Məhkəmə qərarları › İş №e-2(006)-1025/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1025/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1025/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 8.590,04 manat məbləğində kredit bоrcu, 1.089,54 manat məbləğində faiz bоrcu və 235,63 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9.915,21 manat məbləğində bоrcun və tərəflərindən ödənilmiş 119,15 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2022-ci il tarixdə bağladığı 029A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13.000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4.409,96 manat ödəniş etmiş və оnun iddiaçıya 8.590,04 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 237 gün üçün hesablanmış faiz borcu 1.089,54 manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiklərini və iş üzrə zəruri sübutlar iddia ərizəsinə əlavə olunmasını bildirmişdir. Məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, "xxxx" görürdü ki, vətəndaş işdən çıxmışdır. O, dəfələrlə kredit götürdüyü "xxxx" QSC-nin Əhmədli filialına müraciət etmiş, hətta onlara demişdir ki, lazımdırsa elektron ərizə də yazsın. Bankın əməkdaşı ona bildirmişdir ki, “siz narahat olmayın mən rəhbərliyə demişəm, rəhbərlik sizin işdən çıxmağınız barədə məlumatlıdır”. O, işdən çıxsa da ödənişlər etmişdir. İşdən çıxmasına səbəb anasının səhhətində problem olduğuna görədir və hal-hazırda da anasına qulluq etdiyindən işləmir. Bir neçə dəfə bankla ona müvafiq köməklik göstərilməsi üçün danışsa da, heç bir köməklik göstərilməmişdir. Sistemdə baxan zaman görmüşdür ki, onun borcu təxminən 5000-6000 manat təşkil edir. Sonda, qəbul ediləcək qətnaməni məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizə-anketdən görünür ki, Cavabdeh ona 30.000 manat məbləğində 28 faizlə kreditin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Cavabdeh və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə 48 ay müddətinə illik 22 faiz dərəcəsi olmaqla 13.000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə həmin kredit üzrə əsas məbləği, həmçinin dəbbə pulunu (cərimə, penya) və faizləri tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən 029A********** nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə aylıq faiz dərəcəsi 1,8333% olmaqla, aylıq 412 manat ödəmək şərti ilə 13.000 manat kredit verilmişdir. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə aldığı kredit üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə qalıq məbləğ 8.590,04 manat, faiz borcu üzrə qalıq məbləğ 1.089,54 manat, cərimə məbləği 235,63 manat, cəmi borc 9.915,21 manat təşkil edir. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı kredit müqaviləsinin ləğv edilməsini göstərərək cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8590,04 manat əsas, 1.089,54 manat faiz və 235,63 manat cərimə borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 119,15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə hesab edir ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh bank qarşısında icra edilməmiş borcu vardır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlardan əsas və faiz borcun düzgün hesablandığı müəyyən olunur. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borca münasibətdə əsaslı hesab edilməklə təmin edilməlidir. İddia tələbinin dəbbə borcunun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 119,15 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 119,15 manat məbləğində dövlət rüsumunun 117 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı və ödənilmiş rüsumun qalan hissəsi iddiaçının özünə aid edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 8590,04 manat, faiz borcuna görə 1089,54 manat, cərimə borcuna görə 50 manat olmaqla, cəmi 9729,58 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 117 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 8590,04 (səkkiz min beş yüz doxsan manat, dörd qəpik) manat, faiz borcuna görə 1089,54 (bir min səksən doqquz manat, əlli dörd qəpik) manat, cərimə borcuna görə 50 (əlli) manat olmaqla, cəmi 9729,58 (doqquz min yeddi yüz iyirmi doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 117 (yüz on yeddi) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar