Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-102/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Cavabdeh2 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Cavabdeh2 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində **-NF-*** dövlət qeydiyyat nişanlı «Mercedes-Benz» markalı nəqliyyat vasitəsinə dəymiş 8.086,01 manat məbləğində ziyanın 5.000 manat hissəsinin, zərərin hesablanması ilə əlaqədar çəkilmiş 700,05 manat məbləğində xərcin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən («Azərsığorta»), 3.086,01 manat hissəsinin Cavabdeh2, ödənilmiş 108 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26 sentyabr 2023-cü il tarixdə, saat 19:50 radələrində özünə məxsus «Mercedes-Benz» markalı, **-NF-*** dövlət qeydiyyat nömrəli avtomobillə Sumqayıt şəhəri Niyazi küçəsi ilə hərəkətdə olarkən Cavabdeh2 istifadəsində olan «Mercedes-Benz» markalı, **-RD-*** dövlət qeydiyyat nömrəli avtomobillə binaların arasından yola çıxaraq ona məxsus avtomobillə toqquşmuş, avtomobilin sağ tərəfindən ön və arxa qapı, arxa sağ qanad və arxa təkər (sağ arxa diskin, təkər qolu və arxa sağ yumruğun (təkər daşıyıcısı-saffa) zədələnmışdır. «Mercedes-Benz» markalı, **-RD-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Cavabdeh2 qəzada təqsirli bilinmiş və barəsində İXP5724538 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində cərimə edilmişdir. Ona məxsus avtomobilə dəymiş zərərin hesablanması ilə bağlı sığorta şirkətinə yaxınlaşdıqdan sonra zərərin hesablanması üçün «Grand Servis»ə yaxınlaşması bildirilmiş, «Grand Servis»ə yaxınlaşdıqda bir əməkdaş avtomobilin şəkillərini səthi çəkmiş və 4 iş günü ərzində zərərin hesablanacağını bildirmiş, lakin *1200 nömrəsinə dəfələrlə zəng etdikdən sonra operator vasitəsi ilə avtomobilinə dəymiş zərərin 700 manat müəyyən edilməsini bildirmişlər. Bundan sonra şirkətə yaxınlaşdıqda həmin məbləğlə razı olmadığından hesablanmış zərərin məbləğinə etiraz etməsi və dəymiş zərərin müəyyən edilməsi üçün şirkətin əməkdaşlıq etdiyi 5-6 müstəqil ekspertlərdən birini seçərək zərərin təkrar qiymətləndirilməsi barədə ərizə yazması bildirilmişdir. Təklif edilən müstəqil ekspertlərdən «Baku Property» Service tərəfindən zərərin yenidən qiymətləndirilməsi barədə ərizə yazmışdır. Təkrar qiymətləndirilmə üçün tərəfindən 50 manat ödəniş edilmiş, həmin servisin əməkdaşı avtomobilə baxış keçirmiş, baxış zamanı avtomobilin qapısının alüminium materialı olduğundan dəyişdirilməli olmasını, həmçinin qəza zamanı təkər zədə aldığından təkərin qolu və arxa sağ yumruğun (təkər daşıyıcısı-saffa) zədələnə biləcəyini bildirsə də, yenə də avtomobilin üzdən şəkilləri çəkilmiş, bu dəfə də dəymiş zərər 845 manat müəyyən edilmişdir. Bu barədə ona məlumat verilməmiş, dəfələrlə *1200 nömrəsinə zəng etdikdən sonra zərərin 845 manat müəyyən edilməsi bildirilmiş, buna da tərəfindən şifahi formada etiraz edilmişdir. Nümayəndə və müstəqil ekspert tərəfindən aparılmış qiymətləndirmələr avtomobilə dəymiş real zərəri özündə əks etdirmədiyi üçün tərəfindən «Mercedes Benz»in Azərbaycandakı rəsmi servisi olan «X4»nə müraciət olunmuş, avtomobilə baxış keçirilərək dəymiş zərər müəyyən edilmiş, qəza zamanı avtomobilin arxa sağ qapısının, sağ arxa diskin, eləcə də təkər qolu və arxa sağ yumruğun (təkər daşıyıcısı-saffa) ciddi zədələndiyi aşkar edilmiş və həmin ehtiyat hissələrinin dəyişdirilməsi tövsiyə edilmişdir. Avtomobilə dəymiş zərər ehtiyat hissələri üzrə ƏDV-siz 5.273,67 manat, görüləcək işlərin dəyəri 1.578,88 manat olmaqla, cəmi 6.852,55 manat, ƏDV (1.233,46 manat) ilə birlikdə 8.086,01 manat müəyyən edilmişdir. Həmçinin dəymiş zərərin hesablanması üçün «X4»nə tərəfindən 700,05 manat xidmət haqqı ödənilmişdir. Dəymiş zərərin ödənilməsi ilə bağlı 01 noyabr 2023-cü il tarixdə cavabdehlərə pretenziya məktubu göndərilməsinə baxmayaraq keçən müddət ərzində cavabdehlər tərəfindən müraciətə cavab verilməmiş, dəymiş zərərin ödənilməsi ilə bağlı hər hansı hərəkətlər aparılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv prosesindədir) nümayəndəsi X5 məhkəməyə iddia tələbini qismən qəbul etdi və izahatında qeyd etdi ki, ekspert rəyində fotoşəkillərə istinad olunub. Qiymətləndirici 5-ci sualda qeyd edib ki, avtomobilə baxış keçirilməyib. Avtomobilə baxış keçirilməmiş, dəyən ziyan şəkillər əsasında və sənədlər əsasında müəyyən edilib. 7-ci sualda qeyd olunur ki, avtomobilin sağ tərəfindən ön və arxa qapı, arxa sağ qanad və arxa təkər üzərində ekspertiza tədqiqatı nəticəsində aşkar edilən zərərə görə həmin avtomobil hissələri yenisi ilə əvəz edilməlidir. Burada ön və arxa qapı, sağ qanad və arxa təkər əvəz edilməlidir. Bu rəydə də qeyd olunmuşdur. Lakin, qiymətləndirici qeyd etmişdir ki, sadəcə arxa qapının dəyişilməsi kifayət edir. Burada ziddiyyət var. Tərəf özü qiymətləndiricidə qeyd etmişdir ki, burada aşınma dəyəri nəzərə alınaraq hesablanır. Lakin, hansı formada aşındığı qeyd olunmamışdır. Sadəcə şəkillərlə zərərin necə müəyyən edilməsi qaranlıq qalmışdır. Orada sadəcə təkərin üzdən çəkilmiş fotoşəklidir və diskin üzərindəki cızıqlar əks olunmuşdur. Hesab edir ki, ekspertin o zərəri necə müəyyən etməsi məhkəmə tərəfindən araşdırılmalıdır. Qiymətləndirici qeyd etmişdir ki, zədələr qaynaqla düzəldilə bilmədiyi üçün yenisi ilə əvəz olunmalıdır. Düzdür, aliminium maşınlarda qaynaq olmur. Buradakı şəkillərdə isə olan batıqlardır və bu batıqlar dəmirçi tərəfindən çıxarılıb düzəldilir və üzərinə boya vurulur. Nəyə görə kiçik cızıqlara görə yeni ehtiyyat hissəsinin qeyd edilməsi onlara qaranlıq qalmışdır. Qeyd olunanlara əsasən ekspert rəyi mötəbər hesab oluna bilməz. Ekspert və qiymətləndirici hissələrin təmir oluna bilib-bilməyəcəyini qeyd etməmişdir. Şəkillərə əsasən zərər və ziyan müəyyən edilə bilməz. Hadisə 26 sentyabrda baş verib, amma, 28 sentyabrda məlumat verilmişdir. Cızıqlara görə o məbləğ ədalətli deyil. Beləliklə, işin qeyd edilən faktiki halları və qanunvericiliyin tələblərinə əsaslanaraq, iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin qismən təmin edilməsi, geri qalan hissədə isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: BB198947 saylı nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, «Mercedes Benz C300» markalı **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçıdur. xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 19:50-də idarə etdiyi «Mercedes- Benz» minik markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Niyazi küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə İddiaçı məxsus olan «Mercedes-Benz» markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncuya maddi zərər dəymişdir. Bu səbəbdən, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat inzibati cərimə edilmişdir. İlkin təmir sifarişindən (xx.xx.2023-cü il tarixli) görünür ki, iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün ehtiyat hissələri üzrə ƏDV-siz 5.273,67 manat, görüləcək işlərin dəyəri 1.578,88 manat olmaqla, cəmi 6.852,55 manat, ƏDV (1.233,46 manat) ilə birlikdə 8.086,01 manat təşkil edir. İcra edilmiş xidmətlərə dair xx.xx.2023-cü il tarixli aktdan və ödəniş qəbzindən görünür ki, iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin müəyyən edilməsi üçün icra edilmiş xidmətlərə görə iddiaçı tərəfindən «X4» MMC-yə ƏDV-siz 593,26 manat, ƏDV daxil cəmi 700,05 manat məbləğində xidmət xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Quliyev X1 Elvar Elxan oğlundan törətdiyi qəza nəticəsində ona vurulmuş zərərin 3086,01 manat hissəsinin (avtomobilə vurulmuş zərər, qiymətləndirmə xərci) ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə sonuncuya xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən Cavabdeh2 törətdiyi qəza nəticəsində ona vurulmuş zərərin 5.000 manat hissəsinin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə Şirkətə xəbərdarlıq etmişdir. Fiziki şəxs X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus «Mercedes Benz C300» markalı **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində dəymiş zərərin 700 manat təşkil etdiyi qeyd olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01/02-114FİAS saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus «Mercedes Benz C300» markalı **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində xx.xx.2023-cü il tarixə olan dəymiş zərərin həcminin 845 manat təşkil etdiyi qeyd olunmuşdur. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirilmişdir ki, Şirkət iddianı qismən qəbul edir və hesab edir ki, iddia həmin hissədə təmin edilməli, geri qalan hissədə isə rədd edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19:50 radələrində Sumqayıt şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkət tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» müqaviləsi əsasında sığortalanmış, Cavabdeh2 tərəfindən idarə olunan «Mercedes-Benz» minik markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus olan «Mercedes-Benz» markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. «İcbari Sığortalar» haqqında Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Şirkət tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər 700 manat məbləğində müəyyən edilmişdir. İddiaçı avtomobilə dəymiş zərərə görə müəyyən olunmuş qiymətlə razılaşmadığından zərərin qiymətləndirilməsi məqsədi ilə müstəqil ekspert kimi "xxxx" MMC-yə müraciət edilmişdir. Həmin MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 01/02-114FİAS nömrəli ekspert rəyinə əsasən, «Mercedes-Benz» markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 845 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Lakin, iddiaçı tərəfindən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Belə ki, iddiaçı Şirkətə hər hansı məlumat vermədən, öz təşəbbüsü ilə avtomobilə dəyən zərərin müəyyənləşdirilməsi üçün «X4» MMC-yə müraciət etmiş və qiymətləndirilmə aktı tərtib olunmuşdur. Həmin akta əsasən avtomobilə dəyən zərər ehtiyat hissələri üzrə ƏDV-siz 5.273,67 manat, görüləcək işlərin dəyəri 1.578,88 manat olmaqla, cəmi 6.852,55 manat, ƏDV (1.233,46 manat) ilə birlikdə 8.086,01 manat müəyyən edilmişdir. Hesab edir ki, iddiaçının təqdim etdiyi qiymətləndirmə aktı qanunun tələblərinə uyğun olmadığından və real zərəri əks etdirmədiyindən sığorta hadisəsi ilə əlaqədar iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin qiymətləndirilməsində xx.xx.2023-cü il tarixli № 01/02-114FİAS nömrəli ekspert rəyi əsas götürülməli, iddiaçıya 845 manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1875 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «X4» MMC tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı «Mercedes Benz C300» markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5.539 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6746-8/2326 saylı ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsi nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmir olunub-olunmamasını və yaxud dəyişdirilməsini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «X4» MMC tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı «Mercedes Benz C300» markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilməklə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6.420 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 5.270 manat, təmir-bərpa işlərinin qiyməti 1.150 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5.539,76 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 4.389,79 manat, təmir-bərpa işlərinin qiyməti 1.150 manat. Qeyd edilən ehtiyyat hissələrinə 18 % ƏDV əlavə edilməklə hesablanmışdır. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 saylı məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, 2017-ci il buraxılışlı «Mercedes Benz C300» markalı **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bərpası məqsədi ilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(006)-985/2024 saylı mülki iş materiallarında olan qüsur aktı əsasında hesablandı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli 18/0339 saylı qiymətləndirmə hesabatından görünür ki, «Mercedes Benz» markalı **-NF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərər işdə olan «X4» MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktında göstərilən məbləğlərə qismən uyğundur. «X4» MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktında nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan xərclər siyahısında göstərilən ehtiyyat hissələrinin və təmir xərclərinin dəyəri aşınma və istismar nəzərə alınmaqla (2023-cü il üçün) bazar qiymətlərinə qismən uyğundur. «Mercedes Benz» markalı **-NF- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərər işdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktında göstərilən məbləğlərə uyğun deyil. «X7» MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktında nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan xərclər siyahısında göstərilən ehtiyyat hissələrinin və təmir xərclərinin dəyəri aşınma və istismar nəzərə alınmaqla (2023-cü il üçün) bazar qiymətlərinə uyğun deyil. «Mercedes Benz» markalı **- NF-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilməmiş və zədələrin müəyyən edilməsi qiymətləndirməyə təqdim edilmiş şəkillər əsasında, sənədlərin təhlili nəticəsində müəyyən edilmişdir. Təhlil nəticəsində sağ tərəfindən ön və arxa qapı, arxa sağ qanad və arxa təkər (sağ arxa diskin təkər qolu və arxa sağ yumruğun (təkər daşıyıcısı - saffa) hissəsində zədələr olduğu müəyyən edilmişdir. Zədələr əyilmə və cızılmadan ibarətdir. «Mercedes Benz» markalı **-NF-*** dövlət nömrə nişanlı avtomobilin sağ tərəfindən ön və arxa qapı, arxa sağ qanad və arxa təkər (sağ arxa diskin təkər qolu və arxa sağ yumruğun (təkər daşıyıcısı - saffa) üzərində ekspertiza tədqiqatı ilə aşkar edilən zədələr üzərində qaynaq işləri aparmaq mümkün olmadığı üçün təmir bərpa ilə aradan qaldırıla bilməz, yalnız dəyişilməlidir. «Mercedes Benz» markalı **-NF-*** dövlət nömrə nişanlı avtomobilin sağ tərəfindən ön və arxa qapı, arxa sağ qanad və arxa təkər (sağ arxa diskin təkər qolu və arxa sağ yumruğun (təkər daşıyıcısı - saffa) üzərində ekspertiza tədqiqatı ilə aşkar edilən zədələrə əsasən həmin avtomobil hissələrinin yenisi ilə əvəz edilməsinə zərurət var. Yenisi ilə əvəz edildiyi halda 3.940 manat vəsait tələb olunur. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus 2017-ci il buraxılışlı **-NF-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı nəqliyyat vasitəsinə ümumi olaraq 5.090 manat ziyan dəymişdir. Qiymətləndirmə xərci 300 manat təşkil edir. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 108 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.3-cü maddəsinə əsasən sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. 925-1.4-cü maddəsinə əsasən müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 925-1.5-ci maddəsinə əsasən müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Qanunun: 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 18.1-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 52–1.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52–1.2-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 52–1.3-cü maddəsinə əsasən yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar Mərkəzi Bank tərəfindən müəyyən edilir. 56.1-ci maddəsinə əsasə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı idarə etdiyi avtomobil digər sürücü Cavabdeh2 idarə etdiyi avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs iş üzrə Cavabdeh2 müəyyən edilmiş və həmin şəxsin məsuliyyəti icbari sığorta qanunvericiliyinə əsasən iş üzrə cavabdeh LPO Azərbaycan Dövlət Sığorta Şirkəti tərəfindən sığortalanmışdır. Hazırda iddiaçı onun avtomobilinə dəymiş zərərin sığorta şirkətinin müstəqil qiymətləndiricinin qiymətləndirməsinə əsasən düzgün müəyyən edilmədiyini və onun avtomobilinə dəymiş zərərin həcminin rəsmi servisdə qiymətləndirilməsini əsas gətirməklə ona dəymiş zərərin 5.000 manat hissəsinin sığorta şirkətindən, artıq məbləğin isə ümumi qaydada ona zərər vurmuş şəxsdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə tərəfindən təyin edilmiş ilkin və təkrar məhkəmə-əmtəəşünaslıq və məhkəmə avtomobil-texniki ekspertizasının rəyləri ilə cavabdehlər razı olmadığından məhkəmə tərəfindən qeyd edilən mübahisə ilə bağlı rəy verilməsi qiymətləndirmə fəaliyyətini həyata keçirən özəl qiymətləndiriciyə həvalə edilmiş və həmin ekspert qarşısında iddiaçının avtomobilinə dəymiş zərərin real bazar qiymətlərini əks etdirən həcmi müəyyən edilmişdir. Məhkəmə iddiaçının ona dəymiş zərərin həcmini 8.086,01 manat məbləğində hesablanması ilə bağlı vurğulayır ki, hətta iddiaçının özünün müvafiq servis xidmətində avtomobilə dəymiş zərərin həcmini müəyyən edilməsi bağlı təqdim edilmiş arayışda ehtiyat hissələri üzrə xərcin 5.273,67 manat, görüləcək işlərin dəyərinin 1.578,88 manat olması müəyyən edilmiş, bu xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisi də əlavə edilməklə ümumi məbləğ 8.086,01 manat hesablanmışdır ki, bunu nə ağlabatan, nə də ədalətli hesablama kimi nəzərə almaq mümkün deyildir. Özəl qiymətləndirici qarşısında qoyulmuş suallara verilmiş cavablardan aydın olur ki, iddiaçı tərəfindən təqdim edilmiş rəsmi servis xidmətinin hesablaması mövcud bazar qiymətlərinə qismən uyğun olduğu halda, cavabdeh sığorta şirkətinin istinad etdiyi müstəqil qiymətləndiricinin təqdim etdiyi qiymət aktı isə bazar qiymətlərinə uyğun deyildir. Məhkəmə özəl qiymətləndiricinin bu müqayisəli təhlilini Məhkəmə Ekspertiza Mərkəzinin yalnız iddiaçının təqdim etdiyi qüsur aktına əsaslanaraq verdiyi rəyindən mübahisənin obyektiv həlli baxımından daha məqsədəmüvafiq hesab edir. Odur ki, iddiaçının avtomobilinə dəymiş real zərər məbləği "xxxx" MMC tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli 18/0339 saylı qiymətləndirmə hesabatında göstərilən məbləğ əsas götürülməklə cavabdehlərdən müvafiq nisbətdə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə vurğulayır ki, iddiaçının tələbi məhz onun avtomobilinə dəymiş ziyanın ehtiyat hissələrinin yenilənməsi üzərində qurulmuş, cavabdehlər, xüsusilə sığorta şirkəti isə bunun zəruri olmamasını irəli sürmüşdür. Məhkəmə iddiaçının avtomobilinin markası, modeli və buraxılış ili nəzərə alınmaqla dəyərinin itirilməsinin qarşısını almaq məqsədilə bu qənaətə gəlir ki, özəl qiymətləndiricinin də rəyində qeyd olunduğu kimi zədələnmiş bəzi hissələrin təmir yox, məhz yenisi ilə əvəzlənməsi iddiaçının mənafeyinə uyğundur və burada digər şəxslərin mənafeyinə zidd hal yoxdur. Göründüyü kimi, baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə 5.090 manat məbləğində maddi ziyan vurulmuşdur. Maddi ziyan məhz sığortalı, «Mercedes-Benz» markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh2 təqsiri üzündən baş vermişdir. Bu səbəbdən, 5.000 manat məbləğində maddi ziyan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) və zərərin 90 manat məbləğində hissəsi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının müvafiq rəsmi servis xidmətində avtomobilə dəymiş zərərin hesablanması üçün ödədiyi xərcin ƏDV-siz hissəsini təşkil edən 593,26 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 76,83 manat hissəsi cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarına görə 300 manat xərc Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) tutularaq "xxxx" MMC-nin xeyrinə, 150 manat xərc tutularaq isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı avtomobilinə vurulmuş maddi ziyanın 5.000 (beş min) manat məbləğində hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir), 90 (doxsan) manat məbləğində hissəsi isə Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddiaçı avtomobilinə vurulmuş maddi ziyanın hesablanması ilə əlaqədar çəkilmiş 593,26 (beş yüz doxsan üç manat, iyirmi altı qəpik) manat xərc Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq aparılmış ekspertiza tədqiqatlarına görə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) 300 (üç yüz) manat xərc tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) və Cavabdeh2 isə 150 (bir yüz əlli) manat xərc tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (Dövlət xəzinədarlığı Agentliyi, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 76,83 (yetmiş altı manat, səksən üç qəpik) manat hissəsi cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-102/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-102/2025
26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver