Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1001/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1.223,98 manat əsas overdraft borcunun, 194,72 manat cərimə borcu olmaqla, cəmi 1.418,70 manat borcun və 34,59 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" ASC ilə cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 5.1-ci bəndinə əsasən bank müştərinin ödəniş kartına xidmət göstərilməsini və kartla bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci yarımbəndinə əsasən müştəri tərəfindən “kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya) qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək, iclasın iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini iş materialları və ekspert rəyi ilə birgə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
6. xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh bankın rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli,01U/21 saylı ümumi oferta ilə tanış olmuşdur, onun bütün şərtləri ilə razıdır. 8-ci bənddə qeyd olunmuşdur ki, “mənim ödəniş kartı ilə aparacağım əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmənin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyimi qəbul edirəm”. Sənəddə Cavabdeh telefon nömrəsi kimi “***-***-**-**” göstərilmişdir (Həmin oferta iş materiallarında mövcuddur).
7. Bank xidmətlərinə dair xx.xx.2021-ci il tarixli ümumi ofertadan görünür ki: - Hesab üzrə texniki overdraft yarandığı halda, müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə borc məbləği bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər (2.2.8-ci bənd). - Bank “Müştəri”nin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür (5.1-ci bənd). - Müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda “Müştəri”nin “Bank” qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda “Müştəri” “Bank” qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik ____ (____) % məbləğində cərimə ödənişi hesablana bilər. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda “Bank”, “Müştəri”ni xəbərdar etmədən kartla əməliyyatların aparılmasını dayandıra bilər. Hesab üzrə texniki overdraft yarandığı və ya “Müştəri”yə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu “Bank” tərəfindən “Müştəri”yə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. Bank müştərinin hesabını kreditləşdirə də bilər. Bu zaman Bankın tariflərində qeyd edilən şərtlər tətbiq olunur (5.11-ci bənd). - Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək müştərinin vəzifələrindəndir. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir (6.4.1-ci bənd). - “Müştəri” kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank”, borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-nin bir günə olan məbləği miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər (17.10-cu bənd) .
8. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, ona yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
9. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli elektron maliyyə arayışından görünür ki, Cavabdeh 6084ovCNTR/24 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə banka 1.223,98 manat əsas, 194,72 manat cərimə faizləri olmaqla, cəmi 1.418,70 manat məbləğində borcu vardır.
10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 34,19 manat rüsum ödənilmiş, 0,40 manat bank xidmət haqqı tutulmuşdur.
11. Cavabdehin işəgötürəni “X2” MMC-nin xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, çatdırılması üçün məhkəmə tərəfindən “X2” MMC-yə göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh təhvil verilmişdir. Müvafiq akt Cavabdeh tərəfindən imzalanmışdır.
12. İş materiallarına ödəniş kartı üzrə hesabdan çıxarış (xx.xx.2023-cü il tarixə overdraft borcu “1.223,98” kimi qeyd edilmişdir) əlavə edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1703 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh hesabında xx.xx.2023-cü il tarixdə 587,73 manat məbləğində qalıq mövcud olmuşdur. Sonradan, həmin tarixdə Cavabdeh tərəfindən ümumilikdə hesaba 2.586,00 manat mədaxil edilmiş və 4.397,71 manat məxaric edilmişdir. Nəticədə tərəflər arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası üzrə borcalana təqdim edilmiş debet kartı üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə 1.223,98 (587,73 + 2.586,00 – 4.397,71 manat) manat məbləğində overdraft borcunun olması müəyyən edilir.
14. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ekspertiza təqdiqatının dəyəri 50 (əlli) manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Cavabdehin ərizəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli oferta əsasında iddiaçı tərəfindən hesab açılaraq 524375******8960 nömrəli ödəniş kartı cavabdehin istifadəsinə verilmişdir. Baş vermiş texniki overdraft nəticəsində xx.xx.2023-cü il tarixə 1.223,98 məbləğində “overdraft” (mənfi qalıq) yaranmışdır. Belə ki, cavabdeh özünə məxsus olmayan, yəni bankın vəsaiti olan 1.223,98 manat məbləğində puldan istifadə etmiş, lakin həmin məbləği bank xidmətlərinə dair ümumi oferta ilə müəyyənləşdirilmiş 30 iş günü müddətində banka qaytarmamışdır. Məsələ ilə əlaqədar xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin xəbərdarlığın müsbət nəticəsi olmamışdır.
16. Hazırda iddiaçı cavabdehin onun hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1.223,98 manat məbləğində pulun və məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş edir.
17. İş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 1.223,98 manat məbləğində texniki overdraft borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində ekspert rəyi ilə də müəyyən edilmişdir ki, cavabdehin özünə məxsus olmayan vəsaitdən istifadə etməsi nəticəsində iddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır.
c) Məhkəmənin mövqeyi:
18. Deməli, hazırda tərəflər arasında əsassız varlanma hüquq münasibətləri, yəni cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması halı meydana gəlmişdir.
19. İddia tələbinin “əsas borcun ödənilməsi” hissəsində əsaslı olmasını, müvafiq sübutlarla (maliyyə arayışı, hesabdan çıxarış və s.) təsdiq olunmasını, həmçinin ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “əsas borc” hissəsində təmin edilməlidir.
20. Həmçinin, ümumi ofertanın şərtlərində overdraft yarandığı halda, cavabdehin cərimə ödəmək öhdəliyi göstərilmişdir. İddia tələbinin cərimə borcunun ödənilməsi hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, tələb edilən cərimənin miqdarı məhkəmə tərəfindən tənasübsüz surətdə yüksək kimi qiymətləndirildiyindən, xx.xx.2021-ci il tarixli ümumi oferta şərtləri üzrə 194,72 manat cərimənin məbləği 50 manat məbləğinədək azaldılmalıdır.
21. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
23. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddə. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddə. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2, 14.2.7-ci maddə. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddə. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 954.1-ci maddə. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 960-cı maddə. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 1091 və 1092.1-ci maddələr. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddə. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddə. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddə. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0.1-ci maddə. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1223,98 manat əsas, 50 manat cərimə borcu olmaqla, cəmi 1.273,98 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir, iddia qalan hissədə təmin edilməməlidir.
28. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 31 manat hissəsi və 0,40 manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASCyə verilməsli, dövlət rüsumunun qalan hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 50 manat məbləğində pulun 45 manat hissəsi Cavabdeh, qalan 5 (beş) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1223,98 (bir min iki yüz iyirmi üç manat doxsan səkkiz qəpik) manat əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1.273,98 (bir min iki yüz yetmiş üç manat doxsan səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 31 (otuz bir) manat hissəsi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASCyə verilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pulun 45 (qırx beş) manat hissəsi Cavabdeh, qalan 5 (beş) manat hissəsi isə iddiaçı "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova