Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1001/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 44000 ABŞ dolları məbləğində əsas pulun və həmin pul vəsaitinə görə illik 5% olmaqla (3 ilə görə) 44000 x 5% x 2=6600 ABŞ dolları məbləğində faizin (ödəniş gününə Azərbaycan manatına olan ekvivalenti ilə) və ödənilmiş 380 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 2018-ci ilin yanvar ayından bəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 44.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Cavabdehlər birlikdə avtomobil gətirərək onun satışını təşkil etməli idilər. Lakin, pulun verilməsinə baxmayaraq, bugünə kimi cavabdehlər öz üzərlərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Bununla da iddiaçıya zərər vurmuşlar. Bu səbəbdən iddiaçı tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət edilmişdir. Nərimanov rayon Polis İdarəsinin sabiq baş müstəntiqi, polis mayoru Pərviz Məmmədov tərəfindən 16.10.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunan izahatlardan da göründüyü kimi, cavabdehlər götürmüş olduqları pul məbləğini etiraf etmişlər. Həmin qərarda işin mülki xarakterli olması səbəbi ilə mülki qaydada məhkəməyə müraciət edilməli olduğu göstərilmişdir. Göründüyü kimi cavabdehlər iddiaçının pul vəsaitini vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçı əldə edə biləcəyi gəlirlərindən mərhum olmuşdur. Belə ki, həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən, iddiaçı həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir əldə edə bilərdi. Qeyd olunanlara əsasən, 44000 ABŞ dolları məbləğində əsas pul və həmin pul vəsaitinə görə illik 5% olmaqla (3 ilə görə) 44000 x 5% x 2=6600 ABŞ dolları məbləğində faizin (ödəniş gününə Azərbaycan manatına olan ekvivalenti ilə) və ödənilmiş 380 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, İddiaçı onun uzaq qohumudur, Cavabdeh1 isə onun ailəvi dostu olmuşdur. İddiaçı ona dəfələrlə zəng vuraraq çay içməyə dəvət etmiş, çay içdikləri zaman ona bildirmişdir ki, onun artıq pulu var, Amerikada yaşayan dostu var, ondan xahiş edə bilər ki, hərrac yolu ilə bir neçə avtomobil sifariş edib, Azərbaycana göndərə bilər. Bundan öncə Daşqın ona dəfələrlə 4 faizə pul vermiş, həmin pulları dostu Raminlə və Zaminlə birgə gedib götürüb, həmin pullarla "Maserati Quattroporte" markalı, "Mercedes Benz CLS-63 AMG" markalı avtomobilləri almışlar. "Maserati Quattroporte" markalı avtomobili 3 aya satana qədər 3.060 ABŞ dolları faiz pul ödənişi etmişlər. "Mercedes Benz CLS-63 AMG" markalı avtomobilini bəyəndiyi üçün həmin avtomobili almaq qərarına gəlmiş, özünə məxsus "BMW X5" markalı avtomobilin 22000 ABŞ dollarına satıb, "Mercedes Benz CLS- 63 AMG" markalı avtomobilin dəyəri 55.000 ABŞ dolları olduğuna görə 33000 ABŞ dolları çatmadığı üçün İddiaçı 15 iyul 2017-ci il tarixdə aylıq 4 faizlə 33.000 ABŞ dolları pulu dostu Ramin və Zaminlə birlikdə götürmüşdür. 55000 ABŞ dollar pulun 22000 ABŞ dollarını vermiş, maşını satanda avtomobilin banka borcu olduğundan, 33000 ABŞ dolları pulu isə Turanbanka ödəniş etmişdir və qəbzi də var. Bundan başqa, avtomobildə bəzi nasazlıq olduğundan, əlavə olaraq 3000 ABŞ dollar pulu da, Raminlə birgə götürmüşdür. 15 ay İddiaçı aylıq 4% olmaqla, hər ay 1440 ABŞ doları faiz pulu ödəmişdir. Ümumi 21.600 ABŞ dolları faiz pul ödəmişdir. "Mercedes Benz CLS-63 AMG" markalı avtomobili bir ildən çox sürdükdən sonra, maddi sıxıntıları olduğundan, həmin avtomobili dostu X2 tanışı X3 adına 26.10.2017-ci ildə keçirib, ondan borca 25.000 ABŞ dolları götürüb, İddiaçı ödəmişdir, 11.000 ABŞ dolları borcu qalmışdır. 11.000 ABŞ dollarına görə, İddiaçı hər ay 4 faiz olmaqla, 22 ay, yəni 26.10.2017 ildən etibarən 2019-cu ilin avqust ayına qədər 440 ABŞ dolları pul ödəmişdir. 11.000 ABŞ dollarına görə ümumi 22 aya 9.680 ABŞ dolları pul ödənişi etmişdir. 2017-ci ilin dekabr ayında Daşqından götürdüyü 14.000 ABŞ dolları və 2018-ci ilin fevral ayında Cavabdeh1 götürdüyü 30.000 ABŞ dollar pula görə, 2018-ci ilin oktyabr ayına qədər 4% olmaqla, hər ay 1760 ABŞ dolları olmaqla, 10 aya ümumilikdə 17.600 ABŞ dolları faiz pul ödəmişlər. İddiaçı ona bildirmişdir ki, yeni tikililərdə ev olsaydı, maşınını barter ederək, əvəzinə ev götürərdi. O, da, bu fikri avtosalon müdirinə təklif etdi. Avtosalonun müdiri Kamandar ona zəng vuraraq bildirmişdir ki, Nərimanov rayonu ərazisində yeni tiklən "Sipark" yaşayış kompleksində mənzillər satılır və eyni zamanda barter də edirlər. O, İddiaçı mənzil barədə bildirmiş, Daşqın onunla birlikdə, "Sipark" yaşayış kompleksinə gedib orada 111,2 kv.metr mənzili bəyənmişdir. Birlikdə "Sipark" yaşayış kompleksinin baş ofisinə gedib orada razılığa gəldilər. Belə ki, "Mercedes Benz CLS-63 AMG" markalı avtomobili 58000 ABŞ dolları ilə qiymətləndirdilər. Daşqına veriləcək mənzilin 1 kv.metr sahəsi 1.050 manatan hesablandı. Mənzilin ümumi dəyəri 116.760 manat təşkil etmişdir. X1 dostu X4 olan borcunu Daşqın gətirib ödədi. Qalan pulunu isə 29200 ABŞ dolları Daşqın evin pulundan silmişdir. İddiaçı demək olar ki, ondan külli miqdarda faiz pulları alıb və bu o deməkdir ki, İddiaçı əsassız varlanma ilə məşğuldur. Göründüyü kimi, İddiaçı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub və hazırda olur, qanunvericiliyin tələblərini pozmaqla, eyni zamanda vergidən uzun illər yayınıb. İddiaçı uzun illər vergidən yayindığına görə, barəsində xüsusi qərardad çıxarılmalıdır. Bütün bu qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsində cavabdehlərin iddiaçıya zərər vurulduğu göstərilsə də, işin hallarından cavabdehlər tərəfindən zərər vurulmasına dair hər hansı davranış müşahidə olunmur. Cavabdehlər tərəfindən delikt törədilməinə dair hər hansı sübut mövcud deyil, həmçinin iddiaçı və cavabdehlər arasında müqavilə də mövcu deyil. İşin hallarına və iddiaçınının prosessual mövqeyinə əsasən tərəflər arasındakı hüquq münasibətləri əsassız varlanma ilə bağlı hüquq münasibətlərinə uyğun gəlir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İddiaçının bidirdiyinə görə cavabdehlər ona məxsus əmlakı (pulu) əldə etmişlər. İddia ərizəsində, iddiaçının cavabdehlərə pulu iddia ərizəsi məhkəməyə veriləndən 3 il əvvəl - 2018-ci ildə vermişdir, iddiaçı bununla bağlı 3 illik faiz də hesablayaraq iddia tələbinə daxil etmişdir. Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiasına münasibətdə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Nərimanov rayon Polis İdarəsinin sabiq baş müstəntiqi, polis mayoru Pərviz Məmmədov tərəfindən cinayət işi rədd edilmişdir. Qəbul edilmiş qərar barədə şikayətçiyə məlumat verilmiş və ərizəsində göstərdiyi xüsusatları ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət olunması izah olunmuşdur. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstəriləmlərlə bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tətəflər arasında 2017-2018ci illər ərzində işgüzar münasibətlər olmuşdur. Həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehlərə müəyyən pul məbləğinin verilməsi və cavabdehlər tərəfindən ona bir qisminin geri ödənilməsi işin mübahisəsiz halıdır. Tərəflərin şifahi razılıq əsasında qazanc əldə etmək məqsədilə avtomobil satışı ilə məşğul olan zaman yaranan zərərin hansı qaydadada bölüşdürülməsinin və ya ödənilməsinin müəyyən olunması iş materialları ilə sübut olunmur. Yaranmış zərərlə bağlı cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşımaları üçün onların əməlində təqsir və ya hüquqa zidd davranış olmalıdır. Qeyd olunan hallar isə məhkəmə ara.dırması zamanı müəyyən edilməmişdir. Eyni zamanda, tərəflər arasında borc münasibətlərinin olduğunu sübut edən hər hansı mötəbər sübut da mövcud deyildir. Həmçinin, məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Normanın mənasından göründüyü kimi, qanunvericilik bu tələb üzrə iddia müddətini deyil, kəsici müddəti nəzərdə tutur. Hazırkı mübahisədə isə əsassız varlanma halı müəyyən edilməmişdir. Odur ki, mübahisə üzrə iddia müddəti tətbiq edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1001/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1001/2022
30.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver