Məhkəmə qərarları › İş №e-2(006)-1013/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1013/2023

27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1013/2023 27.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) – Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ölkədə yeganə pizza və digər tez hazır olan qida məhsullarının hazırlanması və istehlakçılara təqdim edilməsi sahəsində fəaliyyət göstərən yerli restoran şəbəkəsidir. Şirkət öz milli brendini yaratmaqla 10 ilə yaxındır müştərilərinə xidmət etməkdədir. Şirkət müştərilərinə daha operativ və keyfiyyətli xidmət göstərmək üçün X3 fəaliyyət göstərən XLT Smart Solutions şirkətindən 3 dəqiqə ərzində un məmulatlarını bişirmək imkanına malik sobaları almağa niyyətlənmişdir. Bunun üçün müraciət ərizəsi ilə "xxxx" ASC-yə müraciət edilmişdir, müraciətdə kredit götürülməsinin məqsədi kimi “yeni açılacaq filiallar üçün avadanlıq, mebel və təmir xərclərinin qarşılanması” göstərilmişdir. Nəticədə həmin bankla xx.xx.2021ci il tarixli Korporativ müştərilərə verilən kreditlər üzrə Ümumi müqavilə, eyni zamanda Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavə imzalanmışdır. Belə ki, həmin bankdan 200000 manat məbləğində 36 ay müddətinə 14 faiz dərəcəsi ilə kredit götürülmüşdür. Müqavilədə kreditin məqsədli təyinatı kimi “yeni açılacaq filiallar üçün avadanlıq, mebel və təmir xərclərinin qarşılanması” göstərilmişdir. Şirkət planlaşdırılan vaxtda açılacaq yeni filiallardan gələcək gəlirə ümid edərək bu qədər böyük məbləğdə maliyyə yükünün altına girmişdir. Şirkət 18 ədəd sobanın satın alınması üçün XLT Smart Solutions şirkətinə 111516,38 ABŞ dolları pul vəsaiti ödəmişdir. Sobalar gəmi vasitəsilə Gürcüstana gətirilmiş, oradan isə tırla Azərbaycan Respublikasına gətirilmişdir. Bunun üçün Gürcüstan Respublikasında fəaliyyət göstərən U.F.E. Shipping Georgia LLCZ şirkətinə ödəniş edilmişdir. Sobalar **********3646 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Bəyan edən zaman isə istehsalçı şirkətin təqdim etdiyi sənədlərdəki XİF MN üzrə koda və digər məlumatlara istinad etmişdir. İstehsalçı şirkət sobaları “**********” saylı kod altında sinifləşdirmişdir. Şirkət də bəyannamədə həmin kodu qeyd etmişdir. Lakin Bakı Baş Gömrük İdarəsinin inspektorları sobaların XİF MN üzrə kodunun dəqiqləşdirilməsini zərurətini görmüş və ekspertiza təyin etmişdir. X2 xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, idxal olunan yük pizza bişirmək üçün istifadə olunan elektrikli soba olub XİF MN-ə görə 8419 81 8000 alt yarımmövqeyində sinifləşdirilir. Şirkət bununla bağlı istehsalçı şirkətə müraciət edərək dəqiqləşmə tələb etmişdir, istehsalçı şirkət elektron məktubla sobanın XİF MN üzrə kodunun 8514 10 10000 olduğunu bildirmişdir. Ekspertiza rəyindən sonra material Əməliyyat Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir, X1 icraatına verilmişdir. Təhqiqatçı rəyi tərtib edən Tefik Ayhanın izahatını almışdır. Daha sonra təhqiqat şöbəsinə təqdim etdiyi vəsatət təmin edilmiş və komisyon ekspertiza təyin edilmişdir. xx.xx.2021-ci il tarixli rəydə idxal olunan yükün yığılmamış halda “XLT” markalı, qaz və elektriklə işləyən soba olub XİF MN-ə görə 8419 81 alt yarımmövqeyində sinifləşdirilməli olması müəyyən edilmişdir. Lakin ekspert təhqiqatçının “təhqiqat obyekti olan əşya idxalatçının əvvəlcədən bəyan etdiyi 8417 və araşdırma zamanı təqdim etdiyi məlumatlara əsasən 8514-cü mal mövqelərinə aid ola bilərmi, aid deyildirsə, hansı əsaslara görə aid hesab edilmir və edilə bilməz” sualına cavab vermədiyi üçün əlavə ekspertiza təyin edilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyində yükün həm qaz, həm də elektriklə işləyən sobalar olub XİF MN-ə görə 8419 81 8000 alt yarımmövqeyində sinifləşdirilməsi müəyyən edilmiş, 8417 mal mövqeyində qeyri-elektrik sənaye və ya laborator sobaların, 8415 malmövqeyində isə ancaq elektrik və ya dielektrik itkiləri əsasında işləyən sobaların sinifləşdirildiyi göstərilmişdir. Daha sonra Şirkətə qarşı Cinayət Məcəlləsinin 209.1-ci maddəsi cinayət işi başlanılmışdır. Material İstintaq və Təhqiqat Baş İdarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi Elmir Şirinovun icraatında verilmişdir. O, ilk öncə ziddiyyətli rəyi tərtib edən ekspert Əli Abbasovun izahatını almışdır, Əli Abbasov izahatında rəy verdikdən sonra sobalara baxış keçirdiyini və onların 8514 10 10000 alt yarımmövqeyində sinifləşdirilməli olduğunu müəyyən etdiyini bildirmişdir. Elmir Şirinov təkrar ekspertiza təyin etmiş, xx.xx.2021-ci il tarixli rəylə sobaların XİF MN üzrə kodu 8514 10 1000 müəyyən edilmişdir. Daha sonra isə xx.xx.2021-ci il tarixli qərarla CM-nin 39.1.2-ci maddəsinə əsasən Şirkətin direktoru Aslan Hacıyev barəsində cinayət işinin başlanması rədd edilmişdir, ekspert Əli Abbasov və digər ekspertlərin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlər görülməsi qərara alınmışdır. Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ekspertlər tərəfindən sobaların XİF MN üzrə düzgün sinifləşdirilmədikləri, bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmiş, DGK sədrinin xx.xx.2022-ci il tarixli əmri ilə Əli Abbasova sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, Tefik Ayhana isə irad bildirilmişdir. Təəssüf ki, təhqiqat idarəsinin vəzifəli şəxsləri işdə bir-birini təkzib edən 3 ədəd ekspert rəyi olmasına baxmayaraq son olaraq qəti rəy əldə etmək üçün ekspertlərə müraciət etmək əvəzinə Şirkətin direktorunun əməllərində cinayət tərkibinin olması kifayət qədər sübutlarla təsbit edilməməsinə, biri-birinə ziddiyyət təşkil edən ekspert rəylərinin olmasına baxmayaraq obyektiv qərar qəbul etməyə dair müvafiq səlahiyyətə malik olan şəxslər hesab edilsələr də, direktor barəsində cinayət işinin başlanması üçün materialı istintaqa göndəriblər. Bununla da Şirkətin direktoru barəsində əsassız cinayət təqibi aparılmasına, lüzumsuz istintaq tədbirlərinin görülməsinə, Şirkətin iqtisadi fəaliyyətinə süni maneələr törədilməsinə, sobaların Şirkət tərəfindən istehsalatda istifadə edilməsinə əsassız olaraq əngəl törədilməklə onların anbarda uzun müddət saxlanılmasına, nəticədə həm Şirkətin iqtisadi hüquqlarına, həm də onun direktorunun konstitusion, mülki və prosessual hüquqlarının kobud surətdə pozulmasına şərait yaratmışlar. Belə ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayının ortalarına qədər sobalar gömrük anbarından saxlanılmışdır və sobaların orada saxlanıldığı hər gün üçün gömrük anbarına ödəniş edilmişdir. Bununla bağlı "xxxx" MMM ilə 23 oktyabr 2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Şirkət tərəfindən gömrük anbarında saxlanılma üçün icarəyəverənə cəmi 4779 manat icarə haqqı ödənilmişdir. Həmçinin, sobaları gətirən tırın və konteynerin Bakı Baş Gömrük İdarəsində qanunsuz saxlanılmasına görə 2021-ci ilin noyabr ayında 4700 ABŞ dolları və 1330 ABŞ dolları pul vəsaiti “U.F.E Shipping Georgia LLCZ” şirkətinə ödəniş edilmişdir. Lakin Şirkətə vurulmuş maddi ziyan bununla da bitmir, sobalar yeni açılacaq restoranlarda yerləşdirilməli idi, restoranların açılış tarixi sobaların ölkəyə gətirilmə tarixinə, yəni 2021-ci ilin oktyabr ayına planlaşdırılmışdı, Zefir Mall-da yerləşən restoranla bağlı icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə imzalanmışdır, xx.xx.2021-ci il tarixdə müqaviləyə əlavə imzalanaraq 5 ay müddətində, yəni xx.xx.2021-ci il tarixə qədər Şirkət restoran üçün lazım olan soba və digər avadanlıqların quraşdırılması üçün icarə haqqında azad edilmişdir. Həmin əlavə imzalanan tarixdə sobaların 2021-ci ilin oktyabr ayında ölkəyə gətirilməsi planlanırdı, amma sobaların gömrük anbarından çıxarılması 2022-ci ilin yanvar ayının ortalarına qədər çəkmişdir. Bu səbəbdən Şirkət məcburi olaraq fəaliyyətdə olan digər restoranlardan sobaları gətirərək Zefir Mall-da yerləşən restoranın açılışını etmişdir. Nəticədə soba cəhətdən çatışmazlıq yaranan digər restoranların işi ləngimiş, müştərilərin haqlı narazılığı yaranmışdır. Eyni zamanda Səbail rayonu, Mikayıl Useynov prospekti 63 ünvanında yerləşən “İSR Residence” yaşayış kompleksinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır, müqavilənin 2.1-ci bəndinə əsasən restoranı soba və digər avadanlıqlarla təchiz etmək üçün 5 ay vaxt verilmişdir. Şirkət 2021-ci ilin noyabr ayında restoranı açmağa məcbur olmuş və yenə fəaliyyətdə olan restoranlardan sobaları gətirək məcburiyyətində qalmışdır. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyə götürülmüşdür. Həmin restoranın açılışı 2021-ci ilin oktyabr ayına planlansa da, açılışı ancaq 2021-ci ilin dekabr ayında etmək mümkün olmuşdur. xx.xx.2021-ci il tarixdə Sumqayıt Bağça Şəhər-də yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Lakin bu günə qədər həmin restoranın açılışını etmək mümkün olmamışdır. Digər tərəfdən gömrük orqanı tərəfindən anbarda qanunsuz saxlanılmış sobalar 3 dəqiqə ərzində pizza və digər un məmulatlarını bişirmək imkanına malikdir. Yeni restoranların açılışı üçün mövcud 3 restoranın hər birindən 1 ədəd soba gətirilərək yeni restoranlarda yerləşdirilmişdir. Nəticədə isə 6 ədəd restoran (3 ədəd mövcud və 3 ədəd yeni) 1 ədəd soba ilə fəaliyyət göstərməli olmuşdur. Bu hal isə Şirkət üçün əldən çıxmış faydanın yaranmasına səbəb olmuşdur. Belə ki, 1 ədəd soba 1 saat ərzində 90 ədəd pizza bişirmək imkanına malikdir, lakin məlum olduğu kimi normal şəraitdə soba tam gücü ilə işləmir. Minimum hesabla nəzərə alınsa, 1 ədəd soba saat ərzində tam gücünün 5 faizi miqdarında işləyir və 4 ədəd pizza bişirir. Restoranlar 24 saat işləyir, amma minimum hesabla 3 saat ərzində aktiv pizza bişirildiyi götürülsə, gün ərzində 12 ədəd pizza bişirilir. Sobalar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, yəni 86 gün ərzində qanunsuz olaraq gömrük anbarında saxlanılmışdır. Bu isə sadə riyazi hesablama ilə 1032 ədəd pizza edir. 1 ədəd pizzanın ortala qiyməti 15 manatdır, nəticədə isə 15480 manat (4x3=12x86=1032x15=15480) məbləğində əldən çıxmış fayda əmələ gəlir. Əgər 18 ədəd soba qanunsuz olaraq gömrük anbarından saxlanılmasa idi, 6 ədəd restoran 2 ədəd soba ilə işləyəcəkdi və nəticədə 86 gün ərzində Şirkət 30960 manat gəlir əldə edəcəkdi, amma baş verən qanunsuzluq ucbatından Şirkət 15480 manat məbləğində gəlirdən məhrum olmuşdur. Şirkət öz hüququnu bərpa etmək üçün bir sıra xərc çəkmək məcburiyyətində qalmışdır. Məhkəmədə təmsilçilik üçün “Ədalət Vəkil Bürosu”nun vəkili Nümayəndə ilə müqavilə bağlayaraq bank köçürməsi yolu ilə 500 manat məbləğində hüquq xidmət xərci ödəmişdir. Bundan əlavə iddia ərizəsinin verilməsi üçün Şirkət tərəfindən 183,40 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Dövlət Gömrük Komitəsinin təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə 4779 manat və 6030 ABŞ dolları maddi zərər vurulmuş və 15480 manat məbləğindəki fayda əldən çıxmışdır. Şirkət 500 manat hüquqi xidmət və 183,40 manat dövlət rüsumu üçün xərc çəkmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 1000-190/1xx-xx/009751 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin rəisi Məsum Rəsulovun 30 dekabr 2021-ci il tarixli 34/154/061517 nömrəli raportunun araşdırılması zaman X5 İdarəsi Əqli mülkiyyət obyektlərinin emal proseduru altında yerləşdirilmiş malların və mənşə ölkəsinin ekspertizası şöbəsinin inspektoru gömrük xidməti leytenantı X4 həyata keçirdiyi ilkin, həmin İdarənin Ekspress diaqnostik tədqiqat bölməsinin rəisi, gömrük xidməti mayoru X9 isə həyata keçirdiyi təkrar gömrük ekspertizası zamanı 06 oktyabr 2021-ci il tarixli **********3546 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 20 ədəd pizza bişirmək uçun sobanın mal kodunu X6 Mal Nomenklaturası üzrə düzgün sinifləşdirmədikləri, bununla da xidməti xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2022-ci il tarixli 1000/06TŞ nömrəli əmri ilə gömrük orqanı əməkdaşlarından Əli Abbasova “Gomruk orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli Töhmət elan edilmiş, Tevfık Ayhana isə həmin Əsasnamənin 69-cu maddəsinin 1ci bəndinə əsasən irad tutulmuşdur. İddiaçı ilə "xxxx" MMM arasında bağlanmış xx.xx.2021-ci il tarixli RT-PM10/21 saylı Qeyri-yaşayış sahəsinin icarə müqaviləsindən görünür ki, "xxxx" MMM Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14 km. ünvanında yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icarəyə verməyi, iddiaçı isə ƏDV daxil 1770 manat aylıq icarə haqqı məbləğini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2021-ci il tarixli OD4 saylı, xx.xx.2021-ci il tarixli OD6 saylı, xx.xx.2022-ci il tarixli OD1 saylı və xx.xx.2022-ci il tarixli OD2 saylı Ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən icarə haqqına görə "xxxx" MMM-yə 2124 manat, 1770 manat, 295 manat və 590 manat olmaqla, ümumilikdə 4779 manat ödəniş etmişdir. İddiaçı ilə “U.F.E Shipping Georgia LLC” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli UG21-015 saylı Podrat xidmətləri haqqında müqavilədən görünür ki, “U.F.E Shipping Georgia LLC” şirkəti yüklərin daşınması, yükvurma-yükboşaltma işlərini və nəqliyyatekspedisiya xidmətləri ilə bağlı tərəflər arasında razılaşdırılmış digər əməliyyatların aparılmasını təşkil etməyi, iddiaçı isə “U.F.E Shipping Georgia LLC” şirkətinin xidmətlərini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2021-ci il tarixli 118OCT********** saylı və xx.xx.2021-ci il tarixli 118OCT421321000K saylı Ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən boş dayanmaya görə “U.F.E Shipping Georgia LLC” şirkətinə 4700 ABŞ dolları və 1330 ABŞ dolları olmaqla, ümumilikdə 6030 ABŞ dolları məbləğində cərimə (demuraj) ödəmişdir. xx.xx.2022-ci il tarixli OD1 saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Ədalət Vəkil Bürosunun hesabına 500 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı MMC-nin ünvanına 99HF424/99ZB996 nömrəli avtonəqliyyat vasitəsi ilə 91880 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında daxil olmuş yük **********3646 nömrəli, xx.xx.2021 -ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş, həmin gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN (X7 Mal Nomenklaturası) üzrə “**********” saylı kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinıfləşdirilməsinın X5 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmış, X5 İdarəsindən gələn 2200- 016/0xx-xx/005037 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən malın XİF MN üzrə “**********” alt yarımmövqeyində “15%” gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur. Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, **********3646 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə İddiaçı MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 29653.03 AZN/ƏDV üzrə 5337 55 AZN təşkil etmişdir. İddiaçı MMC-nin ünvanına göndərilmiş 91880 nömrəli 13.07 2021 -ci il tarixli invoysun 4-cü mövqeyində göstərilən "15%" gömrük rüsumu dərəcəsində sinifləşdirilən “Qara metal konstruksiya” adlı malın invoys dəyəri 680 ABŞ dolları (1156 AZN), 91880 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədində qeyd edilməyən gömrük orqanına bəyan edilməmiş “Brophy” markalı əllə idarə olunan qaldırıcı talın ekspert rəyinə əsasən orta bazar dəyəri 340 AZN təşkil edir və həmin məbləğlər Azərbaycan Respublikası CM-nın 206.1 və 209.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmır. Beləliklə, İddiaçı MMC-nin direktoru X8 əməllərində Azərbaycan Respublikası CM-nin 206.1 və 209.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən rədd edilməlidir. "xxxx" MMC-nin direktoru X8 barəsində inzibati məsuliyyət məsələsinə qiymət verilməsi üçün toplanmış materiallar Bakı Baş Gömrük İdarəsinə göndərilməlidir. Bakı Baş Gömrük idarəsi “ipək Yolu” gömrük postunun 8-ci anbarında saxlanılan "xxxx" MMC ünvanına göndərilmiş 91880 nömrəli xx.xx.2021-ci il tarixli invoysda göstərilən mallar gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra cəmiyyətin səlahiyyətli nümayəndəsinə qaytarılmalıdır. Dövlət Gömrük Komitəsinin X5 İdarəsinin Ekspres Diaqnostik Tədqiqatlar Bölməsinin rəisi X10 və həmin idarənin digər vəzifəli şəxslərinin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbir görülməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC-nin ünvanına 99HF424/99ZB996 nömrəli avtonəqliyyat vasitəsi ilə 91880 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında daxil olmuş yük **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş, həmin gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün yoxlanılması zamanı Dövlət Gömrük Komitəsinin X5 İdarəsinin Ekspres Diaqnostik Tədqiqatlar Bölməsinin rəisi X10 və həmin idarənin digər vəzifəli şəxslərinin yol verdiyi qanun pozuntularına görə həmin sənədlər düzgün yoxlanılmamış, nəticədə iddiaçıya məxsus mal xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, yəni 86 gün ərzində qanunsuz olaraq gömrük anbarında saxlanılmaqla iddiaçının hüquqları məhdudlaşdırılmış, göstərilən müddət ərzində iddiaçı həmin malların saxlanmasına və boşdayanmaya görə maddi zərərə düşmüşdür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1 -ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1 -ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, ödənilmiş məhkəmə xərcləri, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan göründüyü kimi iddiaçı barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verildiyindən iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində maddi ziyanın dəyməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyan «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ödənilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə hüququ pozulmuş şəxsin əmlakından məhrum olmasına görə ondan səmərəli istifadə etmək imkanından məhrum olması nəticəsində məruz qaldığı ziyan hüquqpozan tərəfindən ödənilməlidir. Göstərilən səbəbdən hüququ pozulmuş şəxsin əldən çıxmış faydası, maddə də göstərildiyi kimi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Adi mülki dövriyyə dedikdə bazar münasibətlərinə əhəmiyyətli təsir göstərə biləcək heç bir fövqəladə hadisə baş vermədən malların, işlərin və xidmətlərin sabit qiymətlərlə adi qaydada dövr etməsi nəzərdə tutulur. Lakin məlumdur ki, bazar münasibətləri bu və ya digər səbəbdən dəyişikliklərə məruz qala bilər, malların, işlərin və xidmətlərin dəyəri dəyişə bilər. Buna görə də Mülki Məcəllənin 443-cü maddəsində nəzərdə tutulmuşdur ki, zərər müəyyənləşdirilərkən borclu öz öhdəliyini könüllü icra etdiyi yerdə mövcud olan qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olan qiymətlər nəzərə alınmalıdır. Şərh olunan maddədə nəzərdə tutulduğu kimi bir qayda olaraq hüququ pozulmuş şəxsə vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Qeyd olunmalıdır ki, iddiaçıya verilməli olan qurğu pizza bişirilməsi üçün istifadə olunur və nəticə etibarilə həmin məhsulların satışından gəlirin əldə edilməməsi iddiaçını bu gəliri dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, qurğunu vaxtında verməməklə istintaq orqanı, iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Ona görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində (qurğunun vaxtında qaytarılmaması) iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər istintaq orqanının iddiaçıya məxsus olan qurğunun verilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, istintaq orqanı qurğunu vaxtında verməməklə iddiaçıya faktiki olaraq (4x3=12x86=1032x15=15480) əldən çıxmış fayda şəklində vurulmuş zərər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli OD1 saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Ədalət Vəkil Bürosunun hesabına 500 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun olmaqla, ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 4779 manat və 6030 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində vurulmuş maddi zərərin əvəzi, 15480 manat məbləğində əldən çıxmış fayda, 500 manat məbləğində hüquqi xidmət xərci və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar