə gətirilərək MTK-ya təhvil verilməsi, 2.3-cü bənddə isə torpaq sahəsi ilə bağlı yaranmış bütün mübahisələrin həll edilməsinə cavabdehlik daşıması qeyd olunmuşdur. Göstərilənlərə əsasn hesab edir ki, iş üzrə Sabunçu Rayon İcra Hakimiyyəti cavabdeh kimi, Cavabdeh MTK isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 ərizəsinə uyğun izahat verdi və cavabdehin əvəzi edilməsini xahiş etdi. Eyni zamanda tələblərinə inzibati məhkəmədə baxılmalı olduğunu düşündüyünü bildirdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 cavabdehin əvəz edilməsi barədə iddiaçının ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 qeyd etdi ki, Cavabdeh ola bilməz. İddiaçının cavabdehin əvəz edilməsi barədə ərizəsi əsaslıdır və işə inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə ərəflərin izahatlarını dinləyib, ərizəni mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi bardə ərizə hazırlıq iclasında təqdim edildiyindən təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 194№-li Sərəncamdan görünür ki, Azərbaycan Respublikası Fğvqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında qəzalı vəziyyətdə hesab olunmuş, hal-hazırda yaşayışa yararsız olan 8 çoxmərtəbəli yaşayış binalarının sökülməsi səbəbindən həmin binalarda yaşayan sakinlərin köçürülməsi üçün yeni yaşayış binalarının tikintisi məqsədilə ünvan 2 ünvanda 0,35 ha torpaq sahələri Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 09 №-li Sərəncamından görünür ki, ünvan 4 ünvanda 0,14 ha torpaq sahəsi və ünvan 5 0,35 ha torpaq sahəsi yeni çoxmənzilli yaşayış binasının tikilməsi məqədilə Cavabdeh MTK-ya təhvil verilməsi qərara alınmışdır. Sabunçu Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında 10.12.201- cu il tarixdə bağlanmış Birgə fəaliyyət haqqında müqaviləyə əsasən, iki tərəfin birgə səyi nəticəsində üzərlərinə düşən öhdəlikləri layiqində yerinə yetirməklə aşağıdakılara dair razılaşır: 1.1-ci bənd. Qəzalı vəziyyətdə hesab edilmiş A.Əsədullayev küçəsi 27 aylı ünvanda və Rəsulzadə küçəsi, dalan 3, 2 saylı ünvanda yerləşən ərazinin tikinti işlərinin aparılması üçün hazrı vəziyyətə gətirilməsi; 1.2-ci bənd. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 294 nömrəli sərəncamı ilə ünvan 6 ünvanda 0,14 ha, Rəsulzadə küçəsi dalan3, 2 saylı ünvanda 0,35 ha torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun yeni çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və tikintisinin aparılması. Beləliklə, istinad edilən sənədlərdən görünür ki, mübahisəli mənzilin sökülməsi ilə bağlı fəaliyyət mülki hüquqi müqavilədən deyil, inzibati orqanın publik hüquqi səlahiyyətlərindən irəli gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının: 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.1-ci bəndinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 16.1-ci bəndinə əsasən, görə inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Həmin qərarın 16.3-cü bəndinə görə ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki iş materiallarından aydın olur ki, hazırda baxılan hüquqi mübahisənin mahiyyəti inzibati orqan tərəfindən qəbul olunmuş inzibati akt nəticəsində iddiaçının mənzilinin sökülməsi nəticəsində, pozulduğunu iddia etdiyi hüququnun müdafiəsi təşkil edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından bu qəbildən olan mübahisələrə mülki məhkəmə qaydasında deyil inzibati məhkəmələr tərəfindən baxıldığı müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh MTK cəlb edilməklə) qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Mülki iş üzrə ödənilmiş 420 manat dövlət rüsumu (tarix: xx.xx.2024; №: **********) İddiaçı qaytarılsın. İddiaçıya hazırki iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-998/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-998/2025
20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver