Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1032/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödəmilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödəmilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh İsmayılova Fəridə Sübqan qızı arasında xx.xx.2023-cü il tarixli, RPZ-00031-01/23A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 8161 məbləğində krediti illik 20 faizlə 59 ay müddətinə kredit verilmişdir. Cavabdeh2 xx.xx.2023cü il tarixli, RPZZ-00031-01/23A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh İsmayılova Fəridə Sübqan qızının həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh İsmayılova Fəridə Sübqan qızı kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə, iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0.02%-i məbləğində gündəlik cərimə hesablanır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 8161 manat əsas borc, 303.08 manat faiz borcu, 11.91 manat dəbbə borcu vardır. Beləliklə, cavabdehlərin xx.xx.2023-cü il tarixinə ümumi borcu 2468.67 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh İsmayılova Fəridə Sübqan qızı arasında xx.xx.2023-cü il tarixli, RPZ-00031-01/23A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 8161 manat əsas borc, 303.08 manat faiz borcu, 11.91 manat dəbbə borcu iddia qaldırılması üçün ödənilmiş 105 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 22 iyun 2023-cü il tarixli, RPZ-00031- 01/23A nömrəli kredit müqaviləsinə əsasən iddiaçı Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 22% dərəcəsi ilə 8161 manat məbləğində kredit verilmiş, Cavabdeh1 həmin krediti vaxtlı-vaxtında banka qaytarmağı öhdəsinə götürmüş, eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi iddiaçı Bank "xxxx" ASC ilə digər Cavabdeh2 arasında 22 iyun 2023-cü il tarixli, RPZZ-00031-01/23A nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borclunun kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə üzərlərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə onların iddiaçı Bank "xxxx" ASC-yə ödənilməmiş borcları yaranmışdır.
b) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan 22 iyun 2023-cü il tarixli, RPZ-00031-01/23A nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 22% dərəcəsi ilə 8161 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin borcalan tərəfindən borcverənə qaytarılması qaydası bu müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı Əlavədə müəyyən olunur. Müqavilə üzrə kredit kredit xətti kimi verilərsə, kredit məbləği kreditin istifadə müddəti ərzində istənilən vaxt qaytarıla bilər, kredit üzrə faizlər isə hər növbəti ayın kreditin götürüldüyü günündən gec olmayaraq ödənilməlidir.
9. Mülki işin materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanan 22 iyun 2023-cü il tarixli, RPZZ-00031-01/23A nömrəli zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır.
10. Mülki işin materiallarında olan 24 noyabr 2023-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 banka əsas borc məbləği 8161 manat, ümumi faiz borcu 303.08 manat, dəbbə borcu 11.91 manat, cəmi borc 8475.99 manat təşkil edir.
11. Mülki işin materiallarında olan Bank "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 (borclu) və Cavabdeh2 (zamin) ünvanlanmış 30 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, borcun 2 gün müddətində banka qaytarılması tələb edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, məhkəməyə və ya icra qeydinin verilməsi üçün notariat orqanına müraciət ediləcəyi barədə qabaqcadan cavabdehlər xəbərdar edilmişlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Eyni Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3).
20. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
22. 22 iyun 2023-cü il tarixli, RPZ-00031-01/23A nömrəli kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən borcalan kreditin və/və ya ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək ödənlməsi gecikdirilmiş məbləğin 0,5%-i məbləğində gündəlik cərimə hesablanır.
23. Məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, həmçinin digər Cavabdeh2 həmin öhdəliklərin yerinə yetirilməsinə zamin durduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və bu səbəbdən iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir.
24. Göstərilənlərə əsasən iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan 22 iyun 2023-cü il tarixli, RPZ-00031-01/23A nömrəli kredit müqaviləsi ləğv edilməli, kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 8161 manat əsas borc, 303.08 manat faiz borcu, 11.91 manat dəbbə borcu olmaqla, ümumilikdə 8475,99 manat müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
25. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Mülki işin materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 105 (yüz beş) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan 22 iyun 2023-cü il tarixli, RPZ-00031-01/23A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 8161 (səkkiz min yüz altmış bir) manat əsas borc, 303.08 (üç yüz üç manat, səkkiz qəpik) manat faiz borcu, 11.91 (on bir manat, doxsan bir qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 8475,99 (səkkiz min dörd yüz yetmiş beş manat, doxsan doqquz qəpik) manat borc və iddia qaldırılması üçün ödənilmiş 105 (yüz beş) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.